Поиск по этому блогу

Qalatiyalılara

Qalatiyalılara 1
1Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan  2və mənimlə olan bütün qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam!  3Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!  4Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın.  5Allaha əbədi izzət olsun! Amin.
Tək Müjdə
6Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz.  7Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır.  8Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!  9Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir şey yayırsa, ona lənət olsun!  10İndi mən insanları, yoxsa Allahı məmnun etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım.
Paul Məsihin həvarisi olur
11Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi insan deyil.  12Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə İsa Məsih vəhy vasitəsilə açdı.  13Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım.  14Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq çəkirdim.  15Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah  16Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim.  17Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım.  18Üç il keçəndən sonra isə Kefa ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım.  19O biri həvarilərin heç birini görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm.  20Allahın önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm.  21Sonra Suriya və Kilikiya diyarlarına getdim.  22Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən tanımırdılar.  23Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən şəxs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir».  24Beləliklə, mənə görə Allahı izzətləndirirdilər.

Qalatiyalılara 2
Digər həvarilər Paulu qəbul edir
1On dörd il keçəndən sonra isə Barnaba ilə birlikdə Titi də özümlə götürüb yenə Yerusəlimə getdim.  2Vəhy vasitəsilə getdim. Başqa millətlər arasında vəz etdiyim Müjdəni onlara, etibarlı olanlara şəxsən təqdim etdim ki, boş yerə cəhd etməyim yaxud da cəhd etmiş olmayım.  3Yanımda olan Tit də Yunan olduğu halda sünnət olunmağa məcbur edilmədi.  4Bu iş aramıza gizlicə soxulan yalançı qardaşlar üzündən oldu. Onlar Məsih İsada malik olduğumuz azadlığı əl altından öyrənib bizi kölə etmək üçün gizlicə aramıza girdilər.  5Onlara bir anlıq da olsa, baş əyib təslim olmadıq ki, Müjdənin həqiqəti sizinlə qalsın.  6Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil, Allah insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim dediklərimə heç nə artırmadılar.  7Əksinə, sünnətlilərə Müjdə yaymaq işi Peterə tapşırıldığı kimi sünnətsizlər arasında Müjdə yaymaq işinin mənə tapşırıldığını gördülər.  8Çünki sünnətlilərə həvari olması üçün Peterdə fəal olan Allah başqa millətlər üçün məndə də fəal oldu.  9Cəmiyyətin sütunları sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda mənə və Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa millətlərin, onlarsa sünnətlilərin yanına getsin.  10Yalnız yoxsulları yad etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim.
Paul Antakyada Peteri məzəmmətləyir
11Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki tənqidə layiq idi.  12Çünki Yaqubun yanından bəzi adamlar gəlməmişdən əvvəl Peter başqa millətlərdən olanlarla yemək yeyirdi. Həmin adamlar gəldikdə isə sünnət tərəfdarlarından qorxaraq başqa millətlərin yanından çəkilib ayrı durdu.  13Onunla birlikdə o biri Yəhudilər də ikiüzlülük etdilər. Hətta Barnaba belə, onların ikiüzlülüyünə qapıldı.  14Amma mən Müjdənin həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında Kefaya dedim: «Əgər sən Yəhudi olduğun halda Yəhudi kimi deyil, başqa millətlərdən biri kimi yaşayırsansa, necə başqa millətləri Yəhudi kimi yaşamağa məcbur edirsən?»  15Biz anadangəlmə Yəhudilərik, başqa millətdən olan «günahkarlar» deyilik.  16Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz.  17Əgər biz Məsihdə saleh sayılmaq istərkən özümüz günahkar çıxsaq, belə çıxır ki, Məsih günah xidmətçisidir? Əsla!  18Əgər mən əvvəlcə yıxdığımı yenidən tikirəmsə, özümü Qanunu pozan olaraq göstərirəm.  19Çünki mən Qanun vasitəsilə Qanuna münasibətdə öldüm ki, Allah üçün yaşayım.  20Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.  21Allahın lütfünü rədd etmirəm. Çünki əgər salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.

Qalatiyalılara 3
Qanun və iman
1Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi? İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu!  2Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız?  3Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz?  4Boş yerəmi o qədər əzab çəkdiniz? Həqiqətən, bunlar boş yerə idi?  5Bəs sizi Ruhla təmin edən və aranızda möcüzələr yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman etməyinizlə icra edir?  6Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».  7İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur.  8Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi.  9Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar.  10Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!»  11Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq».  12Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».  13Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!»  14Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq.
Qanun və Allahın vədi
15Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq etdiyi əhdi heç kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə bilməz.  16Vədlər yalnız İbrahimə və onun nəslinə verildi. Allah çox adam barədə danışırmış kimi «və nəslindən olanlara» yox, tək bir adam barədə danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» Məsihdir.  17Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi Əhdi bundan dörd yüz otuz il sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin.  18Çünki əgər irs Qanuna əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah İbrahimə irsi vəd vasitəsilə lütfə görə verdi.  19Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi.  20Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.
Qanunun məqsədi
21Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat verməyə qadir olan bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla gələrdi.  22Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin.  23Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək iman zühur edənə qədər əsir tutulmuşduq.  24Yəni Qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq.  25Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik.  26Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.  27Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.  28Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz.  29Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz.

Qalatiyalılara 4
1Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir.  2O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır.  3Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik.  4Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki,  5Qanun altında olanları satın alsın və biz övladlığa götürülək.  6Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi.  7Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
Paulun Qalatiyalılar üçün qayğıları
8Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz.  9İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz?  10Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz!  11Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.  12Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz.  13Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim.  14Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz.  15İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz.  16Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum?  17Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər.  18Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun.  19Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm.  20İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.
Sara ilə Həcərin məsəli
21Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi?  22İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu.  23Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu.  24Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir.  25Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir.  26Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır.  27Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın!

Sevinclə mahnı oxu, qışqır,

Ey doğuş ağrısı çəkməyən qadın!

Çünki atılmış qadının övladları

Ərli qadının övladlarından çoxdur».

28Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız.  29Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir.  30Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq».  31Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq.

Qalatiyalılara 5
Məsihin verdiyi azadlıq
1Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın.  2Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç bir fayda verməz.  3Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur.  4Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz.  5Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik.  6Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.  7Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi?  8Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil.  9Azacıq maya bütün xəmiri acıdır.  10Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək.  11Amma, qardaşlar, əgər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı.  12Ah, kaş sizi çaşdıranlar özlərini axtalayaydılar!
Cismani təbiət və Müqəddəs Ruh
13Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.  14Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev».  15Əgər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz.  16Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz.  17Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz.  18Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz.  19Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq,  20bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr,  21paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.  22Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,  23həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.  24Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.  25Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək.  26Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.

Qalatiyalılara 6
Bir-birinizin yüklərini daşıyın
1Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver.  2Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.  3Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır.  4Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək.  5Çünki hər kəs öz üzərinə düşən yükü daşımalıdır.  6Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün.  7Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək.  8Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək.  9Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.  10Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.
Son öyüdlər və salamlar
11Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım!  12Zahirən və cismən yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət olunmağa məcbur edirlər.  13Axı sünnət olunanların özləri də Qanuna riayət etmirlər. Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər.  14Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim.  15Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır.  16Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin.  17Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram.  18Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! Amin

Комментариев нет:

Отправить комментарий