Поиск по этому блогу

2 Padşahlar


2 Padşahlar 1

Rəbbin padşah Axazyanı cəzalandırması
1İsrail padşahı Axavın ölümündən sonra Moav İsrailə qarşı üsyan qaldırdı.  2Padşah Axazya Samariyada olan yuxarı otağındakı barmaqlığı olan pəncərədən yıxılıb yaralandı. O, qasidlərinə «Gedin, Eqron allahı Baal-Zevuvdan soruşun, bu yaram sağalacaqmı?» deyib onları göndərdi.  3Rəbbin mələyi Tişbeli İlyasa dedi: «Qalx Samariya padşahının qasidlərini qarşılamaq üçün çıx və onlara de: “İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etməyə gedirsiniz?”  4Buna görə də Rəbb belə deyir: “Üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» İlyas getdi.  5Qasidlər padşahın yanına qayıtdılar. Padşah onlara dedi: «Niyə geri qayıtdınız?»  6Ona dedilər: «Bir adam bizi qarşılamağa çıxdı və bizə dedi: “Sizi göndərən padşahın yanına qayıdıb ona söyləyin ki, Rəbb belə deyir: ‹İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etmək üçün qasidlər göndərdin?› Buna görə də üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”»  7Padşah onlara dedi: «Sizi qarşılamağa çıxan və sizə bu sözləri söyləyən adam nə qiyafədə idi?»  8 Ona dedilər: «Tüklü bir adam idi, belinə dəri qurşaq bağlamışdı». Padşah dedi: «O, Tişbeli İlyasdır».  9Padşah bir əllibaşı ilə əlli adamını İlyasın yanına göndərdi. Əllibaşı onun yanına qalxdı. İlyas təpənin başında oturmuşdu. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah “aşağı düş” deyir».  10 İlyas əllibaşıya cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən od yağdı, əllibaşı ilə əlli adamını tələf etdi.  11Padşah başqa bir əllibaşı ilə əlli adamını onun yanına göndərdi. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah belə deyir: “Tez aşağı düş”».  12İlyas onlara cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən Allahın odu yağdı, əllibaşı ilə əlli adamını tələf etdi.  13Padşah yenə üçüncü bir əllibaşı ilə əlli adamını göndərdi. Üçüncü əllibaşı qalxıb gəldi, İlyasın qarşısında diz çökdü və ona yalvarıb dedi: «Ey Allah adamı, xahiş edirəm, mənim və bu əlli qulunun canına yazığın gəlsin.  14Göydən od yağıb əvvəl gələn iki əllibaşını və onların hərəsinin əlli adamını tələf etdi. İndi mənim canıma yazığın gəlsin».  15Rəbbin mələyi İlyasa dedi: «Onunla birgə aşağı düş, ondan qorxma». İlyas qalxıb aşağı düşdü və əllibaşı ilə birgə padşahın yanına gəldi.  16Ona dedi: «Rəbb belə deyir: “İsraildə sözünü soruşmağa Allah yoxdur ki, Eqron allahı Baal-Zevuvdan soruşmaq üçün qasidlər göndərdin? Buna görə də üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”»  17İlyasın söylədiyi Rəbbin sözünə görə Axazya öldü. Oğlu olmadığı üçün yerinə Axavın oğlu Yehoram padşah oldu. Bu da Yəhuda padşahı Yehoşafat oğlu Yehoramın padşahlığının ikinci ilində oldu.  18Axazyanın qalan işləri İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.


2 Padşahlar 2
İlyasın göyə aparılması
1Rəbb İlyası qasırğa ilə göyə qaldırmazdan əvvəl İlyas və Elişa Qilqaldan getdilər.  2Onda İlyas Elişaya dedi: «Burada qal, çünki Rəbb məni Bet-Elə göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Bet-Elə getdilər.  3Bet-Eldə olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Rəbbin bu gün sənin ağanı başının üstündən götürəcəyini bilirsənmi?» O dedi: «Bəli, bilirəm, susun».  4İlyas ona dedi: «Elişa, burada qal, çünki Rəbb məni Yerixoya göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Yerixoya gəldilər.  5Yerixoda olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Bilirsənmi, Rəbb bu gün ağanı sənin başın üstündən götürəcək?» O dedi: «Bəli, bilirəm, susun!»  6İlyas ona dedi: «Burada qal, çünki Rəbb məni İordan çayının yanına göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar getdilər.  7Peyğəmbərlərdən əlli adam gedib uzaqda onların qarşısında dayandı. Onlar da İordan çayının yanında dayandılar.  8İlyas cübbəsini götürdü və onu büküb suya vurdu. Su iki yerə ayrıldı və onlar quru yerin üstündən keçdilər.  9 Onlar keçəndən sonra İlyas Elişaya dedi: «Mən sənin yanından götürülməzdən əvvəl məndən bir şey istə, sənin üçün nə edim?» Elişa dedi: «Qoy indi səndə olan ruh ikiqat artıq məndə olsun».  10İlyas dedi: «Sən çətin bir şey istədin. Əgər sənin yanından götürüldüyümü görsən, səninlə belə olacaq, yoxsa bu olmayacaq».  11Onlar danışa-danışa gedərkən qəflətən odlu bir araba və odlu atlar göründü, onları bir-birindən ayırdı və İlyas qasırğa ilə göyə qaldırıldı.  12 Elişa bunu görüb qışqırdı: «Atam, ey atam! İsrailin arabası və atlıları!» O, İlyası daha görməyəndə öz paltarını götürdü və onu cırıb iki yerə böldü.  13Sonra İlyasın əynindən düşən cübbəni götürüb geri döndü və İordan çayının sahilində dayandı.  14İlyasın əynindən düşən cübbəni götürüb suya vurdu və dedi: «İlyasın Allahı Rəbb haradadır?» O da cübbəni suya vuranda su iki yerə ayrıldı. Elişa oradan keçdi.  15Yerixoda olan peyğəmbərlər onu uzaqdan görüb dedilər: «İlyasın ruhunun gücü Elişanın üstünə qondu». Onlar Elişanı qarşılamağa gələrək önündə yerə qədər təzim etdilər.  16Ona dedilər: «Bu qullarının yanında əlli igid var, qoy gedib ağanı axtarsınlar. Bəlkə Rəbbin Ruhu onu qaldırıb dağların yaxud da dərələrin birinə atmışdır?» Elişa dedi: «Göndərməyin».  17Amma onlar o qədər inad etdilər ki, Elişa utanıb dedi: «Göndərin». Əlli nəfər göndərdilər və onlar üç gün axtardılar, ancaq İlyası tapa bilmədilər.  18Sonra Yerixoda qalan Elişanın yanına qayıtdılar. Elişa onlara dedi: «Mən sizə demədim ki, getməyin?»
Elişanın suyu pak etməsi
19Şəhərin adamları Elişaya dedilər: «Ağamın gördüyü kimi bu şəhərin yeri yaxşıdır, ancaq suyu pisdir, torpağı bəhər vermir».  20O dedi: «Mənə təzə bir qab gətirin və onun içinə duz qoyun». Bunu ona gətirdilər.  21O, bulağa çıxdı, duzu oraya atıb dedi: «Rəbb belə deyir: “Bu suları pak edirəm, artıq onda ölüm və bəhərsizlik olmayacaq”».  22Elişanın söylədiyi sözə görə bu su indiyə qədər də pak qalır.
Elişanı lağa qoyan oğlanlar
23Elişa oradan Bet-Elə qalxdı. O, yola düşəndə kiçik oğlanlar şəhərdən çıxdılar və onu lağa qoyub dedilər: «Rədd ol, keçəl, rədd ol, keçəl!»  24O arxaya dönüb oğlanları gördü və onları Rəbbin adı ilə lənətlədi. Meşədən iki dişi ayı çıxıb onlardan qırx iki nəfəri parçaladı. 25Elişa oradan Karmel dağına getdi, oradan da Samariyaya qayıtdı.

2 Padşahlar 3
İsrail padşahı Yehoram
1Yəhuda padşahı Yehoşafatın padşahlığının on səkkizinci ilində Axav oğlu Yehoram Samariyada İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi.  2O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq atası və anası kimi deyildi, çünki atasının düzəltdiyi Baal sütununu yox etdi.  3Ancaq Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan yapışdı, onlardan əl çəkmədi.
Moavlıların üsyan qaldırması
4Moav padşahı Meşanın sürüsü var idi. O, İsrail padşahına yüz min quzu və yüz min qoçun yununu göndərərdi.  5Axavın ölümündən sonra Moav padşahı İsrail padşahına qarşı üsyan qaldırdı.  6O vaxt padşah Yehoram Samariyadan çıxdı və bütün İsrailliləri topladı.  7O gedəndə Yəhuda padşahı Yehoşafata xəbər göndərib dedi: «Moav padşahı mənə qarşı üsyan qaldırdı. Moavlılara qarşı vuruşmaq üçün mənimlə birgə gedərsənmi?» Yehoşafat dedi: «Gedərəm, məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab elə».  8Yehoram dedi: «Hansı yolla çıxaq?» O dedi: «Edom çölünün yolu ilə».  9İsrail padşahı, Yəhuda padşahı və Edom padşahı gedib o yolu yeddi gün dolaşdılar. Əsgərlər və dallarınca gələn heyvanlar üçün su yox idi.  10İsrail padşahı dedi: «Ay aman! Rəbb bu üç padşahı Moavlılara təslim etmək üçün bir yerə çağırıb».  11Yehoşafat dedi: «Burada Rəbbin bir peyğəmbəri yoxdur ki, onun vasitəsilə Rəbdən soruşaq?» İsrail padşahının əyanlarından biri cavab verib dedi: «Şafat oğlu Elişa buradadır. O, İlyasın əlinə su tökərdi».  12Padşah Yehoşafat dedi: «Onda Rəbbin sözü var». Sonra İsrail padşahı, Edom padşahı və Yehoşafat Elişanın yanına enib getdilər.  13Elişa İsrail padşahına dedi: «Məndən sənə nə? Öz ata-ananın peyğəmbərlərinin yanına get». İsrail padşahı ona dedi: «Yox! Bu üç padşahı Moavlılara təslim etmək üçün Rəbb bir yerə çağırıb».  14Elişa dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, Yəhuda padşahı Yehoşafata hörmət etməsəydim, sənin üzünə baxmazdım.  15İndi mənim yanıma çəng çalan bir adam gətirin». Gətirilən adam çəng çalarkən Rəbbin əli Elişanın üzərinə gəldi.  16O dedi: «Rəbb belə deyir: “Bu vadinin hər tərəfində xəndəklər qazın”.  17Çünki Rəbb belə deyir: “Siz külək və yağış görməyəcəksiniz, amma bu vadi su ilə dolacaq. Siz, mal-qaranız və heyvanlarınız doyunca su içəcəksiniz”.  18Bu, Rəbbin gözündə çox asan bir şeydir. O, Moavlıları da sizə təslim edəcək.  19Bütün qalalı şəhərləri və seçmə şəhərləri dağıdacaqsınız, hər yaxşı ağacı kəsəcəksiniz, bütün bulaqların gözünü tutacaqsınız və hər yaxşı tarlanı daşlarla dolduracaqsınız».  20Ertəsi gün səhər təqdim gətirilən zaman birdən Edom yolundan su gəldi və torpaq su ilə doldu.  21Bütün Moavlılar eşitdilər ki, padşahlar onlarla vuruşmağa gəlir. Silah qurşana bilən hər kəsi və daha yaşlı adamları çağırdılar. Onlar sərhəddə dayandılar.  22Moavlılar ertəsi gün səhər tezdən duran zaman günəş çıxıb suların üzərinə şəfəq salmışdı. Onlar qarşılarındakı suları qan kimi qırmızı gördülər.  23O zaman dedilər: «Bu qandır, yəqin padşahlar vuruşub bir-birlərini qırıblar. İndi, ey Moavlılar, qarət etməyə gedək!»  24Onlar İsrail ordugahına gəldilər. İsraillilər qalxıb Moavlıları qırdılar və Moavlılar onların qabağından qaçmağa başladılar. İsraillilər qalxıb Moav torpağını viran etmək üçün hücum etdilər.  25Onlar şəhərləri dağıtdılar, hər yaxşı tarlanı daşlarla doldurdular, bütün bulaqların gözünü tutdular və hər yaxşı ağacı kəsdilər. Yalnız Qir-Xaresetin daşları yerində qaldı, ancaq sapandçılar onu da mühasirəyə alıb vurdular.  26Moav padşahı döyüşdə məğlub olduğunu görəndə özü ilə yeddi yüz nəfər əli qılınclı adam götürdü. Onlar Edom padşahının qoşununu yarmaq istədilər, ancaq bunu edə bilmədilər.  27Sonra o, vəliəhd olan ilk oğlunu götürüb divarın üzərində yandırma qurbanı gətirdi. Onda İsraillilərə qarşı böyük bir qəzəb oyandı, onlar da oranı tərk edib öz ölkələrinə qayıtdılar.


2 Padşahlar 4
Elişanın yoxsul dul qadına kömək etməsi
1Peyğəmbərlərdən olan bir adamın arvadı Elişaya fəryad edərək dedi: «Sənin qulun ərim öldü! Bilirsən ki, o qulun Rəbdən qorxurdu. İndi isə bir borc sahibi iki oğlumu özünə qul etmək üçün gəlmişdi».  2Elişa ona dedi: «Sənin üçün nə edim? Mənə söylə görüm, evində nəyin var?» Qadın dedi: «Bir qab yağdan başqa bu kənizinin evində heç nə yoxdur».  3Elişa dedi: «Get bayırda bütün qonşularından özün üçün boş qablar istə, qoy çox olsun.  4Sonra içəri gir, özünün və oğullarının dalınca qapını bağla, öz yağını bütün bu qablara tök və onları doldurub bir tərəfə qoy».  5Qadın onu tərk edib qapını özünün və oğullarının dalınca bağladı. Oğulları qabları onun yanına gətirdilər, o da doldurdu.  6Qablar dolanda o, oğullarından birinə dedi: «Mənə bir qab da gətir». Oğlu ona dedi: «Daha qab qalmadı». Onda yağ kəsildi.  7Qadın gəlib bunları Allah adamına danışdı, o da dedi: «Get yağı satıb borcunu ödə. Qalanı ilə də oğullarınla birgə dolanarsan».
Elişa və Şunemli varlı qadın
8Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi.  9Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır.  10Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın».  11Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı.  12O, nökəri Gehaziyə dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı və qadın onun qarşısında dayandı.  13Elişa nökərinə dedi: «İndi qadına söylə: “Bizim üçün bu qədər zəhmət çəkmisən. Mən sənin üçün nə edə bilərəm? Sənin barəndə padşahla ya ordu başçısı ilə danışım?”» Gehazi bunu söylədi. Qadın dedi: «Yox, lazım deyil, mən öz xalqımla birgə yaşayıram».  14Elişa dedi: «Elə isə onun üçün nə edə bilərəm?» Gehazi dedi: «Doğrusu, oğlu yoxdur, əri də qocadır».  15Elişa dedi: «Qadını çağır». Gehazi qadını çağırdı və o gəlib qapıda durdu.  16Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Qadın dedi: «Yox, ey ağam Allah adamı, kənizinə yalan söyləmə!»  17Elişanın söylədiyi kimi qadın hamilə oldu və bir il sonra həmin fəsildə bir oğlan doğdu.  18Uşaq böyüdü. O, bir gün biçinçilərlə birgə işləyən atasının yanına getdi.  19O, atasına «Başım ağrıyır, başım!» dedi. Atası nökərə dedi: «Onu anasının yanına apar».  20Nökər onu götürüb anasının yanına gətirdi. O, günortaya qədər anasının dizləri üstündə qaldı və sonra öldü.  21Qadın yuxarı çıxıb uşağı Allah adamının yatağı üstünə uzandırdı, sonra qapını dalınca örtüb çıxdı.  22O, ərini çağırıb dedi: «Nökərlərindən biri ilə mənə bir eşşək göndər. Tez Allah adamının yanına gedib-qayıdacağam».  23Əri dedi: «Nə üçün bu gün onun yanına gedirsən? Nə Təzə Ay mərasimi, nə də Şənbə günüdür». Qadın dedi: «Eybi yox».  24O, eşşəyi palanlayıb nökərinə dedi: «Sür və mən sənə deməyincə dayanma».  25O getdi və Karmel dağına, Allah adamının yanına gəldi. Allah adamı qadını uzaqdan gördükdə nökəri Gehaziyə dedi: «Şunemli qadın buraya gəlir.  26İndi onun qabağına qaçıb soruş: “Necəsən, yaxşısanmı, ərin və oğlun yaxşıdırmı?”» O gedib soruşdu. Qadın dedi: «Yaxşıyıq».  27Qadın dağa çıxıb Allah adamının yanına gəldi və onun ayaqlarına sarıldı. Gehazi onu geri itələmək üçün yaxınlaşdı, ancaq Allah adamı dedi: «Onu burax, çünki ürəyi kədərlidir, ancaq Rəbb bunun səbəbini gizlətdi və mənə bildirmədi».  28Qadın dedi: «Mən ağamdan uşaq istədimmi? “Məni aldatma” demədimmi?»  29Elişa Gehaziyə dedi: «Belini qurşa və əsamı əlinə götürüb get. Əgər bir adamla rastlaşsan, ona salam vermə və sənə salam verənin salamını alma. Get, əsamı oğlanın üzünün üstünə qoy».  30Oğlanın anası dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Elişa qalxıb onun dalınca getdi.  31Gehazi onlardan qabaq getdi və əsanı oğlanın üzünün üstünə qoydu, ancaq nə bir səs, nə də bir cavab oldu. Gehazi Elişanı qarşılamaq üçün geri döndü və «oğlan dirilmədi» deyə ona bildirdi.  32Elişa evə girdi. Ölən oğlan onun yatağı üstündə uzanmışdı.  33O içəri girib qapını onların üzünə bağladı və Rəbbə dua etdi.  34Sonra yatağa qalxıb uşağın üstünə əyildi. Ağzını onun ağzının, gözlərini onun gözlərinin, ovuclarını onun ovuclarının üstünə qoydu. Uşağın bədəni isindi.  35Elişa yataqdan düşüb otaqda o tərəf-bu tərəfə gəzdi. Sonra yenə yatağa qalxıb onun üstünə əyildi. Oğlan yeddi dəfə asqırıb gözlərini açdı.  36Elişa Gehazini çağırıb dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı. Qadın Elişanın yanına gələndə o dedi: «Al oğlunu».  37Qadın gəlib Elişanın ayaqlarına düşərək yerə qədər əyildi və oğlunu götürüb getdi.
Elişanın şorbanı pak etməsi
38Elişa yenə Qilqala gəldi. Vilayətdə aclıq idi. Peyğəmbərlər onun önündə oturmuşdular. O, nökərinə dedi: «Böyük qazanı ocağa qoy və peyğəmbərlər üçün şorba bişir».  39Onlardan biri ot yığmaq üçün çölə çıxdı. Bir çöl tənəyi tapıb ondan ətək dolusu yabanı balqabaq yığdı və gətirib şorba qazanına doğradı. Bunun nə olduğunu bilməyərək  40yemək üçün adamlara verdilər. Şorba yeyənlər qışqırıb dedilər: «Qazandakı yeməkdən yesək, ölərik, ey Allah adamı!» Heç kəs ondan yeyə bilmədi.  41Elişa dedi: «Elə isə un gətirin». Sonra onu qazana atıb dedi: «Adamlar üçün tök, yesinlər». Qazanda zərərli bir şey olmadı.
Elişanın yüz adama çörək verməsi
42Baal-Şalişadan bir adam gəldi. O, Allah adamı üçün ilk nübardan bişirilən iyirmi kömbə arpa çörəyi və təzə sünbülləri torbada gətirdi. Elişa dedi: «Adamlara ver, yesinlər».  43Onun qulluqçusu dedi: «Bunu yüz adamın qabağına necə qoyaq?» Elişa dedi: «Adamlara ver, yesinlər. Çünki Rəbb belə deyir: “Yeyəcəklər, hələ artıq da qalacaq”».  44Yeməyi onların qabağına qoydular. Rəbbin dediyi kimi onlar yedilər və yemək artıq qaldı.


2 Padşahlar 5
Naamanın cüzamdan şəfa tapması
1Aram padşahının ordu başçısı Naaman ağasının yanında hörmət və etibar sahibi idi, çünki Rəbb onun vasitəsilə Arama qurtuluş vermişdi. O, cəsur bir döyüşçü idi, ancaq cüzamlı idi.  2Aramlılar dəstələrlə çıxıb İsrail torpağından kiçik bir qızı əsir götürmüşdülər. Bu qız Naamanın arvadının yanında qalırdı.  3O, xanımına dedi: «Kaş ki ağam Samariyada peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi».  4Naaman gedib «İsrail torpağından olan qız belə-belə söylədi» deyə ağasına bildirdi.  5Aram padşahı dedi: «Get, mən İsrail padşahına bir məktub göndərərəm». Naaman özü ilə altı min şekel qızıl, on talant gümüş və on dəst paltar götürüb getdi.  6Məktubu da İsrail padşahına gətirdi. Orada belə yazılmışdı: «İndi bu məktubla bərabər qulum Naamanı da yanına göndərirəm ki, sən onun cüzamına şəfa verəsən».  7İsrail padşahı məktubu oxuyanda paltarını cırıb dedi: «Məgər mən öldürüb-dirildən Allaham? Niyə bu adam cüzamına şəfa vermək üçün mənim yanıma adam göndərir? Baxarsınız, mənimlə dava etmək üçün bəhanə axtarır».  8Allah adamı Elişa İsrail padşahının öz paltarını cırdığını eşidəndə ona xəbər göndərib dedi: «Nə üçün paltarını cırdın? Qoy indi o mənim yanıma gəlsin və bilsin ki, İsraildə bir peyğəmbər var».  9Naaman atları və döyüş arabası ilə gəldi və Elişanın evinin qapısında dayandı.  10Elişa onun yanına qasid göndərib dedi: «Get, İordan çayında yeddi dəfə yuyun ki, bədənin sağalıb tər-təmiz olsun».  11Ancaq Naaman acıqlanıb getdi və dedi: «Mən güman edirdim ki, mütləq bayıra çıxıb yanıma gələcək, durub Allahı Rəbbin adı ilə çağıracaq və əlini cüzamlı yerin üzərində yelləyib şəfa verəcək.  12Dəməşqin çayları Avana və Parpar İsrailin bütün sularından daha yaxşı deyilmi? Onlarda yuyunub təmiz ola bilməzdimmi?» O hirslə dönüb getdi.  13Naamanın adamları onun yanına gəlib dedilər: «Ey atamız, əgər peyğəmbər sənə böyük bir şey əmr etsəydi, ona əməl etməzdinmi? O yalnız sənə “yuyun və təmiz ol” deyir».  14Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu.  15Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur bu qulunun hədiyyəsini götür».  16Lakin Elişa dedi: «Önündə durduğum var olan Rəbbə and olsun ki, heç nə götürməyəcəyəm». Naaman götürməyi təkid etdi, ancaq Elişa istəmədi.  17Naaman dedi: «Əgər götürmürsənsə, onda qoy bu quluna buradan iki qatır yükü torpaq verilsin. Çünki bu qulun artıq başqa allahlara deyil, yalnız Rəbbə yandırma qurbanları və təqdimlər gətirəcək.  18Ancaq Rəbb bu işi quluna bağışlasın: ağam padşah səcdə etmək üçün Rimmon məbədinə girəndə mən onun sağında durmalıyam, onda Rimmon məbədində mən də səcdə etməliyəm. Orada səcdə etdiyimi Rəbb quluna bağışlasın».  19Elişa ona dedi: «Sağ-salamat get». Naaman onun yanından çıxıb bir az yol getdi.  20Allah adamı Elişanın nökəri Gehazi dedi: «Ağam gətirdiyi şeyi bu Aramlı Naamandan götürmək istəmədi. Var olan Rəbbə and olsun ki, onun dalınca qaçıb ondan nəsə alacağam».  21Gehazi Naamanın dalınca qaçdı. Naaman dalınca bir nəfərin gəldiyini görəndə onu qarşılamaq üçün arabadan düşüb dedi: «Xeyir ola?»  22Gehazi dedi: «Xeyirdir. Ağam məni göndərdi ki, sənə deyim: “Elə indicə Efrayimin dağlıq bölgəsindən yanıma peyğəmbərlərdən olan iki cavan oğlan gəldi. Xahiş edirəm, onlara bir talant gümüş və iki dəst paltar ver”».  23Naaman dedi: «Buyur iki talant götür». Ona təkid edərək iki talant gümüşü iki torbaya qoyub bağladı və iki dəst paltarla birgə nökərlərindən ikisinə verdi. Nökərlər Gehazinin qabağında gedib bunları daşıdılar.  24Təpəyə çatanda Gehazi şeyləri onların əlindən alıb evinə qoydu. Nökərləri geri göndərdi və onlar getdilər.  25Sonra ağası Elişanın yanına gedib önündə dayandı. Elişa ondan soruşdu: «Haradan gəlirsən, Gehazi?» Gehazi dedi: «Bu qulun heç yerə getməyib».  26Elişa ona dedi: «O adam səni qarşılamaq üçün arabasından düşəndə ürəyim orada deyildimi? İndi gümüş götürmək, paltar, zeytun və üzüm bağları, qoyun-keçi, mal-qara, qullar və kənizlər almaq vaxtıdırmı?  27Buna görə də Naamanın cüzamı əbədi olaraq sənə və sənin nəslinə yapışacaq». Gehazi qar kimi cüzamlı olub onun hüzurundan çıxdı.


2 Padşahlar 6
Baltanın su üzərinə çıxması
1Peyğəmbərlər Elişaya dedilər: «Bax indi sənin yanında qaldığımız yer bizə dardır.  2Qoy İordan çayının kənarına gedək, hərəmiz bir ağac kəsib gətirək və qalmaq üçün orada özümüzə yer düzəldək». Elişa «gedin» dedi.  3Onlardan biri dedi: «Xahiş edirəm, sən də bu qullarınla gəl». Elişa «gələrəm» deyib  4onlarla getdi. Onlar İordan çayının kənarına gəldilər və ağac kəsməyə başladılar.  5Onlardan biri ağac kəsərkən baltanın dəmiri suya düşdü. O qışqırıb dedi: «Vay, ağam! Onu borc almışdım».  6Allah adamı dedi: «Hara düşdü?» O, Elişaya həmin yeri göstərdi. Elişa bir budaq kəsib oraya atdı və dəmir suyun üzərinə çıxdı.  7Elişa «onu qaldır» dedi. Həmin adam əlini uzadıb onu qaldırdı.
Elişanın Aram ordusunu əsir alması
8Aram padşahı İsrailə qarşı vuruşduğu zaman əyanları ilə məsləhətləşib dedi: «Filan yerdə ordugah quracağam».  9Allah adamı İsrail padşahına xəbər göndərib dedi: «O yerdən keçmə, çünki Aramlılar oraya enirlər».  10İsrail padşahı Allah adamının dediyi yerə xəbər göndərdi. Beləcə padşah onun xəbərdarlıq etdiyi yerlərdə dəfələrlə özünü qorudu.  11Aram padşahı bundan çox qəzəbləndi və əyanlarını çağırıb onlara dedi: «Mənə deyin görək, bizimkilərdən İsrail padşahına tərəfdar olan kimdir?»  12Əyanlardan biri dedi: «Heç kim, ağam padşah. Bunları İsrail padşahına bildirən İsraildə olan peyğəmbər Elişadır. O hətta yataq otağında söylədiyin sözləri ona çatdırır».  13Padşah dedi: «Gedin görün, o haradadır, mən onu bura gətirtdirəcəyəm». Padşaha «o, Dotandadır» deyə bildirdilər.  14Padşah atlar, döyüş arabaları və çoxlu qoşun göndərdi və onlar gecə ikən gəlib şəhəri əhatəyə aldılar.  15Allah adamının qulluqçusu səhər tezdən durub bayıra çıxdı və şəhərin ətrafında qoşunun, atların və döyüş arabalarının olduğunu gördü. O, Elişaya dedi: «Vay, ağam, nə edəcəyik?»  16O dedi: «Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur».  17Sonra Elişa dua edib dedi: «Ya Rəbb, onun gözlərini aç ki, görsün». Rəbb nökərin gözlərini açdı və o gördü ki, dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı.  18Qoşun ona tərəf enəndə Elişa Rəbbə dua edib dedi: «Bu adamları kor et». Elişanın sözünə görə Rəbb onları kor etdi.  19Elişa onlara dedi: «Yol bu deyil, şəhər də bu deyil. Ardımca gəlin, sizi axtardığınız adamın yanına aparım». Elişa onları Samariyaya gətirdi.  20Onlar Samariyaya girəndə Elişa dedi: «Ya Rəbb, onların gözlərini aç ki, görsünlər». Rəbb onların gözlərini açdı və onlar gördülər ki, Samariyanın ortasındadırlar.  21İsrail padşahı onları görəndə Elişaya dedi: «Mənim atam, onları qırıb məhv edimmi?»  22Elişa dedi: «Yox, qırma. Məgər bu adamları sən qılıncın və ox-kamanınla əsir etmisən ki, qırmağa haqqın olsun? Onların qabağına çörək və su qoy ki, yeyib-içsinlər və sonra öz ağalarının yanına getsinlər».  23O, Aramlılar üçün böyük bir ziyafət verdi və onlar yeyib-içdilər. Sonra onları öz ağalarının yanına göndərdi. Aramlıların dəstələri bir daha İsrail torpağına gəlmədi.
Samariyada aclıq
24Bir müddət sonra Aram padşahı Ben-Hadad bütün ordusunu toplayıb çıxdı və Samariyanı mühasirəyə aldı.  25Samariyada böyük bir aclıq oldu. Çünki şəhəri o qədər mühasirədə saxlamışdılar ki, bir eşşək başı səksən şekel gümüşə və bir kabın dörddə biri qədər göyərçin peyini beş şekel gümüşə satılırdı.  26Bir dəfə İsrail padşahı qala divarının üstündən keçəndə bir qadın fəryad edib ona dedi: «Ağam padşah, kömək et!»  27Padşah dedi: «Rəbb sənə kömək etməsə, mən sənə necə kömək edim? Xırmandan yoxsa üzümsıxandan?»  28Sonra padşah ona dedi: «Nə istəyirsən?» O dedi: «Bu qadın mənə demişdi: “Sən öz oğlunu ver, bu gün yeyək, mənim oğlumu isə sabah yeyərik”.  29 Oğlumu bişirib yedik. Ertəsi gün ona dedim: “Öz oğlunu ver, yeyək”. Ancaq o, oğlunu gizlətdi».  30Padşah qadının sözlərini eşidəndə paltarını cırdı. O bu vaxt qala divarının üstündən keçirdi və xalq gördü ki, onun əynində çul var.  31Padşah dedi: «Əgər bu gün Şafat oğlu Elişanın başı çiyni üstündə qalsa, Allah mənə beləsini və bundan betərini eləsin».  32Elişa öz evində oturmuşdu, ağsaqqallar da onun yanında əyləşmişdi. Padşah hüzurundan bir qasid göndərdi. Amma qasid yanına gəlməzdən qabaq Elişa ağsaqqallara dedi: «Görürsünüzmü, bu qatil mənim boynumu vurmaq üçün adam göndərir! Baxın qasid gələndə qapını bağlayın və onu içəri buraxmayın. Onun arxasınca ağasının da ayaq səsləri gələcək!»  33Elişa hələ danışarkən qasid onun yanına gəlib dedi: «Bax bu bəlanı göndərən Rəbdir. Nə üçün daha Rəbdən kömək gözləyək?»


2 Padşahlar 7
1Elişa dedi: «Rəbbin sözünü eşidin, Rəbb belə deyir: “Sabah bu vaxt Samariya darvazasında bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satılacaq”».  2Padşahın sağında duran köməkçi Allah adamına cavab verib dedi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə dedi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».
Mühasirənin sonu
3Şəhər darvazasının önündə dörd cüzamlı adam var idi. Onlar bir-birlərinə dedilər: «Nə üçün biz ölənə qədər burada oturub qalmalıyıq?  4Əgər şəhərə girsək, şəhərdə olan aclıqdan öləcəyik, burada qalsaq, burada öləcəyik. Onda Aramlıların ordugahına gedib təslim olaq. Əgər bizi sağ buraxsalar, sağ qalarıq, öldürsələr, ölərik».  5Onlar Aramlıların ordugahına getmək üçün axşam alaqaranlığında qalxıb onun kənarına gəldilər. Orada heç kəs yox idi.  6Rəbb Aramlıların ordusuna döyüş arabalarının gurultusunu, atların tappıltısını və böyük ordunun səsini eşitdirmişdi. Onlar bir-birlərinə söyləmişdilər: «İsrail padşahı Xet və Misir padşahlarını muzdla tutmuşdur ki, bizim üstümüzə gəlsinlər».  7Onlar axşam alaqaranlığında qalxıb qaçmışdılar. Çadırlarını, atlarını, eşşəklərini – bütün ordugahı olduğu kimi buraxıb getmişdilər. Beləcə canlarını qurtarmaq üçün qaçmışdılar.  8Bu cüzamlılar ordugahın kənarına gəlib bir çadıra girdilər və yeyib-içdilər. Oradan qızıl-gümüş, paltar götürüb getdilər və onları gizlətdilər. Sonra qayıdıb başqa bir çadıra girdilər. Oradan da şeylər götürüb getdilər və onları da gizlətdilər.  9Onlar bir-birlərinə dedilər: «Biz yaxşı eləmirik, bu gün müjdə günüdür, biz isə susuruq. Səhər açılana qədər gözləməyə haqqımız yoxdur, indi gedək, saray adamlarına bu xəbəri bildirək».  10Onlar gəlib şəhərin qapıçılarını səslədilər və onlara bildirib dedilər: «Aramlıların ordugahına getdik, orada heç kəs yox idi və insan səsi də gəlmirdi. Ancaq bağlı atlar, bağlı eşşəklər və olduğu kimi qalan çadırlar var idi».  11Qapıçılar da qışqırıb bu xəbəri saray içərisində olan adamlara bildirdilər.  12Padşah gecə ikən qalxıb əyanlarına dedi: «Aramlıların bizə nə etmək istədiklərini indi sizə deyərəm: onlar bilirlər ki, biz acıq, buna görə də ordugahdan çıxıb çöldə gizlənmişlər və “şəhərdən çıxanda onları diri tutarıq və şəhərə girərik” deyə düşünürlər».  13Əyanlardan biri cavab verib dedi: «Qoy bir neçə adam şəhərdə qalmış atlardan beşini götürsün və onları göndərək, gedib görsünlər. Onların da aqibəti qalan bütün İsrail camaatının aqibəti kimi olacaq, çünki bütün İsrail camaatı həlak olacaq».  14Onlar atlar qoşulmuş iki döyüş arabası götürdülər. Padşah «gedin görün» deyib onları Aram ordusunun dalınca göndərdi.  15Onlar Aramlıların dalınca İordan çayına qədər getdilər. Bütün yol Aramlıların tələsik qaçdıqları vaxt atdıqları geyim və əşyalarla dolu idi. Qasidlər geri qayıdıb padşaha bu xəbəri bildirdilər.  16Xalq çıxıb Aramlıların ordugahını qarət etdi. Rəbbin sözünə görə bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satıldı.  17Padşah sağında duran köməkçini darvazanın ağzına qoymuşdu. Padşah Allah adamının yanına enib gəldiyi zaman onun söylədiyi kimi xalq padşahın köməkçisini darvazanın ağzında tapdaladı və o öldü.  18Allah adamının padşaha söylədiyi kimi oldu. O demişdi: «Sabah bu vaxt Samariya darvazasında iki sea arpa bir şekelə və bir sea narın un bir şekelə satılacaq».  19Padşahın köməkçisi də Allah adamına cavab verib demişdi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə demişdi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».  20Həmin şey də onun başına gəldi: xalq onu darvazanın ağzında tapdaladı və o öldü.

2 Padşahlar 8
Şunemli qadının qayıtması
(2Saln. 21:1-20)
1Elişa oğlunu diriltdiyi qadına demişdi: «Qalx öz ev adamlarınla birgə get və qala biləcəyin yerdə qal. Çünki Rəbb qərar verdi ki, yeddi il ölkədə aclıq olacaq».  2Qadın Allah adamının sözünə əməl etmişdi və ev adamları ilə birgə gedib Filiştlilərin ölkəsində yeddi il qalmışdı.  3Bu müddətdən sonra qadın Filiştlilərin ölkəsindən qayıtdı. O, evini və tarlasını istəmək üçün padşahın yanına getdi.  4O vaxt padşah Allah adamının nökəri Gehazi ilə danışaraq ona deyirdi: «Buyur Elişanın etdiyi bütün böyük işləri mənə danış».  5O, Elişanın ölünü necə diriltdiyini padşaha danışdığı vaxt oğlu dirilən qadın da evini və tarlasını istəmək üçün padşaha yalvarmağa başladı. Gehazi dedi: «Ağam padşah, o qadın budur, Elişanın diriltdiyi oğlu da yanındadır».  6Padşah qadından soruşanda o, padşaha hər şeyi danışdı. Padşah ona bir saray xidmətçisi verib dedi: «Onun hər şeyini qaytar, ölkəni tərk etdiyi gündən indiyə qədər tarlasının yetirdiyi bütün məhsulu ona ver».
Elişa və Aram padşahları
7Elişa Dəməşqə gəldi. Aram padşahı Ben-Hadad xəstə idi. «Allah adamı buraya gəlib» deyə ona bildirdilər.  8Padşah Xazaelə dedi: «Bir hədiyyə götürüb Allah adamını qarşılamağa get. “Bu xəstəlikdən sağalacağammı?” deyib onun vasitəsilə Rəbdən soruş».  9Xazael onu qarşılamağa getdi. Əlindəki hədiyyə ilə birgə Dəməşqin bütün yaxşı şeylərindən qırx dəvə yükü hədiyyə götürüb gəldi və onun önündə durub dedi: «Oğlun Aram padşahı Ben-Hadad “Bu xəstəlikdən sağalacağammı?” deyib məni sənin yanına göndərdi».  10Elişa ona dedi: «Get, ona “mütləq sağalacaqsan” söylə. Ancaq Rəbb mənə göstərdi ki, o mütləq öləcək».  11Allah adamı Xazaeli utandırana kimi gözünü onun üzünə dikdi və sonra ağladı.  12Xazael dedi: «Ağam nə üçün ağlayır?» O dedi: «Ona görə ki İsraillilərə sənin edəcəyin pisliyi bilirəm: onların qalalarına od vuracaqsan, cavanlarını qılıncla öldürəcəksən, uşaqlarını daşlara çırpacaqsan və hamilə qadınlarını doğrayacaqsan».  13 Xazael dedi: «Bu köpək qulun kimdir ki, bu böyük işi etsin?» Elişa dedi: «Rəbb mənə göstərdi ki, sən Aram üzərində padşah olacaqsan».  14Xazael Elişanı tərk edib ağasının yanına gəldi. Ağası ondan soruşdu: «Elişa sənə nə dedi?» O cavab verdi: «Mənə dedi ki, sən mütləq sağalacaqsan».  15Ertəsi gün Xazael bir örtük götürüb suya batırdı, ağasının üzünün üstünə çəkdi və o boğulub öldü. Onun yerinə Xazael padşah oldu.
Yəhuda padşahı Yehoram
(2Saln. 21:1-20)
16İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının beşinci ilində, Yehoşafat Yəhuda padşahı olanda onun oğlu Yehoram da onunla birgə padşah oldu.  17O, padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi.  18Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.  19 Ancaq Rəbb Öz qulu Davudun xatirinə Yəhudalıları məhv etmək istəmədi, çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.  20 Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular.  21Yehoram bütün döyüş arabaları ilə birgə Sairə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı, lakin xalq öz torpağına qaçdı.  22Beləcə Edomlular üsyan qaldırdılar, bu günə qədər də Yəhudanın əsarəti altında deyillər. Həmin vaxt Livnalılar da üsyan qaldırmışdılar.  23Yehoramın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  24Yehoram ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axazya padşah oldu.
Yəhuda padşahı Axazya
(2Saln. 22:1-6)
25İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının on ikinci ilində Yehoram oğlu Axazya Yəhuda üzərində padşah oldu.  26Axazya padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası İsrail padşahı Omrinin nəvəsi olub adı Atalya idi.  27Axazya da Axav nəslinin yolu ilə getdi və onlar kimi Rəbbin gözündə pis olan işlər etdi, çünki Axav nəslinin kürəkəni idi.  28O, Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladılar.  29Padşah Yehoram Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o, yaralı idi.

2 Padşahlar 9
İsrail padşahı Yehu
1Peyğəmbər Elişa peyğəmbərlərdən birini çağırıb ona demişdi: «Belini qurşa və bu yağ qabını əlinə alıb Ramot-Gileada get.  2Oraya çatınca Nimşi oğlu Yehoşafat oğlu Yehunu tap. Girib onu yoldaşlarının arasından çağır və içəri otağa apar.  3Yağ qabını götür və yağı onun başına töküb söylə: “Rəbb belə deyir: ‹Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim›”. Sonra qapını açıb qaç və orada durma».  4Peyğəmbərin nökəri olan bu cavan oğlan Ramot-Gileada getdi.  5Oraya gəlib gördü ki, qoşun başçıları burada oturmuşlar. O dedi: «Ey rəis, sənə sözüm var». Yehu dedi: «Aramızdan kimə?» Nökər dedi: «Ey rəis, sənə».  6 Yehu qalxıb içəri girdi. Nökər yağı onun başına töküb dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Səni Rəbbin xalqı olan İsrail üzərində padşah olmaq üçün məsh etdim.  7Ağan Axavın nəslini qırıb məhv edəcəksən. Qullarım peyğəmbərlərin və Rəbbin bütün qullarının qanı üçün Mən İzeveldən qisasımı alacağam.  8Bütün Axav nəsli məhv olacaq: İsraildə Axavdan divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam.  9Axavın nəslini Nevat oğlu Yarovamın və Axiya oğlu Baaşanın nəsilləri kimi edəcəyəm.  10 İzeveli isə İzreel tarlasında köpəklər yeyəcək və onu basdıran olmayacaq”». Sonra o, qapını açıb qaçdı.  11Yehu çıxıb ağasının adamlarının yanına gəldi. Onlardan biri Yehuya dedi: «Xeyir ola? Bu dəli sənin yanına nə üçün gəlib?» Yehu onlara dedi: «Onun necə adam olduğunu və nə deyəcəyini bilirsiniz».  12Onlar dedilər: «Yalan deyirsən! Onun nə dediyini bizə bildir». Yehu dedi: «Mənə söylədi ki, Rəbb belə deyir: “Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim”».  13Hamı tez qalxıb öz paltarını götürdü və onları pilləkənin üstünə – Yehunun ayağı altına sərdi. Onlar şeypur çalıb «Yehu padşahdır!» dedilər.
Yehunun Yehoramı öldürməsi
14Nimşi oğlu Yehoşafat oğlu Yehu Yehorama qəsd hazırladı. O vaxt Yehoram və onunla birgə bütün İsraillilər Ramot-Gileadı Aram padşahı Xazaelin hücumundan qoruyurdular.  15 Ancaq padşah Yehoram Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtmışdı. Yehu dedi: «Əgər siz mənimlə razısınızsa, qoy şəhəri heç kəs tərk etməsin ki, bu xəbər İzreelə gedib çatmasın».  16Yehu arabaya minib İzreelə getdi, çünki Yehoram orada yatırdı. Yəhuda padşahı Axazya Yehoramı görmək üçün gəlmişdi.  17İzreeldəki qüllə üzərində duran gözətçi Yehunun oraya yaxınlaşan qoşununu görüb dedi: «Qoşun görürəm». Yehoram dedi: «Bir atlı götürüb onları qarşılamağa göndər ki, soruşsun: “Xeyir ola?”»  18Bir atlı Yehunu qarşılamağa getdi və ona dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl». Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır».  19İkinci atlını göndərdilər, o da Yehunun yanına gəlib dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl».  20Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır. Araba sürməyi Nimşi oğlu Yehunun sürməyinə oxşayır, çünki o dəli kimi sürür».  21Yehoram dedi: «Arabamı qoş». Onun arabasını qoşdular. İsrail padşahı Yehoram və Yəhuda padşahı Axazya öz arabalarında Yehunu qarşılamağa çıxdılar və İzreelli Navotun tarlasında onunla rastlaşdılar.  22Yehoram Yehunu görəndə soruşdu: «Xeyir ola, Yehu?» Yehu dedi: «Anan İzevelin xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?»  23Yehoram arabasını döndərdi və Axazyaya «Xəyanət, ey Axazya!» deyib qaçdı.  24Yehu ox-kamanını çəkdi və Yehoramı kürəyindən vurdu. Ox onun ürəyindən keçib çıxdı və o öz arabasına yıxıldı.  25Yehu padşahın köməkçisi Bidqara dedi: «Onu götürüb İzreelli Navotun tarlasına at. Yadına sal, mən səninlə birgə onun atası Axavın dalınca gedərkən Rəbb ona qarşı belə söyləmişdi:  26 “Navotun və onun oğullarının qanı dünən Mənim gözümün qabağına gəldi” bəyan edir Rəbb. “Səndən bu tarlada qisas alacağam” bəyan edir Rəbb. İndi Rəbbin sözünə görə onu götürüb tarlaya at».
Yehunun Yəhuda padşahı Axazyanı öldürməsi
27Yəhuda padşahı Axazya bunu gördükdə Bet-Haqqan yolu ilə qaçdı. Yehu onu təqib edib dedi: «Onu da vurun». İvleam yanında olan Qur yoxuşunda onu arabada vurdular. O, Megiddoya qaçıb orada öldü.  28Adamları onu araba ilə Yerusəlimə gətirdilər və Davudun şəhərində, atalarının yanında, öz qəbrində basdırdılar.  29Axav oğlu Yehoramın padşahlığının on birinci ilində Axazya Yəhuda üzərində padşah olmuşdu.
Yehunun İzeveli öldürməsi
30Yehu İzreelə gəldi. İzevel bunu eşitdi. O, gözlərinə sürmə çəkib başına bəzək vurdu və pəncərədən boylanıb baxdı.  31Yehu darvazadan girəndə İzevel dedi: «Xeyir ola, ey öz ağasını öldürən Zimri?»  32Yehu üzünü pəncərəyə doğru qaldırıb dedi: «Kim mənimlədir, kim?» İki-üç saray xidmətçisi boylanıb ona baxdı.  33Yehu dedi: «Onu aşağı atın». İzeveli aşağı atdılar. Qanı divarın və atların üstünə sıçradı və atlar onun cəsədini tapdaladı.  34Yehu içəri girərək yeyib-içdi və dedi: «Bu lənətə gəlmiş qadını götürüb basdırın, çünki padşah qızıdır».  35Onlar İzeveli basdırmaq üçün getdilər. Ancaq onun kəlləsindən, ayaqlarından və ovuclarından başqa heç nə tapmadılar.  36 Geri qayıdıb Yehuya söylədilər. O dedi: «Qulu Tişbeli İlyas vasitəsilə Rəbbin söylədiyi söz belədir: “İzreel tarlasında İzevelin ətini köpəklər yeyəcək.  37İzevelin cəsədi İzreel tarlasına tökülmüş peyin kimi olacaq və heç kəs deyə bilməyəcək ki, bu, İzeveldir”».


2 Padşahlar 10
Yehunun şahzadələri öldürməsi
1Samariyada Axavın nəslindən olan yetmiş nəfər şahzadə var idi. Yehu İzreel başçılarına, ağsaqqallara və Axavın nəslindən olan uşaqların himayəçilərinə məktublar yazıb Samariyaya göndərdi. O belə yazdı:  2«Ağanızın şahzadələri sizin yanınızdadır, döyüş arabalarınız və atlarınız, qalalı şəhəriniz və silahlarınız var. Bu məktub sizə çatanda  3ağanızın şahzadələrindən ən yaxşısını, ən layiqlisini seçib onu atasının taxtında oturdun və ağanızın nəsli üçün vuruşun».  4Onlar çox qorxub dedilər: «İki padşah ona qarşı dayana bilmədi, biz necə dayanacağıq?»  5Saray rəisi, şəhər başçısı, ağsaqqallar və himayəçilər Yehuya xəbər göndərib dedilər: «Biz sənin qullarınıq və bizə dediyin hər şeyi edərik, heç kəsi də padşah etməyəcəyik. Sən nə istəyirsən, onu da et».  6Yehu ikinci məktubunda onlara belə yazdı: «Əgər siz mənimlə razı olub sözümə qulaq asırsınızsa, ağanızın şahzadələrinin başlarını götürüb sabah bu vaxt İzreelə, yanıma gəlin». Yetmiş nəfər şahzadə onları tərbiyə edən şəhərin böyük adamlarının yanında qalırdı.  7Məktub onlara çatanda onlar yetmiş nəfər şahzadəni tutub öldürdülər və başlarını səbətlərə qoyub İzreelə, Yehuya göndərdilər.  8Qasid gəldi və ona bildirib dedi: «Şahzadələrin başlarını gətirdilər». Yehu dedi: «Onları iki qalaq edib darvazanın girişində səhərə qədər qoyun».  9Səhəri gün Yehu bayıra çıxdı və qalxıb bütün xalqa dedi: «Sizin təqsiriniz yoxdur. Ağama mən qəsd hazırladım və onu mən öldürdüm. Bəs bunların hamısını kim qırdı?  10Onda bilin ki, Axavın nəslinə qarşı Rəbbin söylədiyi sözlərdən heç biri hədər gedə bilməz. Rəbb Öz qulu İlyas vasitəsilə söylədiyi işi etmişdir».  11 Yehu Axavın İzreeldəki sarayında olan adamlardan sağ qalanların hamısını – onun bütün böyüklərini, yaxın adamlarını və kahinlərini qırdı, bir adamını da sağ buraxmadı.
Yehu padşah Axazyanın qohumlarını öldürür
12Yehu Samariyaya tərəf yola düşdü. Yolda çobanlara məxsus olan Bet-Eqeddən keçəndə  13Yəhuda padşahı Axazyanın qohumlarına rast gəldi və onlara dedi: «Siz kimsiniz?» Onlar dedilər: «Biz Axazyanın qohumlarıyıq. Padşahın və mələkənin övladlarını salamlamaq üçün gedirik».  14Yehu dedi: «Bunları diri tutun». Onları diri tutdular və bu qırx iki nəfər adamı Bet-Eqed quyusunun yanında öldürdülər. Yehu onlardan heç birini sağ buraxmadı.
Yehu Axavın Samariyada olan adamlarını öldürür
15Yehu oradan gedəndə onu qarşılamağa gələn Rekav oğlu Yehonadava rast gəldi və onu salamlayıb dedi: «Sənin niyyətin mənim ürəyimcə olduğu kimi mənim də niyyətim sənin ürəyincədirmi?» Yehonadav «bəli» dedi. Yehu dedi: «Elə isə əlini ver». O, əlini verdi və Yehu onu öz arabasına qaldırdı.  16Sonra dedi: «Mənimlə gəl və Rəbb üçün göstərdiyim qeyrəti gör». Onu Yehunun arabasına mindirib apardılar.  17Yehu Samariyaya gəldi və Rəbbin İlyasa söylədiyi sözə görə Axavın Samariyada qalan bütün adamlarını tamamilə qırıb məhv etdi.
Yehunun Baala səcdə edənləri öldürməsi
18Yehu bütün xalqı toplayıb onlara dedi: «Axav Baala az səcdə etdi, ancaq Yehu ona çox səcdə edəcək.  19İndi Baalın bütün peyğəmbərlərini, ona səcdə edənlərin hamısını, onun bütün kahinlərini mənim yanıma çağırın, heç kəs qalmasın, çünki Baala böyük qurbanım var. Kim gəlməsə, sağ qalmayacaq». Ancaq Yehu burada hiylə işlətdi ki, Baala səcdə edənləri məhv etsin.  20Yehu dedi: «Baal üçün təqdis olunmuş bir toplantı çağırın». Onlar toplantı çağırdılar.  21Yehu İsrailin hər tərəfinə xəbər göndərdi. Baala səcdə edənlərin hamısı gəldi, gəlməyən bir nəfər də qalmadı. Onlar Baal məbədinə girdilər və Baal məbədi ağzınacan adamla doldu.  22Yehu paltarlara baxan adama dedi: «Baala səcdə edənlərin hamısı üçün əba ver». Bu adam da onlar üçün əba verdi.  23Yehu Rekav oğlu Yehonadavla birgə Baal məbədinə girib Baala səcdə edənlərə dedi: «Axtarıb baxın, burada Rəbbə səcdə edən bir nəfər sizinlə olmasın, yalnız Baala səcdə edənlər olsun».  24Onlar təqdimlər və yandırma qurbanları gətirmək üçün qabağa gəldilər. Yehu bayırda səksən adam qoymuşdu və onlara demişdi: «Əlinizə verdiyim bu adamlardan biri kimdən qaçıb qurtarsa, o adam əvəzində öz canını verəcək».  25Yandırma qurbanları gətirilməsi sona çatanda Yehu öz mühafizəçilərinə və rəislərinə dedi: «İçəri girib onları qırın, heç kəs çıxa bilməsin». Mühafizəçilər və rəislər onları qılıncdan keçirib qırdılar və meyitlərini bayıra atdılar. Sonra Baal məbədinin içəri otağına girdilər.  26Oradan Baal məbədinin büt olan sütununu çıxarıb yandırdılar.  27Beləcə Baala qoyulan sütunu yıxdılar. Baal məbədini də dağıdıb ayaqyolu etdilər, ora bu günə qədər də belədir.  28Beləliklə, Yehu İsraildən Baalın kökünü kəsdi.  29 Ancaq Yehu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan, Bet-Eldə və Danda olan qızıl danalara səcdə etməkdən əl çəkmədi.  30Rəbb Yehuya dedi: «Sən gözümdə doğru olan işlər görməklə yaxşı elədin və Mənim ürəyimdə olan hər şeyə görə Axavın adamları ilə rəftar etdin. Buna görə də dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaq».  31Ancaq Yehu bütün qəlbi ilə İsrailin Allahı Rəbbin Qanunu ilə getmək istəmədi və Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
Yehunun ölümü
32Rəbb o dövrdə İsrail torpağını kəsib kiçiltməyə başladı. Xazael bütün İsrail hüdudlarında onları məğlub etdi:  33İordan çayının şərq tərəfindəki Qadlılara, Ruvenlilərə və Menaşşelilərə məxsus olan bütün Gilead torpağını, Arnon vadisinin kənarında olan Aroerdən Gileada və Başana qədər hər tərəfi zəbt etdi.  34Yehunun qalan işləri, etdiyi hər şey və onun bütün hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  35Yehu ataları ilə uyudu və onu Samariyada basdırdılar. Onun yerinə oğlu Yehoaxaz padşah oldu.  36Yehunun Samariyada İsrail üzərində padşahlıq etdiyi müddət iyirmi səkkiz il idi.


2 Padşahlar 11
Yəhuda mələkəsi Atalya
(2Saln. 22:10-23:15)
1Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb bütün padşah nəslini məhv etdi.  2Ancaq padşah Yehoramın qızı, Axazyanın bacısı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Beləcə Yoaşı Atalyadan gizlətdilər və o öldürülmədi.  3O, altı il gizli olaraq Rəbbin məbədində dayəsi ilə birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi.  4 Yeddinci ildə Yehoyada Karililərin və mühafizəçilərin yüzbaşılarını çağırtdırdı, onları öz yanına – Rəbbin məbədinin içərisinə gətirdi. Orada bu adamlarla əhd kəsib onları and içdirdi və şahzadəni onlara göstərdi.  5Sonra Yehoyada onlara əmr edib dedi: «Siz belə edin: Şənbə günü növbə çəkənlərinizin üçdə biri sarayın keşiyini çəksin,  6üçdə biri Sur darvazasında dursun, üçdə biri isə mühafizəçilərin arxasındakı darvazada dayansın. Beləcə sarayın keşiyini çəkin.  7Sizin iki bölüyünüz – Şənbə günü növbə çəkməyənlərin hamısı padşahın tərəfində olub Rəbbin məbədinin keşiyini çəksin.  8Hər kəs silahı əlində padşahı əhatəyə alsın, cərgələrinizə girən öldürülsün. Padşah girib-çıxdığı vaxt onunla olun».  9Yüzbaşılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər: hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürüb kahin Yehoyadanın yanına gəldi.  10Kahin yüzbaşılara Rəbbin məbədində olan padşah Davudun nizələrini və qalxanlarını verdi.  11Mühafizəçilər məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında dayandılar. Hər kəsin silahı əlində idi.  12Kahin şahzadəni irəli çıxartdı və tacı başına qoyub şəhadətnaməni ona verdi. Onu padşah olmaq üçün məsh etdilər və əl çalıb «Yaşasın padşah!» dedilər.  13Atalya mühafizəçilərin və xalqın səsini eşidəndə xalqın yanına, Rəbbin məbədinə gəldi.  14O baxıb gördü ki, padşah qaydaya görə sütunun yanında dayanmış, rəislər və kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!»  15Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşılara əmr edib dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələni qılıncla öldürün». Çünki kahin «qoy o, Rəbbin məbədində öldürülməsin» demişdi.  16 Atalyanı tutdular, onu atların girdiyi darvazadan saraya gətirdilər və orada öldürüldü.  17Yehoyada Rəbb ilə padşah və xalq arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun. O, padşahla xalq arasında da əhd kəsdi.  18Bütün ölkə xalqı Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər, Baal kahini Mattanı qurbangahların önündə öldürdülər. Kahin Rəbbin məbədinə gözətçilər qoydu.  19O, yüzbaşıları, Karililəri, mühafizəçiləri, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və mühafizəçilər darvazasının yolu ilə saraya gəldilər. Yoaş padşahların taxtında oturdu.  20Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi. Çünki Atalyanı padşah sarayında qılıncla öldürmüşdülər.
Yəhuda padşahı Yoaş
(2Saln. 24:1-27)
21Yoaş padşah olduğu vaxt yeddi yaşında idi.


2 Padşahlar 12
1Yehunun padşahlığının yeddinci ilində Yoaş padşah oldu və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi.  2Kahin Yehoyada Yoaşı öyrətdiyi dövr ərzində Rəbbin gözündə doğru olan işlər etdi.  3Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.  4Yoaş kahinlərə dedi: «Müqəddəs şeylər kimi Rəbbin məbədinə gətirilən gümüşü, siyahıyaalma zamanı toplanmış gümüşü, hər kəsin öz canı əvəzinə verdiyi gümüşü və Rəbbin məbədinə gətirmək üçün hər kəsin ürəyi istədiyi qədər verdiyi gümüşün hamısını  5kahinlərin hər biri öz xəzinədarından götürsün və məbəddə harada uçuq bir yer varsa, o uçuqları özləri təmir etsin».  6Ancaq padşah Yoaşın padşahlığının iyirmi üçüncü ilində kahinlər hələ məbədin uçuqlarını təmir etməmişdilər.  7Padşah Yoaş kahin Yehoyadanı və o biri kahinləri çağırıb onlara dedi: «Nə üçün siz məbədin uçuqlarını təmir etmirsiniz? İndi daha xəzinədarlarınızdan özünüz üçün gümüş almayın, qoy bu gümüş məbədin uçuqlarının təmiri üçün verilsin».  8Kahinlər razı oldular ki, daha xalqdan gümüş almasınlar və məbədin uçuqlarını da özləri təmir etməsinlər.  9Kahin Yehoyada bir sandıq götürdü və onun qapağında dəlik açdı. Onu qurbangahın yanına, Rəbbin məbədinə girən yerdə sağ tərəfə qoydu. Qapıda keşik çəkən kahinlər Rəbbin məbədinə gətirilən gümüşün hamısını oraya qoyardı.  10Sandıqda çoxlu gümüş olduğunu görəndə padşahın mirzəsi və baş kahin gələrək Rəbbin məbədində tapılan gümüşü torbalara doldurub tərəzidə çəkirdilər.  11Çəkilən gümüşü Rəbbin məbədinin işinə nəzarət edən rəislərə verirdilər. Onlar da bunu Rəbbin məbədində işləyən dülgərlərə, ustalara,  12bənnalara, daşyonanlara, Rəbbin məbədinin uçuqlarını təmir etmək üçün taxta və yonulmuş daşlar satın alan adamlara verir və məbədin bütün təmir işlərinə xərcləyirdilər.  13Ancaq Rəbbin məbədinə gətirilmiş gümüşdən məbəd üçün gümüş kasalar, maqqaşlar, piyalələr, kərənaylar və qızıl yaxud gümüş qablar düzəldilmirdi.  14 Çünki gümüşü iş görənlərə verirdilər və onunla Rəbbin məbədini təmir edirdilər.  15İş görənlərə vermək üçün əllərinə gümüş verdikləri adamlardan hesabat istəmirdilər, çünki onlar sədaqətlə çalışırdılar.  16Təqsir təqdimlərinin və günah təqdimlərinin gümüşü Rəbbin məbədinə gətirilmədi, çünki o, kahinlərin idi.  17O vaxt Aram padşahı Xazael gəldi və Qata hücum edib oranı aldı. Sonra o, Yerusəlimə hücum etməyə yönəldi.  18Yəhuda padşahı Yoaş babaları olan Yəhuda padşahları Yehoşafatın, Yehoramın və Axazyanın təqdis etdiyi bütün şeyləri, özünün təqdis etdiyi şeyləri, Rəbbin məbədinin və sarayın xəzinələrində tapılan bütün qızılı götürüb Aram padşahı Xazaelə göndərdi. O da Yerusəlimdən geri çəkildi.  19Yoaşın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  20Əyanları qalxıb ona qəsd hazırladılar və Sillaya enən yoldakı Bet-Milloda Yoaşı vurdular.  21Onu vuranlar əyanları Şimeat oğlu Yozakar və Şomer oğlu Yehozavad idi. Yoaş ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Amasya padşah oldu.
YUXARI

2 Padşahlar 13
İsrail padşahı Yehoaxaz
1Yəhuda padşahı Axazya oğlu Yoaşın padşahlığının iyirmi üçüncü ilində Yehunun oğlu Yehoaxaz Samariyada İsrail üzərində padşah oldu və on yeddi il padşahlıq etdi.  2O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahların dalınca getdi, onlardan əl çəkmədi.  3İsrailə qarşı Rəbbin qəzəbi alovlandı və Yehoaxazın bütün ömrü boyu onları Aram padşahı Xazaelin və Xazaelin oğlu Ben-Hadadın əlinə verdi.  4Yehoaxaz Rəbbə üz tutub yalvardı və Rəbb onu eşitdi, çünki İsraillilərin əzabını və Aram padşahının onlara necə zülm etdiyini gördü.  5Rəbb İsraillilərə bir xilaskar verdi və onlar Aramın əsarəti altından çıxdılar. İsraillilər əvvəlki kimi öz torpaqlarında yaşadılar.  6Ancaq onlar Yarovam nəslinin İsrailə etdirdiyi günahlardan əl çəkmədilər və bu günahların dalınca getdilər, Aşera bütü də Samariyada qalırdı.  7Əlli süvaridən, on döyüş arabasından və on min piyadadan başqa, Yehoaxazın daha qoşunu qalmadı, çünki Aram padşahı onları xırmanda toz kimi əzmişdi.  8Yehoaxazın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  9Yehoaxaz ataları ilə uyudu və onu Samariyada basdırdılar. Onun yerinə oğlu Yoaş padşah oldu.
İsrail padşahı Yoaş
10Yəhuda padşahı Yoaşın padşahlığının otuz yeddinci ilində Yehoaxaz oğlu Yoaş Samariyada İsrail üzərində padşah oldu və on altı il padşahlıq etdi.  11O, Rəbbin gözündə pis olan işlər etdi, Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi və bu günahların dalınca getdi.  12Yoaşın qalan işləri, etdiyi hər şey və Yəhuda padşahı Amasya ilə döyüşdə göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  13Yoaş ataları ilə uyudu və onun taxtında Yarovam oturdu. Yoaş Samariyada İsrail padşahlarının yanında basdırıldı.
Elişanın ölümü və Yoaşın qələbələri
14Elişa ölümcül halda xəstələnmişdi. İsrail padşahı Yoaş ona baş çəkmək üçün yanına gəldi və ağlayıb dedi: «Atam, ey atam! İsrailin arabası və atlıları!»  15Elişa ona dedi: «Kaman və oxlar götür». O, kaman və oxlar götürdü.  16Elişa İsrail padşahına dedi: «Kamanı çək». O, kamanı çəkdi. Elişa əllərini padşahın əlləri üstünə qoydu.  17Sonra dedi: «Şərq tərəfdəki pəncərəni aç». O açdı. Elişa «oxu at» dedi. O atdı. Elişa dedi: «Bu, Rəbbin qurtuluş oxu, Arama qarşı qurtuluş oxudur! Sən Aramlıları Afeqdə axıra qədər qıracaqsan».  18Sonra dedi: «Oxları götür». O götürdü. Elişa İsrail padşahına dedi: «Yerə vur». O, üç dəfə vurub dayandı.  19Allah adamı ona qəzəblənib dedi: «Beş-altı dəfə vurmalı idin. Onda Aramlıları axıra qədər qıra bilərdin, indi isə onları üç dəfə qıracaqsan».  20Elişa öldü və onu basdırdılar. Moavlıların dəstələri hər bahar fəslində ölkəyə gələrdi.  21Bir dəfə bir nəfəri basdırarkən adamlar bir dəstə gördülər və ölünü Elişanın qəbrinə atdılar. Ölü düşüb Elişanın sümüklərinə toxunan kimi dirildi və ayaq üstə qalxdı.  22Yehoaxazın bütün ömrü boyu Aram padşahı Xazael İsraillilərə zülm etdi.  23Ancaq Rəbb İbrahim, İshaq və Yaqubla etdiyi əhdindən ötrü lütf və mərhəmət göstərib onlara tərəf üz tutdu, onları məhv etmək istəmədi və indiyə qədər Öz hüzurundan kənar etmədi.  24Aram padşahı Xazael öldü və yerinə oğlu Ben-Hadad padşah oldu.  25Yehoaxaz oğlu Yoaş müharibədə atası Yehoaxazın əlindən alınan şəhərləri Xazaelin oğlu Ben-Hadadın əlindən aldı. Yoaş Aramlıları üç dəfə qırıb İsrail şəhərlərini geri aldı.


2 Padşahlar 14
Yəhuda padşahı Amasya
(2Saln. 25:1-24)
1İsrail padşahı Yehoaxaz oğlu Yoaşın padşahlığının ikinci ilində Yəhuda padşahı Yoaşın oğlu Amasya padşah oldu.  2O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi.  3Amasya atası Yoaşın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, amma babası Davud kimi deyildi.  4Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.  5Padşahlıq əlində möhkəmlənəndə Amasya padşah olan atasını öldürmüş əyanları öldürdü.  6 Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir».  7O, on min nəfər Edomlunu Duz dərəsində qırıb Selanı müharibə ilə aldı. Onun adını Yoqteel qoydu və bu günə qədər də belədir.  8O vaxt Amasya İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına qasidlər göndərib dedi: «Gəl, qarşılaşaq».  9İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı.  10Əlbəttə, sən Edomluları qırdın və ürəyin qürurlandı. Bununla öyün və öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?»  11Ancaq Amasya qulaq asmadı. İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı.  12Yəhudalılar İsraillilərin önündə məğlub oldular və hər kəs öz evinə qaçdı.  13İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutdu. Yoaş Yerusəlimə gəlib şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu.  14Rəbbin məbədində və sarayın xəzinələrində tapılan bütün qızıl-gümüşü, bütün əşyaları apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı.  15Yoaşın qalan işləri, onun hünəri və Yəhuda padşahı Amasya ilə necə vuruşduğu barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  16Yoaş ataları ilə uyudu və Samariyada İsrail padşahlarının yanında basdırıldı. Onun yerinə oğlu Yarovam padşah oldu.  17Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı.  18Amasyanın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  19Yerusəlimdə Amasyaya qəsd hazırladılar. O, Lakişə qaçdı. Lakişə onun dalınca adamlar göndərib orada onu öldürdülər.  20Onu atlar üstündə gətirib Yerusəlimdə, Davudun şəhərində, atalarının yanında basdırdılar.  21Bütün Yəhuda xalqı on altı yaşlı Azaryanı götürüb atası Amasyanın yerinə padşah etdi.  22Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb oranı tikdi.
İsrail padşahı II Yarovam
23Yəhuda padşahı Yoaş oğlu Amasyanın padşahlığının on beşinci ilində Yoaş oğlu Yarovam Samariyada İsrail üzərində padşah oldu və qırx bir il padşahlıq etdi.  24O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi.  25 Qulu Qat-Xeferli peyğəmbər Amittay oğlu Yunus vasitəsilə İsrailin Allahı Rəbbin söylədiyi sözə görə o, Xamat keçidindən Arava dənizinə qədər İsrail torpaqlarını geri aldı.  26Çünki Rəbb İsraillilərin acı fəlakətini görmüşdü: istər kölə olsun, istər azad, İsraillilərə kömək edən bir kəs olmadı.  27Rəbb heç vaxt İsrailin adını göylər altından siləcəyini deməmişdi, buna görə də Yoaş oğlu Yarovamın vasitəsilə onlara qurtuluş verdi.  28Yarovamın qalan işləri, etdiyi hər şey, onun hünəri, necə vuruşduğu və əvvəllər Yəhudaya məxsus olan Dəməşqi və Xamatı İsrailə necə qaytarması barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  29Yarovam ataları İsrail padşahları ilə uyudu və yerinə oğlu Zəkəriyyə padşah oldu.


2 Padşahlar 15
Yəhuda padşahı Azarya
(2Saln. 26:1-23)
1İsrail padşahı Yarovamın padşahlığının iyirmi yeddinci ilində Yəhuda padşahı Amasyanın oğlu Azarya padşah oldu.  2O padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.  3Azarya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.  4Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.  5Rəbb padşaha bəla göndərdi, o, ölüm gününə qədər cüzamlı oldu. Padşah başqa bir evdə yaşayırdı. Onun oğlu Yotam isə saraya başçılıq edərək ölkə xalqına hökm edirdi.  6Azaryanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  7 Azarya ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Yotam padşah oldu.
İsrail padşahı Zəkəriyyə
8Yəhuda padşahı Azaryanın padşahlığının otuz səkkizinci ilində Yarovam oğlu Zəkəriyyə Samariyada İsrail üzərində padşah oldu və altı ay padşahlıq etdi.  9O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.  10Yaveş oğlu Şallum ona qəsd hazırladı, onu xalqın qabağında vurub öldürdü və yerinə padşah oldu.  11Zəkəriyyənin qalan işləri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  12 Rəbbin Yehuya «dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaqlar» deyə söylədiyi sözə görə belə oldu.
İsrail padşahı Şallum
13Yəhuda padşahı Uzziyanın padşahlığının otuz doqquzuncu ilində Yaveş oğlu Şallum padşah oldu və Samariyada bir ay padşahlıq etdi.  14Qadi oğlu Menaxem Tirsadan çıxıb Samariyaya gəldi. Samariyada Yaveş oğlu Şallumu vurub öldürdü və yerinə padşah oldu.  15Şallumun qalan işləri və necə qəsd hazırladığı barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  16O vaxt Menaxem Tirsadan çıxıb Tifsahda və onun ətrafında yaşayanların hamısını qırdı. Darvazaları onun üzünə açmadıqlarına görə onları məhv etdi və orada olan bütün hamilə qadınları doğradı.
İsrail padşahı Menaxem
17Yəhuda padşahı Azaryanın padşahlığının otuz doqquzuncu ilində Qadi oğlu Menaxem İsrail üzərində padşah oldu və Samariyada on il padşahlıq etdi.  18O, Rəbbin gözündə pis olan işlər etdi və bütün ömrü boyu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.  19Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun.  20Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı.  21Menaxemin qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  22Menaxem ataları ilə uyudu və yerinə oğlu Peqahya padşah oldu.
İsrail padşahı Peqahya
23Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.  24O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.  25Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu.  26Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
İsrail padşahı Peqah
27Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi.  28O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.  29İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi.  30Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu.  31Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
Yəhuda padşahı Yotam
(2Saln. 27:1-9)
32İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu.  33O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi.  34Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.  35Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi.  36Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  37Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı.  38Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu.


2 Padşahlar 16
Yəhuda padşahı Axaz
(2Saln. 28:1-27)
1Remalya oğlu Peqahın padşahlığının on yeddinci ilində Yotam oğlu Axaz Yəhuda üzərində padşah oldu.  2Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Allahı Rəbbin gözündə doğru olan işlər etmədi.  3 Axaz İsrail padşahlarının yolu ilə getdi və Rəbbin İsrail övladlarının önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğlunu oda qurban verdi.  4O, səcdəgahlarda, təpələr üstündə və hər kölgəli ağac altında qurban gətirir və buxur yandırırdı.  5 Onda Aram padşahı Resin və İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimin üzərinə hücum etdilər və Axazı mühasirəyə aldılar, ancaq onu məğlub edə bilmədilər.  6O vaxt Aram padşahı Resin Elatı Arama qaytardı və Yəhudalıları Elatdan qovub çıxartdı. Aramlılar Elata girdilər və bu günə qədər orada yaşayırlar.  7Axaz Aşşur padşahı Tiqlat-Pileserin yanına qasidlər göndərib dedi: «Mən sənin qulun və nökərinəm. Gəl, məni üstümə hücum edən Aram və İsrail padşahlarının əlindən qurtar».  8Axaz Rəbbin məbədində və sarayın xəzinələrində tapılan qızıl-gümüşü götürüb Aşşur padşahına hədiyyə göndərdi.  9Aşşur padşahı ona qulaq asdı: Dəməşqə hücum edib onu aldı, əhalisini Qirə sürgün etdi və Resini öldürdü.  10Padşah Axaz Aşşur padşahı Tiqlat-Pileseri qarşılamaq üçün Dəməşqə getdi. O, Dəməşqdə olan qurbangahı gördü, qurbangahın bütün quruluşunu və təsvirini kahin Uriyaya göndərdi.  11Kahin Uriya padşah Axazın Dəməşqdən göndərdiyi bütün şeylərə görə bir qurbangah düzəltdi. O, padşah Dəməşqdən qayıdana qədər bunu etdi.  12Padşah Dəməşqdən qayıdıb qurbangahı gördü. O yaxınlaşıb qurbangahın üstünə qalxdı.  13Qurbangahın üstündə öz yandırma qurbanını və taxıl təqdimini yandırdı, tökmə təqdimini tökdü və ünsiyyət qurbanlarının qanını oraya səpdi.  14 Rəbbin önündə olan tunc qurbangahı məbədin qabaq tərəfindən, öz qurbangahı ilə Rəbbin məbədi arasından gətirdi və onu öz qurbangahının şimal tərəfinə qoydu.  15Padşah Axaz kahin Uriyaya əmr edib dedi: «Hər gün səhərin yandırma qurbanını, axşamın taxıl təqdimini, padşahın yandırma qurbanını və taxıl təqdimini, bütün ölkə xalqının yandırma qurbanını, taxıl təqdimini və tökmə təqdimini böyük qurbangahın üstündə yandır. Yandırma qurbanlarının və başqa qurbanların bütün qanını onun üstünə səp. Ancaq tunc qurbangah soraq etmək üçün mənim olacaq».  16Kahin Uriya da padşah Axazın əmr etdiyi hər şeyi yerinə yetirdi.  17 Padşah Axaz dayaqların yan lövhələrini kəsib dayaqların üstündən ləyənləri götürdü. Hovuzu altında olan tunc buğaların üstündən qaldırıb bir daş səkinin üstünə qoydu.  18Şənbə günü üçün məbəddə düzəldilmiş bağlı yeri və padşahın bayırdakı giriş yerini Aşşur padşahından ötrü Rəbbin məbədindən götürdü.  19Axazın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  20 Axaz ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Xizqiya padşah oldu.


2 Padşahlar 17
İsrailin son padşahı Huşə
1Yəhuda padşahı Axazın padşahlığının on ikinci ilində Ela oğlu Huşə Samariyada İsrail üzərində padşah oldu və doqquz il padşahlıq etdi.  2O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq özündən əvvəlki İsrail padşahları kimi deyildi.  3Aşşur padşahı Şalmaneser Huşənin üstünə hücum etmişdi və Huşə ona tabe olub xərac vermişdi.  4Amma Aşşur padşahı Huşənin xəyanət etdiyini gördü, çünki o həm Misir padşahı Sonun yanına qasidlər göndərmişdi, həm də hər il olduğu kimi Aşşur padşahına xərac verməmişdi. Buna görə də Aşşur padşahı onu tutub zindana saldı.
Samariyanın süqutu
5Aşşur padşahı bütün ölkəyə hücum etdi. O, Samariyaya yaxınlaşdı və oranı üç il mühasirədə saxladı.  6Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.  7Bu iş ona görə İsrail övladlarının başına gəldi ki, onları Misir padşahı fironun əsarəti altından, Misir torpağından çıxaran özlərinin Allahı Rəbbə qarşı günah etmişdilər. İsrail övladları başqa allahlara səcdə etmişdilər.  8Onların önündən Rəbbin qovduğu millətlərin adətlərinə və İsrail padşahlarının qoyduğu qanunlara görə davranmışdılar.  9Gizlində özlərinin Allahı Rəbbə qarşı doğru olmayan işlər etmişdilər. Məskən saldıqları hər yerdə keşikçi qülləsindən qalalı şəhərə qədər özləri üçün səcdəgahlar tikmişdilər.  10 Hər hündür təpənin üstündə, hər kölgəli ağacın altında sütunlar və Aşera bütləri qoymuşdular.  11Onların önündən Rəbbin qovduğu millətlərin etdiyi kimi bütün bu səcdəgahlarda buxur yandırmış və pis işlər görüb Rəbbi qəzəbləndirmişdilər.  12Rəbb onlara «belə etməyin» söylədiyinə baxmayaraq, onlar bütlərə qulluq etmişdilər.  13Rəbb bütün peyğəmbərləri və görücüləri vasitəsilə İsraillilərə və Yəhudalılara xəbərdarlıq edib demişdi: «Pis yolunuzdan dönün. Atalarınıza buyurduğum və qullarım peyğəmbərlər vasitəsilə sizə öyrətdiyim Qanunda olan bütün əmrlərimə və qanunlarıma əməl edin».  14Ancaq onlar bu sözlərə qulaq asmamışdılar və iman etməyən ataları kimi özlərinin Allahı Rəbbə boyun əyməmişdilər.  15Onun qanunlarını, ataları ilə bağladığı əhdini və onlara etdiyi xəbərdarlıqları rədd etmişdilər. Boş şey dalınca gedib boş adamlar olmuşdular. Rəbb «ətrafınızdakı millətlər kimi etməyin» deyib əmr etdiyi halda onlar kimi davranmışdılar.  16 Özlərinin Allahı Rəbbin bütün əmrlərindən üz döndərib iki tökmə dana bütü və Aşera bütü düzəltmişdilər, bütün səma cisimlərinə səcdə etmişdilər və Baala qulluq etmişdilər.  17 Oğullarını və qızlarını oda qurban vermişdilər, falçılıq və baxıcılıq etmişdilər. Rəbbin gözündə pis olan işlərə özlərini təslim edib Onu qəzəbləndirmişdilər.  18Buna görə də Rəbb İsraillilərə qəzəblənib onlardan üz döndərdi. Yalnız Yəhuda qəbiləsindən başqa heç biri qalmadı.  19Yəhudalılar da özlərinin Allahı Rəbbin əmrlərinə əməl etməmişdilər və İsraillilərin qoyduğu adətlərlə davranmışdılar.  20Rəbb bütün İsrail nəslindən üz döndərərək onları alçaldıb soyğunçulara təslim etdi və nəhayət, onları hüzurundan kənara atdı.  21Rəbb İsraili Davud sülaləsindən alıb ayırmışdı və İsraillilər Nevat oğlu Yarovamı padşah etmişdilər. Yarovam onları Rəbbin yolundan azdırmışdı və onlara böyük günahlar etdirmişdi.  22İsrail övladları Yarovamın etdiyi bütün günahlara görə davranmışdılar və bu günahlardan əl çəkməmişdilər.  23Rəbb Öz qulu olan bütün peyğəmbərlər vasitəsilə söylədiyi kimi, nəhayət, İsraillilərdən üz döndərdi. Onlar öz torpaqlarından Aşşur torpağına sürgün olundular və bu günə qədər belədir.
Aşşurluların Samariyaya yeni sakinlər köçürməsi
24Aşşur padşahı Babildən, Kutadan, Avvadan, Xamatdan və Sefarvayimdən adamlar gətirib İsrail övladlarının yerinə Samariyanın şəhərlərində yerləşdirdi. Onlar Samariyaya sahib oldular və oranın şəhərlərində yaşadılar.  25Onlar orada yaşamağa başlayanda Rəbbə sitayiş etmirdilər. Rəbb də üstlərinə şirlər göndərdi və şirlər onları öldürməyə başladı.  26Onlar Aşşur padşahına dedilər: «Sürgün edib Samariyanın şəhərlərində yerləşdirdiyin millətlər bu ölkə Allahının adətlərini bilmirlər. O Allah da üstlərinə şirlər göndərdi və şirlər onları öldürür, çünki bu adamlar ölkə Allahının adətlərini bilmirlər».  27Aşşur padşahı əmr edib dedi: «Oradan sürgün etdiyiniz kahinlərdən birini geri qaytarın, adamları ilə gedib orada yaşasın və ölkə Allahının adətlərini onlara öyrətsin».  28Samariyadan sürgün etdikləri kahinlərdən biri gəlib Bet-Eldə yaşadı və Rəbbə necə sitayiş etməyi onlara öyrətməyə başladı.  29Ancaq hər millət öz allahının bütünü düzəltdi. Onları yaşadıqları şəhərlərdə Samariyalıların səcdəgahlarda tikdikləri məbədlərə qoydular:  30Babillilər Sukkot-Benot bütünü, Kutalılar Nerqal bütünü, Xamatlılar Aşima bütünü,  31Avvalılar Nivxaz və Tartaq bütlərini düzəltdilər. Sefarvayimlilər isə oğullarını Sefarvayim allahları Adrammelek və Anammelek üçün odda yandırırdılar.  32Onlar Rəbbə də sitayiş edirdilər. Səcdəgahların məbədlərində xidmət etmək üçün öz aralarından kahinlər seçib qoydular.  33Onlar həm Rəbbə, həm də aralarından sürgün olunduqları millətlərin adətlərinə görə öz allahlarına sitayiş edirdilər.  34 Onlar bu günə qədər də əvvəlki adətlərinə görə davranırlar və Rəbbə sitayiş etmirlər, adını İsrail qoyduğu Yaqubun nəslinə Rəbbin buyurduğu qaydalara, hökmlərə, qanunlara və əmrlərə əməl etmirlər.  35 Rəbb Yaqub övladları ilə əhd etmişdi və onlara əmr edib demişdi: «Başqa allahlara sitayiş və səcdə etməyin, onlara qulluq edib qurban gətirməyin.  36 Ancaq böyük qüdrəti və uzatdığı əli ilə sizi Misir torpağından çıxaran Rəbbə sitayiş və səcdə edin, Ona qurban gətirin.  37Sizin üçün yazdığı qaydalara, hökmlərə, qanunlara və əmrlərə həmişə diqqətlə əməl edin və başqa allahlara sitayiş etməyin.  38Sizinlə bağladığım əhdi unutmayın. Başqa allahlara deyil,  39yalnız Allahınız Rəbbə sitayiş etsəniz, O sizi bütün düşmənlərinizin əlindən qurtarar».  40Ancaq onlar bu sözlərə qulaq asmadılar və bu günə qədər də özlərinin əvvəlki adətlərinə görə davranırlar.  41Beləcə bu millətlər həm Rəbbə, həm də öz bütlərinə sitayiş edirdilər. Ataları necə edirdisə, oğulları və nəvələri də bu günə qədər belə edirlər.


2 Padşahlar 18
Yəhuda padşahı Xizqiya
(2Saln. 29:1-2; 31:1)
1İsrail padşahı Ela oğlu Huşənin padşahlığının üçüncü ilində Axaz oğlu Xizqiya Yəhuda üzərində padşah oldu.  2O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Avi idi.  3Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.  4 O, səcdəgahları aradan qaldırdı, sütunları parça-parça etdi və Aşera bütünü kəsdi. Musanın düzəltdiyi tunc ilanı əzib parçaladı, çünki İsraillilər onun adını Nexuştan qoyub o vaxta qədər ona buxur yandırırdılar.  5Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı.  6O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi.  7Rəbb də onunla idi və hara gedirdisə, uğur qazanırdı. Xizqiya Aşşur padşahına qulluq etməkdən boyun qaçırdı.  8Qəzzədə və onun sərhədləri boyu, keşikçi qülləsindən qalalı şəhərə qədər hər yerdə yaşayan Filiştliləri qırdı.  9Xizqiyanın padşahlığının dördüncü ilində, yəni İsrail padşahı Ela oğlu Huşənin padşahlığının yeddinci ilində Aşşur padşahı Şalmaneser Samariya üzərinə hücum edib oranı mühasirəyə aldı.  10Üç ildən sonra şəhəri aldılar. Xizqiyanın padşahlığının altıncı ilində, yəni İsrail padşahı Huşənin padşahlığının doqquzuncu ilində Samariya alındı.  11Aşşur padşahı İsrailliləri Aşşur torpağına sürgün etdi və onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.  12Bu iş ona görə onların başına gəldi ki, özlərinin Allahı Rəbbin sözünə qulaq asmamışdılar və Onun əhdini, Rəbbin qulu Musanın əmr etdiyi hər şeyi pozmuşdular. Onlar buna nə qulaq asmış, nə də əməl etmişdilər.
Aşşurluların Yəhudaya hücum etməsi
(2Saln. 32:1-19; Yeş. 36:1-22)
13Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı.  14Yəhuda padşahı Xizqiya Lakişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, üzərimdən geri çəkil, məndən nə qədər xərac tələb etsən, verərəm». Aşşur padşahı Yəhuda padşahı Xizqiyadan xərac olaraq otuz talant qızıl və üç yüz talant gümüş tələb etdi.  15Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi.  16O vaxt Yəhuda padşahı Xizqiya Rəbbin məbədinin qapılarının və sütunlarının üstünə özünün örtdüyü qızılı çıxartdı və onu Aşşur padşahına verdi.
Aşşur padşahının Yerusəlimi hədələməsi
17Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar.  18Onlar padşahı çağırdılar. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onların qabağına çıxdı.  19Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən?  20Sən yalnız boş sözlər deyirsən, müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan?  21 Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir.  22Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsiniz. Məgər bu həmin Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız Yerusəlimdəki bu qurbangahın önündə səcdə edin› demədimi?  23İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm.  24Görək sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən!  25Məgər indi mən bu yeri viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”».  26Xilqiya oğlu Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük, amma divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma».  27Baş vəzir onlara dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə söyləyim, yoxsa divar üzərində oturan bu adamlara? Axı onlar da sizinlə birgə nəcislərini yeyib sidiklərini içəcəklər».  28Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin!  29Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi mənim əlimdən qurtara bilməyəcək.  30Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”.  31Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək.  32Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları, zeytun yağı və bal olan bir torpağa aparacağam. Beləcə ölməyib sağ qalarsınız. ‹Rəbb bizi qurtaracaq› deyib sizi azdıran Xizqiyaya qulaq asmayın.  33Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı?  34Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin, Henanın və Avvanın allahları? Onlar Samariyanı mənim əlimdən qurtardılarmı?  35Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»  36Xalq susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi.  37Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.


2 Padşahlar 19
Padşah Xizqiyanın Yeşayadan məsləhət alması
(Yeş. 37:1-7)
1Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi.  2O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi.  3Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur.  4Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin bütün sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».  5Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə  6Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma.  7Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
Aşşur padşahının məktubu
(Yeş. 37:8-20)
8Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi.  9Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O, Xizqiyanın yanına yenidən qasidlər göndərib dedi:  10«Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın.  11Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi?  12Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardımı?  13Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»  14Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi.  15 Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.  16Ya Rəbb, qulağın eşitsin, gözün görsün, Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi sözlərə qulaq as.  17Ya Rəbb, doğrudur, Aşşur padşahları millətləri və onların torpaqlarını talan etdilər,  18allahlarını oda atıb məhv etdilər. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdilər.  19Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!»
Aşşurluların məğlubiyyəti barədə Yeşayanın peyğəmbərlik etməsi
(Yeş. 37:21-38)
20Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə etdiyin duanı eşitdim”.  21Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı

Sənə xor baxıb lağ edir,

Yerusəlim qızı

Sənin arxanca başını bulayır.

22Kimi söyüb küfr etdin?

Kimə qarşı səsini qaldırdın?

Kimə lovğalıqla baxdın?

İsrailin Müqəddəsinə!

23Qasidlərinin vasitəsilə

Rəbbi təhqir edib dedin:

‹Çoxlu döyüş arabalarımla

Dağların zirvəsinə,

Livanın ən uca yerlərinə çıxdım.

Uca sidr ağaclarını,

Gözəl sərv ağaclarını kəsdim,

Ən son məskəninə,

Yaşıl meşələrinə girdim.

24Quyu qazdım və özgə sularını içdim,

Misirin bütün çaylarını ayağımla qurutdum›.

25Məgər eşitməmisən ki,

Mən çoxdan bu işi hazırladım,

Qədimdən bəri müəyyən etdiyimi

İndi yerinə yetirirəm ki,

Sən qalalı şəhərləri dağıdıb

Viranəliyə çevirəsən.

26Bu şəhərlərin sakinləri zəiflədi,

Çaşqınlığa və xəcalətə düşdülər.

Yetişməmişdən əvvəl yandırılan

Çöl otu, göyərti və damda bitən ot kimi oldular.

27Sənin oturuşunu,

Girişini-çıxışını,

Mənə qarşı hiddətini bilirəm.

28Mənə qarşı hiddətləndiyinə görə,

Lovğalığın qulağıma çatdığına görə

Halqamı burnuna və yüyənimi ağzına taxacağam,

Səni gəldiyin yolla geri qaytaracağam.

29Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!

Bu il və gələn il özü yetişən barını,

Üçüncü il isə taxıl zəmilərini,

Üzüm bağları salıb onların bəhrəsini yeyin.

30Yəhuda nəslindən xilas olub qalanlar

Yenə aşağıya doğru kök atacaqlar,

Yuxarıya doğru bəhrə verəcəklər.

31Çünki qalanlar Yerusəlimdən,

Xilas olanlar Sion dağından çıxacaqlar.

Rəbbin qeyrəti bunu edəcək”.

32Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir:

“O bu şəhərə girməyəcək,

Oraya ox atmayacaq,

Qarşısına qalxanla çıxmayacaq,

Qala önündə torpaq qalağı qurmayacaq.

33Ancaq gəldiyi yolla geri qayıdacaq,

Bu şəhərə girməyəcək”

Rəbb belə bəyan edir.

34“Mən bu şəhəri Özüm üçün,

Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».

35O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb.  36Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı.  37O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.


2 Padşahlar 20
Xizqiyanın xəstələnməsi
(2Saln. 32:24-26; Yeş. 38:1-8,21-22)
1O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».  2Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi:  3«Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.  4Yeşaya hələ orta həyətdən çıxmamış ona Rəbbin bu sözü nazil oldu:  5«Qayıt, Mənim xalqımın hökmdarı Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. İndi Mən səni sağaldıram və üçüncü gün Rəbbin məbədinə qalxacaqsan.  6Sənin ömrünü on beş il artırıram. Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam, onu Özüm üçün və qulum Davudun xatirinə qoruyacağam”».  7Sonra Yeşaya «əncir kündəsi götürün» dedi. Bunu götürüb çibanın üstünə qoydular və padşah sağaldı.  8Xizqiya Yeşayaya demişdi: «Rəbbin məni sağaldacağına və üçüncü gün Rəbbin məbədinə qalxacağıma əlamət nədir?»  9Yeşaya dedi: «Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: sənin istəyinə görə kölgə ya on dərəcə qabağa gedəcək ya da on dərəcə geri çəkiləcək».  10Xizqiya dedi: «Kölgə üçün on dərəcə qabağa getmək asandır. Qoy on dərəcə geri çəkilsin».  11Peyğəmbər Yeşaya Rəbbi çağırdı, Rəbb də Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəni on dərəcə geri çəkdi.
Xizqiyanın ağılsızlığı
(Yeş. 39:1-8)
12O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini eşitmişdi.  13Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan bütün şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarını elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün ölkəsində onlara göstərmədiyi bir şey qalmadı.  14Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib ona dedi: «Bu adamlar nə dedilər? Sənin yanına haradan gəldilər?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər».  15Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı».  16Yeşaya Xizqiyaya dedi: «Rəbbin sözünü dinlə:  17 “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb.  18 “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaq”».  19Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq. Bu, yaxşı deyilmi?»  20Xizqiyanın qalan işləri, onun bütün hünəri, hovuz və su kəməri düzəldib suyu necə şəhərə gətirməsi barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  21Xizqiya ataları ilə uyudu və yerinə oğlu Menaşşe padşah oldu.

2 Padşahlar 21
Yəhuda padşahı Menaşşe
(2Saln. 33:1-20)
1Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi. Anasının adı Xefsivah idi.  2 O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi.  3Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi. İsrail padşahı Axav kimi Baal bütü üçün qurbangahlar qurdu və Aşera bütü düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi.  4 Rəbbin «adımı Yerusəlimdə qoyacağam» dediyi məbədində Menaşşe qurbangahlar tikməyə başladı.  5Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi.  6O, oğlunu oda qurban verdi, gələcəyi dedi, baxıcılıq edib cindarlara və ruhçağıranlara müraciət etdi. Beləliklə, Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi.  7 Düzəltdiyi oyma Aşera bütünü məbədə qoydu. Rəbb Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam.  8Əgər Mənim onlara buyurduqlarıma və qulum Musanın onlara əmr etdiyi bütün Qanuna əməl etsələr, İsrailliləri atalarına verdiyim torpaqdan didərgin düşməyə qoymayacağam».  9Ancaq onlar bu sözlərə qulaq asmadılar. İsrail övladlarının önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün Menaşşe onları yoldan çıxartdı.  10Rəbb Öz qulları peyğəmbərlər vasitəsilə dedi:  11«Yəhuda padşahı Menaşşe bu iyrənc işləri etməklə özündən əvvəlki Emorluların etdiklərindən də çox pislik etdi və bütləri ilə Yəhudalılara da günah etdirdi.  12Buna görə də İsrailin Allahı Rəbb belə deyir: “Mən Yerusəlimin və Yəhudanın üzərinə elə bir bəla gətirəcəyəm ki, bunu eşidən hər kəsin qulaqları cingildəyəcək.  13Samariyanı ölçdüyüm ipi və Axav nəslinin üstünə çəkdiyim şaqulu Yerusəlimin üzərinə də çəkəcəyəm. Bir nəfər boşqabı necə silib üzüstə çevirirsə, Mən də Yerusəlimi elə siləcəyəm.  14İrsimin qalanlarından üz döndərəcəyəm, onları düşmənlərinə təslim edəcəyəm və düşmənləri onları soyub talan edəcək.  15Çünki gözümdə pis olan işlər edirdilər və ataları Misirdən çıxdıqları gündən bu günə qədər Məni qəzəbləndirirdilər”».  16Menaşşe Rəbbin gözündə pis olan işlər edərək Yəhudalılara etdirdiyi günahdan başqa çoxlu günahsız qan töküb Yerusəlimi başdan-başa qana buladı.  17Menaşşenin qalan işləri, etdiyi hər şey və elədiyi günah barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  18Menaşşe ataları ilə uyudu və öz sarayının bağçasında – Uzza bağçasında basdırıldı. Onun yerinə oğlu Amon padşah oldu.
Yəhuda padşahı Amon
(2Saln. 33:21-25)
19Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. Anası Yotvalı Xarusun qızı olub adı Meşullemet idi.  20O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.  21Atasının yolu ilə gedib onun qulluq etdiyi bütlərə səcdə və qulluq etdi.  22Atalarının Allahı Rəbbi tərk etdi və Rəbbin yolu ilə getmədi.  23Amonun əyanları ona qəsd hazırladılar və padşahı sarayında öldürdülər.  24Ölkə xalqı padşah Amona qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.  25Amonun qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  26O, Uzza bağçasında, öz qəbrində basdırıldı. Onun yerinə oğlu Yoşiya padşah oldu.


2 Padşahlar 22
Yəhuda padşahı Yoşiya
(2Saln. 34:1-2)
1Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. Anası Bosqatlı Adayanın qızı olub adı Yedida idi.  2O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolu ilə gedərək ondan kənara çıxmadı.
Məbəddə Qanun kitabının tapılması
(2Saln. 34:8-28)
3Yoşiyanın padşahlığının on səkkizinci ilində padşah mirzə Meşullam oğlu Asalya oğlu Şafanı Rəbbin məbədinə göndərib dedi:  4«Baş kahin Xilqiyanın yanına get. Qoy o, astanada keşik çəkənlərin xalqdan yığdıqları Rəbbin məbədinə gətirilən pulu tərəzidə çəksin.  5Onu Rəbbin məbədinin işinə nəzarət edənlərə versinlər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə –  6dülgərlərə, ustalara, bənnalara, məbədi təmir etmək üçün taxta və yonulmuş daş alanlara versinlər.  7Ancaq əllərinə verilən pulun hesabı onlarla aparılmasın, çünki sədaqətlə çalışırlar».  8Baş kahin Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi və Şafan onu oxudu.  9Mirzə Şafan padşahın yanına gəldi və ona xəbər gətirib dedi: «Qulların məbəddə tapılan pulu boşaltdılar və onu Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər».  10Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu.  11Padşah Qanun kitabının sözlərini eşidəndə paltarını cırdı.  12Padşah kahin Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Akbora, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi:  13«Gedin, tapılmış bu kitabın sözlərinə görə mənim üçün, xalq və bütün Yəhuda üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı alovlanmış qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabın sözlərinə qulaq asmamışdı və orada bizim üçün yazılmış bu şeylərə əməl etməmişdi».  14Kahin Xilqiya, Axiqam, Akbor, Şafan və Asaya qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Harhas oğlu Tiqva oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla söhbət etdilər.  15Qadın onlara dedi: «İsrailin Allahı Rəbb deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki,  16Rəbb belə deyir: “Mən Yəhuda padşahının oxuduğu kitabdakı bütün sözlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm.  17Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim alovlanacaq və sönməyəcək”.  18Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin.  19Mənim bu yer və orada yaşayanlar barədə ‹viranəlik və lənət olsun› deyə söylədiyim sözü eşidəndə ürəyin yumşaldı və Rəbbin önündə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” belə deyir Rəbb.  20“Bundan ötrü Mən səni atalarına qoşacağam, rahatlıqla öz qəbrinə qoyulacaqsan və bu yerin üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdılar.


2 Padşahlar 23
Padşah və xalqın Rəbb ilə əhd bağlaması
(2Saln. 34:3-7,29-30)
1Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı.  2Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu.  3Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı.
Yoşiyanın bütpərəstliyi aradan qaldırması
4 Padşah baş kahin Xilqiyaya, müavin kahinlərə və astanada keşik çəkənlərə əmr etdi ki, Baal, Aşera və bütün səma cisimləri üçün düzəldilmiş şeylərin hamısını Rəbbin məbədindən çıxarsınlar. Onları Yerusəlimin kənarında olan Qidron vadisindəki tarlalarda yandırdı və küllərini Bet-Elə apardı.  5O, Yəhuda şəhərlərində və Yerusəlimin ətrafında olan səcdəgahlarda buxur yandırmaq üçün Yəhuda padşahlarının qoyduqları kahinləri və Baala, günəşə, aya, bürclərə, bütün səma cisimlərinə buxur yandıranları işdən kənar etdi.  6Aşera bütünü Rəbbin məbədindən Yerusəlimin kənarına, Qidron vadisinə çıxartdı. Onu Qidron vadisində yandırdı, əzib toz etdi və tozunu adi adamların qəbirləri üstünə səpələyib murdarladı.  7Rəbbin məbədində məbəd fahişəliyi ilə məşğul olan kişilərin evlərini dağıtdı. Qadınlar orada Aşera üçün çadırlar toxuyurdular.  8Yoşiya Yəhuda şəhərlərindən bütün kahinləri gətirtdi, Gevadan Beer-Şevaya qədər bu kahinlərin buxur yandırdıqları səcdəgahları murdar etdi. Şəhər rəisi Yeşuanın darvazasının girəcək yerində, sol tərəfdə olan şəhər darvazasındakı səcdəgahları dağıtdı.  9Lakin səcdəgahların kahinləri Yerusəlimdə Rəbbin qurbangahına qalxmırdılar, amma qardaşları ilə birlikdə mayasız çörək yeyirdilər.  10 Yoşiya Ben-Hinnom dərəsində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin.  11O, Rəbbin məbədinə, saray xidmətçisi Natan-Melekin həyətdə olan otağına Yəhuda padşahlarının günəşə həsr etdikləri atların gətirilməsinə son qoydu və günəş arabalarını odda yandırdı.  12 Axazın yuxarı otağının damında Yəhuda padşahlarının düzəltdiyi qurbangahları və Rəbbin məbədinin iki həyətində Menaşşenin düzəltdiyi qurbangahları da padşah dağıtdı. Onları orada qırıb əzdi və tozlarını Qidron vadisinə səpələdi.  13 Yerusəlimin şərq tərəfində, Həlak dağının cənub tərəfində Sidonluların iyrənc bütü Aştoret, Moavlıların iyrənc bütü Kemoş və Ammonluların iyrənc bütü Milkom üçün İsrail padşahı Süleymanın düzəltdiyi səcdəgahları padşah murdar etdi.  14O, sütunları parça-parça etdi, Aşera bütlərini kəsdi və onların yerlərini insan sümükləri ilə doldurdu.  15 Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı.  16 Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi.  17 Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi».  18O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar.  19Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı məbədləri aradan qaldırdı. İsrail padşahları bu məbədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi.  20Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı.
Yoşiyanın Pasxa bayramını keçirməsi
(2Saln. 35:1-19)
21Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin».  22İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi.  23Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi.  24Bundan başqa, Yoşiya Rəbbin məbədində kahin Xilqiyanın tapdığı kitabda yazılan Qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi.  25Musanın bütün Qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu.  26Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi.  27Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim məbəddən üz döndərəcəyəm».
Yoşiyanın ölümü
(2Saln. 35:20-36:1)
28Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  29 Onun dövründə Misir padşahı firon Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Firon Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü.  30Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi.
Yəhuda padşahı Yehoaxaz
(2Saln. 36:2-4)
31Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.  32O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.  33Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu.  34 Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü.  35Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı.
Yəhuda padşahı Yehoyaqim
(2Saln. 36:5-8)
36 Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi.  37O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.


2 Padşahlar 24
1 Yehoyaqimin dövründə Babil padşahı Navuxodonosor onun üzərinə hücum etdi. Yehoyaqim üç il ona tabe oldu, amma sonra ona qulluq etməkdən boyun qaçırdı.  2Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi.  3Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin.  4Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi.  5Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  6Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu.  7Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu.
Yəhuda padşahı Yehoyakin
(2Saln. 36:9-10)
8Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi.  9Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.  10O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı.  11Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi.  12 Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı.  13Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi.  14O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı.  15 Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı.  16Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi.  17 Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.
Yəhudanın son padşahı Sidqiya
(2Saln. 36:11-12; Yer. 52:1-3)
18 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.  19O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.  20 Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi.
Yerusəlimin süqutu
(2Saln. 36:13-21; Yer. 52:3-33)
Sidqiya Babil padşahına qarşı üsyan etdi.


2 Padşahlar 25
1 Onun padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi.  2Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı.  3Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı.  4 Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda padşah və bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan çıxıb Arava yolu ilə getdilər.  5Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliklərində ona çatdı. Padşahın ordusu onu tərk edib dağılmışdı.  6Padşahı tutub Rivlaya, Babil padşahının yanına apardılar və onun haqqında hökm verdilər.  7 Sidqiyanın oğullarını gözü qabağında öldürdülər, özünün isə gözlərini çıxartdılar və qandallayıb Babilə apardılar.  8Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın yeddinci günü Babil padşahının əyanı olan mühafizəçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi.  9O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı.  10Mühafizəçilər rəisi ilə birgə gələn bütün Xaldey ordusu Yerusəlimin ətrafındakı divarları uçurtdu.  11Mühafizəçilər rəisi Nevuzaradan şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və başqa əhalini sürgün etdi.  12Ancaq o, bağçılıq və əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.  13 Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardılar.  14 İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, nimçələri və bütün tunc qabları götürüb apardılar.  15Mühafizəçilər rəisi xalis qızıldan və gümüşdən olan bütün şeyləri – buxurdanları və piyalələri götürdü.  16Rəbbin məbədi üçün Süleymanın düzəltdiyi iki sütunda, hovuzda və dayaqlarda olan bütün tuncun ağırlığı hesaba gəlməzdi.  17Bir sütunun hündürlüyü on səkkiz qulac idi və üzərində tunc başlıq var idi. Başlığın hündürlüyü üç qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi. Hər şey tuncdan düzəldilmişdi. O biri sütun da hörmə torla birgə bu cür idi.  18Mühafizəçilər rəisi başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astanada keşik çəkən üç nəfəri əsir aldı.  19Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan beş nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu.  20Mühafizəçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı.  21Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.
Yəhuda valisi Gedalya
(Yer. 40:7-9; 41:1-3)
22 Yəhuda ölkəsində Babil padşahı Navuxodonosorun toxunmadığı qalan xalqa gəlincə, padşah Şafan oğlu Axiqam oğlu Gedalyanı onların üzərində vali qoydu.  23Babil padşahının Gedalyanı vali qoyduğunu eşitdikdə bütün qoşun başçıları və onların adamları – Netanya oğlu İsmail, Qareah oğlu Yoxanan, Netofalı Tanxumet oğlu Seraya, bir Maakalının oğlu Yaazanya və onların döyüşçüləri Mispaya, Gedalyanın yanına gəldilər.  24Gedalya onların özlərinə və adamlarına and içib dedi: «Xaldeylilərdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin. Belə etsəniz, sizin üçün yaxşı olar».  25 Yeddinci ayda padşah nəslindən olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə gəlib Gedalyanı öldürdü. Onlar Mispada Gedalyanın yanında olan Yəhudalıları və Xaldeyliləri də öldürdülər.  26 Böyükdən kiçiyə qədər bütün xalq və qoşun başçıları qalxıb Misirə qaçdı, çünki Xaldeylilərdən qorxurdular.
Yehoyakinin azad edilməsi
(Yer. 52:31-34)
27Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi yeddinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi.  28Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtlarından yuxarı bir taxt qoydurdu.  29Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə padşahın süfrəsində yemək yeyərdi.  30Bütün ömrü boyu ona padşah tərəfindən gündəlik azuqə verilirdi.

Комментариев нет:

Отправить комментарий