Поиск по этому блогу

Luka


Luka 1
Kitabın Teofilə həsr olunması
1Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib.  2Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi  3mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim.  4Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən.
Vəftizçi Yəhyanın doğulması əvvəlcədən bildirilir
5Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi.  6Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər.  7Amma Elizavet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi.  8Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi.  9Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü.  10Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi.  11Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü.  12Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu.  13Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy.  14Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək.  15Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq.  16O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək.  17Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüvvəti ilə Rəbbin önündə gedəcək».  18Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb».  19Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm.  20Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».  21Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi.  22O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı.  23Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı.  24Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı.  25O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı».
İsanın doğulması əvvəlcədən bildirilir
26Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə,  27Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi.  28Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir».  29Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı.  30Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun.  31Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy.  32O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək.  33O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq».  34Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm».  35Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.  36Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir.  37Çünki Allah üçün mümkün olmayan şey yoxdur».  38Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
Məryəmlə Elizavetin görüşü
39O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı.  40O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı.  41Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub  42uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır!  43Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib?  44Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi.  45Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!».
Məryəmin həmd ilahisi
46Məryəm isə dedi:  47«Qəlbim Rəbbi ucaldır,
Ruhum Xilaskarım Allaha görə şadlanır,
48Çünki O Öz qulunun yazıq halını gördü.
Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,
49Çünki Qadir Olan mənim üçün böyük işlər etdi,
Onun adı müqəddəsdir!
50Onun mərhəməti də nəsildən-nəslə
Ondan qorxanlara göstərilər.
51O, qolu ilə qüdrətli işlər gördü,
Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.
52Hökmdarları taxtlarından endirdi,
Məzlumları yüksəltdi.
53Acları nemətlərlə doydurdu,
Varlıları isə əliboş yola saldı.
54Rəbb gulu İsrailin imdadına çatdı,
Ata-babalarımıza vəd etdiyi kimi
İbrahimə və onun nəslinə əbədilik
Mərhəmət göstərməyi yada saldı».
55Rəbb gulu İsrailin imdadına çatdı,
Ata-babalarımıza vəd etdiyi kimi
İbrahimə və onun nəslinə əbədilik
Mərhəmət göstərməyi yada saldı».
56Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.
Vəftizçi Yəhyanın doğulması
57Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu.  58Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər.  59Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər.  60Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq».  61Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur».  62Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular.  63O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi.  64Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı.  65Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar.  66Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.
Zəkəriyyənin peyğəmbərliyi
67Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:  68«Alqış olsun İsrailin Allahı Rəbbə!
Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
69O, qulu Davudun nəslindən
Bizə qüdrətli Xilaskar yetirdi.
70Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi
71Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.
72Beləcə ata-babalarımıza mərhəmət göstərib
Öz müqəddəs Əhdini xatırladı.
73Atamız İbrahimə and içdiyi kimi
Bizə elə güc verdi ki,
74Düşmənlərimizin əlindən qurtulub
Həyatımız boyu qorxmadan Rəbbin önündə
Müqəddəslik və salehliklə Ona ibadət edək.
75Düşmənlərimizin əlindən qurtulub
Həyatımız boyu qorxmadan Rəbbin önündə
Müqəddəslik və salehliklə Ona ibadət edək.
76Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan,
Çünki Rəbbin önündə gedəcəksən,
Onun yolunu hazırlayacaqsan.
77Onun xalqına günahlarının bağışlanması ilə
Xilas olunmaları barədə bildirəcəksən.
78Axı Allahımızın ürəyi mərhəmətlidir,
Onun bu mərhəmətinə görə
Ucalarda bizim üçün Günəş doğacaq ki,
79Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın,
Ayaqlarımızı sülh yoluna yönəltsin».
80Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.

Luka 2
İsanın doğulması
(Mat. 1:18-25)
1O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi.  2Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi.  3Hamı siyahıya alınmaq üçün öz şəhərinə yollandı.  4Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı.  5O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi.  6Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı.  7O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.
Mələklər çobanlara xoş xəbər verir
8O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi.  9Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü.  10Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm.  11Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir.  12Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız».  13Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi:  14«Ən ucalarda Allaha izzət,
Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»
15Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: «Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək».  16Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar.  17Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər.  18Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi.  19Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı.  20Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi.
İsanın sünnəti və Allaha həsr edilməsi
21Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi.  22Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər,  23necə ki Rəbbin Qanununda yazılıb: «Bətndən ilk doğulan bütün oğlanlar Rəbb üçün müqəddəs sayılsın».  24Həmçinin onlar qurban təqdim etdilər, necə ki Rəbbin Qanununda əmr olunub: «İki qumru quşu yaxud iki göyərçin balası».
Şimeonun Allaha alqış duası
25O vaxt Yerusəlimdə Şimeon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi.  26Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək.  27Beləliklə, Şimeon Ruhdan ilham alıb məbədə gəldi. Körpənin ata-anası Qanunda qoyulan adətə əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə  28Şimeon Körpəni qucağına götürdü və Allaha alqış edərək belə dedi:  29«Ey Pərvərdigar, indi Sənin sözünə görə
Mən – Sənin qulun arxayın ölə bilərəm.
30Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası,
Millətlərə aşkar edən nuru,
Xalqın İsrail üçün də izzəti
Öz gözlərimlə gördüm».
31Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası,
Millətlərə aşkar edən nuru,
Xalqın İsrail üçün də izzəti
Öz gözlərimlə gördüm».
32Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası,
Millətlərə aşkar edən nuru,
Xalqın İsrail üçün də izzəti
Öz gözlərimlə gördüm».
33Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi.  34Şimeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub.  35Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq».
Xannanın peyğəmbərliyi
36Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı.  37Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi.  38Xanna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı.
Nazaretə qayıtma
39Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı.  40Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi.
Yeniyetmə İsa məbəddə
41Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi.  42İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər.  43Bayram qurtarandan sonra onlar evə yollandılar. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi.  44Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar.  45Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar.  46Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi.  47Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı.  48Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq».  49İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?»  50Amma onlar Onun nə demək istədiyini başa düşmədilər.  51Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı.  52İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.

Luka 3
Vəftizçi Yəhyanın gəlişi
(Mat. 3:1-12; Mark 1:1-8; Yəh. 1:19-28)
1 Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hirod Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi.  2Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu.  3O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi.  4Necə ki Yeşaya peyğəmbərin kitabında yazılıb: «Səhrada nida edənin səsi gəlir:
“Rəbbin yolunu hazırlayın,
Onun keçəcəyi yerləri düz edin.
5Hər dərə yüksəldiləcək,
Hər dağ və təpə aşağı endiriləcək,
Yoldakı əyriliklər düzələcək,
Kələ-kötür yerlər hamar ediləcək.
6Bütün bəşər Allahın xilasını görəcək”».
7Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr nəsli! Üzərinizə gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib?  8İndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız İbrahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir.  9Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır».  10Camaat ondan soruşurdu: «Bəs biz nə edək?»  11Yəhya onlara belə cavab verdi: «İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün».  12Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?»  13Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın».  14Bəzi əsgərlər də gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin».  15Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu, Məsihdirmi?»  16Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək.  17Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq».  18Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi.  19Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə  20Hirod etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı.
İsanın vəftiz olunması
(Mat. 3:13-17; Mark 1:9-11)
21Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı,  22Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».
İsanın nəsil şəcərəsi
(Mat. 1:1-17)
23İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu  24Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu  25Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu  26Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu  27Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu  28Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu  29Yeşua oğlu Eliezer oğlu Yorim oğlu Mattat oğlu Levi oğlu  30Şimeon oğlu Yəhuda oğlu Yusif oğlu Yonam oğlu Elyaqim oğlu  31Melea oğlu Menna oğlu Mattata oğlu Natan oğlu Davud oğlu  32Yessey oğlu Oved oğlu Boaz oğlu Salmon oğlu Naxşon oğlu  33Amminadav oğlu Admin oğlu Arni oğlu Xesron oğlu Peres oğlu Yəhuda oğlu  34Yaqub oğlu İshaq oğlu İbrahim oğlu Terah oğlu Naxor oğlu  35Seruq oğlu Reu oğlu Peleq oğlu Ever oğlu Şelah oğlu  36Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu  37Metuşelah oğlu Xanok oğlu Yered oğlu Mahalalel oğlu Qenan oğlu  38Enoş oğlu Şet oğlu Adəm oğlu Allah oğlu.

Luka 4
İsanın sınağa çəkilməsi
(Mat. 4:1-11; Mark 1:12-13)
1 İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı.  2Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı.  3İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşa əmr et ki, çörəyə dönsün».  4Lakin İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə yaşamaz” deyə yazılmışdır».  5Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi.  6İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm.  7Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq».  8İsa ona belə cavab verdi: «“Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».  9Sonra iblis Onu Yerusəlimə apardı və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, özünü buradan aşağı at.  10Axı “Allah Sənə görə mələklərinə əmr edər ki,
Səni qorusunlar,
11Səni əlləri üstündə aparsınlar,
Ayağın bir daşa dəyməsin”
deyə yazılmışdır».  12Amma İsa cavabında ona belə dedi: «“Allahın Rəbbi sınama” deyilmişdir».  13İblis sınaqların hamısını qurtarandan sonra bir müddət Onu tərk etdi.
İsa xidmətinə başlayır
(Mat. 4:12-17; Mark 1:14-15)
14İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı.  15İsa oranın sinaqoqlarında təlim öyrətməyə başladı. Hamı Onu izzətləndirirdi.
İsa Nazaretdə rədd edilir
(Mat. 13:53-58; Mark 6:1-6)
16İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı.  17Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı:  18«Rəbbin Ruhu üzərimdədir,
Çünki fəqirlərə Müjdəni bildirmək üçün
O Məni məsh etdi.
Əsirlərə azadlıq,
Korlara gözlərinin açılmasını elan etmək üçün,
Məzlumları sərbəstliyə buraxmaq üçün,
19Rəbbin lütf ilini bəyan etmək üçün
Məni göndərdi».
20Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı.  21İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı.  22Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdilər.  23İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz».  24Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz.  25Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi.  26Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi.  27Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu».  28Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi.  29Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər.  30Amma İsa onların arasından keçərək oradan çıxıb getdi.
İsa Kefernahum sinaqoqunda cini qovur
(Mark 1:21-28)
31İsa Qalileyanın Kefernahum şəhərinə gəldi və Şənbə günü onlara təlim öyrətməyə başladı.  32Onun təliminə təəccüblənirdilər, çünki O, səlahiyyətlə danışırdı.  33Həmin vaxt sinaqoqda cinə – natəmiz ruha tutulmuş bir nəfər var idi. O ucadan çığırdı:  34«Nə olub? Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən!»  35Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» Cin bu adamı hamının qabağında yerə yıxıb heç bir zərər vermədən ondan çıxdı.  36Hamı heyrətə düşdü və bir-birinə dedi: «Bu söz nədir? O, natəmiz ruhlara səlahiyyət və qüdrətlə əmr edir, onlar da çıxır!»  37İsa haqqında xəbər bu bölgənin hər yerinə yayıldı.
İsa çox adama şəfa verir
(Mat. 8:14-17; Mark 1:29-34)
38İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası isə yüksək qızdırma içində yatırdı. Bu qadından ötrü İsadan kömək istədilər.  39İsa ona yaxınlaşıb qızdırma xəstəliyinə qadağan etdi və qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmət etməyə başladı.  40Gün batanda hamı müxtəlif xəstəliyə tutulanları İsanın yanına gətirdi. O hər birinin üzərinə əllərini qoyub onlara şəfa verdi.  41Bir çoxlarındansa cinlər «Sən Allahın Oğlusan!» deyə bağıraraq çıxırdı. O isə onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Məsih olduğunu bilirdilər.
İsa vəzini davam etdirir
(Mark 1:35-39)
42Səhər açılanda İsa çıxıb kimsəsiz bir yerə getdi. Camaat isə Onu axtarırdı və İsanın yanına gəlib onları tərk etməsin deyə Onu yanlarında saxlamaq istədilər.  43Lakin İsa onlara dedi: «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm».  44Beləliklə, İsa Yəhudeyanın sinaqoqlarında vəz etməyə davam etdi.

Luka 5
İlk şagirdlər
(Mat. 4:18-22; Mark 1:16-20)
1 Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsanı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı.  2İsa göl kənarında duran iki qayıq gördü. Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular.  3İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı.  4O, sözünü qurtaranda Şimona dedi: «Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın».  5Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram».  6Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı.  7O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı.  8Şimon Peter bunu gördükdə İsanın ayaqlarına düşdü və belə dedi: «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam».  9Çünki özü də, yanındakılar da tutduqları balıqların çoxluğuna görə heyrətə düşmüşdülər.  10Şimonla ortaq olan Yaqub və Yəhya adlı Zavday oğulları da eyni hisslər keçirirdi. Amma İsa Şimona belə dedi: «Qorxma, bundan belə, balıq əvəzinə adam tutacaqsan».  11Onlar qayıqları göl kənarına çıxarıb hər şeyi atdılar və İsanın ardınca getdilər.
İsa cüzamlıya şəfa verir
(Mat. 8:1-4; Mark 1:40-45)
12Bir gün İsa şəhərlərin birində olarkən bütün bədəni cüzama tutulmuş bir kişi ilə rastlaşdı. Bu adam İsanı görüb üzüstə yerə qapanaraq yalvardı: «Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən».  13İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan sağaldı.  14İsa ona tapşırdı ki, heç kəsə bir söz söyləməsin və dedi: «Amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə sənin cüzamdan paklandığın üçün Musanın buyurduğuna əsasən təqdimlər apar».  15Amma indi İsa barəsində xəbər daha çox yayılırdı. Çoxlu camaat axışıb İsanın yanına gəlirdi ki, Ona qulaq assın və xəstəliklərdən şəfa tapsın.  16Amma İsa kimsəsiz yerlərə çəkilib dua edirdi.
İsa iflicə şəfa verir
(Mat. 9:1-8; Mark 2:1-12)
17Bir gün İsa təlim öyrədirdi. Qalileyanın və Yəhudeyanın bütün kəndlərindən və Yerusəlimdən gələn fariseylər və Qanun müəllimləri Onun yanında oturmuşdu. Onda şəfa vermək üçün Rəbbin qüdrəti var idi.  18Bu vaxt bir neçə nəfər yataqda yatan bir iflic adamı gətirdi. Onlar bu adamı içəri gətirib İsanın önünə qoymağa çalışırdılar.  19Amma böyük izdihama görə iflici İsanın yanına gətirə bilmirdilər. Ona görə də evin damına çıxıb kirəmitləri söküb açdıqları yerdən xəstəni yatağı ilə birgə aşağı endirdilər və ortalığa, İsanın qarşısına qoydular.  20İsa onların imanını görüb dedi: «Dostum, günahların bağışlandı».  21İlahiyyatçılar və fariseylər belə düşünməyə başladılar: «Küfr danışan bu Adam kimdir ki? Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»  22İsa onların nə fikirləşdiyini dərk edib cavab verdi: «Niyə ürəyinizdə belə düşünürsünüz?  23Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək?  24Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: «Sənə deyirəm, qalx, yatağını götür, evinə get!»  25Xəstə dərhal hamının qarşısında ayağa qalxdı, yatağını götürdü və Allahı izzətləndirərək evinə getdi.  26Hamı mat qaldı və Allahı izzətləndirib böyük qorxu içində dedi: «Bu gün möcüzəli işlər gördük!»
Levi şagirdlərə qoşulur
(Mat. 9:9-13; Mark 2:13-17)
27Bundan sonra İsa bayıra çıxdı və vergi yığılan yerdə oturan Levi adlı vergiyığanı görüb ona dedi: «Ardımca gəl».  28O da durub hər şeyi atdı və İsanın ardınca getdi.  29Sonra Levi evində İsaya böyük bir qonaqlıq verdi. Onlarla birgə bir çox vergiyığan və başqa adamlar süfrəyə oturmuşdu.  30Fariseylərlə onların ilahiyyatçıları şikayət etməyə başladı. Onlar İsanın şagirdlərinə dedi: «Niyə vergiyığanlar və günahkarlarla birgə yeyib-içirsiniz?»  31Amma İsa onlara belə cavab verdi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var.  32Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm».
Oruc barəsindəki sual
(Mat. 9:14-17; Mark 2:18-22)
33Onlarsa İsaya dedilər: «Yəhyanın şagirdləri tez-tez oruc tutub dua edir, fariseylərin şagirdləri də belə edirlər. Amma Səninkilər yeyib-içirlər».  34İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutmağa məcbur edə bilərsinizmi?  35Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar».  36İsa onlara bir məsəl də çəkdi: «Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz.  37Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar.  38Təzə şərab təzə tuluqlara doldurulmalıdır.  39Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: “Köhnəsi daha yaxşıdır”».

Luka 6
Şənbə günü haqqında təlim
(Mat. 12:1-8; Mark 2:23-28)
1 Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri sünbülləri qırır və ovuclarında ovub yeyirdilər.  2Fariseylərdən bəzisi dedi: «Siz nə üçün Şənbə günü qadağan olunan işləri görürsünüz?»  3İsa onlara cavab verdi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı?  4O, Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi, yanındakılara da verdi».  5Sonra İsa onlara dedi: «Bəşər Oğlu Şənbə gününün Sahibidir».
Əli qurumuş adamın şəfası
(Mat. 12:9-14; Mark 3:1-6)
6Başqa bir Şənbə günü İsa yenə də sinaqoqa girib təlim öyrədirdi. Orada sağ əli qurumuş bir adam var idi.  7İlahiyyatçılar və fariseylər İsanı ittiham etməyə bəhanə tapmaq üçün Ona göz qoyurdular ki, görsünlər, Şənbə günü şəfa verəcək ya yox.  8Amma İsa onların nə düşündüklərini bilib əli qurumuş kişiyə dedi: «Ayağa qalx və qabağa çıx!» O adam da ayağa qalxıb ortaya çıxdı.  9Sonra İsa onlara dedi: «Sizdən soruşuram, hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas, yoxsa məhv etməyə?»  10İsa ətrafındakıların hamısına baxdı və o adama dedi: «Əlini uzat!» O da elə etdi və əli əvvəlki halına qayıtdı.  11Onlarsa qəzəbdən coşub İsaya nə edə biləcəkləri barədə bir-biri ilə müzakirə etməyə başladılar.
On İki şagird
(Mat. 10:1-4; Mark 3:13-19)
12O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi.  13Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı:  14Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay,  15Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon,  16Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot.
İsa xəstələrə şəfa verir
(Mat. 4:24-25; Mark 3:7-12)
17İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam  18Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar.  19Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı.
İsanın Dağüstü vəzi
(Mat. 5:1-12)
20İsa Öz şagirdlərinə nəzər salıb dedi: «Nə bəxtiyarsınız, ey yoxsullar!
Çünki Allahın Padşahlığı sizindir.
21Nə bəxtiyarsınız, ey indi aclıq çəkənlər!
Çünki doyacaqsınız.
Nə bəxtiyarsınız, ey indi ağlayanlar!
Çünki güləcəksiniz.
22Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız!  23O gün sevinin və sevincdən atılıb-düşün! Çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıb.  24Amma vay halınıza, ey varlılar!
Çünki artıq təsəllinizi almısınız.
25Vay halınıza, ey indi tox olan sizlər!
Çünki aclıq çəkəcəksiniz.
Vay halınıza, ey indi gülənlər!
Çünki yas tutub ağlayacaqsınız.
26Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb.
Düşmənlərinizi sevin
(Mat. 5:38-48)
27Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin,  28sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin.  29Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə.  30Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə.  31İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.  32Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər.  33Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər.  34Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar.  35Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır.  36Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.
Mühakimə etməyin
(Mat. 7:1-5)
37Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız.  38Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».  39İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi?  40Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq.  41Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən?  42Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.
Ağac və bəhrə
(Mat. 7:15-20; 12:33-35)
43Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz.  44Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər.  45Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.
Ağıllı bənna və ağılsız bənna
(Mat. 7:21; 24-27)
46Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz?  47Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm:  48o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib.  49Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar».

Luka 7
Yüzbaşının imanı
(Mat. 8:5-13)
1 İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu.  2Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü.  3Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını Onun yanına göndərdi.  4Onlar İsanın yanına gəlib Ona ürəkdən yalvardılar və belə dedilər: «Bu adam Sənin köməyinə layiqdir.  5Çünki o bizim millətimizi sevir və bizim üçün sinaqoq tikdirib».  6İsa onlarla birlikdə yola düşdü. O, evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb Ona belə xəbər göndərdi: «Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən.  7Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın.  8Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir».  9Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim».  10Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər.
Dul qadının oğlu dirilir
11Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi.  12O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi.  13Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!»  14Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!»  15Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi.  16Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər.  17İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı.
İsa Məsih və Vəftizçi Yəhya
(Mat. 11:2-19)
18Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb  19göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»  20Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”»  21Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı.  22İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.  23Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»  24Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı?  25Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar.  26Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.  27Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm.
O Sənin qabağında yolunu hazırlayacaq”.
28Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür».  29Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər.  30Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər.  31İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir?  32Bazar meydanında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız,
Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız”
deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər.  33Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”.  34Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!”  35Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur».
İsa günahkar qadını bağışlayır
36Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu.  37Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi.  38Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi.  39İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır».  40İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur».  41«Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi.  42Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?»  43Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi.  44Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi.  45Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür.  46Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi.  47Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər».  48Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı».  49Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?»  50Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».

Luka 8
İsanın ardınca gedən qadınlar
1 Bu hadisədən sonra İsa şəhərləri və kəndləri gəzməyə başladı. O, Allahın Padşahlığını vəz edərək Müjdəni yayırdı. On İki şagird Onunla birgə idi.  2Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, daxilindən yeddi cin çıxmış Məcdəlli adlanan Məryəm,  3Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə onlara xidmət edirdilər.
Səpilən toxum məsəli
(Mat. 13:1-23; Mark 4:1-20)
4Böyük izdiham toplaşanda, insanlar hər şəhərdən İsanın yanına gələndə İsa onlara bir məsəl danışdı:  5«Bir əkinçi toxumunu səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü, ayaq altında tapdalandı və göydə uçan quşlar onları dənlədi.  6Bəzisi daşlığa düşdü və cücərincə susuzluqdan qurudu.  7Bəzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgə boy atıb onu boğdu.  8Başqaları isə münbit torpağa düşdü və böyüyüncə yüz qat artıq səmərə verdi». İsa bunları deyərək nida etdi: «Eşitməyə qulağı olan eşitsin!»  9Şagirdləri isə Ondan soruşdular: «Bu məsəlin mənası nədir?»  10O dedi: «Allahın Padşahlığının sirlərini bilmə qabiliyyəti sizə verilmişdir. Başqalarına isə hər şeyi məsəllərlə danışıram ki, “Gördükləri halda görməsinlər,
Eşitdikləri halda anlamasınlar”.
11Məsəlin mənası budur: toxum Allahın kəlamıdır.  12Yol kənarına düşənlərsə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır.  13Daşlığa düşənlərsə kəlamı eşidəndə sevinclə qəbul edənlərdir. Lakin onlarda kök olmadığına görə bir müddət iman edir və sınaq vaxtı gələndə imandan dönürlər.  14Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın qayğılarından, var-dövlətindən, zövqlərindən boğulur və yaxşı bəhrə vermirlər.  15Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir.
Çıraq məsəli
(Mark 4:21-25)
16Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər.  17Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq.  18Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq».
İsanın anası və qardaşları kimdir?
(Mat. 12:46-50; Mark 3:31-35)
19İsanın anası və qardaşları Onun yanına gəldi. Amma izdihama görə Ona yaxınlaşa bilmədilər.  20İsaya xəbər verdilər: «Anan və qardaşların bayırda dayanıb Səni görmək istəyirlər».  21İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib ona əməl edənlərdir».
İsa tufanı yatırır
(Mat. 8:23-27; Mark 4:35-41)
22Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: «Gəlin gölün o biri sahilinə keçək». Onlar yola düşdülər.  23Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər.  24Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ustad, Ustad, biz həlak oluruq!» İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü.  25Onda O, şagirdlərinə dedi: «Sizin imanınız haradadır?» Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşurdular: «Bu Adam kimdir ki, həm küləklərə, həm suya əmr verir, onlar da itaət edir?»
Cinə tutulmuş adam sağaldılır
(Mat. 8:28-34; Mark 5:1-20)
26Sonra onlar Qalileyanın qarşısında yerləşən Gerasalıların diyarına gəldilər.  27İsa qayıqdan sahilə düşəndə şəhərdən olan bir nəfər Onunla qarşılaşdı. Cinlərə tutulmuş və xeyli vaxtdır ki, paltar geyməyən bu adam evdə yox, qəbir mağaralarında yaşayırdı.  28O, İsanı görən kimi bağırıb Onun qarşısında diz çökdü və bərkdən çığıra-çığıra dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Yalvarıram Sənə, mənə əzab vermə!»  29Çünki İsa natəmiz ruha əmr etmişdi ki, həmin adamdan çıxsın. Bu ruh o adamı çoxdan tutmuşdu. Buna görə də o adamı qorumaq üçün onu zəncir və buxovlarla bağlamışdılar. O isə zəncirləri qıraraq cin tərəfindən çölə qovulurdu.  30İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Adım Qoşundur». Çünki onun daxilinə çox cin girmişdi.  31Onlar dibsiz dərinliyə düşmələrini əmr etməsin deyə İsaya yalvarırdılar.  32Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Cinlər İsaya yalvardılar ki, donuzların içinə girməyə izin versin. İsa da onlara izin verdi.  33Cinlər adamdan çıxıb donuzların içinə girdi. Sürü də uçurumdan aşağı, gölə atılıb boğuldu.  34Donuz otaranlar bunları görüb qaçdılar, bu xəbəri şəhər və kəndlərdə yaydılar.  35Camaat nə baş verdiyinə tamaşa etməyə çıxdı. Onlar İsanın yanına gəldilər, daxilindən cinlər çıxmış adamın İsanın ayaqları yanında geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər.  36Hadisəni görənlərsə cinə tutulmuş adamın necə sağaldığını camaata danışdılar.  37Gerasalıların ətraf diyarındakı bütün xalq İsadan xahiş etdi ki, oranı tərk etsin, çünki onları böyük qorxu bürümüşdü. İsa da qayığa minib geri qayıtdı.  38Daxilindən cinlər çıxmış kişi İsanın yanında qalmaq üçün Ona yalvardı.  39Amma İsa ona «qayıt evinə və Allahın sənə etdiyi hər şeyi danış» deyərək onu buraxdı. Bu adam da gedib İsanın ona etdiyi hər şeyi bütün şəhərə yaydı.
Qızın dirilməsi və qadının şəfa tapması
(Mat. 9:18-26; Mark 5:21-43)
40İsa geri qayıtdıqda xalq Onu qəbul etdi, çünki hamı Onu gözləyirdi.  41Bu vaxt Yair adlı sinaqoq rəisi olan bir kişi gəlib İsanın ayaqlarına düşdü və Ona yalvardı ki, evinə gəlsin.  42Çünki onun on iki yaşın içində olan bircə qızı var idi və o, can üstə idi. İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı.  43Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi.  44Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı.  45İsa dedi: «Mənə toxunan kim idi?» Lakin hamı bunu inkar edəndə Peter dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır».  46Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim».  47Qadınsa gizlənə bilmədiyini gördükdə titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsaya nəql etdi.  48İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get».  49İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən bir nəfər gəlib dedi: «Qızın öldü. Müəllimi daha narahat etmə».  50Amma İsa bunu eşidəndə sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et! Qızın xilas olacaq».  51İsa onun evinə gələndə Peter, Yəhya, Yaqub və qızın ata-anasından başqa heç kimi Özü ilə evə girməyə qoymadı.  52Hamı qız üçün ağlayıb nalə çəkirdi. Amma İsa dedi: «Ağlamayın, o ölməyib, sadəcə olaraq yatıb».  53Onlarsa qızın öldüyünü bildiklərinə görə İsaya güldülər.  54Amma İsa qızın əlindən tutub səslədi: «Qızcığaz, qalx!»  55Qızın ruhu bədəninə qayıtdı və o dərhal ayağa qalxdı. İsa dedi ki, qıza yemək versinlər.  56Qızın ata-anası mat qaldı. Amma İsa onlara tapşırdı ki, bu hadisə barədə heç kəsə danışmasınlar.

Luka 9
On İki şagirdə verilən vəzifə
(Mat. 10:1-15; Mark 6:7-13)
1 İsa On İki şagirdi yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi.  2Onları göndərdi ki, Allahın Padşahlığını vəz edib xəstələri sağaltsınlar.  3İsa onlara dedi: «Yol üçün heç nə – nə əsa, nə torba, nə çörək, nə pul, nə də iki köynək götürün.  4Hansı evə girsəniz, orada qalın və oradan da yola çıxın.  5Harada sizi qəbul etməzlərsə, o şəhərdən çıxarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».  6Onlar da yola düşüb hər yerdə Müjdəni yayaraq və şəfa verərək kənd-kənd dolaşdılar.
Yəhyanın edamı
(Mat. 14:1-2; Mark 6:14-16)
7Hökmdar Hirod baş verən bütün hadisələr barədə eşitdi və çaşıb-qaldı. Çünki bəziləri «Yəhya ölülər arasından dirilib»,  8digərləri «İlyas zühur edib», başqaları da «qədim peyğəmbərlərdən biri dirilib» deyirdi.  9Hirod isə dedi: «Yəhyanın boynunu mən vurdurdum, bəs haqqında bu xəbərləri eşitdiyim Adam kimdir?» Hirod Onu görməyə can atırdı.
İsa beş min nəfəri doydurur
(Mat. 14:13-21; Mark 6:30-44; Yəh. 6:1-14)
10Həvarilər İsanın yanına qayıdıb gördükləri işlər haqqında Ona danışdılar. Sonra İsa yalnız onları Özü ilə götürüb Bet-Sayda adlanan bir şəhərə apardı.  11Amma camaat bu barədə xəbər tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı və şəfaya möhtac olanları sağaltdı.  12Artıq gün batırdı. On İki şagird İsanın yanına gəlib Ona dedi: «Camaatı burax, qoy ətrafdakı oba və kəndlərə gedib gecələsinlər və bir şey alıb yesinlər. Axı biz burada çöllük yerdəyik».  13Amma İsa onlara dedi: «Onlara yeməyi siz verin». Şagirdlər Ona cavab verdilər: «Beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur. Bəlkə biz gedib bütün bu camaat üçün bir şey alaq?»  14Orada beş minə yaxın kişi var idi. İsa şagirdlərinə dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun».  15Şagirdlər də eləcə edib hamını oturtdular.  16İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlərə verdi ki, camaata paylasınlar.  17Hamı yeyib-doydu. Artıq qalan hissələr on iki zənbilə yığıldı.
Peterin Məsihi tanıması
(Mat. 16:13-20; Mark 8:27-30)
18Bir gün İsa tək dua edirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə Mən kiməm?»  19Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib».  20İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən».  21İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar.
İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir
(Mat. 16:21-28; Mark 8:31-9:1)
22O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir».  23Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin.  24Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək.  25İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var?  26Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq.  27Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək».
İsanın görünüşü dəyişir
(Mat. 17:1-8; Mark 9:2-8)
28Bu sözləri söyləyəndən təxminən səkkiz gün keçmişdi. İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı.  29İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı.  30O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi.  31Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar.  32Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər.  33Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi.  34Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü.  35Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!»  36Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar.
Oğlandan cin çıxarılır
(Mat. 17:14-21; Mark 9:14-29)
37Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı.  38Camaat arasından bir kişi çığırdı: «Müəllim, yalvarıram, oğluma nəzər sal, o mənim yeganə balamdır.  39Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc-bəla ilə onu tərk edir.  40Mən şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».  41İsa da ona cavab verdi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər Mən sizinlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir».  42Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı.  43Hamı Allahın əzəmətinə təəccüblənirdi.
İsa öləcəyi barədə yenə xəbər verir
(Mat. 17:22-23; Mark 9:30-32)
Onlar hamısı İsanın etdiyi işlərə heyrət edərkən O, şagirdlərinə dedi:  44«Bu sözlərə qulaq asın: Bəşər Oğlu insan əllərinə təslim edilmək üzrədir».  45Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular.
Ən böyük kimdir?
(Mat. 18:1-5; Mark 9:33-40)
46Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar.  47Amma İsa onların ürəklərindən keçəni bilib bir balaca uşağı götürüb yanına qoydu.  48Sonra onlara dedi: «Kim Mənim adımla bu uşağı qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni Göndərəni qəbul edər. Sizin aranızda hamıdan kiçik olan ən böyükdür».  49Yəhya cavabında dedi: «Ustad, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizimlə birgə getmədiyinə görə ona mane olduq».  50Amma İsa ona dedi: «Ona mane olmayın! Əleyhinizə olmayan sizin tərəfinizdədir».
Samariyalılar İsanı qəbul etmirlər
51Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi.  52İsa qabağınca elçilər göndərdi. Onlar İsanın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər.  53Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi.  54Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər: «Rəbb, bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?»  55Amma İsa dönüb onlara qadağan etdi.  56Sonra onlar başqa bir kəndə yollandılar.
İsanın şagirdi olmaq nə deməkdir
(Mat. 8:19-22)
57Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, Sənin ardınca gedəcəyəm».  58İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».  59Bir başqasına İsa dedi: «Ardımca gəl». O isə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim».  60İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın Padşahlığını bəyan et».  61Yenə başqa bir adam dedi: «Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım».  62Lakin İsa ona dedi: «Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil».

Luka 10
İsa yetmiş nəfəri vəz etməyə yollayır
(Mat. 10:5-16; 11:21-24; Mark 6:7-13; Luka 9:1-6)
1 Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi.  2Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin.  3Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm.  4Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın.  5Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin.  6Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq.  7Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin.  8Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin.  9Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”.  10Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin:  11“Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”.  12Sizə bunu deyirəm: qiyamət günü Sodomun halı o şəhərin halından daha asan olacaq.  13Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi.  14Amma qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq.  15Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən.  16Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir».
Yetmiş şagird qayıdır
17Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe olur!»  18İsa onlara belə cavab verdi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm.  19Baxın Mən sizə səlahiyyət vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq.  20Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb».
İsanın sevinci
(Mat. 11:25-27; 13:16-17)
21İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi.  22Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz».  23Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür!  24Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər».
Xeyirxah Samariyalı
25Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?»  26İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?»  27Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”».  28İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan».  29Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?»  30İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər.  31Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi.  32Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi.  33O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi.  34Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi.  35Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”.  36Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?»  37Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et».
İsa Marta və Məryəmin evində
38İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi.  39Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı.  40Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin».  41Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən.  42Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».

Luka 11
Dua haqqında təlim
(Mat. 6:9-13; 7:7-11)
1 İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət».  2İsa onlara dedi: «Dua edəndə belə deyin: Göylərdə olan Atamız,
Adın müqəddəs tutulsun,
Padşahlığın gəlsin.
Göydə olduğu kimi yerdə də Sənin iradən olsun.
3Gündəlik çörəyimizi bizə hər gün ver.
4Bizə borclu olan hər adamı bağışladığımıza görə
Bizim günahlarımızı da bağışla.
Bizi sınağa çəkmə».
5Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver,  6çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”.  7Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”.  8Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.  9Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.  10Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.  11Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər?  12Yaxud yumurta diləsə, ona əqrəb verər?  13Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»
İsa və Baal-Zevul
(Mat. 12:22-30; Mark 3:20-27)
14İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı və camaat heyrətləndi.  15Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur».  16Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.  17Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar.  18Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram.  19Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq.  20Lakin Mən cinləri Allahın qüdrəti ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib.  21Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır.  22Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər.  23Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.  24Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: “Çıxdığım evə dönüm”.  25Evə qayıdanda onu süpürülmüş və səliqə-sahman içində görər.  26Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar».  27İsa bunu deyərkən bir qadın camaatın arasından uca səslə Ona dedi: «Səni bətnində daşıyan və Səni əmizdirən nə bəxtiyardır!»  28Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»
Yunus peyğəmbərin əlaməti
(Mat. 12:38-42)
29Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək.  30Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq.  31Cənub mələkəsi qiyamət günündə bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.  32Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.
Bədənin çırağı
(Mat. 6:22-23)
33Heç kim çırağı yandırıb onu gizli yerə yaxud da qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər.  34Bədəninin çırağı gözündür. Gözün sağlam olanda bütün bədənin də nurlu olur. Gözün zəif görəndə isə bütün bədənin də qaranlıq olur.  35Beləliklə, diqqət et ki, səndəki “nur” qaranlıq olmasın.  36Əgər sənin bütün bədənin nurlu olub heç bir yerdə qaranlıq qalmırsa, çıraq sənə öz nuru ilə işıq saçdığı kimi bədənin də tamamilə nurlu olacaq».
Vay halınıza!
(Mat. 23:1-36)
37İsa bunları deyib qurtaranda fariseylərdən biri Onu evinə yeməyə dəvət etdi. O da içəri girib süfrəyə oturdu.  38İsanın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi.  39Lakin Rəbb ona dedi: «İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub.  40Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi?  41Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar.  42Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.  43Vay halınıza, ey fariseylər! Sinaqoqlarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz.  44Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız».  45Qanunşünaslardan biri İsaya cavab verdi: «Müəllim, sən bunları deməklə bizi də təhqir edirsən».  46İsa da belə dedi: «Elə sizin də vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz.  47Vay halınıza! Çünki peyğəmbərlərə məqbərələr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülər!  48Beləliklə, siz ata-babalarınızın etdiklərinə şahidlik edib bəyənirsiniz. Çünki onlar peyğəmbərləri öldürüb, sizsə onlara məqbərələr tikirsiniz.  49Buna görə də Allahın hikməti belə demişdi: “Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər”.  50Beləcə bu nəsil dünya yaranandan bəri Habilin qanından tutmuş qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, Mən sizə deyirəm: onun üçün bu nəsil məsuliyyət daşıyacaq.  51Beləcə bu nəsil dünya yaranandan bəri Habilin qanından tutmuş qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, Mən sizə deyirəm: onun üçün bu nəsil məsuliyyət daşıyacaq.  52Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz».  53İsa oradan çıxanda ilahiyyatçılarla fariseylər ona çox təzyiq göstərərək bir çox məsələlər barədə Onu sorğu-suala tutmağa başladılar.  54Onlar fürsət axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlə Onu tələyə salsınlar.

Luka 12
İsa ikiüzlülüyə qarşı xəbərdarlıq edir
(Mat. 10:26-33)
1 Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa əvvəl şagirdlərinə danışmağa başladı: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən özünüzü gözləyin.  2Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək.  3Buna görə də qaranlıqda dediyiniz gün işığında eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq.  4Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın.  5Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun!  6Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır.  7Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.  8Mən sizə deyirəm: insanlar qarşısında Məni iqrar edən hər kəsi Bəşər Oğlu da Allahın mələkləri qarşısında iqrar edəcək.  9Amma insanlar önündə Məni inkar edən özü də Allahın mələkləri önündə inkar olunacaq.  10Bəşər Oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq; amma Müqəddəs Ruha küfr edən bağışlanmayacaq.  11Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin.  12Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək».
Var-dövlət və insan həyatı
13İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün».  14İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?»  15Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil».  16İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi.  17Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?”  18Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram.  19Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”.  20Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?”  21Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq».
Qayğı çəkməyin
(Mat. 6:20-21; 25-34)
22İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin.  23Can yeməkdən, bədənsə geyinməkdən daha vacibdir.  24Qarğalara baxın: onlar nə əkir, nə də biçir, nə anbarları, nə də zirzəmiləri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nə qədər qiymətlisiniz!  25Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?  26Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısını çəkirsiniz?  27Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.  28Ey imanı az olanlar, bu gün çöldə olub sabah ocağa atılan otu Allah belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər yəqindir!  29“Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın.  30Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir.  31Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.  32Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü.  33Əmlakınızı satın və sədəqə verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər.  34Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq».
Bilinməyən gün və saat
(Mat. 10:34-36; 24:42-51; Mark 13:32-36)
35«Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın.  36Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar.  37Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək.  38Ağa istər gecəyarı, istər ondan gec, səhərə yaxın gəlib qulları oyaq görsə, o qullar necə də bəxtiyardır!  39Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi.  40Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək».  41Peter dedi: «Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?»  42Rəbb cavab verdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı idarəçi kimdir?  43Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!  44Sizə həqiqəti deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq.  45Amma həmin qul ürəyində “ağam gec gələcək” deyərsə, başqa nökər və qarabaşları döyməyə, yeyib-içməyə, sərxoşluğa uymağa başlayarsa,  46o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə bir yerdə saxlayacaq.  47Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul çox döyüləcək.  48Bilməyib o cəzaya layiq iş görənsə az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq.  49Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı!  50Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm!  51Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm!  52Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq.  53Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gəlinindən, gəlin də qayınanasından ayrılacaq».
Əlamətləri anlamaq
(Mat. 16:2-3)
54İsa camaata bunu da dedi: «Siz qərb tərəfdən qalxan buludu görəndə dərhal “yağış yağacaq” deyirsiniz, bu da olur.  55Cənub küləyinin əsməsini görəndə “qızmar isti olacaq” deyirsiniz, bu da olur.  56Ey ikiüzlülər, yer üzünün və göyün görünüşünü seçə bilirsiniz, bəs onda nə üçün indiki zamanı seçə bilmirsiniz?  57Nə üçün düzgün olan şeyə özünüz qərar vermirsiniz?  58Səni ittiham edənlə birgə hakimin yanına gedəndə yolda ikən onunla barışmağa çalış. Yoxsa səni hakimin qabağına sürüyər, hakimsə məhkəmə icraçısına ötürər, o da səni zindana atar.  59Sənə bunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan».

Luka 13
Tövbəyə çağırış
1 Bu vaxt orada olan bəzi adamlar İsaya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıların qanını kəsdikləri qurbanların qanına qatmışdı.  2İsa buna belə cavab verdi: «Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər?  3Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız.  4Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz?  5Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız».
Barsız əncir ağacı
(Mat. 21:18-19; Mark 11:12-14)
6Sonra İsa bu məsəli danışdı: «Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı.  7O, bağbana dedi: “Bura bax, üç ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs! Nə üçün bu ağac əbəs yerə torpağı tutur?”  8Bağbansa cavabında belə dedi: “Ağa, bir il də buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm.  9Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır, yox, gətirməsə, onu kəsərsən”».
Şənbə günü şəfa vermək olarmı?
10İsa bir dəfə Şənbə günü sinaqoqlardan birində təlim öyrədirdi.  11Orada on səkkiz il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi.  12İsa bu qadını görəndə çağırıb dedi: «Ey qadın, sən azarından azad oldun».  13İsa əllərini qadının üstünə qoyanda o dərhal dikəlib Allahı izzətləndirməyə başladı.  14Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox».  15Rəbb isə ona belə cavab verdi: «Ey ikiüzlülər, sizlərdən hər biriniz Şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı?  16İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?»  17İsa bunları deyəndə Ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isə Onun etdiyi bütün izzətli işlərinə görə sevinirdi.
Xardal toxumu və maya məsəlləri
(Mat. 13:31-33; Mark 4:30-32)
18Sonra İsa dedi: «Allahın Padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim?  19O, bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur».  20İsa yenə dedi: «Allahın Padşahlığını nəyə bənzədim?  21O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».
Dar qapı
(Mat. 7:13-14; 21-23)
22İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi.  23Bir nəfər Ondan soruşdu: «Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?» İsa onlara belə cavab verdi:  24«Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək.  25Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!”  26Siz o vaxt belə deyəcəksiniz: “Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin”.  27O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!”  28İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq.  29Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq.  30Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq».
Yerusəlimin aqibəti
(Mat. 23:37-39)
31O zaman bəzi fariseylər gəlib İsaya dedilər: «Buradan çıx get, çünki Hirod Səni öldürmək istəyir».  32İsa onlara dedi: «Gedin o tülküyə deyin: “Budur, Mən bu gün və sabah cinləri qovub camaatı sağaldacağam və üçüncü gün işimi bitirəcəyəm”.  33Yenə də bu gün, sabah və o biri gün yoluma davam etməliyəm. Çünki peyğəmbər Yerusəlimdən kənarda öldürülə bilməz!  34Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!  35Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!”
deyənə qədər Məni bir daha görməyəcəksiniz».

Luka 14
İsa və farisey rəhbəri
1 Bir Şənbə günü İsa farisey rəhbərlərinin birinin evinə çörək yeməyə getdi. Hamı Ona göz qoyurdu.  2Onun qarşısında hidropos xəstəliyinə tutulmuş bir adam var idi.  3İsa qanunşünas və fariseylərə xitab edərək soruşdu: «Şənbə günü insanlara şəfa verməyə icazə var ya yox?»  4Amma onlar dinmirdi. İsa o adama əli ilə toxundu, onu sağaltdı və buraxdı.  5İsa onlara dedi: «Sizlərdən kimin oğlu yaxud öküzü Şənbə günü quyuya düşsə, onu dərhal oradan dartıb çıxarmaz?»  6Onlar İsanın bu sualına cavab verə bilmədilər.
Qonaqlar məsəli
(Mat. 22:1-10)
7İsa fikir verdi ki, dəvət olunanlar yuxarı başda oturmağı seçdilər. Onlara belə bir məsəl söylədi:  8«Bir nəfər səni toya dəvət edirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var.  9İkinizi də toya dəvət edən gəlib sənə “bu adama yer ver” desə, sən xəcalət içində aşağı başda əyləşməli olarsan.  10Amma dəvət olunanda gedib ən aşağı başda otur ki, səni dəvət edən adam gəlib sənə “Dostum! Yuxarı başa keç” desin; o zaman səninlə birgə oturanların hamısının qarşısında hörmət qazanarsan.  11Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».  12İsa Onu dəvət edənə də dedi: «Günorta yaxud axşam yeməyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlətli qonşularını dəvət etmə ki, onlar da səni çağıraraq sənə əvəzini versin.  13Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır.  14Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək».  15Süfrəyə oturanlardan biri bunu eşidib İsaya dedi: «Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır!»  16Amma İsa ona dedi: «Bir adam böyük ziyafət hazırladı və oraya çoxlu qonaq çağırdı.  17Yemək vaxtı gələndə öz qulunu dəvət olunanların yanına göndərdi ki, onlara desin: “Buyurun, indi hər şey hazırdır”.  18Amma hamı birdən üzr istəməyə başladı. Birincisi ona dedi: “Mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam. Səndən xahiş edirəm, məni bağışla”.  19Digəri isə dedi: “Mən beş cüt öküz satın almışam və onları yoxlamağa gedirəm. Səndən xahiş edirəm, məni bağışla”.  20Üçüncüsü dedi: “Mən təzə evlənmişəm, buna görə də gələ bilmərəm”.  21Qul qayıdıb bu şeyləri ağasına bildirdi. O zaman ev yiyəsi qəzəblənib quluna dedi: “Qaç, şəhərin küçə və tinlərində olan yoxsulları, əlilləri, korları və topalları buraya gətir”.  22Qul isə dedi: “Ağa, sənin əmrin yerinə yetirildi, hələ artıq yer də qalıb”.  23Ağası quluna dedi: “Get, bütün yolları və çəpərləri gəz. Evim dolsun deyə adamları gəlməyə vadar et.  24Sizə bunu deyirəm: ilk dəvət olunanların heç biri mənim ziyafətimdən dadmayacaq”».
Şagird olmağın qiyməti
(Mat. 10:37-38)
25İsa ilə birlikdə böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi:  26«Kim Mənim yanıma gəlib ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hətta öz həyatını Məndən üstün tutsa, Mənim şagirdim ola bilməz.  27Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də Mənim şagirdim ola bilməz.  28Sizlərdən kimsə bir qüllə tikmək istəyirsə, əvvəlcə oturub onun xərclərini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox?  29Çünki qüllənin təməlini qoyub işi qurtara bilməsə, bunu görənlərin hamısı onu ələ salıb deyəcək:  30“Bu adam tikintiyə başlayıb qurtara bilmədi”.  31Yaxud da hansı padşah başqa padşahla müharibəyə gedəndə üstünə iyirmi min əsgərlə gələnə qarşı on min əsgərlə durmağa qadir olmağı əvvəlcə oturub götür-qoy eləməz?  32Əgər padşah buna qadir deyilsə, o biri padşahın hələ uzaqda olduğu vaxt elçilər göndərib sülh müqaviləsi bağlamaq istəyər.  33Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz.  34Duz yaxşı şeydir, amma əgər duz öz dadını itirərsə, ona nə ilə dad verilə bilər?  35O nə torpağa yarayar, nə də peyinə. Onu çölə atarlar. Eşitməyə qulağı olan eşitsin!»

Luka 15
İtmiş qoyun məsəli
(Mat. 18:12-14)
1 Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar.  2Fariseylər və ilahiyyatçılar isə «bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir» deyə deyinirdilər.  3Amma İsa onlara bu məsəli çəkdi:  4«Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı?  5Tapanda isə onu sevinclə çiyinlərinə qoyar.  6Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: “Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!”  7Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq.
İtmiş pul məsəli
8Yaxud on dirhəmi olan hansı bir qadın bir dirhəmini itirsə, çıraq yandırıb evi süpürərək onu tapanadək diqqətlə axtarmaz?  9Tapanda öz rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birlikdə sevinin, itirdiyim dirhəmi tapmışam!”  10Sizə bunu deyirəm: Allahın mələklərinin önündə də tövbə edən bir günahkara görə sevinc olur».
İtmiş oğul məsəli
11İsa bunu da danışdı: «Bir adamın iki oğlu var idi.  12Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü.  13Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi.  14Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı.  15Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi.  16Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi.  17Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm!  18Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə və sənə qarşı günah etdim.  19Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”.  20O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.  21Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”.  22Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın.  23Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq!  24Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar.  25Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi.  26O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?”  27Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”.  28Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı.  29Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qıymadın ki, dostlarımla şadlıq edim.  30Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”.  31Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir.  32Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”»

Luka 16
Fərasətli idarəçi məsəli
1 İsa şagirdlərə bunları danışdı: «Varlı bir adamın idarəçisi var idi. Ona xəbər çatdırıldı ki, idarəçi onun əmlakını israf edir.  2Varlı adam onu yanına çağırıb dedi: “Bu nədir, sənin haqqında mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq idarəçi ola bilməzsən”.  3İdarəçi öz-özünə dedi: “Mən nə edəcəyəm? Ağam idarəçiliyi əlimdən alır. Torpaq belləməyə gücüm yoxdur, dilənməkdən də utanıram.  4İşdən qovulanda məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm”.  5Ona görə də öz ağasına borclu olanları bir-bir çağırıb birincisinə dedi: “Mənim ağama nə qədər borclusan?”  6O “yüz bat zeytun yağı” dedi. İdarəçi ona dedi: “Öz qəbzini götür, otur və tez yaz: əlli”.  7Sonra o birisinə dedi: “Bəs sənin nə qədər borcun var?” O cavab verdi: “Yüz kor buğda”. İdarəçi ona dedi: “Öz qəbzini götür və yaz: səksən”.  8Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir.  9Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız.  10Ən balaca bir işdə sadiq olan kəs böyük işdə də sadiqdir, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır.  11Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadiq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər?  12Əgər başqasının malından istifadə etməkdə sadiq olmadınızsa, öz malınızı sizə kim verər?  13Heç bir nökər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz».  14Fariseylər pulpərəst olduqları üçün bütün bu sözləri eşidib İsaya istehza ilə baxdılar.  15İsa da onlara belə dedi: «İnsanların qarşısında özünüzü saleh göstərən sizsiniz, amma Allah sizin ürəyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrənclikdir.  16Qanun və Peyğəmbərlər Yəhyanın gəlişinə qədər idi. O vaxtdan bəri Allahın Padşahlığının Müjdəsi yayılır və hər kəs oraya zorla girməyə çalışır.  17Amma göyün və yerin keçib getməsi Qanundan bir nöqtənin düşməsindən daha asandır.  18Arvadını boşayıb başqası ilə evlənən hər kəs zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir.
Varlı və yoxsul məsəli
19Varlı bir adam var idi. O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi.  20Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gətirilib uzanmışdı.  21Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı.  22Bir gün yoxsul adam öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi.  23Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü.  24O uca səslə dedi: “Ey İbrahim ata, mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin, çünki mən bu alov içində əzab çəkirəm”.  25Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən.  26Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər”.  27Varlı adam dedi: “Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər.  28Çünki beş qardaşım var. Qoy onlara xəbərdarlıq etsin ki, onlar da bu iztirab yerinə gəlməsinlər”.  29İbrahim ona dedi: “Onlarda Musanın və Peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar”.  30Varlı adamsa dedi: “Xeyr, İbrahim ata! Əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər”.  31Onda İbrahim ona dedi: “Əgər onlar Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”».

Luka 17
Günah, iman və vəzifə
(Mat. 18:6-7; Mark 9:42)
1 İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir!  2Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar.  3Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla.  4Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla».  5Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!»  6Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı.  7Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər?  8Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi?  9Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi?  10Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».
On cüzamlının şəfası
11İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi.  12Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub  13ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!»  14İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular.  15Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı.  16O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi.  17Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır?  18Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?»  19Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi».
Allahın Padşahlığı nə zaman gələcək?
20Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz.  21Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir».  22İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz.  23Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin!  24Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq.  25Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır.  26 Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq.  27Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi.  28Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi.  29Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi.  30Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq.  31O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın.  32Lutun arvadını yadınıza salın!  33Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq.  34Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq.  35Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq».  36 37Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».

Luka 18
Dul qadın və ədalətsiz hakim məsəli
1 İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi.  2O dedi: «Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi.  3Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi: “Rəqibimlə olan işimdə mənim haqqımı qoru”.  4Amma hakim bir müddət bunu etmək istəmədi, sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm,  5bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”».  6Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin.  7Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi?  8Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
Farisey və vergiyığan məsəli
9Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi:  10«Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi.  11Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm.  12Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”.  13Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!”  14Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».
İsa uşaqlara xeyir-dua verir
(Mat. 19:13-15; Mark 10:13-16)
15Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər.  16Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.  17Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
Var-dövlət və Allahın Padşahlığı
(Mat. 19:16-30; Mark 10:17-31)
18Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?»  19İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.  20Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”».  21Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm».  22İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».  23Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi.  24İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!  25Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».  26Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?»  27O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür».  28Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».  29İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki,  30bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın».
İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir
(Mat. 20:17-19; Mark 10:32-34)
31İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək.  32Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək  33və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək».  34Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.
Kor adamın gözləri açılır
(Mat. 20:29-34; Mark 10:46-52)
35İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi.  36Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?»  37Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir».  38Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!»  39Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.  40İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu:  41«Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın».  42İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi».  43Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi.

Luka 19
İsa ilə Zakkay
1 İsa Yerixoya daxil olub oradan keçirdi.  2Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi.  3İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi.  4İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi.  5İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam».  6O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi.  7Bütün xalq bunu gördükdə deyinməyə başladı: «Gedib günahkar bir kişinin qonağı oldu!»  8Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: «Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam».  9İsa ona dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur.  10Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir».
Əmanət pul məsəli
(Mat. 25:14-30)
11Onlar bu şeyləri dinləyərkən İsa bir məsəl də çəkdi. Çünki O, Yerusəlimə yaxınlaşmışdı və onlar elə düşünürdülər ki, Allahın Padşahlığı dərhal üzə çıxacaq.  12İsa belə dedi: «Əsilzadələrdən olan bir nəfər padşah təyin olunub geri dönmək üçün uzaq bir ölkəyə yola düşdü.  13Getməmişdən əvvəl qullarından on nəfəri çağırdı və onlara on mina pul verib dedi: “Mən gələnədək bunlarla ticarət et”.  14Lakin əhalisi bu adama nifrət etdi və onun ardınca elçilər göndərib dedi: “Bu adamın üzərimizdə padşah olmasını istəmirik”.  15O, padşah təyin olunub qayıdanda pul verdiyi həmin qulları yanına çağırtdırdı və nə qazandıqlarını öyrənmək istədi.  16Birincisi gəlib dedi: “Ağa, sənin bir minan on mina da qazandırdı”.  17Ağası ona dedi: “Afərin, yaxşı qulum! Ən kiçik bir işdə mənə sadiq olduğun üçün on şəhərin idarəsini üzərinə götür”.  18İkincisi gəlib dedi: “Ağa! Sənin bir minan beş mina da qazandırdı”.  19Ağası ona da “sən də beş şəhərə hakim ol” dedi.  20Bir başqası gəlib dedi: “Ağa! Budur sənin minan, onu dəsmala büküb saxlayırdım.  21Çünki səndən qorxurdum, sən qəddar bir adamsan, özün qoymadığını götürürsən və özün əkmədiyini biçirsən”.  22Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi?  23Bəs onda nə üçün mənim pulumu sərraflara vermədin ki, mən qayıdanda onu faizlə geri alım?”  24Sonra ətrafında olanlara dedi: “Əlindəki minanı ondan alın və on minası olana verin!”  25Ona dedilər: “Ay ağa, axı artıq onun on minası var!”  26O, sözünə belə davam etdi: “Sizə deyirəm: kimin varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da alınacaq.  27Mənim onların padşahı olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin!”»
İsanın Yerusəlimə girməsi
(Mat. 21:1-11; Mark 11:1-11; Yəh. 12:12-19)
28İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı.  29Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən şagirdlərdən ikisini göndərərək  30dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girəndə hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin.  31Kim sizdən soruşsa: “Nə üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rəbbə lazımdır” deyərsiniz».  32Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər.  33Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?»  34Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır».  35Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər.  36O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi.  37İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı.  38Onlar deyirdi: «Rəbbin ismi ilə gələn Padşaha alqış olsun!
Göydə sülh, ən ucalarda izzət olsun!»
39İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!»  40Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!»
İsa Yerusəlim üçün ağlayır
41İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı.  42O dedi: «Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib.  43Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar.  44Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın».
İsa satıcıları məbəddən qovur
(Mat. 21:12-17; Mark 11:15-19; Yəh. 2:13-22)
45İsa məbədə girib orada satıcılıq edənləri qovmağa başladı.  46Onlara belə dedi: «“Mənim evim dua evi olacaq”
deyə yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!»  47İsa hər gün məbəddə təlim öyrədirdi. Başçı kahinlər, ilahiyyatçılar və xalqın nüfuzlu adamları Onu öldürmək üçün yol axtarırdı,  48amma bunu necə edəcəklərini bilmirdilər. Çünki bütün xalq Onu böyük diqqətlə dinləyirdi.

Luka 20
İsanın səlahiyyəti
(Mat. 21:23-27; Mark 11:27-33)
1 Günlərin birində İsa məbəddə xalqa təlim öyrədir və Müjdəni yayırdı. Başçı kahinlər, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb  2Ona dedilər: «De görək, Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?»  3İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Mənə deyin:  4Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?»  5Onlarsa öz aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.  6Amma desək “insanlardan”, bütün xalq bizi daşqalaq edər. Çünki xalq Yəhyanın peyğəmbər olmasına əmindir».  7Axırda Ona cavab verdilər: «Biz bilmirik haradandır».  8İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».
Pis bağbanlar məsəli
(Mat. 21:33-46; Mark 12:1-12)
9İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi.  10Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, onlar üzüm bağının məhsulundan bir qədərini ona versinlər. Lakin bağbanlar qulu döyərək əliboş geri qaytardılar.  11Bağ sahibi başqa bir qul göndərdi, amma onlar bunu da döyüb biabır etdilər və əliboş geri qaytardılar.  12O, üçüncüsünü də göndərdi, amma onlar onu da yaralayıb qovdular.  13Onda bağ sahibi dedi: “Mən nə edim? Qoy öz sevimli oğlumu göndərim, bəlkə ona hörmət edərlər”.  14Amma bağbanlar onu gördükdə öz aralarında danışıb dedilər: “Varis budur. Gəlin onu öldürək ki, miras bizə qalsın”.  15Beləcə onu bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağ sahibi onlara nə edəcək?  16Gəlib həmin bağbanları həlak edəcək və bağı başqalarına verəcək». Bunu eşidənlərsə dedilər: «Qoy belə olmasın».  17Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir? “Bənnaların rədd etdiyi daş
Guşədaşı olub”.
18Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək».  19İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular.
Hər kəsin öz haqqı
(Mat. 22:15-22; Mark 12:13-17)
20İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi.  21Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən.  22Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?»  23Amma İsa onların hiyləsini başa düşüb belə dedi:  24«Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin».  25İsa onlara dedi: «Onda qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».  26İsanı xalq qarşısında söz üstə tuta bilmədilər və Onun cavabına heyrət edib susdular.
Dirilmə haqqında sual
(Mat. 22:23-33; Mark 12:18-27)
27Dirilmənin olmadığını iddia edən sadukeylərdən bəzisi İsanın yanına gəlib soruşdu:  28«Müəllim, Musa bizim üçün belə yazmışdı: “Əgər bir adamın evli qardaşı övladsız ölsə, o biri qardaş dul qalmış arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”.  29Yeddi qardaş var idi. Birincisi bir arvad aldı və övladsız öldü.  30İkincisi də,  31üçüncüsü də bu arvadla evləndi. Beləcə yeddisi də özündən sonra övlad qoymadan öldü.  32Hamısından sonra bu qadın da öldü.  33Ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».  34İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir.  35Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək.  36Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə övladları olduqlarına görə onlar Allahın övladlarıdır.  37Amma ölülərin dirildiyini Musa da kolla bağlı əhvalatda Rəbbi “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandıraraq göstərib.  38Allah ölülərin deyil, dirilərin Allahıdır. Çünki Onun yanında hamı diridir».  39İlahiyyatçılardan bəzisi buna cavab olaraq dedi: «Müəllim, Sən nə gözəl dedin».  40Daha İsadan bir şey soruşmağa cəsarət etmədilər.
Məsih kimin Oğludur?
(Mat. 22:41-46; Mark 12:35-37)
41Amma İsa onlara dedi: «Niyə Məsih Davudun Oğludur deyirlər?  42Axı Davud özü Zəbur kitabında “Rəbb mənim Ağama dedi:
‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur›”
deyib.  43Axı Davud özü Zəbur kitabında “Rəbb mənim Ağama dedi:
‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur›”
deyib.  44Deməli, Davud Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?»
İsa ilahiyyatçıları məzəmmət edir
(Mat. 23:5-7; Mark 12:38-40)
45Bütün xalq bu sözləri dinləyəndə İsa Öz şagirdlərinə dedi:  46«İlahiyyatçılardan özünüzü gözləyin. Onlar uzun paltarlarda gəzməyi xoşlayar, bazar meydanlarında salam almağı və sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı sevərlər.  47Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».

Luka 21
Dul qadının ianəsi
(Mark 12:41-44)
1 İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü.  2Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı.  3İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı.  4Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».
Axır zamanın əlamətləri
(Mat. 24:1-28; Mark 13:1-23)
5Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi:  6«Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq».  7Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?»  8İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin.  9Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək».  10Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq.  11Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.  12Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar.  13Bu işlər şəhadət etdiyiniz vaxt olacaq.  14Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz.  15Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək.  16Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək.  17Mənim adıma görə hamı sizə nifrət edəcək.  18Amma başınızdan bir tük belə, əskik olmayacaq.  19Dayanıb dözməklə canlarınızı qurtarın.  20Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.  21O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin.  22Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin.  23Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq.  24Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
Bəşər Oğlunun zühuru
(Mat. 24:29-35; Mark 13:24-31)
25Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.  26İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək.  27O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək.  28Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».  29İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın:  30onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır.  31Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb.  32Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.  33Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.  34Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.  35Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək.  36Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».  37İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi.  38Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi.

Luka 22
İsanı öldürmək üçün sui-qəsd hazırlanır
(Mat. 26:1-5; Mark 14:1-2; Yəh. 11:47-53)
1 Pasxa adlanan Mayasız Çörək bayramı yaxınlaşırdı.  2Başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular.
Yəhudanın xəyanəti
(Mat. 26:14-16; Mark 14:10-11; Yəh. 13:18-30)
3O zaman Şeytan On İki şagirddən biri olan İskaryot adlanan Yəhudanın ürəyinə girdi.  4O da gedib başçı kahinlər və məbəd mühafizəçilərinin başçıları ilə danışdı ki, İsanı necə onlara təslim etsin.  5Onlar sevindilər və ona pul verməyə razı oldular.  6Buna söz verən Yəhuda İsanı xalqdan gizlin onlara təslim etmək üçün fürsət axtarmağa başladı.
Axırıncı şam yeməyi
(Mat. 26:17-30; Mark 14:12-26; Yəh. 13:21-30; 1Kor. 11:23-25)
7Pasxa quzusunun qurban kəsilməli olduğu Mayasız Çörək bayramı günü gəldi.  8İsa Peter və Yəhyanı qabaqca göndərib «gedin, Pasxa yeməyimiz üçün bizə hazırlıq görün» dedi.  9Onlarsa İsadan soruşdular: «Harada hazırlıq görməyimizi istəyirsən?»  10İsa onlara dedi: «Bax siz şəhərə girəndə qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin və onun girəcəyi evə girin.  11Oranın sahibinə deyin: “Müəllim sənə deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağı haradadır?›”  12Ev sahibi sizə yuxarı mərtəbədə hər şeyi hazırlanmış böyük bir otaq göstərəcək. Orada hazırlıq işləri görün».  13Onlar gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.  14Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu.  15İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım.  16Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm».  17Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün.  18Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».  19Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».  20Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir.  21Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır.  22Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!»  23Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar.  24Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu.  25Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır.  26Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun.  27Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm.  28Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz.  29Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram;  30belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.
Peterin inkarı əvvəlcədən bildirilir
(Mat. 26:31-35; Mark 14:27-31; Yəh. 13:36-38)
31Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi.  32Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir».  33O, İsaya cavab verdi: «Ya Rəbb, mən Səninlə zindana da, ölümə də getməyə hazıram».  34Amma İsa dedi: «Peter, sənə bunu deyirəm: bu gün xoruz banlamazdan əvvəl sən Məni tanıdığını üç dəfə inkar edəcəksən».  35Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə».  36Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın.  37Çünki sizə deyirəm: bu yazılmış olan “Üsyankarlara tay tutuldu”
sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur».  38Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir».
İsa Zeytun dağında dua edir
(Mat. 26:36-46; Mark 14:32-42)
39İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi.  40Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz».  41İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi.  42O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».  43Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi.  44İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi.  45İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı.  46O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz».
İsa həbs olunur
(Mat. 26:47-56; Mark 14:43-50; Yəh. 18:3-12)
47İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı.  48Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?»  49İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?»  50Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı.  51Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı.  52İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz?  53Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır».
Peter İsanı inkar edir
(Mat. 26:57-58,67-75; Mark 14:53-54,65-72; Yəh. 18:13-18,25-27)
54İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi.  55Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu.  56Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə birlikdə idi».  57Amma Peter «Ay arvad, mən Onu tanımıram!» deyərək Onu inkar etdi.  58Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Amma Peter dedi: «Ay kişi, mən deyiləm!»  59Bir saata yaxın vaxt keçdi və digər bir adam təkidlə dedi: «Doğrudan da, bu adam da Onunla birlikdə idi, çünki Qalileyalıdır».  60Peter isə dedi: «Ay kişi, dediyini başa düşmürəm». Elə o danışdığı an xoruz banladı.  61Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı.  62Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.  63İsanı tutub saxlayan adamlar Onu ələ sala-sala döyürdülər.  64Gözlərini bağlayıb Ondan soruşurdular: «Peyğəmbərlik elə görək, Səni vuran kimdir?»  65Ona başqa sözlər də deyib çoxlu böhtan atırdılar.
İsa Ali Şuranın önündə
(Mat. 26:57-66; Mark 14:53-64; Yəh. 18:19-24)
66Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər.  67Onlar dedilər: «Bizə de, Məsih Sənsənmi?» İsa onlara dedi: «Əgər sizə desəm, inanmazsınız.  68Əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz.  69Bundan sonra isə Bəşər Oğlu qüdrətli Allahın sağında oturacaq».  70Onların hamısı dedi: «Deməli, Sən Allahın Oğlusan?» İsa onlara cavab verdi: «Sizin dediyiniz kimi O Mənəm».  71Onda onlar dedilər: «Artıq şəhadətə nə ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik».

Luka 23
İsa Romalı vali Pilatın və Qalileya hökmdarı Hirodun önündə
(Mat. 27:1-2,11-26; Mark 15:1-15; Yəh. 18:28-19:16)
1 Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı.  2Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır».  3Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».  4Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm».  5Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır».  6Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?»  7İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi.  8Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu.  9Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi.  10Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər.  11Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı.  12Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı.  13O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb  14onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim.  15Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi. Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib.  16Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm».  17 18Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!»  19Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı.  20Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı.  21Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar.  22Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm».  23Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi.  24Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi.  25Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi.
İsa çarmıxa çəkilir
(Mat. 27:32-44; Mark 15:21-32; Yəh. 19:17-25)
26Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər.  27İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi.  28İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın.  29Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər.  30“O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”.  31Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?»  32İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı.  33Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər.  34Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.  35Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»  36Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib  37belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!»  38Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.  39Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!».  40O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan!  41Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi».  42Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»  43İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».
İsanın ölümü
(Mat. 27:45-56; Mark 15:33-41; Yəh. 19:25-30)
44Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü,  45günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı.  46İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi.  47Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi.  48Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü.  49İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.
İsanın dəfni
(Mat. 27:57-61; Mark 15:42-47; Yəh. 19:38-42)
50Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi.  51O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi.  52O, Pilatın yanına gedib İsanın cəsədini istədi.  53Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu.  54O gün Hazırlıq günü idi və Şənbə günü yaxınlaşırdı.  55İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər.  56Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər.

Luka 24
İsanın dirilməsi
(Mat. 28:1-10; Mark 16:1-11; Yəh. 20:1-18)
1 Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər.  2Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər.  3Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar.  4Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu.  5Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız?  6O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın.  7Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”».  8Qadınlar da İsanın sözlərini yada saldılar.  9Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər.  10Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi.  11Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar.  12Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.
İsa iki şagirdə görünür
(Mark 16:12-13)
13Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi.  14Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi.  15Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi.  16Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.  17İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar.  18Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?»  19İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi.  20Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər.  21Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib.  22Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib  23Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər.  24Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».  25Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər!  26Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?»  27Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.  28Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı.  29Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.  30İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi.  31Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu.  32Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»  33Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər.  34Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür».  35Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
İsa On Bir şagirdə görünür
(Mat. 28:16-20; Mark 16:14-18; Yəh. 20:19-23; Həv. 1:6-8)
36Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi.  37Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər.  38Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir?  39Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur».  40İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi.  41Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?»  42Ona bir tikə bişmiş balıq verdilər.  43İsa da yeməyi götürüb onların qabağında yedi.  44Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır».  45Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı.  46İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir.  47Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir.  48Siz bu hadisələrin şahidisiniz.  49Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüvvəyə bürünənədək bu şəhərdə qalın».
İsanın göyə qaldırılması
(Mark 16:19-20; Həv. 1:9-11)
50İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi;  51xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı.  52Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar.  53Onlar daim Allaha alqış edərək məbəddə olurdular.

Комментариев нет:

Отправить комментарий