Поиск по этому блогу

Nahum

Nahum 1
1 Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır.
Rəbbin Ninevadan aldığı qisas
2Rəbb qısqancdır, qisas alan Allahdır,

İntiqam alır, qəzəblə doludur,

Düşmənlərindən qisas alır,

Yağılarına qarşı qəzəblidir.

3Rəbb hədsiz səbirlidir, qüdrətlidir,

Təqsirkarı əsla cəzasız qoymaz,

Onun yolu qasırğadadır, fırtınadadır,

Buludlar ayaqlarının tozudur,

4Dənizə əmr edib onu qurudar,

Bütün çayların sularını da qurudar,

Başan və Karmel meşələri saralır,

Livanın gül-çiçəyi solur.

5Rəbbin hüzurundan dağlar titrəyir,

Təpələr əriyir,

Yer üzü Rəbbin önündə sarsılır,

Dünya və onun sakinləri lərzəyə gəlir.

6Onun qəzəbinə qarşı kim dura bilər?

Qızğın hiddətinə kim tab gətirər?

Rəbbin qeyzi od kimi tökülər,

Qarşısında qayalar dağılar.

7Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır,

Ona güvənənləri tanıyır.

8Lakin O, Ninevanın olduğu yeri

Azğın sellərlə məhv edəcək.

Düşmənlərini zülmətə salacaq.

9Rəbbə qarşı nə qəsd etsələr,

O hər şeyə son qoyacaq,

Onlardan bir daha bəla çıxmaz.

10Tikanlar kimi bir-birinə dolaşmışlar,

Əyyaşlar kimi sərxoş olmuşlar,

Quru küləş tək tamamilə yanacaqlar.

11Ey Nineva, Rəbbə qarşı pislik düşünən

Şər məsləhətçini sən yetirdin!

12Rəbb belə deyir:

«Aşşurlular çox və güclü olsa da,

Yenə məhv olub gedəcək.

Ey xalqım İsrail, sənə çox əzab vermişəm,

Səni bir daha incitmərəm.

13İndi boyunduruğunu parçalayıb,

Qandallarını qıracağam».

14Ey Nineva, Rəbb sənin haqqında

Belə əmr verib:

«Artıq övladların olmayacaq, adını daşımayacaq,

Allahlarının məbədindən

Oyma bütləri, tökmə bütləri məhv edəcəyəm.

Qəbir qazacağam sənə, çünki alçaqsan!

15Budur, müjdə gətirənin Ayaqları dağlar aşır, gəlir,

Sülh xəbəri gətirir.

Ey Yəhuda, bayramlarını keçir,

Əhdlərini yerinə yetir!

O pis millətin ayağı ölkəndən artıq keçməyəcək,

Çünki tamamilə məhv oldu».


Nahum 2
Ninevanın dağılması
1Ey Nineva, həlak edən qüvvə qarşına çıxdı,

İstehkamını qoru, yolunu qoru,

Belini möhkəm qurşa,

Bütün gücünü topla!

2Rəbb Yaqub nəslini

İsrailin əvvəlki əzəmətinə qaytaracaq.

Hərçənd quldurlar onu viran etdi,

Tənəklərini dağıtdı.

3İgidlərin qalxanları qıpqırmızıdır,

Cəngavərlərin libasları al rəngdədir.

Onlar hazır olan gün

Döyüş arabalarının dəmirləri necə də parıldayır,

Şam ağacından nizələr havada oynayır!

4Döyüş arabaları küçələrdən dəlicəsinə qaçır,

Meydanlarda ora-bura yüyürür,

Məşəllər kimi parıldayır,

Şimşək kimi cəld qaçır.

5Nineva padşahı seçmə əsgərlərini toplayır,

Amma onlar yolda büdrəyir.

Düşmən orduları şəhər divarına tərəf qaçır,

Qalxanlarını qaldırıb sipər qurur.

6Çayların suyunu saxlayan bəndlər açıldı,

Sarayı dəhşət bürüdü.

7Mələkəni lüt-üryan aparırlar,

Kənizləri qumru kimi inləyib

Sinələrinə vurur.

8Qədimdən bəri Nineva

Sulu hovuz kimi idi,

İndi isə sular axıb gedir,

Onlara «Dayanın, dayanın!» deyirlər,

Amma geri dönən yoxdur.

9Gümüşü talan edin, qızılı oğurlayın,

Sərvətlərin sonu yoxdur,

Bol miqdarda qiymətli əşyalar var.

10Nineva viran oldu, dağıldı, xaraba qaldı! Sakinlərinin ürəyi əsir, dizləri taqətdən düşür.

Hamının bədənləri titrəyir, üzləri solur!

11Nə oldu aslanlar yuvasına?

Gənc aslanların bəsləndiyi,

Şirlə dişisinin və balalarının qorxusuz gəzdiyi yerə nə oldu?

12Aslan öz balalarına kifayət qədər şikar ovladı,

Dişisi üçün ovunu boğazladı,

Mağarasını ovladığı heyvanlarla,

Yuvasını şikarla doldurdu.

13Ordular Rəbbi bəyan edir:

«Mən sizin əleyhinizəyəm,

Döyüş arabalarınızı tüstüdə yandıracağam,

Gənc aslanlarını qılınc yeyəcək,

Yer üzündən şikarını kəsəcəyəm,

Qasidlərinin səsi daha eşidilməyəcək».


Nahum 3
1Qanlı şəhərin vay halına!

O yalan və soyğunçuluqla doludur,

Orada quldurluğun ardı kəsilmir!

2Qamçı səsi, təkərlər gurultusu,

Çapan atların, yırğalanan döyüş arabalarının sədası!

3Süvarilər hücum edir, qılınclar parıldayır,

Nizələr bərq vurur, ölənlər yığın-yığın,

Cəsədlərin sayı yox,

İnsanların ayağı meyitlərə dolaşır!

4Millətləri fahişəliyi ilə,

Xalqları cadugərliyi ilə satan, cazibəli,

Cadugərlikdə mahir fahişə – Ninevanın

Hədsiz əxlaqsızlığına görə

Bunlar baş verdi.

5Ordular Rəbbi bəyan edir:

«Ey Nineva, Mən sənin əleyhinəyəm!

Paltarının ətəyini üzünə qaldıracağam,

Çılpaqlığını millətlərə göstərəcəyəm,

Ayıbını ölkələrə açacağam.

6Üstünə iyrənc şeyləri atacağam,

Səni rüsvay edəcəyəm,

Tamaşaya qoyacağam!

7Səni görənlərin hamısı səndən qaçıb

Belə deyəcək:

“Nineva viran qaldı!

Onun üçün kim ağlayacaq?”

Haradan sənə təsəlli verənləri tapım?»

8Axı sənin No-Ammondan

nəyin artıqdır? O şəhər çaylar arasında yerləşib

Sularla əhatə olunmuşdu,

Sipəri dəniz,

Qala divarı isə Nil çayı idi.

9Kuş və Misir onun sonsuz qüvvəti idi,

Put və Liviya da köməkçiləri idi.

10Lakin əsir aparıldı, sürgün oldu,

Övladları parça-parça doğrandı,

Hər küçə başına atıldı,

Adlı-sanlı adamları üçün püşk atdılar,

Əyanlarını qandallara saldılar.

11Sən də, ey Nineva, sərxoş olacaqsan,

Mat-məəttəl qalacaqsan,

Düşmənlərin əlindən pənahgah axtaracaqsan.

12Bütün istehkamların

Əncir ağacının ilk yetişən meyvələri kimidir,

Silkələnəndə yeyənin ağzına düşür.

13Budur, əsgərlərin qadın kimidir,

Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb.

Qapı rəzələrini od yeyib.

14Mühasirə vaxtı üçün özünə su çək,

Qalalarını möhkəmləndir,

Çamıra gir, palçığı tapda,

Kərpic kəsmək üçün qəlib götür!

15Orada od səni yeyib-qurtaracaq,

Qılınc səni kəsib-qıracaq,

Çəyirtkələrin yedikləri əkin kimi yox olacaqsan.

Sayını çəyirtkə kimi artır,

Özünü qaynaşan çəyirtkə kimi çoxalt!

16Tacirlərinin sayı

Göylərdəki ulduzlardan çoxdur,

Amma düşmənlərin

Çəyirtkə kimi ölkəni talan edib uçacaq.

17Gözətçilərin çəyirtkə kimi,

Məmurların çəyirtkə sürüsü kimidir –

Soyuq gündə çəpərlərə yerləşir,

Gün doğanda uçub gedir,

Getdikləri yer bilinmir.

18Ey Aşşur padşahı,

Əyanların ölüm yuxusuna gedib,

Adlı-sanlı adamların yatıb.

Xalqın dağlara səpələnib,

Onları bir yerə yığan yoxdur.

19Dərdinə dərman yoxdur, yaraların sağalmaz.

Barəndə xəbər eşidənlər sevinib əl çalır.

Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?

Комментариев нет:

Отправить комментарий