Поиск по этому блогу

Sefanya

Sefanya 1
1 Yəhuda padşahı Amon oğlu Yoşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Amarya oğlu Gedalya oğlu Kuşi oğlu Sefanyaya Rəbbin sözü nazil oldu.
Rəbbin məhkəmə günü
2Rəbb belə bəyan edir:

«Yer üzündən hər şeyi silib-süpürəcəyəm».

3Budur, Rəbb belə bəyan edir:

«İnsanları, heyvanları,

Göydəki quşları, dənizdəki balıqları,

Pis adamları ilə

Şər üçün qurulan tələlərini

Silib-süpürəcəyəm,

İnsanı yer üzündən yox edəcəyəm.

4Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin

Hamısını cəzalandıracağam,

Baal bütlərinə ibadətin qalıqlarını,

Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam.

5Damlarda göy cisimlərinə səcdə edənləri,

Həm Rəbbin adına, həm də Milkom bütü adına

And içib səcdə edənləri,

6Rəbbin yolundan dönənləri,

Rəbbə müraciət etməyənləri,

Rəbdən məsləhət almayanları

Buradan yox edəcəyəm».

7Susun Xudavənd Rəbbin qarşısında,

Çünki Onun günü yaxınlaşır,

Rəbb qurban hazırlayıb, qonaqlarını dəvət edib.

8Rəbb deyir: «O qurban günü əmirləri, şahzadələri,

Əcnəbi dəbi ilə geyinənləri cəzalandıracağam.

9O gün kandarından tullanıb keçənləri,

Öz ağalarının evlərini zorakılıq və hiylə ilə

Dolduranları cəzalandıracağam».

10Rəbb bəyan edir:

«O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi,

İkinci Məhəllədən fəryadlar,

Təpələrdən isə böyük gurultu eşidiləcək».

11Ey bazar məhəlləsinin sakinləri, nalə çəkin!

Bütün tacirləriniz məhv olacaq,

Tərəzidə gümüş çəkənləriniz qırılacaq.

12O zaman Yerusəlimin hər tərəfini

Çıraqlarla axtaracağam,

Firavan yaşayan qayğısızları,

Ürəklərində

«Rəbb nə yaxşılıq, nə də pislik –

Heç nə etməz»

Deyənləri cəzalandıracağam.

13Var-dövlətləri talan olacaq,

Evləri xaraba qalacaq,

Tikdikləri evlərdə yaşamayacaqlar,

Onlar saldıqları üzümlüklərin

Şərablarını içməyəcəklər.

14Rəbbin möhtəşəm günü yaxınlaşır,

Yaxınlaşır, tez gələcək.

Rəbbin günündə fəryad səsi çıxacaq,

İgid adam belə, fəryad edəcək.

15O gün qəzəb günüdür: Hər tərəfi

Əziyyət və məşəqqətin,

Viran və talanın,

Qaranlıq və zülmətin,

Qara buludların bürüdüyü gündür!

16O gün istehkamlı şəhərlərə,

Hündür künc qüllələrinə qarşı

Döyüş üçün çalınan şeypurların,

Döyüş nərələrinin səsləndiyi gündür!

17Rəbb deyir:

«Adamlara elə bəla göndərəcəyəm ki,

Kor kimi hara gedəcəklərini bilməyəcəklər,

Çünki Mən Rəbbə qarşı günah ediblər.

Qanları su kimi axacaq,

Bədənləri yerdə çürüyüb peyin olacaq».

18Rəbbin qəzəb günündə

Qızıl-gümüşləri

Onları qurtara bilməyəcək,

Onun qısqanc qəzəbinin alovunda

Bütün ölkə yanıb yox olacaq,

Çünki O, bir anda ölkənin sakinlərini qıracaq.


Sefanya 2
Tövbəyə çağırış
1Ey utanmaz millət, toplaşın!

2Fərman çıxmadan,

O gün saman çöpü tək uçmadan,

Rəbbin qızğın qəzəbi başınıza gəlmədən,

Rəbbin qəzəb günü sizə yetişmədən öncə toplaşın!

3Ey Rəbbin hökmünə əməl edən sizlər,

Ölkədəki itaətkar insanlar, Rəbbə meyl salın!

Salehliyə meyl salın!

İtaətkarlığa meyl salın!

Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz.
Rəbbin millətlərə cəzası

4Qəzzə bomboş qalacaq, Aşqelon xarabalığa dönəcək,

Aşdod əhalisi günorta çağı qovulacaq,

Eqron özülündən söküləcək!

5Dəniz sahilində yaşayanların –

Keretlilərin

vay halına! Ey Filiştlilərin torpağı Kənan,

Rəbbin hökmü sizə qarşıdır,

Rəbb hamınızı yox edəcək.

Ölkədə heç bir sakin sağ qalmayacaq!

6Dəniz sahilindəki ölkəniz otlaqlara,

Çoban daxmalarına və qoyun-keçi ağıllarına dönəcək!

7Bu ölkə Yəhuda nəslindən qalanların əlinə keçəcək,

Sürülərini orada otaracaqlar,

Axşam Aşqelondakı evlərində yatacaqlar,

Çünki özlərinin Allahı Rəbb onları yada salaraq

Yenə firavan edəcək.

8«Moavlıların rişxəndlərini,

Ammonluların təhqirlərini eşitdim.

Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki,

Xalqımın sərhədlərini keçəcəklər.

9Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir. Varlığıma and olsun ki,

Moav mütləq Sodom kimi,

Ammon Homorra kimi olacaq:

Oraları alaqlar və duzlu çalalar basacaq,

Əbədi viranəliyə dönəcək.

Xalqımın qalanları oranı talan edəcək,

Torpaqlarına millətimdən sağ qalanlar

Sahib olacaq».

10Bu onların məğrurluğunun əvəzi olacaq,

Çünki bu xalqlar

Ordular Rəbbinin xalqına rişxənd edib lovğalandı.

11Rəbb onları dəhşətə salacaq,

Yer üzünün bütün allahlarını yox edəcək.

Uzaqlarda yaşayan bütün millətlər

Olduqları yerlərdə Ona səcdə edəcək.

12«Ey Kuşlular, siz də

Mənim qılıncımla öldürüləcəksiniz» Rəbb deyir.

13Rəbb əlini şimala doğru uzadıb Aşşuru yox edəcək,

Ninevanı viranəliyə,

Səhra kimi quruya çevirəcək,

14Ora sürülərin, hər cür heyvanın

Yatdığı yer olacaq.

Orada sütun başlarında,

Bayquşlar, yapalaqlar yuva quracaq,

Onlar pəncərələrdən ulayacaq,

Qarğalar kandarlardan qarıldayacaq

Evlərdə sidr tirləri görünəcək.

15Bu şəhər zövq-səfalı şəhər idi, Əmin-amanlıq içində yaşayırdı.

Hey belə deyərdi:

«Mən mənəm, məndən başqası yoxdur!»

Necə də bu şəhər xarabalığa döndü,

Vəhşi heyvanların yuvası oldu!

Yanından keçən hər kəs vahimədən

Kənara çəkilir.


Sefanya 3
Yerusəlimin gələcəyi
1Üsyankar, pozğun, qəddar şəhərin vay halına!

2Söz dinləmədi, ibrət dərsi almadı,

Rəbbə güvənmədi, Allahına yaxınlaşmadı.

3Başçıları nərildəyən aslanlara bənzəyir,

Hakimləri axşam gəzən ac qurdlar kimi

Səhərə qədər bir şey qoymaz.

4Peyğəmbərləri məsuliyyətsiz, xain adamlardır,

Kahinləri müqəddəs olanı murdarlayıb,

Qanunun mənasını pozur.

5Amma şəhərin içində olan Rəbb salehdir,

O haqsızlıq etməz.

Hər yeni günün səhərində

Durmadan ədalətini zühur etdirər,

Amma haqsız adam utanmaq bilməz.

6Rəbb belə deyir:

«Millətləri məhv etdim,

Künc qüllələri dağıldı.

Küçələrini viran qoydum,

O küçələrdən artıq gəlib-keçən yoxdur!

Şəhərləri xarabalığa döndü,

Orada heç bir sakin də qalmadı.

7Mən dedim:

“Xalqım Məndən qorxar,

İbrət dərsi alar”.

Onda məskənləri dağıdılmaz,

Verdiyim cəzaların hamısı üzərlərinə gəlməz,

Lakin onlar hər cür pozğun iş görməkdən zövq aldı».

8Buna görə Rəbb bəyan edir:

«Şahid kimi qalxdığım

Günə qədər Məni gözləyin.

Çünki Mən millətləri yığmağı

Padşahlıqları toplamağı qərara almışam.

Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm.

Çünki qısqanc qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq.

9O zaman Mən xalqların nitqini dəyişib,

Onlara pak dil verəcəyəm ki,

Hamı Rəbbin adını çağırsın,

Mənə çiyin-çiyinə xidmət etsinlər.

10Qürbətə dağılmış,

Mənə səcdə edənlər

Kuş çaylarının o tayından

Mənə təqdimlər gətirəcək.

11O gün sən, ey xalqım,

Mənə qarşı üsyankarlıq etdiyinə görə

Daha xəcalətli olmayacaqsan.

Çünki qürurlu, təkəbbürlü adamları

Sənin arandan uzaqlaşdıracağam,

Müqəddəs dağımda bir daha təkəbbürlü olmayacaqsan.

12Sizin aranızda itaətkar və məzlum bir xalqı sağ qoyacağam,

Onlar Rəbbin adına pənah gətirəcək.

13İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər,

Çünki onlar qarnı tox yatacaq,

Onları qorxudan olmayacaq».
Sevinc nəğməsi
14Ey Sion qızı, tərənnüm elə,

Ey İsrail, uca səslə çığır!

Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən!

15Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu!

İsrailin padşahı Rəbb səninlədir,

Artıq pislikdən qorxmayacaqsan!

16O gün Yerusəlimə deyiləcək:

«Qorxma, ey Sion, qoy əllərin taqətdən düşməsin!

17Allahın Rəbb,

Qüvvətli Qurtarıcın səninlədir!

O sənin üçün sevinib şadlanacaq,

Səni məhəbbəti ilə yeniləşdirəcək,

Sənin üçün tərənnümlə coşacaq!

18Bayram gününü qeyd edən kimi

Mən sənin üzərindən bəlaları götürəcəyəm ki,

Onlara görə xəcalətli olmayasan.

19Budur, vaxt gəlir,

Mən sizə zülm edənlərin hamısını cəzalandıracağam,

Şikəstləri qurtaracağam, sürgünləri yığacağam,

Bütün dünyada çəkdikləri xəcaləti

Şan-şöhrətə çevirəcəyəm.

20O zaman sizi toplayıb yurdunuza geri qaytaracağam.

Görəcəksiniz, Mən sizi yenə firavan edəndə

Bütün dünya xalqları arasında

Sizə şan-şöhrət verəcəyəm»

Rəbb deyir.

Комментариев нет:

Отправить комментарий