Поиск по этому блогу

Mərsiyələr

Mərsiyələr 1
Yerusəlim dərdi
1Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi,

İndi dul qadına bənzəyir –

Millətlər arasında ulu sayılan,

Ellər arasında mələkə olan,

Bu şəhər nökərçilik edir.

2Gecələr acı-acı ağlar,

Göz yaşları ilə yanağı islanar,

Məşuqlarının arasından

Ona təsəlli verən yoxdur.

Bütün dostları ona xəyanət etdi, düşmən oldu.

3Yəhuda dərdə, ağır zillətə düşüb,

İndi sürgünə gedir.

O, millətlər arasında yaşayır,

O torpaqlarda rahatlıq tapmır,

Yəhuda bu iztiraba düşəndə,

Təqibçilər ona çatdılar.

4Siona gedən yollar yas tutur,

Çünki bayramlarına gələn yoxdur,

Buranın bütün darvazaları kimsəsiz qalıb,

Kahinləri ah-zar edir.

Bu şəhərin qızları əzab-əziyyət çəkir,

Buranın aqibəti acıdır,

5İndi düşmənlər bu şəhərin üstündə hökmrandır,

Bu yağılar gör necə firavan yaşayır.

Çox üsyankar olduqlarına görə

Rəbb onları bu zülmə saldı,

Övladları düşmən önündə əsir aparıldı.

6Sion qızının cah-calalı yox oldu,

Onların başçıları otlaqsız maral kimi oldu,

Onlar təqib edənlərin qarşısından

Taqətsiz qaçırlar.

7Yerusəlim sıxıntı içində avara gəzərkən

Ötən günlərdə olan bütün sərvətini xatırlayır,

Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur.

Düşmənləri ona baxır,

Yıxılmağına gülür.

8Yerusəlim böyük günah işlətdi,

Ona görə özünü murdar etdi.

Yerusəlimə hörmət edənlərin hər biri

İndi ona xor baxır,

Çünki onu çılpaq görürlər,

O da üzünü yana çevirib inləyir.

9Ətəyində ləkələr qaldı,

Sonunu düşünməz oldu,

Ona görə qorxunc surətdə yıxıldı,

Ona təsəlli verən yoxdur,

Ya Rəbb, gör bu əzabımı,

Çünki düşmən zəfər çaldı.

10Onun bütün sərvətini talamaq üçün

Düşmən əlini uzatdı.

Göz önündəcə millətlər,

Camaatın arasına girməsini qadağan etdiyin

Müqəddəs məkanına soxuldu.

11Oranın bütün xalqı zarıyır, çörək axtarır,

Canlarını taqətə gətirmək üçün

Sərvətlərinin əvəzinə azuqə alır.

«Ya Rəbb, indi bax, halımı gör,

Bir səfilə dönmüşəm».

12Ey yoldan keçənlərin hamısı,

Bu iş sizin üçün boşdurmu?

Baxın dərdimə, bunun kimisi varmı,

Mənim başıma gətirilən dərd başqasında olarmı?

Rəbb qəzəbdən alovlananda

Bu dərdi başıma tökdü.

13Yuxarıdan od göndərdi,

Sümüklərimədək bu odu yeritdi.

Ayaqlarım üçün tor qurdu,

Məni geri qaytardı.

Gün boyu məni yalqız qoydu, taqətdən saldı.

14Xudavənd günahlarımı mənə boyunduruq etdi,

Əli ilə bir-birinə hördü,

Onları boynuma keçirtdi,

Taqətimi tükəndirdi.

Məni qarşısında dura bilmədiyim

İnsanlara təslim etdi.

15Məni müdafiə edən cəngavərlər vardı,

Hamısı Xudavənd tərəfindən atıldı.

Mənə qarşı bir ordu göndərdi,

Seçmə igidlərimi qırıb tapdalatdı.

Bakirə Yəhuda qızını üzümsıxanda əzdi.

16Bunlar üçün ağlayıram,

Gözlərimdən yaş axır.

Təsəlli verən məndən uzaqdır,

Məni dirçəldən uzaqdır.

Övladlarım yalqız qalıb,

Çünki düşmən zəfər çalıb.

17Sion əl açıb,

Amma ona təsəlli verən yoxdur.

Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib:

«Qoy qonşuları onun düşməni olsun,

Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib».

18Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım,

Ey bütün xalqlar, siz mənə qulaq asın!

Mənim çəkdiyim bu dərdə baxın,

Bakirə qızlarım, igidlərim sürgünə gedib.

19Müttəfiqlərimi çağırdım,

Lakin məni aldatdılar,

Kahinlərim, ağsaqqallarım cana gəlmək üçün

Yemək axtardılar,

Amma şəhərin içindəcə canlarını tapşırdılar.

20Ya Rəbb, bax dara düşmüşəm,

Canım əzabdan yanır.

Çox üsyankarlıq etmişəm,

Buna görə ürəyim üzülür.

Bayırdakı qılınc məni övladsız qoyur,

Ölüm evimi içəridən bəzəyir.

21Necə ah-zar çəkdiyimi eşidiblər,

Amma mənə təsəlli verən yoxdur,

Düşmənlərim bu əziyyətimdən xəbər tutdu,

Onlar başıma gələnlərə sevinir,

Elan etdiyin günü yetir!

Qoy onlar mənim vəziyyətimə düşsün.

22Etdikləri pislikləri yada sal,

Üsyankarlığıma görə mənə etdiyini onlara da et,

Çox ah-nalə çəkirəm,

Ürəyim taqətdən düşüb.

Mərsiyələr 2
Yerusəlimin cəzası
1Xudavənd Sion qızına qəzəblənərkən

Onu hər tərəfdən qara bulud aldı.

İsrailin əzəmətini göydən yerə tulladı,

Qəzəbləndiyi gün kətilini

xatirindən çıxardı.  2Xudavənd aman vermədən

Yaqub nəslinin bütün məskənlərini dağıtdı,

Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı,

Padşahlığı, başçıları yerlə yeksan etdi.

3Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi,

Düşmən önündə onun üstündən sağ əlini götürdü.

Sanki Yaqub nəslini hər tərəfdən oda saldı

Göndərdiyi atəşlə yandırıb-yaxdı.

4Düşmən kimi kamanının yayını dartdı,

Yağı kimi sağ əlini qaldırdı,

Gözə xoş görünənləri tamamilə öldürdü.

Qəzəbini Sion qızının çadırına alov kimi tökdü.

5Xudavənd İsraili uddu,

Onunla düşmən kimi rəftar etdi.

Bütün saraylarını yerlə yeksan etdi,

Qalalarını viran qoydu,

Yəhudanın fəryadını, fəğanını daha da artırdı.

6Çardağını viranə bağlar tək qırıb tökdü,

Görüş yerlərini xarabalığa çevirdi,

Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu,

Qəzəbi ilə padşahını, kahinini atdı.

7Xudavənd qurbangahını rədd etdi,

Müqəddəs məkanını tərk etdi.

Saraylarının sədlərini düşmən əlinə keçirtdi,

Onlar bayram günlərində olduğu kimi

Rəbbin məbədində haray qopardı.

8Rəbb niyyət etdi ki,

Sion qızının divarlarını dağıtsın.

Ölçü ipini dartıb, dağıtmaq üçün ondan əl çəkməyəcək.

Qala divarını, səddini, matəmə bürüyüb,

Hamısı qüvvələrini itirib.

9Onun darvazalarını yerə batırdı,

Cəftələrini qırıb atdı,

Padşahlarını, başçılarını

Yad millətlərin arasına saldı,

Qanuna əməl edilmir,

Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir.

10Sion qızının ağsaqqalları susub-dinmir,

Onlar toz-torpaq içində əyləşib,

Başlarına toz töküb, çul geyib,

Yerusəlimin bakirə qızları başlarını yerə dikib.

11Ağlamaqdan gözlərimin nuru gedir,

Canım əzabdan yanır.

Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır.

Çünki şəhər meydanlarındakı

Körpələrin, uşaqların huşu başından çıxır.

12Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər,

Ana qucağında can verirlər.

Analarından soruşurlar:

«Hanı çörək, hanı şərab?»

13Ey Yerusəlim qızı, sənə nə deyim?

Səni kimlə müqayisə edim?

Ey bakirə Sion qızı, səni kimə bənzədim?

Bununla mən sənə təsəlli verə bilim?

Çünki yaran dəniz qədər dərindir,

Sənə kim şəfa verə bilər?

14Sənin üçün görülən görüntülər yalan oldu,

Peyğəmbərlərin səni aldatdı.

Firavanlığını sənə qaytarmaq üçün

Təqsirlərini üzə çıxartmadılar,

Amma bu peyğəmbərlər səni azdırdı,

Sənin üçün yalandan görüntülər gördü.

15Yoldan keçən bütün insanlar

Qarşında əl çalırlar,

Başlarını yelləyib səni fitə basırlar.

Yerusəlim qızına belə deyirlər:

«Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?»

16Bütün düşmənlərin səni ələ salır,

Fitə basır, diş qıcıdır,

«Onu udduq,

Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.

17Rəbb Öz iradəsini yerinə yetirdi,

Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi.

Səni viran qoydu, aman vermədi,

Düşmənlərini sənin halına sevindirdi,

Yağılarını gücləndirdi.

18Xalq Xudavəndə ürəkdən fəryad etdi,

Ey Sion qızının divarı!

Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın,

Dincəlmə, aç gözlərini, yumulmasın.

19Qalx, gecə fəryad etməyə,

Gecə növbələri başlayarkən

Xudavəndin hüzurunda qəlbini sular kimi açıb tök.

Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə,

Onlar hər tin başında acından huşunu itirir.

20Ya Rəbb, indi bax, xalqının halını gör!

Kiminlə belə rəftar etmisən?

Analar uşaqlarını, əziz balalarınımı yesin?

Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?

21Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır.

Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir.

Qəzəbləndiyin gün onları qətlə çatdırmısan,

Aman vermədən qırmısan.

22Qorxduqlarımı hər yandan çağırmısan,

Elə bil bayrama dəvət etmisən.

Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı,

Onların arasından sağ qalan olmadı,

Sevə-sevə övlad böyütmüşdüm,

Onları düşmənim həlak etdi.

YUXARI
Mərsiyələr 3
Cəza və ümid
1Rəbbin qəzəb dəyənəyindən

Mən əzab çəkirəm,

2O məni apardı,

İşıqda deyil, qaranlıqda gəzdirdi.

3Bütün gün – dəfələrlə qaldırdığı əli

Mənə qarşıdır.

4Ətimi, dərimi çürütdü,

Sümüklərimi sındırdı.

5Məni əzabla, cəfa ilə sarıdı,

Mühasirəyə saldı.

6Çoxdan ölüb-gedənlər kimi

Məni zülmətdə yaşatdı.

7Ətrafımı hər tərəfdən hasara aldı,

Məni zəncirləyib, qaça bilmirəm.

8Fəryad edib mən imdad istəyərkən

O, duamın qarşısına sədd çəkdi.

9Yonma daşlarla yollarımı kəsdi,

Onları dolaşdırdı.

10Mənə ayı kimi pusqu düzəldir,

Gizlənib aslan kimi məni güdür.

11Yoldan sürükləyib məni parçaladı,

Çarəsiz hala saldı.

12Kamanının yayını çəkdi,

Məni Özü üçün bir hədəf etdi.

13Çəkib oxdanından ox atdı,

Böyrəyimə sapladı.

14Gün boyu xalqımın gülüş hədəfinə döndüm,

Məzhəkəli nəğmə ilə məni ələ salırlar.

15O, acı otlardan mənə doyunca yedirtdi,

Yovşan suyunu içirtdi.

16Dişlərimi çınqılla qırdı,

Kül içində məni diz çökdürtdü.

17Salamatlıqdan canımı uzaq etdi,

Yaxşılığı unutdum.

18Dedim: «Üzərimdən əzəmətim getdi,

Rəbdən ümidim kəsildi».

19Əzabımı və sərgərdanlığımı,

Acı yovşanı və zəhəri yada sal.

20Daim onları xatırlayıram,

Ona görə köksümdən ürəyim üzülür.

21Amma bunları yada salarkən

Məndə ümid yaranır.

22Rəbbin məhəbbətinə görə məhv olmadıq,

Çünki mərhəməti tükənməzdir.

23Hər səhər bunlar təzələnir,

Sənin sədaqətin böyükdür.

24Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir»,

Ona görə Rəbbə ümid bəsləyirəm.

25Rəbb Ona güvənənlərə,

Onu axtaran könüllərə xeyirxahdır.

26Rəbbə ümid bəsləmək,

Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.

27Yaxşı olar ki, insan

Boyunduruğunu gənc yaşından daşısın.

28Qoy susub tənha otursun,

Axı Rəbb boynuna boyunduruq salıb.

29Üzünü yerə sürtsün,

Bəlkə hələ ümid var.

30İzin versin, qoy sifətinə vursunlar,

Qoy ona doyunca böhtan atsınlar.

31Çünki Xudavənd əbədilik

Bizi Özündən kənar etməz.

32Qəm-qüssə versə belə,

Bol məhəbbətinə görə rəhmə gələr.

33Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz,

Heç kimi kədərləndirməz.

34Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini,

35Haqq-Taalanın hüzurunda insanın

Öz haqlarından məhrum olmasını,

36İnsanın ədalətdən məhrum olmasını

Xudavənd heç görmürmü?

37Xudavənd əmr verməsə,

Kimin dediyi həyata keçər?

38Həm xeyir, həm də şər,

Haqq-Taalanın əmri ilə gələr.

39Öz günahının cəzasından

Sağ qalan insan niyə şikayətlənir?

40Qoy yollarımıza diqqətlə baxaq,

Rəbbə yenidən üz tutaq.

41Göylərdəki Allaha əllərimizi,

Həm də ürəklərimizi açaq.

42Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik,

Bunu bizə bağışlamadın».

43Qəzəbə bürünmüsən, bizi təqib etmisən,

Aman vermədən öldürmüsən.

44Özünə buludlardan örtük çəkdin,

Onların arasından dua keçmir.

45Xalqlar arasında

Bizi zibilə, tullantıya çevirmisən.

46Bütün düşmənlərimizin bizə qarşı

Ağızları açıldı.

47Dəhşət və çuxur,

Məhv və qırğın birlikdə başımıza gəldi.

48Qırılan əziz xalqıma görə

Gözlərimdən sel kimi yaş axdı.

49Dinmədən, dayanmadan

Gözlərimdən yaş axacaq,

50Rəbb göylərdən aşağıya baxana qədər,

Olanları görənə qədər.

51Şəhərimdəki hər qızın taleyini görərkən

Ürəyimi kədər bürüyür.

52Nahaq yerə mənə düşmən olanlar

Məni quş tək ovladılar.

53Quyuya salıb məni öldürmək istədilər,

Daşqalaq etdilər.

54Sular başımdan aşdı,

Dedim: «Ömrüm sona çatdı».

55Ya Rəbb, ismini

O quyunun dibindən səslədim.

56«Qulağını tıxama, fəryadımı dinlə» deyərkən

Səsimi eşitdin.

57Səni çağıranda yanıma gəldin,

Mənə «qorxma» söylədin.

58Ey Xudavənd, mənim əməlimə baxdın,

Həyatımı satın aldın.

59Ya Rəbb, başıma gətirdikləri şəri gördün,

Bu iş barədə hökmünü ver.

60Mənə bəslədikləri kini,

Mənə qarşı qurulan fəndləri gördün.

61Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin,

Əleyhimə fənd qururlar.

62Əleyhdarlarımın pıçıltısını,

Gün boyu mənə qarşı mırıltısını eşitdin.

63Onların oturuşuna-duruşuna bax,

Onlara məzhəkə nəğməsi olmuşam.

64Ya Rəbb, onların əllərinin əməllərinə görə

Əvəzini verəcəksən.

65Onların qəlbini inadkar et,

Qoy lənətin onların üstünə gəlsin.

66Ya Rəbb, qəzəbinlə onları qov,

Səma altından məhv edib at!


Mərsiyələr 4
Dağılmış Yerusəlim
1Qızıl necə də tutqunlaşdı,

Saf qızıl parıltıdan düşdü.

Müqəddəs daşlar

Hər küçə başına dağılmışlar.

2Sion övladları tərəziyə qoyulanda

Saf qızıldan da qiymətli idi.

İndi isə onlar saxsı qablara,

Dulusçunun əl işinə bərabər olublar.

3Çaqqallar belə, balalarına əmcək verir,

Onları əmizdirir.

Əziz xalqım isə insafı atır,

Səhra dəvəquşularına oxşayır.

4Südəmər körpənin dili

Susuzluqdan damağına yapışır.

Uşaqlar yemək istəyir, verən yoxdur.

5Ən ləziz yeməkləri yeyənlər

İndi küçələrdə taqətdən düşüblər.

Al rəngli paltar geyib-böyüyənlər

Zibillikdə yatırlar.

6Axı əziz xalqımın təqsiri Sodomun günahını keçdi,

Bu şəhər əl toxunmadan

Bir andaca yerlə yeksan oldu.

7Yerusəlimin başçıları qardan da təmiz idi,

Süddən də bəyaz idi,

Vücudları qıpqırmızı yaqut kimi idi,

Zahirən göy yaquta bənzəyirdi.

8İndisə üzləri kömür kimi qaralıb,

Küçələrdə heç birini tanımaq olmur,

Onlar cılızlaşaraq bir sümük, bir də dəri qalıb,

Ağac kimi quruyub.

9Bu aclığın qurbanındansa

Qılınc qurbanı olan bəxtiyardır.

Zəminin məhsulundan məhrum olmuşdular,

Əriyən canlarında can qalmayıb.

10Hətta ən qəlbiyumşaq qadınlar Öz əlləri ilə balalarını bişirirdi.

Əziz xalqım qırılarkən

Balalarının ətini yeyirdi.

11Rəbb hiddətini boşaltdı,

Qızğın qəzəbini yağdırdı,

Sionda alovunu alışdırdı,

Onu təməlinədək yandırıb-yaxdı.

12Dünyada heç bir padşah inanmazdı ki,

Yerusəlimin darvazalarından keçib

Yağılar və düşmənlər

Bu şəhəri zəbt edər.

13Bu iş şəhərdə salehlərin qanının tökülməsi

Peyğəmbərlərin günahları, kahinlərin təqsirləri üzündən oldu,

14Kor kimi küçələrdə dolanırdılar,

Qanla murdar oldular,

Onların libaslarına belə,

Kimsə toxuna bilməz.

15İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun!

İtilin buradan, bizə dəyməyin, rədd olun!»

Onlar qaçqın, sərgərdan dolanarkən

Başqa millətlər deyir: «Bunlar burada qalmasın!»

16Rəbb Özü onları pərən-pərən saldı,

Onlara yenidən baxmaz,

O daha kahinlərə hörmət etmir,

Ağsaqqallara xeyirxahlıq göstərmir.

17Hər an boş yerə yardım gözləməkdən

Gözlərimiz taqətdən düşdü,

Bizi qurtara bilməyən milləti

Hey gözlədik, gəlmədi.

18Ardımızca düşmən düşüb,

Küçələrdə gəzə bilmirik.

Sonumuz çatdı, günlərimiz bitdi,

Aqibətimiz sona yetdi.

19Bizi təqib edənlər

Göylərdəki qartallardan sürətlidirlər,

Dağlarda ardımızca düşdülər,

Pusqu qurub səhrada gözlədilər.

20Rəbbin məsh etdiyi, həyatımızın nəfəsi

Onların xəndəklərində yaxalandı,

Halbuki deyirdik: «Onun kölgəsində

Millətlərin içində yaşayacağıq».

21Ey Us ölkəsində yaşayan Edom xalqı,

Sevin, fərəhlən!

Sən də bu kasadan içəcəksən,

Sərxoş olub, çılpaq qalacaqsan.

22Ey Sion qızı, təqsirinin cəzası sona çatdı,

Rəbb səni bir daha sürgünə göndərməyəcək,

Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq,

Günahlarını meydana çıxaracaq.


Mərsiyələr 5
Mərhəmət duası
1Ya Rəbb, başımıza gələni yada sal

Gör bu xəcalətimizi, buna nəzər sal.

2İrs torpağımız yadellilərin əlinə keçib,

Evlərimiz əcnəbilərə verilib.

3Atalarımız öldü, yetim qaldıq,

Analarımız dul qaldı.

4Suyumuzu pulla alıb içirik,

Pulla odun almağa məcburuq.

5Bizi qovub başımızdan basırlar,

Yorulmuşuq, bizi rahat qoymurlar.

6Doyunca çörək yemək üçün

Misirə, Aşşura əl açmışıq.

7Ata-babalarımız günah işlədərək keçib-getdi,

Təqsirlərinin cəzası üstümüzə yükləndi.

8Qullar bizə hökmran olub,

Bizi onların əlindən qurtaran yoxdur.

9Çöldəki qılınca görə,

Canımız bahasına çörək qazanırıq.

10Aclıq bizi yandırıb-yaxdığına görə

Dərimiz qaralıb, kürəyə bənzəyir.

11Sionda qadınlar,

Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır.

12Başçılar əllərindən asılıb,

Ağsaqqallar hörmətdən düşüb.

13Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir,

Oğlanlar odun yükləri altında səndələyir.

14Şəhər darvazasında ağsaqqallar oturmur,

Gənclər çalğı alətlərində çalmır.

15Ürəyimizdən şadlıq çəkilib,

Oyunlarımız yasa çevrilib.

16Başımızın tacı düşüb,

Vay halımıza! Çünki günah işlətmişik.

17Buna görə ürəklərimiz çəkilib,

Gözlərimiz qaralıb,

18Çünki Sion dağı viran qalıb,

Üstündə tülkülər gəzib-dolaşır.

19Sən isə, ya Rəbb, əbədi hökmransan, Nəsildən-nəslə qədər taxtında oturacaqsan.

20Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən?

Niyə bizi bu qədər uzun müddətə tərk etmisən?

21Ya Rəbb, bizi Özünə qaytar,

Təzədən əvvəlki günlərimizə qayıdaq!

22Yoxsa hüzurundan bizi tamamilə atmısan,

Bizə qarşı hədsiz qəzəblənmisən?

Комментариев нет:

Отправить комментарий