Поиск по этому блогу

Efeslilərə

Efeslilərə 1
1Allahın iradəsi ilə Məsih İsanın həvarisi olan mən Pauldan Məsih İsada sadiq qalan Efesdəki müqəddəslərə salam!  2Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
Məsihdə bizə bəxş olunan bəxtiyarlıq
3Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun!  4O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq.  5Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün.  6Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək.  7Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.  8Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.  9Allah əvvəlcə sirr olaraq saxladığı iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını O, Məsihdə əvvəlcədən təyin etmişdi.  10Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək.  11Hər şeyi Öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki,  12qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq.  13Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz.  14Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək.
Paulun imanlılar üçün duası
15Bundan ötrü mən də Rəbb İsaya olan imanınız və bütün müqəddəslərə göstərdiyiniz məhəbbət barədə eşidib  16sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirəm.  17Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin.  18Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu,  19Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz.  20Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz sağında oturtdu  21və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi.  22 Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi.  23Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.

Efeslilərə 2
Ölümdən həyata keçdik
1Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz.  2Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz.  3Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.  4Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün  5təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.  6Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.  7Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.  8Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.  9Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.  10Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
Allahın yeni cəmiyyəti
11Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın; bədəndə əllə icra olunan sünnətə malik olub «sünnətlilər» deyə tanınanların «sünnətsiz» adlandırdığı sizlər  12o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz.  13Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz.  14Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.  15Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin  16və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi.  17O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma Müjdəsini yaydı.  18Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.  19Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.  20Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür.  21Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır.  22Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.

Efeslilərə 3
Paula vəhy vasitəsilə bildirilən sirr
1Mən Paul siz başqa millətlərdən olanlar uğrunda Məsih İsanın məhbusuyam.  2Eşitdiyiniz kimi, Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram.  3Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mənə vəhy vasitəsilə bildirdi.  4Yazdıqlarımı oxuyanda Məsihin bu sirrini necə dərk etdiyimi anlaya bilərsiniz.  5Bu sirr əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndisə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır.  6Sirr budur ki, başqa millətlər də Müjdə vasitəsilə Məsih İsada eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir.  7Allah qüdrətli fəaliyyəti ilə lütfünü mənə verdi, buna əsasən Müjdəni yaymaq üçün xidmətçi oldum.  8Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım  9və hər şeyi yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim.  10Belə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin.  11Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu.  12Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik.  13Buna görə xahiş edirəm ki, mənim sizin üçün çəkdiyim əziyyətlərdən ötrü ruhdan düşməyin. Bu sizə izzət gətirir.
Məsihin məhəbbətini dərk etmək
14Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki,  15Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki,  16O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin  17və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız,  18belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə,  19hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız.  20Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha  21imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin.

Efeslilərə 4
Bədənin birliyi
1Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz.  2Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün.  3Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın.  4Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir,  5Rəbb bir, iman bir, vəftiz bir,  6hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.  7Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir.  8Bunun üçün belə deyilir: «Ucalara çıxıb əsirləri Özü ilə apardı,

İnsanlara hədiyyələr verdi».

9Bəs bu «çıxıb» sözü nə deməkdir? Yalnız o deməkdir ki, Məsih əvvəlcə aşağılara, yer üzünə də enmişdi.  10Enən də Odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da Odur.  11Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi ki,  12Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər.  13Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq.  14Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq.  15Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək.  16Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir.
Köhnə həyat və yeni həyat
17Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin.  18Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar olduqlarına görə Allah həyatına yad oldular.  19Həssaslığı hərtərəfli itirərək hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər.  20Sizsə Məsihi elə öyrənməmisiniz.  21Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız.  22Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın,  23ruhən və əqlən yeniləşin,  24əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.  25Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.  26Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub  27iblisə yer verməyin.  28Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.  29Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.  30Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.  31Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun.  32Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.

Efeslilərə 5
1Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün.  2Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.  3Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz.  4Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun.  5Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq.
Nurda gəzin
6Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir.  7Buna görə də onların şəriki olmayın.  8Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.  9Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür.  10Rəbbi razı salan şeyləri ayırd edin,  11qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin.  12Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır.  13Nurun ifşa etdiyi hər şey aşkardır,  14bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir: «Ey yatan, oyan və ölülər arasından diril!

Məsih sənin üzərinə nur saçacaq».

15Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün.  16Hər fürsətdən istifadə edin, çünki günlər şərdir.  17Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin.  18Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun.  19Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun.  20Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
Evdə olan münasibətlər
21Məsih qorxusu ilə bir-birinizə tabe olun.  22Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun.  23Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır.  24Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar.  25Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.  26Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin  27və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.  28Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir.  29Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar.  30Axı biz Onun bədən üzvləriyik.  31«Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».  32Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.  33Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin.

Efeslilərə 6
1Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu haqdandır.  2İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki,  3xoş güzəranın və yer üzündə ömrün uzun olsun».  4Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün.  5Ey qullar, Məsihə itaət etdiyiniz kimi dünyəvi ağalarınıza da qorxu və lərzə ilə səmimi qəlbdən itaət edin.  6Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın iradəsini yerinə yetirmək üçün edin.  7İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin.  8Bilin ki, istər qul, istərsə də azad – hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq.  9Ey ağalar, siz də həmçinin qullarınızla bu cür rəftar edin. Daha onlara hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O, insanlar arasında tərəfkeşlik etməz.
Allahın verdiyi ruhani zireh və silahlar
10Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.  11İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün.  12Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.  13Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.  14Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.  15Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.  16Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün.  17Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.  18Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.  19Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim.
Salam göndərmə
20Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim.
Salam göndərmə
21 Necə olduğumu və nə iş gördüyümü siz də biləsiniz deyə Rəbdə sevimli qardaş və sadiq xidmətçi Tixik sizə hər şeyi bildirəcək.  22Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun.  23Ata Allah və Rəbb İsa Məsihdən bacı-qardaşlara sülh və imanla məhəbbət olsun.  24Rəbbimiz İsa Məsihi ölməz məhəbbətlə sevənlərin hamısına lütf olsun!

Комментариев нет:

Отправить комментарий