Поиск по этому блогу

1 Şamuel

1 Şamuel 1
Şamuelin doğulması
1Efrayimin dağlıq bölgəsində yerləşən Ramatayim-Sofim şəhərində Elqana adlı bir adam yaşayırdı. O, Efrayim sakini olub Suf tayfasından – Suf oğlu Toxu oğlu Elihu oğlu Yeroxamın oğlu idi.  2Elqananın Xanna və Peninna adında iki arvadı vardı. Peninnanın uşaqları var idi, amma Xannanın övladı olmurdu.  3Elqana Ordular Rəbbinə səcdə qılmaq və qurban kəsmək üçün hər il öz şəhərindən Şiloya gedərdi. Orada Elinin iki oğlu – Xofni və Pinxas Rəbbin kahinləri idi.  4Elqana qurban kəsilən gün arvadı Peninnaya, oğul və qızlarının hamısına pay verərdi.  5Xannaya isə ikiqat pay verərdi. Rəbb onun bətnini bağlamışdı, buna baxmayaraq Elqana onu çox sevirdi.  6Günüsü Peninna isə Xannanın Rəbb tərəfindən bətninin bağlanmasına görə həmişə ona sataşar və xətrinə dəyərdi.  7Bu, illərlə belə davam edirdi. Xanna hər dəfə Rəbbin ibadətgahına gedəndə günüsü ona söz atar, Xanna da ağlayar, yemək yeməzdi.  8Bir gün əri Elqana ona dedi: «Xanna, niyə ağlayırsan? Niyə yemək yemirsən? Axı niyə kədərlisən? Mən sənə on oğuldan da artıq deyiləmmi?»  9Onlar Şiloda yeyib-içəndən sonra Xanna ayağa qalxdı. Kahin Eli Rəbbin məbədinin qapısının yanındakı kürsüdə oturmuşdu.  10Xanna ürək yanğısı ilə dua edərək acı-acı ağlayırdı.  11Rəbbə yalvararaq əhdini belə söylədi: «Ey Ordular Rəbbi, Öz dərdli bəndənin vəziyyətini görürsən. Mən bəndəni unutmayıb bir oğul versən, oğlumun həyatını Sənə həsr etmək üçün verər və qoymaram ki, onun başına ülgüc dəysin».  12Xanna Rəbbin hüzurunda uzun müddət dua etdi. Eli isə onun ağzına baxırdı.  13Xanna qəlbində yalvardığı üçün yalnız dodaqları tərpənirdi, səsi eşidilmirdi. Eli elə güman etdi ki, o sərxoşdur.  14Ona görə də dedi: «Nə vaxta qədər sərxoşluq edəcəksən? Bəsdir, at bu şərabı».  15Xanna cavabında dedi: «Xeyr, ağam, mən nə şərab içmişəm, nə də başqa kefləndirici içki. Könlü qəm-qüssəli bir qadınam ki, sadəcə Rəbbin hüzurunda ürəyimi boşaldıram.  16Kənizini pis qadın sanma. Bu yalvarışım indiyədək çəkdiyim böyük qayğı və əziyyətə görədir».  17Eli cavab verib dedi: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın!»  18Xanna «təki bəndən sənin gözlərində lütf tapsın» deyib yolu ilə getdi və yemək yedi. Artıq çöhrəsi kədərli deyildi.  19Ertəsi gün onlar sübh tezdən qalxıb Rəbbə səcdə qılandan sonra Ramadakı evlərinə qayıtdılar. Elqana arvadı Xanna ilə yaxınlıq etdi və Rəbb də Xannanı yada saldı.  20Vaxt keçdi, Xanna hamilə olub bir oğul doğdu. «Onu Rəbdən dilədim» deyərək adını Şamuel qoydu.
Xannanın Şamueli Allaha təqdim etməsi
21Elqana Rəbbə illik qurbanını və əhdini yerinə yetirmək üçün evdəkilərlə bərabər Şiloya getdi.  22Amma Xanna getmədi. Ərinə «körpəni süddən kəsəndən sonra onu Rəbbə xidmət etmək üçün aparacağam və ömrü boyu orada qalacaq» dedi.  23Əri Elqana ona dedi: «Gözündə nə xoşdursa, elə də et, onu süddən ayırana qədər evdə otur. Qoy Rəbb Öz vədini yerinə yetirsin». Qadın evdə qalıb oğlunu süddən ayırana qədər əmizdirdi.  24Uşağı süddən ayırandan sonra Xanna onu üç buğa, bir efa un və bir tuluq şərabla birlikdə Rəbbin Şilodakı ibadətgahına apardı. Uşaq isə hələ balaca idi.  25Buğanı kəsəndən sonra uşağı Eliyə verdilər.  26Xanna dedi: «Ey ağam, canına and olsun, burada – sənin yanında durub Rəbbə yalvaran qadın mənəm.  27Yalvarışım bu uşaq üçün idi, Rəbb muradımı yerinə yetirdi.  28Mən onu Rəbbə əhd etmişdim və ömrü boyu Rəbbə həsr olunmalıdır». Sonra uşaq orada Rəbbə səcdə etdi.


1 Şamuel 2
Xannanın duası
1Xanna Rəbbə belə dua etdi: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir,

Rəbb mənə böyük güc verir,

Düşmənlərimin önündə öyünürəm,

Çünki Sən məni qurtardığına görə sevinirəm.

2Rəbbə oxşar ikinci müqəddəs yoxdur,

Ey Rəbb, yeganəsən Sən!

Allahımız kimi sığınacaq qaya yoxdur!

3Artıq qürurla danışmayın,

Dilinizdən təkəbbürlü sözlər çıxmasın.

Çünki Rəbb hər şeyi bilən Allahdır,

Hər iş Onun tərəfindən ölçülür.

4İgidlərin yayları qırılır,

Büdrəyənlər isə Onun qüdrəti ilə qurşanır.

5Toxlar azuqə üçün muzdla işlərkən

Aclar doyuzdurulur.

Sonsuz qadın yeddi övlad doğur,

Çoxuşaqlı qadın isə tənha qalır.

6Rəbb insanı həm öldürür, həm dirildir.

Ölülər diyarına həm endirir, həm çıxarır.

7Rəbb yoxsulluq və var-dövlət göndərir,

Alçaldır və yüksəldir.

8O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır.

Onları hökmdarların yanında əyləşdirir,

Onlara irs olaraq şərəf taxtını verir.

Çünki Rəbb yerin təməlini qoydu,

Onun üzərində dünyanı qurdu.

9Sadiq qullarının addımlarını qoruyur,

Pisləri isə zülmətdə susdurur.

Çünki insan öz qüvvəsi ilə zəfər çalmır.

10Rəbbə qarşı duranlar parça-parça olacaq,

Haqq-Taala onların üzərində göyləri gurladacaq.

Rəbb yer üzünün qurtaracağınadək hər yerdə hakimlik edir,

Öz padşahına qüvvət verəcək,

Məsh etdiyinə böyük güc verəcək!»

11Sonra Elqana Ramadakı evinə qayıtdı. Kiçik Şamuel isə kahin Elinin nəzəri altında Rəbbə xidmət etməyə başladı.
Elinin oğullarının pis əməlləri
12Elinin oğulları yaramaz adamlar idi.  13Onlar Rəbbi tanımırdı. Bu kahinlərin xalqla rəftarı belə idi: qurban təqdim edilən zaman, ət qaynayarkən kahinin xidmətçisi əlində üçdişli ət qarmağı ilə gələrdi.  14Ət qarmağını qazana, təknəyə, tavaya, bardağa salardı və qarmaqla nə çıxardısa, bu kahinlər onu özlərinə götürərdi. Onlar Şiloya qurban gətirən İsraillilərin hamısı ilə belə rəftar edirdilər.  15Üstəlik də qurbanın iç piyini yandırmazdan əvvəl kahinin xidmətçisi gəlib qurban gətirən adama deyərdi: «Kahinə qızartma üçün ət ver. İndi isə o səndən bişmiş ət deyil, çiy ət istəyir».  16Əgər qurban gətirən «qoy əvvəlcə iç piyi yandırılsın, sonra istədiyin payı gəl götür» deyərdisə, xidmətçi «xeyr, indi ver, yoxsa zorla götürərəm» deyə cavab verərdi.  17Rəbbin gözü önündə bu gənclər çox böyük günah işlədirdilər, çünki onlar Rəbbə gətirilən təqdimlərə hörmət etmirdilər.  18Kiçik Şamuel isə əyninə kətan efod geyərək Rəbbin önündə xidmət edirdi.  19Anası Şamuelə kiçik cübbə tikərdi. Hər il atası illik qurbanı təqdim etmək üçün Şiloya gələndə o da tikdiyi kiçik cübbəni gətirib oğluna verərdi.  20Kahin Eli isə Elqana ilə arvadına xeyir-dua verərək «arvadının istədiyi və Rəbbə əhd etdiyi uşağın yerinə Rəbb sənə bu qadından yeni övladlar versin» deyərdi. Bundan sonra onlar evlərinə qayıdardı.  21Rəbbin lütfü ilə Xanna yenə hamilə olub bundan sonra üç oğul və iki qız doğdu. Kiçik Şamuel isə Rəbbin hüzurunda böyüyürdü.  22Eli artıq çox qocalmışdı. O, oğullarının İsraillilərə etdikləri və Hüzur çadırının girişində xidmət edən qadınlarla əxlaqsızlıqları barədə hər şeyi eşitmişdi.  23Eli onlara dedi: «Nə edirsiniz? Bütün xalqdan etdiyiniz pis əməllər barədə eşidirəm.  24Belə yaramaz, oğullarım! Eşitdiyim yaxşı xəbər deyil. Rəbbin xalqını yoldan çıxarırsınız.  25İnsan insana qarşı günah işlədərsə, onun üçün Allaha yalvarmaq olar. Amma Rəbbə qarşı günah işlədənə kim yalvarışla zamin durar?» Lakin onlar atalarının sözlərinə qulaq asmazdılar, çünki Rəbb onları ölümə məhkum etmişdi.  26 Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı.
Elinin oğulları haqqında peyğəmbərlik sözü
27Həmin dövrdə bir Allah adamı Elinin yanına gəlib söylədi: «Rəbb belə deyir: “Misirdə atan və onun nəsli fironun xalqına kölə olarkən Özümü onlara aydın göstərmədimmi?  28 Qurbangahıma çıxaraq buxur yandırıb önümdə efod geyməsi üçün bütün İsrail qəbilələri arasından yalnız atanı Özümə kahin seçmədimmi? İsraillilərin verdiyi yandırma təqdimlərinin hamısını atanın nəslinə vermədimmi?  29Bəs nə üçün məskənimə buyurduğum qurban və təqdimlərə hörmətsizlik edirsiniz? Nə üçün oğullarını Məndən üstün tutursan? Xalqım İsrailin bütün təqdimlərinin ən əlası ilə özünüzü kökəltdiyinizə görəmi?”  30Ona görə də İsrailin Allahı Rəbb belə deyir: “Həqiqətən, ailən və ata nəslin əbədilik Mənə xidmət edəcək” demişdim, amma indi belə deyirəm: “Yox, Mən belə etməyəcəyəm. Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək!  31Budur, elə günlər gəlir ki, sənin də, ata nəslinin də gücünü qıracağam və nəslindən heç kim uzun ömür sürməyəcək.  32İsrailə etdiyim yaxşılığın əvəzinə sən evində qəm-qüssə görəcəksən və artıq nəslindən heç kim uzun ömür sürməyəcək.  33Aranızda qurbangahımdan ayağını kəsmədiyim bir adam olacaq ki, onu da gözlərini kor etmək və qəlbini kədərləndirmək üçün sağ saxlayacağam. Nəslindən olanların hamısı az ömür sürüb öləcək.  34İki oğlunun – Xofni və Pinxasın eyni bir gündə ölməsi sənə bir işarə olacaq.  35Mən isə Özümə istəklərimi və arzularımı yerinə yetirən vəfalı bir kahin seçəcəyəm. Onun nəslini əbədiləşdirəcəyəm. Məsh etdiyimin önündə o xidmət edəcək.  36Ailəndən sağ qalan hər kəs bir az gümüş pul və bir parça çörək üçün gəlib onun qarşısında əyiləcək, ‹nə olar, bir parça çörək üçün mənə hər hansı bir kahinlik işi ver› deyərək yalvaracaq”».


1 Şamuel 3
Allahın Şamueli çağırması
1Gənc Şamuel Elinin başçılığı altında Rəbbə xidmət edirdi. O vaxt Rəbbin sözünün nazil olması və görüntülərin görülməsi nadir hallarda baş verirdi.  2Bir gecə Eli yatağında uzanmışdı. Onun gözləri zəif olduğuna görə yaxşı görmürdü.  3Şamuel isə Rəbbin məbədində – Allahın sandığı olan yerdə uzanmışdı və Allahın çırağı hələ sönməmişdi.  4Rəbb Şamueli çağırdı. O «buradayam» deyə cavab verdi.  5Sonra da Elinin yanına qaçıb «məni çağırdın, mən buradayam» dedi. Amma Eli «mən çağırmamışam, get yat» deyə cavab verdi. Şamuel gedib yatdı.  6Rəbb «Şamuel!» deyə yenidən çağırdı. Şamuel yenə qalxıb Elinin yanına getdi və «Məni çağırdın? Mən buradayam!» dedi. Eli yenə də «mən çağırmadım oğlum, get yat» deyə cavab verdi.  7Şamuel Rəbbi hələ tanımırdı və Rəbbin sözü ona açılmamışdı.  8Rəbb üçüncü dəfə Şamueli çağırdı və Şamuel yenə qalxaraq Elinin yanına gedib dedi: «Bax buradayam, məni sən çağırdın». O anda Eli anladı ki, gənc Şamueli çağıran Rəbdir.  9Buna görə də Şamuelə dedi: «Get uzan, yenə səni çağırarsa, belə deyərsən: “Danış, ya Rəbb, qulun Səni eşidir”». Şamuel gedib yerində yatdı.  10Rəbb gəlib orada durdu və əvvəlki kimi «Şamuel! Şamuel!» deyə çağırdı. Şamuel dedi: «Danış, ya Rəbb, qulun Səni eşidir».  11Rəbb Şamuelə belə dedi: «Bax İsraildə elə bir iş görəcəyəm ki, eşidənin qulaqları cingildəyəcək.  12Həmin gün Elinin evi haqqında dediklərimin hamısını əvvəldən axıra qədər yerinə yetirəcəyəm.  13Çünki ona çatdırmışdım ki, özü bildiyi günahlarına görə onun evini əbədi məhkum edəcəyəm. Oğulları özlərini alçaltdılar. Eli isə onların qarşısını almadı.  14Buna görə də and içmişəm ki, Elinin ailəsinin günahı heç vaxt nə qurban, nə də başqa təqdimlərlə bağışlanmayacaq».  15Şamuel səhərə qədər uzandı, sonra Rəbbin ibadətgahının qapılarını açdı. Eşitdiyi görüntünü isə Eliyə bildirməyə qorxdu.  16Amma Eli onu «Şamuel, oğlum» deyə səslədi. Şamuel cavab verib dedi: «Bəli, buradayam».  17Eli ondan soruşub dedi: «Rəbb sənə nə dedi? Rica edirəm, məndən gizlətmə. Əgər sənə dediklərindən birini belə, məndən gizlətsən, Allah sənə beləsini və bundan betərini etsin».  18Bundan sonra Şamuel heç nə gizlətmədi və ona hər şeyi danışdı. Eli də dedi: «O, Rəbdir, gözündə nə xoşdursa, onu da etsin».  19Şamuel böyüdü. Rəbb onunla idi və Rəbb onun sözlərindən heç birini boşa çıxartmadı.  20Rəbbin Şamueli peyğəmbər kimi təsdiq etdiyini Dandan Beer-Şevaya qədər bütün İsrail bildi.  21Rəbb yenə Şiloda görünməyə başladı. O Özünü Şamuelə kəlamı ilə göstərmişdi.


1 Şamuel 4
Əhd sandığının ələ keçməsi
1Şamuelin sözü bütün İsrailə yayılmışdı. O dövrdə İsraillilər Filiştlilərə qarşı döyüşmək üçün çıxdılar.  2İsraillilər Even-Ezerdə, Filiştlilər isə Afeqdə ordugah qurdular. Filiştlilər İsraillilərlə döyüşmək üçün düzüldülər. Döyüş qızışanda İsraillilər Filiştlilərə məğlub oldular və döyüş meydanında dörd minə yaxın İsrailli qırıldı.  3Xalq ordugaha qayıdarkən İsrail ağsaqqalları bir-birindən soruşdu: «Görəsən Rəbb bu gün bizi Filiştlilər qarşısında nə üçün məğlub etdi? Şilodan Rəbbin Əhd sandığını yanımıza gətirək. Qoy aramızda olsun və bizi düşmənlərin əlindən qurtarsın».  4 Xalq Şiloya adam göndərdi. Keruvlar arasında taxt qurmuş Ordular Rəbbinin Əhd sandığını oradan gətirdilər. Elinin iki oğlu Xofni və Pinxas Allahın Əhd sandığının yanında idi.  5Rəbbin Əhd sandığı ordugaha çatan kimi bütün İsraillilər bərkdən elə qışqırdılar ki, yer titrədi.  6Bu qışqırığın gurultusunu eşidərkən Filiştlilər belə dedilər: «İbranilərin ordugahında niyə belə böyük qışqırıq və gurultu var?» Ordugaha Rəbbin sandığının gəldiyini bildikdə  7Filiştlilər qorxub dedilər: «Ordugaha allahlar gəlib, vay halımıza! Çünki bundan əvvəl belə bir şey olmamışdı.  8Vay halımıza! Bu qüdrətli allahların əlindən bizi kim qurtaracaq? Səhrada Misirlilərə hər cür bəla verən allahlar bunlardır.  9Ey Filiştlilər, cəsur olun, kişi kimi dayanın! Yoxsa İbranilər sizə necə boyun əydilərsə, siz də onlara elə boyun əyəcəksiniz! Kişi kimi dayanın və döyüşün!»  10Filiştlilər vuruşdular. İsraillilər məğlub oldu və hamısı öz çadırına qaçdı. Çox böyük qırğın oldu və İsraillilərdən otuz min piyada həlak oldu.  11Allahın sandığı ələ keçirildi və Elinin iki oğlu – Xofni ilə Pinxas öldü.
Elinin ölümü
12Bir nəfər Binyaminli döyüş yerindən qaçaraq elə həmin gün gəlib Şiloya çatdı. Onun paltarı cırılmış, başı toz-torpaq içində idi.  13Budur, o gələn zaman Eli kürsü üstündə oturub yol kənarında gözləyir və Allahın sandığından ötrü ürəyi çırpınırdı. Bu adam şəhərə girib baş verən hadisələri danışanda bütün şəhər şivən qopardı.  14Eli bu səsi eşidəndə «Bu nə səs-küydür?» deyə soruşdu. Bu adam tez gəlib hər şeyi Eliyə danışdı.  15Eli doxsan səkkiz yaşında idi, artıq gözləri tutulmuşdu, görmürdü.  16Həmin adam Eliyə dedi: «Mən döyüş meydanından gəlirəm. Bu gün döyüşdən qaçmışam». Eli soruşdu: «Oğlum, nə baş verib?»  17Xəbər gətirən adam belə cavab verdi: «İsraillilər Filiştlilərin qabağından qaçdılar və xalq arasında böyük qırğın oldu. İki oğlun Xofni ilə Pinxas ölmüş, Allahın sandığı isə ələ keçirilmişdir».  18Bu adam Allahın sandığından danışan zaman Eli kürsüdən arxaya – qapının yanına yıxıldı; həm qoca, həm də kök olduğu üçün boynu qırıldı və öldü. O, qırx il İsrail xalqına hakimlik etmişdi.  19Elinin gəlini – Pinxasın arvadı hamilə idi. Doğuş vaxtı çatmışdı. Allahın sandığının ələ keçirildiyini, qayınatası ilə ərinin ölüm xəbərini eşidərkən onun ağrısı tutdu və çömbəlib doğdu.  20Ölüm ayağında ona kömək edən qadınlar dedilər: «Qorxma, bir oğlun oldu». O isə bunu əhəmiyyətsiz bir şey saydığı üçün cavab vermədi.  21Çünki Allahın sandığı ələ keçmiş, qayınatası ilə əri ölmüşdü. Buna görə də «İsrail şərəfdən düşdü» deyərək körpəsinin adını İkavod qoydu.  22O dedi: «Allahın sandığı ələ keçirildi, İsrail şərəfdən düşdü».


1 Şamuel 5
Allahın Filiştlilərə qəzəbi
1Filiştlilər Allahın sandığını ələ keçirib Even-Ezerdən Aşdoda apardılar.  2Allahın sandığını Daqonun məbədinə aparıb Daqonun heykəlinin yanına qoydular.  3Ertəsi gün Aşdodlular erkən duranda Daqonu Rəbbin sandığının önündə üzüstə yerə düşmüş gördülər. Onlar Daqonu götürüb öz yerinə qoydular.  4Amma ertəsi gün səhər erkən durduqları vaxt gördülər ki, Daqon yenə Rəbbin sandığının önündə üzüstə yerə düşmüşdür. Bu dəfə isə Daqonun başı ilə iki əli qırılıb kandarın üstünə düşmüş və yalnız gövdəsi qalmışdı.  5Daqonun kahinləri də, Aşdoddakı Daqon məbədinə gələnlər də buna görə bu günə qədər bu məbədin qapısı ağzına ayaq basmırlar.  6Rəbbin əli Aşdodlular üzərində ağırlaşdı. Onlara və ətrafındakı camaata bəla verib bədənlərinə şişlər çıxartdı.  7Aşdodlular vəziyyətin belə olduğunu görəndə dedilər: «Qoy İsrail Allahının sandığı bizim yanımızda qalmasın, çünki Onun əli bizim və allahımız Daqonun üzərində ağır oldu».  8Ona görə də hər tərəfə qasidlər göndərərək bütün Filiştlilərin ağalarını yanlarına toplayıb soruşdular: «İsrail Allahının sandığını nə edək?» Filiştlilərin ağaları isə dedilər: «İsrail Allahının sandığı Qata aparılsın». Beləliklə, İsrail Allahının sandığını Qata apardılar.  9Onlar sandığı Qata gətirəndən sonra Rəbbin əli bu şəhərin üstündə də ağırlaşdı. Şəhəri dəhşətli qorxu bürüdü, böyükdən-kiçiyə qədər şəhər sakinlərinin hamısına zərbə dəydi. Onların da bədənlərinə şiş çıxdı.  10Bu hadisədən sonra Allahın sandığını Eqrona göndərdilər. Allahın sandığı Eqrona çatanda Eqronlular fəryad qoparıb dedilər: «Bizi və xalqımızı öldürmək üçün İsrailin Allahının sandığını bura gətirdilər!»  11Ona görə də hər tərəfə qasidlər göndərib bütün Filiştlilərin ağalarını yanlarına toplayaraq dedilər: «İsrail Allahının sandığını göndərin getsin yerinə, qoy bizi və xalqımızı qırmasın». Çünki bütün şəhəri ölüm vahiməsi bürümüşdü və Allahın əli ora üçün də çox ağır olmuşdu.  12Sağ qalanların da bədənlərinə şiş çıxdı və şəhərin fəryadı ərşə qalxdı.


1 Şamuel 6
Əhd sandığının İsrailə qaytarılması
1Rəbbin sandığı Filiştlilərin diyarında yeddi ay qaldı.  2Filiştlilər kahinlərlə falçıları çağırıb dedilər: «Bu Rəbbin sandığını nə edək? Onu öz yerinə necə qaytarmağı bizə başa salın».  3Kahinlər və baxıcılar dedilər: «İsrail Allahının sandığını geri göndərmək istəyirsinizsə, boş göndərməyin. Ona mütləq təqsir təqdimi verməlisiniz. O zaman sağalacaqsınız və O sizdən nə üçün əl çəkmədiyini bildirəcək».  4Filiştlilər soruşdular: «Ona göndərəcəyimiz təqsir təqdimi nə olmalıdır?» Kahinlər və baxıcılar belə cavab verdi: «Filiştlilərin ağalarının sayına görə beş qızıl şiş surəti ilə beş qızıl siçovul surəti düzəldib göndərin. Çünki bu bəla həm sizin, həm də ağalarınızın üstündədir.  5Ona görə də həm şişlərinizin, həm də ölkənizi dağıdan siçovulların surətlərini yaradın və İsrailin Allahını şərəfləndirin. Bəlkə O sizin, allahlarınızın və torpağınızın üstündə əlini yüngülləşdirdi.  6Misirlilərlə fironun ürəyi inadkarlıq etdiyi kimi nə üçün sizin də ürəkləriniz inadkarlıq edir? Allah onlarla sərt davrananda İsrailliləri azad buraxmadılarmı?  7İndi isə bir təzə araba düzəldin və boyunduruğa qoşulmayan iki sağmal inəyi arabaya qoşun. Balalarını isə onlardan ayırıb evə göndərin.  8Rəbbin sandığını götürüb arabaya qoyun və təqsir təqdimi olaraq Ona ödəyəcəyiniz qızıl əşyaları isə bir mücrü içərisində sandığın yanına qoyun, sonra da yola salın getsin.  9Amma baxın, onlar sandığın olduğu torpağa – Bet-Şemeş yoluna qalxarlarsa, deməli, bu böyük bəlanı bizə verən Odur. Yox, əgər oraya getməzlərsə, onda biləcəyik ki, bizi vuran Onun əli deyil və bu qəza başımıza təsadüfən gəlmişdir».  10Adamlar belə də etdilər. İki sağmal inək gətirib arabaya qoşdular və balalarını da evdə bağladılar.  11Rəbbin sandığı ilə bərabər içərisində siçovulların və şişlərin qızıl surətləri yığılmış mücrünü də arabaya qoydular.  12İnəklər birbaşa Bet-Şemeşə gedən yolla sağa-sola dönmədən, böyürə-böyürə getdilər. Filiştlilərin ağaları isə onları Bet-Şemeş sərhədinə qədər ötürdülər.  13O zaman Bet-Şemeşlilər zəmidə buğda biçirdilər. Onlar başlarını qaldırıb sandığı görəndə sevindilər.  14Araba Bet-Şemeşli Yeşuanın zəmisinə girib böyük bir daşın yanında dayandı. Bet-Şemeşlilər arabanın ağaclarını qırdılar, inəkləri isə Rəbbə yandırma qurbanı verdilər.  15Levililər Rəbbin sandığını və onun yanındakı qızıl əşyalar yığılmış mücrünü arabadan endirib böyük bir daşın üstünə qoydular. O gün Bet-Şemeşlilər Rəbbə yandırma qurbanı verib başqa qurbanlar da kəsdilər.  16Filiştlilərin beş ağası bu hadisəni gördükdən sonra həmin gün Eqrona qayıtdı.  17Filiştlilərin təqsir təqdimi olaraq Rəbbə gətirdikləri qızıl şişlərin hər biri Aşdod, Qəzzə, Aşqelon, Qat, Eqron üçün olub bu şəhərlərin sayına görə idi.  18Qızıl siçovullar isə qala divarlı şəhərlərlə ətraf kəndlər də daxil olmaqla beş ağaya məxsus Filişt şəhərlərinin sayına görə beş dənə idi. Bet-Şemeşli Yeşuanın zəmisində Rəbbin sandığı qoyulan böyük daş bu günə qədər şahid kimi qalmaqdadır.  19Rəbbin sandığının içinə baxdıqları üçün Allah Bet-Şemeşliləri də vurdu və əlli ailədən yetmiş nəfəri öldürdü. Xalq isə Rəbbin onların başına gətirdiyi müsibətə görə yas tutdu.  20Bet-Şemeşlilər dedilər: «Bu müqəddəs Allah olan Rəbbin qarşısında kim dayana bilər? Bizdən sonra kimin yanına gedəcək?»  21Sonra Qiryat-Yearim əhalisinə qasidlər göndərib dedilər: «Filiştlilər Rəbbin sandığını geri qaytardılar, gəlin onu aparın».


1 Şamuel 7
Şamuelin İsrailə hakimlik etməsi
1Qiryat-Yearim əhalisi gəlib Rəbbin sandığını apardı. Onu təpədə olan Avinadavın evinə çıxartdı və oğlu Eleazarı Rəbbin sandığına nəzarətçi təyin etdi.  2Sandıq Qiryat-Yearimə gələn gündən çox vaxt keçdi: iyirmi il tamam oldu. Bütün İsrail xalqı Rəbbin intizarını çəkirdi.  3Şamuel bütün İsraillilərə müraciət edib dedi: «Əgər bütün qəlbinizlə Rəbbə dönürsünüzsə, yad allahları, Aştoret bütlərini atıb ürəyinizi Rəbbə verin və yalnız Ona qulluq edin. Sizi Filiştlilərin əlindən O qurtaracaq».  4O zaman İsrail övladları Baal bütlərini və Aştoret bütlərini rədd edib yalnız Rəbbə qulluq etdilər.  5Şamuel dedi: «Bütün İsrailliləri Mispaya toplayın və mən sizə görə Rəbbə yalvaracağam».  6Onlar Mispaya toplaşdılar, su çəkib Rəbbin önünə tökdülər və o gün orada oruc tutub dedilər: «Rəbbə qarşı günah işlətmişik». Şamuel Mispada İsraillilərə hakimlik edirdi.  7İsrail övladlarının Mispada toplandığını Filiştlilər eşidəndə Filiştlilərin ağaları İsraillilərə qarşı çıxdılar. Bunu eşidən İsrail övladları Filiştlilərdən qorxdu.  8Ona görə də İsrail övladları Şamuelə dedilər: «Bizi Filiştlilərin əlindən qurtarmaq üçün Allahımız Rəbbə durmadan yalvar».  9Şamuel bir əmlik quzu götürərək onu bütövlüklə Rəbbə yandırma qurbanı verdi və o, İsrail üçün Rəbbə yalvardı. Rəbb Şamuelə cavab verdi.  10Şamuel yandırma qurbanı verərkən Filiştlilər İsrailə hücum etmək üçün yaxınlaşdılar. Rəbb o gün güclü səslə gurlayıb Filiştlilərin üzərinə vəlvələ saldı və onları İsrailin önündə məğlub etdi.  11İsraillilər Mispadan çıxıb Bet-Kar altına çatana qədər Filiştliləri qovaraq qırdılar.  12Sonra Şamuel bir daş götürüb Mispa ilə Şen arasına qoydu və «Rəbb bizə buraya qədər kömək etdi» deyərək bu daşı Even-Ezer adlandırdı.  13Məğlubiyyətə uğrayan Filiştlilər bir daha İsrail torpağına gəlmədi. Şamuelin bütün ömrü boyu Rəbbin əli Filiştlilərə qarşı oldu.  14Filiştlilər Eqrondan Qata qədər İsraildən aldıqları şəhərləri geri qaytardılar. Bundan əlavə, İsrail ətrafındakı torpaqları da Filiştlilərin əlindən aldı və İsraillilərlə Emorluların arasında sülh yarandı.  15Şamuel ömrü boyu İsrailə hakimlik etdi.  16O, ilbəil, növbə ilə Bet-Eli, Qilqalı, Mispanı gəzir və bu yerlərdə İsrailə hakimlik edirdi.  17Sonra isə Ramaya qayıdardı, çünki evi orada idi. Oradan da İsrailə hakimlik edirdi. O həmin yerdə Rəbbə bir qurbangah tikdi.


1 Şamuel 8
İsrail xalqının padşah istəməsi
1Şamuel qocalanda oğullarını İsrailə hakim etdi. 2Onun ilk oğlunun adı Yoel, ikincisinin adı isə Aviya idi. Onlar Beer-Şevada hakim idilər.  3Oğulları onun yolu ilə getməyib şərəfsiz qazanc ardınca düşdülər və rüşvət alıb düzgün olmayan hökmlər verirdilər.  4Bütün İsrail ağsaqqalları yığılıb Ramaya – Şamuelin yanına gəldilər.  5 Ona dedilər: «Bax sən qocasan və oğulların sənin yolunla getmir. İndi isə digər millətlərdə olduğu kimi bizə bir padşah təyin et ki, bizə hökmranlıq etsin».  6Lakin Şamuel «bizə bir padşah təyin et ki, hökmranımız olsun» deyilən zaman bu sözlərdən narazı qaldı və Rəbbə dua etdi.  7Rəbb Şamuelə dedi: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər.  8Onları Misirdən çıxartdığım gündən bu günə qədər yad allahlara qulluq etməklə Məni tərk edirlər. Mənə etdiklərini indi eyni şəkildə sənə edirlər.  9Sən onların sözlərinə qulaq as, amma açıqca xəbərdarlıq et ki, onlara hökmdarlıq edəcək padşahın hakimiyyəti necə olacaq».  10Şamuel ondan padşah istəyən xalqa Rəbbin bütün sözlərini söylədi.  11O dedi: «Sizə hökmdarlıq edəcək padşahın hökmranlığı belə olacaq: oğullarınızı döyüş arabaları və süvari qoşununda xidmət etmək üçün aparacaq və döyüş arabalarının qabağında qaçıracaq.  12Onlardan bəzisini minbaşı və əllibaşı təyin edəcək, bəzisinə torpaqlarını şumladacaq və əkinini biçdirəcək, bəzisini isə hərbi sursat və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək.  13Qızlarınızı ətir düzəltmək, aşpaz və çörəkçi işlətmək üçün aparacaq.  14Ən yaxşı tarlalarınızı, üzüm və zeytun bağlarınızı alıb əyanlarına verəcək.  15Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və əyanlarına verəcək.  16Qullarınızla qarabaşlarınızı, ən seçmə cavanlarınızı və eşşəklərinizi götürüb öz işində işlədəcək.  17Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız.  18Gün gələcək ki, seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, amma o vaxt Rəbb sizə cavab verməyəcək».  19Xalq isə Şamuelin sözünə qulaq asmaq istəməyib dedi: «Yox, mütləq üzərimizdə bir padşah olsun.  20Başqa millətlərdə olduğu kimi bizə də padşahımız hökmranlıq etsin, qabağa düşüb döyüşlərimizə başçılıq etsin».  21Şamuel xalqın hər sözünü dinləyib Rəbbə söylədi.  22Rəbb Şamuelə belə dedi: «Onların sözlərinə qulaq as və bir padşah təyin et». Şamuel İsraillilərə «hər kəs öz şəhərinə qayıtsın» dedi.


1 Şamuel 9
Şaulun padşahlığa seçilməsi
1Binyamindən Afiah oğlu Bekorat oğlu Seror oğlu Aviel oğlu Qiş adlı bir adam var idi. Binyaminli bu adam cəsur cəngavər idi.  2Onun Şaul adlı gənc, yaraşıqlı oğlu var idi və İsrail övladları arasında ondan yaraşıqlısı yox idi. O, xalqın hamısından bir çiyin hündür idi.  3Şaulun atası Qişin eşşəkləri itmişdi. Qiş oğlu Şaula dedi: «Qalx nökərlərdən birini yanına al, get, eşşəkləri axtar».  4Onlar Efrayimin dağlıq bölgəsini gəzdilər və Şalişa diyarından keçdilər, lakin eşşəkləri tapa bilmədilər. Şaalim diyarını dolandılar, eşşəklər orada da yox idi. Sonra Binyamin torpağını gəzdilər, lakin eşşəkləri tapa bilmədilər.  5Bundan sonra Suf bölgəsinə gəldilər və Şaul yanındakı nökərinə dedi: «Gəl qayıdaq, yoxsa atam eşşəkləri yaddan çıxarıb bizim üçün narahat olacaq».  6Nökəri isə ona dedi: «Bax bu şəhərdə bir Allah adamı var. O, möhtərəm bir adamdır və nə deyirsə, hamısı mütləq doğru çıxır. Gəl oraya gedək, bəlkə bizə gedəcəyimiz yolu o göstərdi».  7Şaul nökərinə dedi: «Əgər getsək, o adama nə aparaq? Artıq torbalarımızda çörək qurtarmış və Allah adamına vermək üçün bir hədiyyəmiz belə, yoxdur. Axı nəyimiz var?»  8Nökər Şaula cavab olaraq belə dedi: «Bax əlimdə dörddə bir şekel gümüş var. Mən onu Allah adamına verərəm, qoy o bizə yolumuzu göstərsin».  9Əvvəllər İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərdilər: «Gəl görücünün yanına gedək». O vaxt peyğəmbərləri görücü adlandırırdılar.  10Şaul isə nökərinə dedi: «Yaxşı deyirsən, gəl gedək». Onlar Allah adamının olduğu şəhərə getdilər.  11Yoxuşdan şəhərə qalxanda su çəkmək üçün şəhərdən çıxan gənc qızlara rast gəldilər və onlara dedilər: «Görücü buradadırmı?»  12Onlara cavab verdilər: «Buradadır, sizdən qabaqdadır. Tələsin, elə bu gün şəhərə gəlib, çünki xalq bu gün səcdəgahda qurban kəsəcək.  13Şəhərə girən kimi onu yemək üçün səcdəgaha qalxmazdan əvvəl taparsınız, ona görə ki o gəlməyincə xalq yeməyə başlamaz. O, qurbana xeyir-dua verəndən sonra çağırılanlar yeyər. Tez qalxsanız, ona çatarsınız».  14Onlar şəhərə qalxdılar. Şaul da təpədə yerləşən şəhərin mərkəzinə çatanda Şamuellə rastlaşdı, çünki o da səcdəgaha çıxırdı.  15Şaul gəlməmişdən bir gün əvvəl Rəbb Şamuelə bunu bildirərək qulağına demişdi:  16«Sabah bu vaxtlar sənin yanına Binyamin torpağından bir adam göndərəcəyəm və onu Mənim xalqım İsraillilərə başçı olaraq məsh edəcəksən. Filiştlilərin əlindən xalqımı o qurtaracaq, çünki xalqımın halına yanıram. Ona görə ki fəryadı gəlib Mənə çatdı».  17Şamuel Şaulu görəndə Rəbb ona dedi: «Bax sənə dediyim bu adam xalqıma hökmranlıq edəcək».  18Şaul darvazada Şamuelə yaxınlaşıb dedi: «Rica edirəm, görücünün evinin harada olduğunu mənə göstərəsiniz».  19Şamuel Şaula cavab verdi: «Görücü mənəm, qarşımca səcdəgaha qalx. Bu gün mənimlə bərabər yemək yeyəcəksiniz, sabah açılanda isə ürəyində olanların hamısını sənə bildirib yola salaram.  20Üç gün əvvəl itən eşşəklərinə gəlincə, onların fikrini çəkmə, artıq tapılıblar. Bütün İsrail nəyin həsrətindədir? Bu sənə və ata nəslinə aid deyilmi?»  21Şaul cavab verdi: «Mən İsrail qəbilələrinin ən kiçiyi olan Binyamindən deyiləmmi? Nəslim isə Binyamin qəbiləsinin nəsillərinin ən kiçiyi deyilmi? Axı nə üçün mənə belə söz söyləyirsiniz?»  22Şamuel Şaul ilə nökəri götürüb otağa apardı və otuz nəfərə qədər çağırılmış adamların arasında baş tərəfdə ona yer verdi.  23Şamuel aşpaza dedi: «“Bir yana ayrı qoy” deyib sənə verdiyim payı bura gətir!»  24Aşpaz yağlı budu Şaulun qarşısına qoydu. Şamuel dedi: «Buyur ye, bu sənin üçün ayrılan paydır, bunu sənin üçün saxladım ki, təyin etdiyim gün çağırdığım xalqla birlikdə yeyəsən». O gün Şaul Şamuellə birlikdə yemək yedi.  25Onlar səcdəgahdan şəhərə endilər, Şamuel Şaulla evin damında söhbət etdi.  26Onlar erkən qalxdılar. Dan yeri söküləndə damdan Şamuel Şaulu çağırıb dedi: «Dur, səni yola salım». O da qalxıb Şamuellə birlikdə bayıra çıxdı.  27Onlar şəhər kənarına enərkən Şamuel Şaula dedi: «Nökərə de ki, qabaqda getsin». Nökər qabağa keçdi. «Amma sən indi ayaq saxla, qoy Allahın sözünü sənə bildirim».


1 Şamuel 10
Şaulun padşahlığa məsh olunması
1Şamuel bir qab zeytun yağı götürüb Şaulun başına tökdü və onu öpərək dedi: «Rəbb səni Öz irsi olan İsrail üzərində başçı olmaq üçün məsh etdi, elə deyilmi?  2Bu gün məndən ayrılandan sonra Binyamin torpağında, Selsahda olan Rəhilənin məzarı yanında iki adama rast gələcəksən və onlar sənə deyəcək: “Axtarmağa getdiyin eşşəklər tapılıb. Artıq atan eşşəkləri unudub sizin dərdinizi çəkərək deyir: ‹Oğluma görə nə edim?›”  3Oradan da irəli keçib Tavordakı palıd ağacının yanına çatacaqsan və həmin yerdə səni Bet-Elə – Allahın hüzuruna çıxan üç adam qarşılayacaq. Onlardan biri üç oğlaq, o biri üç kömbə çörək, biri də bir tuluq şərab aparacaq.  4Onlar səni salamlayaraq iki kömbə çörək verəcəklər. Sən də o çörəkləri onlardan alacaqsan.  5Bundan sonra Filişt keşik dəstəsinin olduğu yerə – Giveat-Elohimə çatacaqsan. Şəhərə girən zaman orada səcdəgahdan enən bir peyğəmbər dəstəsinə rast gələcəksən. Onların qarşılarında çəng, dəf, ney, lira çalınacaq və onlar peyğəmbərlik edəcək.  6Onda Rəbbin Ruhu üzərinə qüvvə ilə enəcək və sən də onlarla birgə peyğəmbərlik edəcəksən və dönüb tamam başqa bir adam olacaqsan.  7Bu əlamətlər səndə baş verəndə vəziyyətə uyğun hərəkət et, çünki Allah səninlədir.  8Sən məndən əvvəl Qilqala enəcəksən, mən də yandırma qurbanları təqdim etmək və ünsiyyət qurbanları kəsmək üçün oraya enəcəyəm. Amma mən yanına gəlib nə edəcəyini sənə bildirənədək yeddi gün gözləməli olacaqsan».  9Şaul Şamuelin yanından yola düşmək üçün çevriləndə Allah onun ürəyini dəyişdirdi və bütün bu əlamətlər o gün yerinə yetdi.  10Oradan Giveaya gedərkən onları bir peyğəmbər dəstəsi qarşıladı və Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi. Onların arasında Şaul da peyğəmbərlik etməyə başladı.  11Əvvəldən onu tanıyan camaatın hamısı onun peyğəmbərlik etdiyini görəndə bir-birinə belə dedi: «Qişin oğluna nə olub? Məgər Şaul da peyğəmbərlərin sırasındadır?»  12 Bir adam cavab verib dedi: «Görün onların atası kimdir?» Buna görə də «Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» sözü məsələ çevrildi.  13Şaul peyğəmbərlik edəndən sonra səcdəgaha qalxdı.  14Şaulun əmisi ondan və nökərindən soruşdu: «Hara getmişdiniz?» Şaul dedi: «Eşşəkləri axtarmağa getmişdik, amma gördük ki, tapa bilmirik, ona görə də Şamuelin yanına getdik».  15Şaulun əmisi dedi: «Rica edirəm, Şamuelin sənə nə dediyini mənə danış».  16Şaul əmisinə dedi: «Eşşəklərin tapıldığını bizə aydın bildirdi». Lakin padşahlıq haqqında Şamuelin sözünü əmisinə danışmadı.  17Şamuel xalqı Rəbbin önünə – Mispaya çağırdı.  18O, İsrail övladlarına dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İsraili Misirdən Mən çıxartdım. Misirlilərin və sizə zülm edən bütün padşahlıqların əlindən sizi Mən azad etdim”.  19Lakin bəlalarınızdan və müsibətlərinizdən sizi qurtaran Allahınızı bu gün rədd etdiniz və Ona “üzərimizə bir padşah qoy” dediniz. İndi isə qəbilələrinizə və nəsillərinizə görə Rəbbin hüzurunda durun».  20Şamuel İsrailin bütün qəbilələrini bir-bir qabağa çıxartdı, Binyamin qəbiləsi püşk ilə seçildi.  21Sonra Binyamin qəbiləsini nəsilbənəsil qabağa çıxartdı. Püşk Matri nəslinə düşdü. Nəhayət Qiş oğlu Şaul seçildi. Lakin onu axtarıb tapa bilmədilər.  22Yenə Rəbdən soruşdular: «O buraya hələ gəlməyibmi?» Rəbb dedi: «Odur, yüklərin arasında gizlənib».  23Qaçıb Şaulu oradan gətirdilər. Xalq arasında duran zaman Şaul xalqın hamısından bir çiyin hündür görünürdü.  24Şamuel bütün xalqa dedi: «Rəbbin seçdiyi bu xalqın arasında bənzəri olmayan adamı görürsünüzmü?» O zaman xalq bir səslə qışqırıb dedi: «Yaşasın padşah!»  25Şamuel padşahlıq qaydalarını xalqa söylədi və kitaba yazıb Rəbbin önünə qoydu. Sonra Şamuel bütün xalqı evinə göndərdi.  26Şaul da Giveaya, öz evinə qayıtdı və qəlblərində Allahın oyanış yaratdığı igidlər onunla bərabər getdilər.  27Bəzi yaramaz adamlar isə belə dedilər: «Bu adam bizi necə qurtaracaq?» Ona xor baxıb hədiyyə göndərmədilər. Şaul isə buna susdu.


1 Şamuel 11
Şaulun Ammonluları məğlubiyyətə uğratması
1Ammonlu Naxaş gəlib Yaveş-Gileada qarşı ordugah qurdu. Bütün Yaveş əhalisi Naxaşa dedi: «Bizimlə saziş bağla, biz də sənə qulluq edək».  2Ammonlu Naxaş isə onlara dedi: «Bu şərtlə sizinlə razılığa gələrəm ki, hər birinizin sağ gözünü çıxarıb bütün İsraili rüsvay edim».  3Yaveş ağsaqqalları ona dedilər: «Bizə yeddi gün möhlət ver ki, İsrailin bütün ərazisinə qasidlər göndərək və əgər bizi heç kim xilas edə bilməsə, sənə təslim olarıq».  4Qasidlər Şaulun Givea şəhərinə gəldilər və xalq arasında bu sözləri car çəkdilər. Bütün xalq da şivən qoparıb ağladı.  5Bu vaxt Şaul öküzlərin arxasınca tarladan gəlirdi. O dedi: «Xalqa nə olub ki, ağlayır?» Ona Yaveşlilərin sözünü çatdırdılar.  6Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı.  7O, bir cüt öküzünü götürüb parça-parça doğradı və onları qasidlərin əli ilə bütün İsrail ərazisinə göndərib dedi: «Kim Şaulun və Şamuelin ardınca getməsə, bax öküzləri bu kökə salınacaq». Xalqın arasına Rəbbin xofu düşdü və hamı bir nəfər kimi ayağa qalxdı.  8Şaul onları Bezeqdə saydı: İsrail övladları üç yüz min və Yəhuda adamları isə otuz min nəfər oldu.  9Gələn qasidlərə dedilər: «Yaveş-Gileadlılara belə deyərsiniz: “Sabah gün qızınca sizə qurtuluş olacaq”». Qasidlər gedib bunu Yaveşlilərə bildirdilər və onlar da sevindilər.  10Yaveşlilər Ammonlulara dedilər: «Sabah təslim olacağıq və bizimlə gözünüzdə xoş görünən kimi rəftar edin».  11Ertəsi gün Şaul xalqı üç bölməyə ayırdı və səhər qarovulunda düşmən ordugahının içinə girərək gün qızana qədər Ammonluları qırdı. Qalanlar isə elə dağıldılar ki, onlardan iki nəfər bir yerdə qalmadı.  12Xalq Şamuelə dedi: «“Şaulmu üzərimizdə padşah olacaq?” deyənlər kimlərdir? O adamları verin öldürək».  13Şaul isə dedi: «Bu gün heç kəs öldürülməyəcək, çünki Rəbb bu gün İsrailə qurtuluş verdi».  14Şamuel xalqa dedi: «Gəlin Qilqala gedək və orada padşahlığı yenidən təsdiq edək».  15Bütün xalq Qilqala getdi. Orada – Qilqalda Şaulu Rəbbin önündə padşah olaraq qəbul etdilər və sonra Rəbbin önündə ünsiyyət qurbanları kəsdilər. Bütün İsraillilər Şaulla birgə böyük bayram etdilər.


1 Şamuel 12
Şamuelin nitqi
1Şamuel İsraillilərin hamısına dedi: «Baxın mən dediklərinizə axıradək qulaq asaraq üzərinizə bir padşah təyin etdim.  2İndi qarşınızda padşah gedir, mən isə qocalmışam, saçlarım ağarıb. Budur, oğlanlarım da sizinlədir. Mən də gəncliyimdən bu günə qədər sizin qarşınızda getmişəm.  3Budur, qarşınızdayam, hansınızın öküzünü almışam? Kimin eşşəyini almışam? Kimi aldatmışam, kimi incitmişəm və yaxud kimdən rüşvət alıb haqsız əməlinə göz yummuşam? Rəbbin və Onun məsh etdiyinin qarşısında mənə qarşı şəhadət edin ki, haqqınızı ödəyim».  4Onlar belə cavab verdilər: «Sən bizi heç vaxt aldatmamısan, incitməmisən, heç kimin əlindən də heç nə almamısan».  5Şamuel onlara dedi: «Sizə qarşı əlimdə bir şey tapmadığınıza bu gün Rəbb və Onun məsh olunmuş padşahı da şahiddir». Xalq dedi: «Bəli, şahiddir».  6 Şamuel xalqa dedi: «Musanı və Harunu təyin edən, atalarınızı Misir torpağından çıxaran Rəbdir.  7İndi isə Rəbbin hüzurunda dayanın. Rəbbin sizə və atalarınıza etdiyi bütün haqq işlər barədə sübutlar göstərəcəyəm.  8 Yaqub Misirə gəldi. Sonra atalarınız Rəbbə fəryad etdilər. Rəbb Musa ilə Harunu göndərdi ki, atalarınızı Misirdən çıxardıb bu yerdə məskunlaşdırsın.  9 Lakin onlar özlərinin Allahı Rəbbi unutdular, Rəbb də onları Xasor ordusunun başçısı Sisraya, Filiştlilərə və Moav padşahına təslim etdi. Onlar atalarınıza qarşı vuruşdular».  10 Xalq Rəbbə fəryadla dedi: «Rəbbi atıb Baal və Aştoret bütlərinə qulluq etməklə günah etdik. Ya Rəbb, indi bizi düşmənlərimizin əlindən qurtar və biz Sənə qulluq edərik».  11 Rəbb də Yerub-Baalı, Bedanı, İftahı və Şamueli göndərdi. O sizi ətrafınızdakı düşmənlərin əlindən qurtardı və əmin-amanlıqda yaşadınız.  12 Amma siz Ammon padşahı Naxaşın sizə qarşı gəldiyini görəndə Rəbb Allahınız sizə padşah ikən mənə dediniz: «Xeyr, gərək bizə bir padşah hökmranlıq etsin».  13İndi isə budur seçdiyiniz və istədiyiniz padşah! Baxın Rəbb üzərinizə bir padşah qoydu.  14Əgər Rəbdən qorxub Ona qulluq edərək səsinə qulaq assanız, əmrinə qarşı çıxmasanız, həm sizə hökmranlıq edən padşahınız, həm də siz Allahınız Rəbbin ardınca gedəcəksiniz.  15Yox, əgər Rəbbin səsinə qulaq asmasanız və Rəbbin əmrinə qarşı çıxsanız, o zaman Rəbbin əli atalarınıza qarşı olduğu kimi sizin də əleyhinizə olacaq.  16İndi isə dayanın, Rəbbin gözünüz önündə edəcəyi bu böyük hadisəni görün.  17Bu gün buğda biçimi deyilmi? Göy gurultusu və yağış göndərsin deyə Rəbbi çağıracağam, özünüz üçün padşah istəməklə etdiyiniz pisliyin Rəbbin gözündə nə qədər böyük olduğunu dərk edib görəcəksiniz.  18Şamuel Rəbbi çağırdı və Rəbb o gün göy gurladıb yağış yağdırdı. Bütün xalq həmin gün Rəbdən və Şamueldən çox qorxdu.  19Camaat Şamuelə belə dedi: «Qulların üçün Allahın Rəbbə yalvar ki, ölməyək, çünki bütün günahlarımızın üzərinə özümüzə padşah istəmək təqsirini də əlavə etdik».  20Şamuel isə xalqa dedi: «Qorxmayın, bu pisliyi həqiqətən siz etmisiniz, lakin Rəbbin yolundan dönməyin, bütün qəlbinizlə yalnız Rəbbə qulluq edin.  21Dönməyin, çünki o zaman boş bütlərin ardınca getmiş olacaqsınız, o bütlər ki fayda verməz və xilas etməzlər, çünki puçdurlar.  22Amma Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq, ona görə ki sizi Öz xalqı etmək Rəbbin xoşuna gəlmişdi.  23Mənə gəlincə, sizin üçün yalvarmağı dayandırmaqla Rəbbə qarşı günah etmək qoy məndən uzaq olsun. Mən sizə xeyirli və düz yolu öyrədəcəyəm.  24Ancaq Rəbdən qorxun, Ona sədaqətlə, bütün qəlbinizlə xidmət edin. Görün sizin üçün necə əzəmətli işlər görüb.  25Əgər pislik etməkdə davam etsəniz, həm siz, həm də padşahınız məhv olacaq».


1 Şamuel 13
Şaulun itaətsizliyi
1Şaul bir il padşah oldu və İsrailin üzərində daha iki il padşahlıq edəndən sonra  2o özü üçün üç min nəfər İsrailli seçdi. Bunlardan iki min nəfəri Mikmasda və Bet-El təpələrində Şaulun yanında qaldı, min nəfəri isə Binyaminin Givea şəhərində Yonatanın yanında saxladı. Xalqın qalan hissəsini isə Şaul öz evlərinə göndərdi.  3Yonatan Gevadakı Filiştlilərin keşik dəstəsinin əsgərlərini qırdı və bunu bütün Filiştlilər eşitdilər. Şaul isə İbranilər eşitsinlər deyə bütün ölkədə şeypur çaldırdı.  4İsraillilərin hamısı Şaulun Filiştlilərin keşik dəstəsini qırdığını, Filiştlilərin İsrailə nifrət etdiyini eşitdi. Xalq Şaulun ətrafında yığılmaq üçün Qilqala çağırıldı.  5Filiştlilər İsraillə vuruşmaq üçün yığıldılar. Otuz min döyüş arabası, altı min atlı və dənizdəki qum dənələrinin sayı qədər camaat çıxıb Bet-Avenin şərqində Mikmasda ordugah qurdu.  6İsraillilər təhlükə qarşısında olduqlarını gördülər, çünki xalq sıxışdırıldı, xalq mağaralarda, kolluqlarda, qayalarda, məqbərələrdə və nohurlarda gizləndi.  7İbranilərdən bəzisi İordan çayından Qad və Gilead torpağına keçmişdi, lakin Şaul isə hələ Qilqalda idi və bütün xalq qorxudan əsə-əsə onun ardınca gedirdi.  8 Şaul Şamuel təyin etdiyi vaxta qədər yeddi gün gözlədi, lakin Şamuel Qilqala gəlmədi, ona görə də xalq Şaulun yanından dağılmağa başladı.  9Şaul dedi: «Yandırma qurbanını və ünsiyyət qurbanını yanıma gətirin». O, yandırma qurbanını təqdim etdi.  10Yandırma qurbanının təqdimi qurtaranda Şamuel gəlib çıxdı və Şaul salamlaşmaq üçün onu qarşılamağa çıxdı.  11Şamuel dedi: «Sən nə etmisən?» Şaul isə dedi: «Gördüm ki, ətrafımdakı xalq dağılır, sən isə təyin etdiyin gün gəlmədin və Filiştlilər Mikmasda toplanıb.  12Dedim ki, indi Filiştlilər Qilqala, üstümə gələcəklər, mən isə hələ Rəbbin razılığını almamışam. Ona görə də özümü məcbur edib yandırma qurbanını təqdim etdim».  13Şamuel Şaula dedi: «Ağılsızlıq etdin, Allahın Rəbbin sənə verdiyi əmrə əməl etmədin. Belə olmasaydı, Rəbb İsrail üzərində sənin padşahlığını əbədi saxlayacaqdı.  14 Lakin indi padşahlığın davam etməyəcək. Rəbb Özü üçün Öz ürəyinə yatan bir adam tapıb. Həmin adamı Rəbb xalqına başçı təyin etdi. Çünki sən Rəbbin verdiyi əmrlərə əməl etmədin».  15Bundan sonra Şamuel Qilqalı tərk edib Binyaminlilərin Givea şəhərinə çıxdı. Şaul yanında olan xalqı saydı: altı yüz nəfərə qədər idi.  16Şaul, oğlu Yonatan və yanında olan xalq Binyaminlilərin Geva şəhərində qalmaqda idi. Filiştlilər isə Mikmasda ordugah qurmuşdular.  17Filişt ordugahından qarətçi hücumçular üç dəstəyə bölünüb çıxdılar. Bir dəstə Ofra yoluna – Şual torpağına yönəldi.  18Digər dəstə isə Bet-Xoron yoluna, o biri dəstə isə çölə – Sevoim vadisinə baxan sərhəd yoluna yönəldi.  19Bütün İsrail ölkəsində bir nəfər də olsun dəmirçi yox idi. Filiştlilər demişdilər ki, qoy İbranilər qılınc, nizə düzəltməsinlər.  20Bütün İsraillilər kotanlarını, kərkilərini, baltalarını və oraqlarını itiləmək üçün Filiştlilərin yanına gəlirdi.  21Kotanın, kərkinin itiləmə qiyməti bir pim idi. Bellər, baltalar, bizlər üçün isə şekelin üçdə biri qədər gümüş pul alardılar.  22Ona görə də müharibə zamanı Şaulla Yonatanın yanında olan xalqın əlində qılınc və nizə yox idi, bu silahlar ancaq Şaulun və oğlu Yonatanın əlində olardı.  23Filiştlilərin keşik dəstəsi Mikmas keçidinə çıxdı.


1 Şamuel 14
Yonatanın böyük qələbəsi
1Bir gün Şaulun oğlu Yonatan silahdarı olan nökərə dedi: «Gəl qarşı tərəfdə olan Filiştlilərin keşik dəstəsinə keçək». Lakin bunu atasına bildirmədi.  2Şaul isə Givea kənarında Miqrondakı nar ağacı altında oturmuşdu, yanındakı xalq altı yüz nəfərə qədər idi.  3Şiloda Rəbbin kahini, Eli oğlu Pinxas oğlu İkavodun qardaşı Axituvun oğlu Axiya efod geyinmişdi. Yonatanın getdiyindən xalqın xəbəri yox idi.  4Filiştlilərin keşik dəstəsinə getmək üçün Yonatanın keçmək istədiyi keçidlər iki şişuclu qayalığın arasında idi. Qayalıqlardan birinin adı Boses, o birinin adı isə Sene idi.  5Qayalıqlardan biri şimal tərəfdən Mikmasa, o biri qayalıq isə cənub tərəfdən Gevaya baxırdı.  6Yonatan silahdarı olan nökərə dedi: «Gəl bu sünnətsizlərin keşik dəstəsinə keçək, bəlkə Rəbb bizim üçün bir iş gördü. Çünki həm çox, həm də az adamların üzərində qələbə çalmaq üçün Rəbbə mane olan yoxdur».  7Silahdarı ona dedi: «Ürəyin necə istəyirsə, elə də et. Get bax, mən səninləyəm, çünki ürəyimizin istəyi birdir».  8Yonatan dedi: «Gəl bu adamlara tərəf gedib özümüzü onlara göstərək.  9Əgər bizə “sizin yanınıza biz gələnə qədər dayanın” desələr, o zaman yerimizdə durub onların yanına çıxmarıq.  10Lakin “yanımıza çıxın”, desələr, o zaman yerimizdən durub onların yanına qalxarıq, çünki Rəbb onları bizə təslim etmişdir və bu bizim üçün əlamət olacaq».  11İkisi də özünü Filiştlilərin keşik dəstəsinə göstərdi. Filiştlilər isə dedilər: «Bax İbranilər gizləndikləri deşiklərdən çıxırlar».  12Əsgərlər Yonatana və onun silahdarına dedilər: «Yanımıza çıxın, sizin dərsinizi verək». Yonatan silahdarına dedi: «Ardımca gəl, çünki Rəbb onları İsrailə təslim etdi».  13Yonatan, onun ardınca silahdarı əl və ayaqları ilə yuxarı dırmaşdılar, Yonatan Filiştliləri vurub yıxır, arxadan silahdarı onları öldürürdü.  14Bu ilk döyüşdə yarım sahə torpaqda Yonatanla silahdarı iyirmi nəfərə qədər adamı qırdı.  15Ordugaha, çölə, bütün xalq arasına vəlvələ düşdü. Keşikçi əsgərlər və qarət hücumçuları arasına elə bir çaxnaşma düşdü ki, yer sarsıldı. Bu, Allah xofu idi.  16Şaulun Binyamində olan Givea şəhərindəki gözətçiləri baxanda gördülər ki, Filişt qoşunu dağılıb ora-bura qaçır.  17Şaul yanında olan xalqa dedi: «İndi sayın, görün bizdən kim yoxdur». Saydıqları zaman Yonatanla silahdarı olmadı.  18Şaul Axiyaya dedi: «Allahın sandığını buraya gətirin». Çünki o vaxtlar Allahın sandığı İsraillilərin yanında idi.  19Şaul kahinə bunu deyərkən Filiştlilərin ordugahından gurultu getdikcə çoxalırdı və Şaul kahinə «Əl saxla!» dedi.  20Şaul və yanında olan bütün xalq yığılıb döyüş meydanına getdilər. Budur, Filiştlilərdən hər bir kəs qılıncını öz ətrafındakı qonşusuna qarşı çıxartdı və çox böyük çaşqınlıq yarandı.  21Əvvəlcədən Filiştlilər tərəfinə keçən İbranilər Filiştlilərlə bərabər ordugaha gəlmişdilər. Onlar da Şaulun və Yonatanın yanında olan İsraillilərlə birləşdilər.  22Efrayim dağlıq bölgəsində gizlənən bütün İsraillilər də Filiştlilərin qaçdığını eşitdikdə öz döyüş meydanından Filiştliləri qovmağa başladılar.  23Beləcə o gün Rəbb İsrailə qələbə qazandırdı və döyüş Bet-Avendən o tərəfə keçdi.  24İsraillilər o gün çox yorulmuşdu. Çünki Şaul «Axşama qədər, Şaul düşmənlərindən qisas alana qədər kim çörək yesə, lənətə gəlsin!» deyərək onlara and içdirmişdi. Xalqdan heç kim dilinə heç nə vurmadı.  25Bütün xalq meşəyə getdi və torpaq üzərində olan bal şanısına rast gəldi.  26Xalq meşədə bal şanısına rast gələndə şanıdan bal süzülürdü, lakin heç kəs əlini ağzına aparmırdı, çünki xalq anddan qorxurdu.  27Lakin Yonatan atasının xalqa and içdirdiyini eşitməmişdi. O, əlindəki dəyənəyi uzadıb ucunu şanı balına batıraraq əlini ağzına apardı və gözlərinə işıq gəldi.  28Camaat arasından bir nəfər dedi: «“Bu gün kim çörək yesə, lənətə gəlsin!” deyə atan xalqa möhkəm and içdirmiş, buna görə də xalq taqətdən düşmüşdü».  29Yonatan dedi: «Atam ölkəyə əzab verir. Rica edirəm, baxın bu baldan bir az daddım, gör necə gözlərim işıqlandı!  30Əgər bu gün düşmənlərdən ələ keçirilən yeməkləri xalq doyunca yemiş olsaydı, gör nələr olardı? O zaman Filiştlilər arasında daha böyük qırğın olmazdımı?»  31Həmin gün İsraillilər Mikmasdan Ayyalona qədər Filiştliləri məğlub etdilər. Xalq çox yorğun idi.  32Ona görə də düşmən malının üstünə düşüb qoyunları, öküzləri, buğaları yerindəcə kəsdilər və onları qanlı-qanlı yedilər.  33 Bunu Şaula xəbər verdilər: «Bax xalq əti qanlı-qanlı yeyərək Rəbbə qarşı günah edir». Şaul dedi: «Xəyanət etmisiniz, indi isə yanıma böyük bir daş yuvarlayın».  34Şaul sözünə davam etdi: «Xalqın arasına gedib onlara deyin: “Hər kəs öküzünü, qoyununu yanıma gətirsin və burada kəsib yesin. Əti qanlı-qanlı yeyərək Rəbbə qarşı günah etməyin”». Bütün xalq o gecə öküzünü öz əli ilə oraya gətirib kəsdi.  35Şaul Rəbbə bir qurbangah düzəltdi. Bu onun Rəbb üçün qurduğu ilk qurbangah idi.  36Şaul dedi: «Filiştlilərin ardınca gecə ikən düşək ki, dan yeri sökülənə qədər onları talan edək və onlardan heç kimi sağ buraxmayaq». Ona dedilər: «Gözündə nə xoşdursa, onu da et». Kahin isə dedi: «Gəlin buraya – Allahın hüzuruna yaxınlaşaq».  37Şaul Allahdan soruşdu: «Mən Filiştlilərin ardınca düşümmü? Sən onları İsraillilərə təslim edəcəksənmi?» Lakin həmin gün Allah ona cavab vermədi.  38Şaul dedi: «Ey bütün xalq başçıları, buraya yaxınlaşın, bu gün hansı günah etdiyinizi öyrənin və görün.  39Çünki İsraili qurtaran, var olan Rəbbə and olsun, bu işdə oğlum Yonatan təqsirkar olsa belə, mütləq ölməlidir». Lakin xalq arasından ona cavab verən olmadı.  40Şaul bütün İsraillilərə dedi: «Siz bir tərəfdə, mən də oğlumla başqa bir tərəfdə duraq». Xalq Şaula dedi: «Gözündə nə xoşdursa, onu da et».  41Şaul İsrailin Allahı Rəbbə dedi: «Həqiqəti üzə çıxart!» Püşk Şaulla Yonatana düşdü. Xalq təmizə çıxdı.  42Şaul dedi: «Mənimlə oğlum Yonatan arasında da püşk atın». Püşk Yonatana düşdü.  43Şaul Yonatana dedi: «Nə etmisən, mənə bildir!» Yonatan ona dedi: «Ancaq əlimdə olan dəyənəyin ucu ilə bir az bal dadmışam, buna görə ölməliyəmmi?»  44Şaul dedi: «Yonatan, əgər mən səni öldürməsəm, Allah mənə beləsini və bundan betərini etsin! Sən mütləq ölməlisən».  45Xalq Şaula belə dedi: «İsraildə belə böyük qurtuluş zəfəri çalan Yonatanmı öləcək? Əsla! Var olan Rəbbə and olsun, onun başından bir tük belə, yerə düşməyəcək. Çünki bu gün o, Allahın köməyi ilə iş gördü». Beləliklə, xalq Yonatanı qurtardı və o ölmədi.  46Şaul daha Filiştliləri təqib etməyib geri qayıtdı və Filiştlilər öz yerlərinə qayıtdılar.  47Beləliklə, Şaul İsrail üzərində padşah olandan sonra ətrafdakı bütün düşmənlərinə – Moavlılara, Ammonlulara, Edomlulara, Sova padşahlarına və Filiştlilərə qarşı döyüşdü. Hansı tərəfə gedərdisə, onların başına bəla gətirirdi.  48O şücaət göstərərək Amaleqliləri məğlub etdi və İsraili talan edənlərin əlindən qurtardı.  49Şaulun oğulları Yonatan, İşvi və Malki-Şua idi. İki qızından böyüyünün adı Merav, kiçiyinin adı isə Mikal idi.  50Şaulun arvadının adı Aximaas qızı Axinoam idi. Ordu başçısı Şaulun əmisi Nerin oğlu Avner idi.  51Şaulun atası Qişlə Avnerin atası Ner Avielin oğulları idi.  52Şaul ömrü boyu Filiştlilərə qarşı şiddətli döyüşlərdə oldu və o, güclü yaxud da cəsur bir adam görən zaman öz yanına götürürdü.


1 Şamuel 15
Şaulun daha bir itaətsizliyi
1Şamuel Şaula dedi: «Rəbb məni göndərdi ki, Öz xalqı İsrail üzərində padşah olaraq səni məsh edim. İndi isə Rəbbin sözünü dinlə,  2 Ordular Rəbbi belə deyir: “İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam.  3İndi get, Amaleqliləri qır, hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin. Kişidən qadınadək, yeniyetmədən südəmər körpəyədək, öküzdən qoyunadək, dəvədən eşşəyədək hamısını qır”».  4Şaul xalqı çağırdı və onları Telaimdə saydı: iki yüz min piyada əsgərlə bərabər Yəhudadan on min nəfər var idi.  5Şaul Amaleqlilərin şəhərinə gəlib vadidə pusqu qurdu.  6O, Qenlilərə dedi: «Gedib Amaleqlilərdən ayrılın ki, sizi də onlarla bərabər qırmayım. Çünki İsrail övladları Misirdən çıxan zaman siz onlara xeyirxahlıq etdiniz». Qenlilər Amaleqlilərdən ayrıldılar.  7Şaul Xaviladan Misirin şərqindəki Şura çatana qədər Amaleqliləri qırdı.  8Amaleq padşahı Aqaqı sağ tutdu, bütün xalqı isə tamamilə qılıncdan keçirdi.  9Amma Şaul xalqı ilə birlikdə Aqaqa və Amaleqlilərin ən yaxşı qoyunlarına, öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeylərin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi, bütün gərəksiz və yararsız şeyləri isə tamamilə yox etdi.  10Bundan sonra Rəbbin sözü Şamuelə nazil oldu:  11«Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib». Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi.  12O, Şaulla səhər görüşmək üçün erkən durdu, amma ona belə xəbər verdilər: «Şaul Karmelə getdi və özünə abidə qoyandan sonra geri qayıdıb irəlidəki Qilqala endi».  13Şamuel Qilqala, Şaulun yanına gəldi. Şaul ona dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, mən Rəbbin sözünə əməl etdim».  14Şamuel isə dedi: «Elə isə qulaqlarıma gələn bu qoyun mələşməsi və eşitdiyim bu öküz böyürtüsü nədir?»  15Şaul dedi: «Onları Amaleqlilərdən gətiriblər. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb, qalanlarını isə tamamilə yox etdi».  16Şamuel Şaula dedi: «Dayan, bu gecə Rəbbin mənə söylədiklərini sənə deyəcəyəm». Şaul dedi: «Danış».  17Şamuel dedi: «Sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərinə padşah olaraq məsh etməyibmi?  18Rəbb səni yürüşə göndərib dedi: “Günahkarları – Amaleqliləri tamamilə məhv et və qırıb qurtarana qədər onlarla vuruş”.  19Bəs nə üçün Rəbbin sözünə itaət etmədin, qarətçilik edib talana girişdin və Rəbbin gözündə pis sayılan iş gördün?»  20Şaul Şamuelə dedi: «Mən Rəbbin sözünə itaət etdim. Rəbbin məni göndərdiyi yürüşə getdim. Amaleq padşahı Aqaqı bura gətirdim, Amaleqliləri isə tamamilə məhv etdim.  21Lakin xalq talan malından qoyunları və öküzləri, məhv edilməyə həsr olunanlardan ən yaxşısını götürdü ki, Qilqalda Allahın Rəbbə qurban versin».  22Şamuel isə dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər

Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi?

Bax itaət etmək qurbandan,

Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır.

23Çünki üsyankarlıq falçılığa bərabər günahdır,

İnadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir.

İndi ki sən Rəbbin sözünü rədd etdin,

O da səni padşahlıqdan rədd etdi».

24Şaul Şamuelə dedi: «Günah etdim, çünki Rəbbin əmrini və sənin sözlərini pozdum və xalqdan qorxub onların sözünə qulaq asdım.  25Rica edirəm, günahımı bağışla və indi mənimlə bərabər geri qayıt ki, Rəbbə səcdə qılım».  26Şamuel Şaula dedi: «Mən səninlə geri qayıtmayacağam, çünki sən Rəbbin sözünü rədd etdin. Ona görə Rəbb İsraildə padşah olmayasan deyə səni rədd etdi».  27Şamuel geri qayıtmaq üçün dönən zaman Şaul onun cübbəsinin ətəyindən yapışanda ətək qopdu.  28Şamuel ona dedi: «Bu gün Rəbb də səndən İsrail padşahlığını bu cür qoparıb səndən də yaxşı olan yaxınına verdi.  29İsrailin İzzətlisi yalan söyləməz və fikrini dəyişməz. Axı insan deyil ki, fikrini dəyişsin».  30Şaul dedi: «Günaha batdım. Rica edirəm, indi xalqımın ağsaqqalları və İsrail qarşısında mənə hörmət et və mənimlə birlikdə geri qayıt ki, Allahın Rəbbə səcdə qılım».  31Şamuel Şaulun arxasınca geri qayıtdı və Şaul Rəbbə səcdə qıldı.  32Şamuel dedi: «Amaleq padşahı Aqaqı buraya – mənim yanıma gətirin». Aqaq isə onun yanına tərəddüd içində gəldi. Aqaq öz-özünə deyirdi: «Görəsən acı ölüm məni mütləq haqlayıbmı?»  33Şamuel dedi: «Sənin qılıncın qadınları necə övladsız qoyurdusa, sənin anan da qadınlar arasında beləcə övladsız qalacaq». Şamuel Qilqalda – Rəbbin önündə Aqaqı doğradı.  34Sonra Şamuel Ramaya getdi, Şaul isə Giveadakı evinə qalxdı.  35Şamuel ölənə qədər daha Şaulu görmədi, çünki Şaulun dərdini çəkirdi. Rəbb Şaulu İsrailin padşahı etdiyinə peşman olmuşdu.

Комментариев нет:

Отправить комментарий