Поиск по этому блогу

Yeşua

Yeşua 1
Rəbb Yeşuaya vəd olunmuş torpağı tutmasını əmr edir
1Rəbbin qulu Musanın ölümündən sonra Rəbb Musanın köməkçisi Nun oğlu Yeşuaya belə dedi:  2«Qulum Musa öldü. İndi qalx, sən və bütün bu xalq İordan çayını keçib İsrail övladlarına verəcəyim torpağa gedin.  3 Musaya dediyim kimi qədəm qoyacağınız hər yeri sizə vermişəm.  4Bu səhra ilə Livandan böyük çaya – Fərat çayına qədər, Xetlilərin bütün ölkəsi və günbatan tərəfdən isə Böyük dənizə qədər yer sizin torpaqlarınız olacaq.  5 Bütün ömrün boyu heç kəs sənə qarşı çıxa bilməyəcək. Musa ilə olduğum kimi səninlə də olacağam, səni atmayacağam və tərk etməyəcəyəm.  6 Möhkəm və cəsarətli ol, çünki atalarına vermək üçün and içdiyim bu torpağı bu xalqa irs olaraq sən verəcəksən.  7Qulum Musanın sənə tapşırdığı Qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol. Ondan nə sağa, nə də sola dön ki, hara getsən, uğur qazanasan.  8Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan.  9Sənə möhkəm və cəsarətli olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir».  10Yeşua xalqın məmurlarına əmr edib dedi:  11«Ordugahı gəzin və xalqa əmr edib deyin: “Özünüzə azuqə hazırlayın, çünki üç gün ərzində İordan çayını keçib Allahınız Rəbbin sizə mülk olaraq verdiyi torpağa girərək oraya sahib olacaqsınız”».
Torpaq alan İsrail qəbilələri də Yeşua ilə gedir
12 Yeşua Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına belə dedi:  13«Yadınıza salın ki, Rəbbin qulu Musa sizə belə vəsiyyət etmişdi: “Allahınız Rəbb rahatlığınız üçün bu torpağı sizə verdi”.  14Arvadlarınız, uşaqlarınız, sürüləriniz İordan çayının bu tayında Musanın sizə verdiyi torpaqda qalsın. Ancaq siz – bütün igid adamlar silahlanıb qardaşlarınızın qabağında o taya keçin.  15Rəbb sizə rahatlıq verdiyi kimi soydaşlarınıza da rahatlıq verənə qədər və Allahınız Rəbbin verdiyi torpağa sahib olana qədər onlara kömək edin. Sonra siz Rəbbin qulu Musanın İordan çayının şərqində sizə mülk olaraq verdiyi torpağa qayıdıb oraya sahib ola bilərsiniz».  16Onlar da Yeşuaya cavab verib dedilər: «Bizə nə buyursan, edəcəyik və hara göndərsən, gedəcəyik.  17Hər işdə Musaya necə qulaq asırdıqsa, sənə də elə qulaq asacağıq. Qoy Allahın Rəbb Musa ilə olduğu kimi səninlə də olsun.  18Sənin əmrlərinə qarşı çıxan, buyurduğun hər sözə qulaq asmayan hər kəs öldürüləcək. Yalnız sən möhkəm və cəsarətli ol».


Yeşua 2
Yerixoda İsrail casusları və fahişə Raxav
1Nun oğlu Yeşua Şittimdən iki kişini casusluq etməyə gizli göndərib dedi: «Gedin oranın torpağını və Yerixonu gözdən keçirin». Onlar getdilər və Raxav adlı bir fahişənin evinə girib orada qaldılar.  2Yerixo padşahına «budur, bu gecə torpağımızı gözdən keçirmək üçün İsrail övladlarından buraya adamlar gəldi» deyə bildirildi.  3Yerixo padşahı Raxava xəbər göndərib dedi: «Sənin yanına gəlib evinə girən adamları çıxart, çünki onlar torpağımızın hər tərəfini gözdən keçirməyə gəliblər».  4Raxav isə o iki kişini gizlətmişdi. O dedi: «Doğrusu, yanıma adamlar gəlmişdi, amma haradan olduqlarını bilmirdim.  5Qaranlıq düşəndə, darvaza bağlananda o adamlar çıxdılar. Bilmirəm hara getdilər. Tez dallarınca qaçın ki, onları tuta biləsiniz».  6Lakin qadın onları dama çıxarıb damda sərdiyi kətan liflərin arasında gizlətmişdi.  7Padşahın göndərdiyi adamlar casusları təqib etmək üçün İordan çayının keçidinə qədər yol boyu qaçdılar. Təqibçilər bayıra çıxan kimi darvazalar bağlandı.  8Casuslar yatmazdan əvvəl qadın dama – onların yanına çıxdı.  9O bu adamlara dedi: «Mən bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və bu torpağın bütün sakinləri sizin qarşınızda əsir.  10 Çünki Misirdən çıxdığınız zaman Rəbb Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu və İordan çayının o tayında məhv etdiyiniz iki Emor padşahı Sixonla Oqa nə etdiyinizi eşitmişik.  11Biz bunları eşidəndə ürəyimiz qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır.  12İndi rica edirəm, Rəbbə and için ki, sizə xeyirxahlıq etdiyim üçün siz də mənə və atamın külfətinə xeyirxahlıq edəcəksiniz. Mənə etibarlı bir nişanə verin ki,  13atamı, anamı, qardaşlarımı, bacılarımı, onların yanında olan hər kəsi sağ qoyacaqsınız və canımızı ölümdən qurtaracaqsınız».  14Adamlar isə ona dedilər: «Əgər bu işimizin üstünü açmasanız, canımızı belə, sizə fəda edərik. Rəbb bu torpağı bizə verən vaxt sənə xeyirxahlıq və sədaqət göstərərik».  15O vaxt qadın onları kəndirlə pəncərədən aşağı endirdi, çünki onun evi şəhərin qala divarında idi və o, divarın içində yaşayırdı.  16Qadın onlara dedi: «Dağa gedin ki, təqibçilər sizə çatmasınlar, onlar qayıdana qədər üç gün orada gizlənin, sonra yolunuza davam edərsiniz».  17Bu adamlar da ona dedilər: «Sənin bizə içdirdiyin bu anddan bu yolla günahsız olacağıq.  18Bu torpağa gəldiyimiz vaxt bizi düşürdüyün pəncərəyə bu al rəngli ipi bağlayarsan. Atanı, ananı, qardaşlarını və atanın bütün qohumlarını yanına – öz evinə toplayarsan.  19Əgər sənin evinin qapısından kim bayıra çıxarsa, qanı öz başına dönəcək və biz buna günahkar olmayacağıq. Əgər səninlə birgə evində olan bir kimsəyə toxunularsa, qoy onun qanı bizim başımıza dönsün.  20Ancaq bu işimizin üstünü açmaq istəsən, onda sənin bizə içdirdiyin anddan təqsirimiz olmaz».  21Raxav dedi: «Necə deyirsiniz, elə də olsun». Sonra onları yola saldı və onlar getdilər. Raxav al rəngli ipi pəncərəyə bağladı.  22Bu iki adam getdi. Dağa çatıb təqibçilər qayıdana qədər üç gün orada qaldılar. Təqibçilər bütün yol boyu onları axtardılar, ancaq tapmadılar.  23O iki kişi isə geri dönüb dağdan endi, çayı keçərək Nun oğlu Yeşuanın yanına gəldi və başlarına gələn hər şeyi ona nəql etdi.  24Onlar Yeşuaya dedilər: «Həqiqətən, Rəbb bütün o torpağı bizə təslim edib, o torpağın bütün sakinləri də qarşımızda qorxu içində əsir».


Yeşua 3
İsraillilərin İordan çayını keçməsi
1Yeşua səhər erkən qalxdı. Onunla birgə bütün İsrail övladları Şittimdən irəliləyərək İordan çayına qədər gəldilər. Onlar çayı keçməzdən əvvəl orada qaldılar.  2Üçüncü günün sonunda məmurlar ordugahı gəzdilər.  3Xalqa əmr edib dedilər: «Allahınız Rəbbin Əhd sandığını Levililərdən olan kahinlərin daşıdığını görəndə siz də yerinizdən irəliləyərək onun ardınca gedin.  4Ancaq sizinlə onun arasında iki min qulaca qədər məsafə olmalıdır. Ona yaxınlaşmayın ki, hansı yolla gedəcəyinizi biləsiniz, çünki siz əvvəllər heç vaxt bu yoldan keçməmisiniz».  5Yeşua xalqa dedi: «Özünüzü təqdis edin, çünki sabah Rəbb aranızda möcüzələr göstərəcək».  6Kahinlərə isə Yeşua belə dedi: «Əhd sandığını götürün və xalqın önündə gedin». Onlar da Əhd sandığını götürüb xalqın önündə getdilər.  7Rəbb Yeşuaya dedi: «Bu gün Mən səni bütün İsraillilərin gözündə ucaltmağa başlayacağam ki, onlar Musa ilə olduğum kimi səninlə də olduğumu bilsinlər.  8Sən isə Əhd sandığını daşıyan kahinlərə əmr edib deyəcəksən: “Siz İordan çayının kənarına çatanda İordan çayına girib dayanın”».  9Yeşua İsrail övladlarına dedi: «Buraya yaxınlaşın və Allahınız Rəbbin sözlərini eşidin».  10Yeşua dedi: «Var olan Allahın aranızda olmasını buradan biləcəksiniz ki, O sizin önünüzdən hökmən Kənanlıları, Xetliləri, Xivliləri, Perizliləri, Qirqaşlıları, Emorluları və Yevusluları qovacaq.  11Budur, bütün yer üzünün Sahibinin Əhd sandığı sizin önünüzdən keçib İordan çayına girəcək.  12İndi isə özünüzə hər qəbilədən bir adam olmaqla İsrail qəbilələrindən on iki adam götürün.  13Bütün yer üzünün Sahibi Rəbbin sandığını daşıyan kahinlərin ayaqları İordan çayının sularına dəyən kimi çayın suları kəsiləcək, yuxarıdan axan sular yığın halında dayanacaq».  14Xalq çadırlarından çıxıb İordan çayını keçmək üçün irəliləyirdi və Əhd sandığını daşıyan kahinlər xalqın önündə gedirdilər.  15Biçin ərzində İordan çayının suları daşıb sahilləri basırdı. Sandığı daşıyan kahinlər İordana girəndə və onların ayaqları çayın sularına dəyəndə  16yuxarıdan axan sular çox uzaqda Sartan yanında olan Adam şəhərində yığın halında dayanıb qalxdı. Arava dənizinə, yəni Duz dənizinə axan sular tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi.  17Rəbbin Əhd sandığını daşıyan kahinlər isə İordan çayının ortasında quru yerdə möhkəm durmuşdular. Bütün İsraillilər İordan çayını tamamilə keçənə qədər quru yerdə gedirdilər.


Yeşua 4
İordan çayının dibindən on iki daşın götürülməsi
1Bütün millət tamamilə İordan çayını keçəndən sonra Rəbb Yeşuaya dedi:  2«Hər qəbilədən bir adam olmaqla özünüzə xalqdan on iki adam götürün.  3Onlara əmr et ki, buradan, İordan çayının ortasından, kahinlərin ayaqlarının möhkəm durduğu yerdən on iki daş götürsünlər. Bu daşları aparıb bu gecə qaldığınız yerdə qoyun».  4Yeşua hər qəbilədən bir adam olmaqla İsrail övladlarının arasından seçdiyi on iki adamı çağırdı.  5Yeşua onlara dedi: «Allahınız Rəbbin sandığı önündən İordan çayının ortasına keçib İsrail qəbilələrinin sayına görə hərəniz çiyninizə bir daş götürün.  6Qoy bu sizin aranızda bir əlamət olsun. Sizdən sonra övladlarınız “Bu daşlar nədir?” deyərək soruşanda  7onlara belə deyərsiniz: “İordan çayının suları Rəbbin Əhd sandığının önündə kəsildi. Əhd sandığını İordan çayından keçirəndə İordan çayının suları kəsilmişdi”. Bu daşlar İsrail övladlarına əbədi bir xatirə olacaq».  8İsraillilər Yeşuanın əmr etdiyi kimi etdilər və Rəbbin Yeşuaya dediyi kimi İsrail qəbilələrinin sayına görə İordan çayının ortasından on iki daş götürdülər, özləri ilə gecə qalacaqları yerə aparıb onları orada yerə qoydular.  9Sonra Yeşua İordan çayının ortasında Əhd sandığını daşıyan kahinlərin ayaqlarının möhkəm durduğu yerə on iki daş qoydu. Onlar bu günə qədər oradadır.  10Musanın Yeşuaya dediyi kimi xalqa demək üçün Rəbbin Yeşuaya əmr etdiyi şeylər qurtarana qədər sandığı daşıyan kahinlər İordan çayının ortasında dayandılar, xalq isə tələsərək çayı keçdi.  11Xalq çayı keçib qurtarandan sonra Rəbbin sandığı və kahinlər xalqın önünə keçdilər.  12Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı Musanın onlara dediyi kimi silahlanaraq İsrail övladlarının önündə çayı keçdi.  13Döyüş üçün silahlanmış qırx minə yaxın adam Rəbbin önündə Yerixo düzənliklərinə keçdi.  14O gün Rəbb Yeşuanı bütün İsrail xalqının gözündə ucaltdı. Onlar da Musadan çəkindiyi kimi Yeşuadan da onun ömrü boyu çəkindilər.  15Rəbb Yeşuaya söyləyib dedi:  16«Şəhadət sandığını daşıyan kahinlərə əmr et ki, İordan çayından çıxsınlar».  17Yeşua da kahinlərə «İordan çayından çıxın!» deyə əmr etdi.  18Rəbbin Əhd sandığını daşıyan kahinlər İordan çayının ortasından çıxanda kahinlərin ayaqları quru torpağa dəyən kimi İordan çayının suları öz yerinə qayıtdı. Yenə əvvəlki kimi bütün sular daşıb sahilləri basdı.  19Birinci ayın onuncu günündə xalq İordan çayından çıxıb Yerixonun şərq sərhədində olan Qilqalda ordugah qurdu.  20Yeşua İordan çayından götürülmüş həmin on iki daşı Qilqalda qoydu.  21O, İsrail övladlarına dedi: «Sonra övladlarınız atalarından “Bu daşlar nəyə görədir?” deyib soruşanda  22övladlarınıza bəyan edin: “İsraillilər İordan çayını quru yer üzərində keçib”.  23Çünki Allahınız Rəbb biz keçənə qədər qarşımızda qurutduğu Qırmızı dəniz kimi İordan çayının sularını da siz keçənə qədər qarşımızda qurutdu ki,  24yer üzünün bütün xalqları Rəbbin əlinin qüdrətli olduğunu bilsin və siz də bütün ömrünüz boyu Rəbdən qorxasınız».


Yeşua 5
İsraillilərin Qilqalda sünnət olunması
1İordan çayının qərb tərəfində olan bütün Emorluların padşahları və dəniz kənarında yaşayan bütün Kənan padşahları biz İordan çayını keçərkən, Rəbbin İsrail övladlarının qarşısında suları necə qurutduğunu eşidərkən ürəkləri qorxuya düşdü. İsrail övladlarının vahiməsindən onlarda taqət qalmadı.  2O zaman Rəbb Yeşuaya dedi: «Özün üçün çaxmaq daşından bıçaqlar düzəlt və İsrail övladlarını ikinci dəfə sən sünnət et».  3Yeşua özü üçün çaxmaq daşından bıçaqlar düzəldib Giveat-Haaralotda İsrail övladlarını sünnət etdi.  4Yeşuanın sünnət etməsinin səbəbi budur: bütün döyüş qabiliyyəti olan kişilər Misirdən çıxandan sonra səhrada – yolda öldülər.  5Oradan çıxan xalqın hamısı sünnətli idi, ancaq Misirdən çıxandan sonra səhrada – yolda doğulanların heç biri sünnət olunmamışdı.  6 Misirdən çıxan döyüş qabiliyyəti olan adamların hamısı ölüb qurtarana qədər İsrail övladları qırx il səhrada dolaşdı, çünki onlar Rəbbin sözünə qulaq asmamışdı. Rəbb bizə vermək üçün atalarımıza and içdiyi süd və bal axan torpağı itaətsizlərə göstərməmək üçün də and içdi.  7Bunun əvəzinə Rəbb onların övladlarını yetişdirdi və Yeşua onları sünnət etdi. Çünki onlar sünnətsiz idilər və yolda onları heç kim sünnət etməmişdi.  8Bütün İsraillilərin sünnət olunması qurtardıqdan sonra onlar sağalana qədər ordugahda öz yerlərində qaldılar.  9Rəbb Yeşuaya dedi: «Misir rüsvayçılığını bu gün üzərinizdən atdım». Ona görə də bu günə qədər o yerin adına Qilqal deyilir.  10 İsrail övladları Qilqalda ordugah qurdular. Ayın on dördü axşam vaxtı Yerixo düzənliklərində Pasxa bayramı keçirdilər.  11Pasxanın ertəsi günü – həmin o gün bu torpağın bəhrəsindən olan mayasız çörək və qovurğa yedilər.  12 Onlar o torpağın bəhrəsindən yedikləri günün səhəri mannanın tökülməsi kəsildi. Artıq İsrail övladlarının mannası yox idi və o il Kənan torpağının məhsulları ilə dolandılar.
Yeşua və qılınclı adam
13Yeşua Yerixo yaxınlığında olanda başını qaldırıb baxdı və əlində siyrilmiş qılınc olan bir şəxsi qarşısında gördü. Yeşua onun yanına gəlib «Sən bizim tərəfdənsən, yoxsa düşmənlərimiz tərəfdən?» deyə soruşdu.  14O dedi: «Xeyr, mən Rəbbin ordusunun başçısıyam, indi gəlmişəm». Yeşua üzüstə yerə yıxıldı və ona səcdə edib dedi: «Ağamın quluna nə sözü var?»  15 Rəbbin ordusunun başçısı Yeşuaya dedi: «Çarığını ayağından çıxart, çünki üstündə durduğun yer müqəddəsdir». Yeşua belə də etdi.


Yeşua 6
Yerixonun süqutu
1İsrail övladlarının qorxusundan Yerixonu bərk-bərk bağlamışdılar. Oraya girib-çıxan yox idi.  2Rəbb Yeşuaya dedi: «Bax Yerixonu, onların padşahını, igid adamlarını sənə təslim edirəm.  3Siz – bütün döyüşçülər şəhərin ətrafına bir dəfə dolanın; altı gün belə edin.  4Sandığın qarşısında yeddi kahin qoç buynuzundan olan yeddi şeypur daşısın. Yeddinci gün şəhəri yeddi dəfə dolanın və kahinlər şeypurları çalsınlar.  5Onlar qoç buynuzundan olan şeypuru uzun-uzadı çaldıqları və siz şeypurun səsini eşitdiyiniz vaxt bütün xalq gur səslə bağırsın. Onda şəhərin qala divarları yerə çökəcək və xalqın hər biri dayandığı yerdən şəhərə qalxsın».  6Nun oğlu Yeşua kahinləri çağırıb onlara dedi: «Əhd sandığını götürün, Rəbbin sandığı qarşısında yeddi kahin qoç buynuzundan olan yeddi şeypur daşısın».  7Xalqa isə dedi: «Gedin şəhəri dolanın, silahlı adamlar isə Rəbbin sandığı önündə getsinlər».  8Yeşuanın xalqa dediyi kimi Rəbbin önündə qoç buynuzundan olan yeddi şeypuru daşıyan yeddi kahin keçib şeypurları çaldı. Rəbbin Əhd sandığı da onların ardınca aparıldı.  9Silahlı adamlar şeypurları çalan kahinlərin qarşısında gedirdilər, kahinlər şeypurları çala-çala gedərkən arxada olan dəstə sandığın ardınca gedirdi.  10Yeşua xalqa əmr edib dedi: «Sizə “çığırın” deyəcəyim günə qədər çığırmayın, səsinizi eşitdirməyin və ağzınızdan bir söz çıxartmayın, ancaq mən deyən vaxt çığırın».  11Xalq Rəbbin sandığını bir dəfə şəhərin ətrafına dolandırdı. Sonra ordugaha gəldilər və orada gecələdilər.  12Yeşua səhər erkən qalxdı. Kahinlər də Rəbbin sandığını götürdülər.  13Qoç buynuzundan olan yeddi şeypuru daşıyan yeddi kahin Rəbbin sandığı önündə gedirdi və şeypurları çalırdı. Silahlı adamlar onların qarşısında gedirdi. Kahinlər şeypurları çala-çala gedir, arxa dəstə Rəbbin sandığının ardınca gedirdi.  14Onlar ikinci gün də şəhəri bir dəfə dolandılar və ordugaha qayıtdılar; altı gün belə etdilər.  15Yeddinci gün tezdən dan yeri söküləndə qalxıb şəhəri yeddi dəfə bu qayda ilə dolandılar. Ancaq yeddinci gün şəhəri yeddi dəfə dolandılar.  16Yeddinci dəfə dolanan zaman kahinlər şeypurları çalanda Yeşua xalqa dedi: «Çığırın, çünki Rəbb şəhəri sizə verdi.  17Şəhər məhv edilməyə həsr olunmuşdur və onda olan hər şey Rəbbə təqdim olunmalıdır. Yalnız fahişə Raxav və onunla birgə evdə olanların hamısı sağ qalmalıdır, çünki o göndərdiyimiz elçiləri gizlətmişdi.  18Lakin siz məhv edilməyə həsr olunmuş şeylərdən çəkinin ki, heç nə götürməyəsiniz. Əgər bir şey götürsəniz, onda siz də məhv edilməyə həsr olunacaqsınız və bununla da İsrail ordugahını məhv edilməyə həsr etməklə bəlaya salarsınız.  19Ancaq bütün qızıl və gümüş, tunc və dəmir əşyalar Rəbbə məxsus olduğuna görə Rəbbin xəzinəsinə daxil olacaq».  20 Xalq çığırdı və kahinlər şeypur çaldılar. Xalq şeypur səsini eşidəndə ucadan çığırdı. Onda qala divarları yerə çökdü və xalqın hər biri dayandığı yerdən irəliləyərək şəhəri aldı.  21Onlar kişini, qadını, cavanı, qocanı, mal-qaranı, qoyun-quzunu, eşşəyi və şəhərdə olanların hamısını qılıncdan keçirib tamamilə məhv etdilər.
Yeşuanın Raxavı və yanındakıları sağ buraxması
22Yeşua ölkəni gözdən keçirən o iki nəfər casusa tapşırmışdı: «Fahişə qadının evinə girin, ona and içdiyiniz kimi qadını və onun yanındakıların hamısını evdən çıxarın».  23O zaman həmin casus cavanlar qadının evinə gəldi. Raxavı, atasını, anasını, qardaşlarını, onun yanında olan hər kəsi, bütün qohumlarını evdən çıxartdılar və onları İsrail ordugahından kənar yerdə qoydular.  24Şəhərə və orada olan hər şeyə od vurub yandırdılar. Yalnız qızıl-gümüşü, mis və dəmir əşyaları Rəbbin evinin xəzinəsinə qoydular.  25 Ancaq Yeşua fahişə Raxavı, onun atasının külfətini və onun yanında olan hər kəsi sağ buraxdı. Qadın bu günə qədər də İsraillilərin arasında yaşayır, çünki Yerixonu gözdən keçirmək üçün Yeşuanın göndərdiyi elçiləri yanında gizlətmişdi.
Yeşuanın Yerixonu lənətləməsi
26 Yeşua o vaxt xalqa and verib xəbərdarlıq etdi: «Bu şəhəri – Yerixonu kim bərpa etsə, qoy Rəbbin önündə lənətə gəlsin. Bunu edən həmin şəxs onun bünövrəsini ilk oğlunun həyatı bahasına qoyacaq və kiçik oğlunun həyatı bahasına isə onun qapılarını yerinə vuracaq».  27Rəbb Yeşua ilə idi və onun şöhrəti bütün ölkəyə yayıldı.


Yeşua 7
Akanın günahı və cəzası
1Amma İsrail övladları məhv edilməyə həsr olunmuş şeylərə münasibətdə xəyanət etdilər. Çünki Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan məhv edilməyə həsr olunmuş şeylərdən götürdü. Ona görə də Rəbbin qəzəbi İsrail övladlarına qarşı alovlandı.  2Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər.  3Onlar Yeşuanın yanına qayıdıb dedilər: «Bütün xalq getməsin, ancaq iki ya üç min nəfərə qədər adam gedib Ay şəhərini məhv etsin. Bütün xalqı oraya göndərib yorma, çünki onlar azdır».  4Beləliklə, oraya xalqın üç min nəfərə qədəri getdi, lakin onlar Ay sakinlərinin qarşısından qaçdılar.  5Aylılar onlardan otuz altı nəfəri öldürüb, İsrailliləri şəhərin darvazasının qabağından daş çıxarılan yerə qədər qovdular və onları enişlikdə qırdılar. Bundan sonra xalqın ürəyi qorxudan dəhşətə gəldi.  6Yeşua paltarını cırdı, özü və İsrailin ağsaqqalları Rəbbin sandığı önündə axşama kimi yerə yıxılıb başlarına torpaq tökdülər.  7Yeşua dedi: «Ah, ey Xudavənd Rəbb, bizi Emorlulara təslim etmək, bizi məhv etmək üçünmü bu xalqı İordan çayından keçirtdin? Kaş ki İordan çayının o tayında qalıb yaşayaydıq.  8Ah, ey Xudavənd, İsraillilər düşmənin qarşısından qaçandan sonra mən nə deyə bilərəm?  9Bundan sonra Kənanlılar və bu ölkədə yaşayan bütün xalqlar eşidəcək, bizi mühasirəyə alıb adımızı yer üzündən siləcəklər. Bəs Sən Öz böyük adın üçün nə edəcəksən?»  10Rəbb Yeşuaya dedi: «Qalx, nə üçün belə üzüstə yıxılmısan?»  11İsraillilər günah etdilər və onlara əmr etdiyim əhdimi pozdular. Məhv edilməyə həsr olunmuş şeylərdən götürdülər, onlardan oğurladılar, gizlədərək öz əşyaları arasına qoydular.  12Buna görə də İsrail övladları düşmən qabağında dura bilmir, düşmənin qarşısından qaçdılar. Çünki onlar özləri də məhv edilməyə həsr olunmuşlar. Əgər məhv edilməyə həsr olunmuş şeyləri aranızdan yox etməsəniz, bir daha sizinlə olmayacağam.  13Qalx, xalqı təqdis et və de: «Sabahkı gün üçün özünüzü təqdis edin, çünki İsrailin Allahı Rəbb belə deyir: “Ey İsraillilər, aranızda məhv edilməyə həsr olunmuş şey var. Onu aranızdan götürməsəniz, düşmənləriniz qarşısında dura bilməyəcəksiniz.  14Sabah hamınız qəbilələrinizə görə Rəbbin hüzuruna çıxacaqsınız və Onun göstərdiyi qəbilə nəsillərə görə irəli çıxacaq. Rəbbin göstərdiyi nəsil ailələrə görə irəli çıxacaq. Rəbbin göstərdiyi ailə kişilərə görə irəli çıxacaq.  15Məhv edilməyə həsr olunmuş şeylərə xəyanət edən adam və ona aid olanların hamısı odda yandırılacaq, çünki o, Rəbbin əhdini pozmuşdur və İsraildə rüsvayçılıq etmişdir”».  16Yeşua səhər tezdən qalxdı və İsraillilərin qəbilələrinə görə Rəbbin hüzuruna çıxmasını əmr etdi və Yəhuda qəbiləsi göstərildi.  17Yəhuda qəbiləsini irəli çıxardı və Zerah nəsli göstərildi. Zerah nəslini ailələrinə görə irəli çıxardı və Zavdi ailəsi göstərildi.  18Zavdi ailəsini kişilərinə görə irəli çıxardı və Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan göstərildi.  19Yeşua Akana dedi: «Oğlum, buyur, İsrailin Allahı Rəbbi izzətləndir və Onun önündə etiraf et. Nə etmisən? İndi mənə bildir, məndən gizlətmə».  20Akan Yeşuaya cavab verdi: «Həqiqətən, mən İsrailin Allahı Rəbbə qarşı günah edərək belə elədim:  21talan malından Babil malı olan gözəl bir paltar, iki yüz şekel gümüş və ağırlığı əlli şekel olan bir qızıl külçə görəndə onlara tamah salıb götürdüm. Budur, ən altda gümüş olmaqla hamısını çadırımın ortasında torpağa basdırmışam».  22Yeşua adamlar göndərdi və onlar çadıra qaçdılar. Şeylər ən altda gümüş olmaqla onun çadırında gizlədilmişdi.  23Onları çadırın içindən götürüb Yeşuanın və bütün İsrail övladlarının yanına gətirdilər və Rəbbin önündə yerə qoydular.  24Yeşua, onunla birgə bütün İsraillilər, Zerah oğlu Akanı, gümüşü, paltarı, qızıl külçəni, onun övladlarını, qızlarını, mal-qarasını, eşşəklərini, qoyun-quzularını, çadırını və bütün malını götürüb Akor dərəsinə çıxartdılar.  25Yeşua dedi: «Nə üçün bizi bəlaya saldın? Rəbb bu gün səni bəlaya salacaq». Bütün İsraillilər onu və onunla olanları da daşqalaq edib sonra odda yandırdılar.  26Onların üstünə böyük daş qalağı yığıldı və o bu günə qədər də durur. Bundan sonra Rəbbin qəzəb alovu söndü. Bunun üçün bu günə qədər o yerin adına Akor dərəsi deyilir.


Yeşua 8
İsraillilərin Ay şəhərini ələ keçirməsi
1Rəbb Yeşuaya dedi: «Qorxma və dəhşətə gəlmə, bütün döyüşçülərini öz yanına yığ və qalxıb Ay şəhərinə hücum et. Mən Ay şəhərinin padşahını, xalqını, şəhərini və torpağını sənə təslim edirəm.  2Yerixonun və oranın padşahının başına gətirdiyini Ay torpağının və onun padşahının başına gətir. Mallarını və heyvanlarını isə özünüz üçün qarət edin. Şəhərə qarşı arxa tərəfdən pusqu qurun».  3Yeşua ilə bütün döyüşçülər Ay şəhərinə getmək üçün qalxdılar. Yeşua otuz min igid adam seçib onları gecə ikən oraya göndərəndə belə əmr etdi:  4«Qulaq asın, şəhərə qarşı arxa tərəfdən pusquda durun, şəhərdən çox uzağa getməyin, hamınız hazır durun.  5Mən və yanımda olan bütün xalq şəhərə yaxınlaşacağıq. Əvvəlki kimi Ay şəhərinin sakinləri bizə qarşı çıxanda biz də onların qarşısından qaçacağıq.  6Biz onları şəhərdən ayırana qədər arxamızca aparacağıq, çünki “əvvəlki kimi qarşımızdan qaçırlar” deyəcəklər. Biz də onların qarşısından qaçacağıq.  7O vaxt siz pusqudan qalxıb şəhəri alın, çünki Allahınız Rəbb oranı sizə təslim edəcək.  8Şəhəri ələ keçirdiyiniz zaman şəhərə od vurun. Bunu Rəbbin sözünə görə edin. Sizə belə əmr edirəm».  9Beləliklə, Yeşua onları göndərdi. Onlar pusquda durdular və Bet-El ilə Ay şəhəri arasında, Ay şəhərinin qərb tərəfində gözlədilər. Yeşua gecəni camaatın arasında keçirdi.  10Yeşua səhər tezdən durdu, xalqı gözdən keçirdi, özü və xalqın ağsaqqalları xalqın qarşısında Ay şəhərinin üzərinə getdilər.  11Onunla birgə olan bütün döyüşçülər getdilər və yaxınlaşıb şəhərin qarşısına gəldilər, Ay şəhərinin şimal tərəfində toplandılar. Onlarla Ay şəhərinin arasında bir dərə var idi.  12Yeşua beş minə qədər adam götürdü, onları Bet-El ilə Ay şəhəri arasında, şəhərin qərb tərəfində pusquya qoydu.  13Şəhərin şimalında olan bütün ordu və şəhərin qərbində pusquda duranlar döyüş üçün yerləşdirildi. Yeşua o gecə dərənin ortasına getdi.  14Ay şəhərinin padşahı bunu gördükdə səhər tezdən şəhərin adamları ilə birgə tələsik qalxdı və bütün camaat düz vaxtında İsraillilərə qarşı Arava vadisinin önündə döyüşə çıxdı. Lakin padşah bilmirdi ki, şəhər arxasında ona qarşı pusqu qurulub.  15Yeşua ilə bütün İsraillilər özlərini onların qarşısında məğlub olmuş kimi göstərərək çölə tərəf qaçdılar.  16Onları təqib etmək üçün şəhərdə olan bütün camaat çağırıldı. Yeşuanı təqib edərək şəhərdən çıxdılar.  17Ay və Bet-El şəhərlərində bir nəfər də qalmadı ki, İsraillilərin ardınca getməsin. Onlar şəhəri açıq qoyaraq İsrailliləri təqib etdilər.  18Rəbb Yeşuaya dedi: «Əlindəki nizəni Ay şəhərinə tərəf uzat, çünki oranı sənə təslim edəcəyəm». Yeşua əlindəki nizəni Ay şəhərinə tərəf uzatdı.  19Yeşua əlini şəhərə tərəf uzadarkən pusquda duranlar cəld yerlərindən qalxdılar və şəhərə girib oranı aldılar. O anda bütün şəhərə od vurdular.  20Ay şəhərinin əhalisi arxaya dönüb baxanda gördü ki, şəhərdən göyə tüstü qalxır və onların o yan-bu yana qaçmağa da taqəti yox idi. Çölə tərəf qaçan İsraillilər də onları təqib edənlərə tərəf döndü.  21Yeşua ilə pusquda olan bütün İsraillilər şəhəri alındığını və şəhərdən tüstü qalxdığını görəndə dönüb Ay şəhərinin adamlarını qırdılar.  22O biri İsraillilər də şəhərdən onlara tərəf çıxdılar. Onda onlar iki tərəfdən gələn İsraillilərin arasında qaldılar. İsraillilər onlardan heç kimi sağ yaxud qaçmağa qoymadan qırdılar.  23Ay şəhərinin padşahını isə diri tutub Yeşuanın yanına gətirdilər.  24İsraillilər Ay şəhərinin əhalisinin hamısını öldürüb qurtarana qədər tarlada və onları təqib etdikləri çöldə qılıncdan keçirtdilər. Sonra bütün İsraillilər Ay şəhərinə qayıdıb orada qalanları da qılıncdan keçirtdilər.  25O gün qırılan kişi və qadınlardan hamısı – bütünlüklə Ay şəhərinin əhalisi on iki min nəfər idi.  26Bütün Ay şəhərinin əhalisini tamamilə qırıb qurtarana qədər Yeşua nizə uzadan əlini geri çəkmədi.  27Ancaq Rəbbin Yeşuaya buyurduğu sözə görə İsraillilər o şəhərin heyvanlarını və əmlakını talan edib özlərinə götürdülər.  28Yeşua Ay şəhərini yandırdı. Oranı əbədi qalan daş qalağına, yəni elə bir viranəyə çevirdi ki, bu günə qədər qalmaqdadır.  29O, Ay şəhərinin padşahını ağacdan asaraq axşama qədər saxladı. Gün batanda isə Yeşua əmr verdi və onun cəsədini ağacdan düşürtdülər, onu şəhər darvazasının girəcəyinə atdılar. Üstünə bu günə qədər qalan böyük bir daş qalağı yığdılar.
Eval dağında qurban mərasimi
30 O zaman Yeşua Eval dağında İsrailin Allahı Rəbbə bir qurbangah qurdu.  31 O, Rəbbin qulu Musanın İsrail övladlarına əmr etdiyi və Musanın Qanun kitabında yazıldığı kimi üstünə heç kimin dəmir vurmadığı, yonulmamış daşlardan bir qurbangah düzəltdi. Onun üstündə Rəbbə yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdilər.  32Yeşua orada Musanın İsrail övladları qarşısında yazdığı Qanunun bir nüsxəsini daşlar üzərinə yazdı.  33 Bütün İsraillilər, ağsaqqallar, məmurlar, hakimlər, qəriblər də daxil olmaqla Rəbbin Əhd sandığının iki tərəfində sandığı daşıyan Levili kahinlərin qarşısında dayandılar. Xalqın yarısı Gerizim dağının, o biri yarısı isə Eval dağının qarşısında durdu. Çünki Rəbbin qulu Musa İsrail xalqına xeyir-dua vermək üçün əvvəllər bu cür dayanmağı buyurmuşdu.  34Ondan sonra Yeşua Qanunun bütün sözlərini – xeyir-dua və lənəti, yəni Qanun kitabında yazılanların hamısını oxudu.  35Bütün İsrail camaatının, qadınların, uşaqların və aralarında olan qəriblərin qarşısında Musanın bütün buyurduqlarından Yeşuanın oxumadığı bir söz belə, qalmadı.


Yeşua 9
Kənan padşahlarının İsraillilərlə vuruşmaq üçün yığılması
1İordan çayının qərb tərəfində dağlıqda, yamaclı-düzənlikli bölgədə, Livana qədər uzanan Böyük dənizin sahilində yaşayan Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevusluların padşahları bunu eşidən zaman  2Yeşua və İsraillilərə qarşı birlikdə döyüşmək üçün bir yerə toplandılar.
Giveon əhalisinin İsraillilərlə hiyləgərcəsinə sülh bağlaması
3Lakin Giveon əhalisi Yeşuanın Yerixonun və Ay şəhərinin başına gətirdiklərini eşitdikdə  4hiylə ilə hərəkət etdilər: gedib özlərini elçi kimi göstərdilər və köhnəlmiş torbalar, köhnə, yırtıq və bağlanmış şərab tuluqlarını eşşəklərinə yüklədilər.  5Ayaqlarında cırıq və yamaqlı çarıqları, əyinlərində köhnə paltarları var idi. Ərzaqları, bütün çörəkləri qurumuş və kiflənmişdi.  6Onlar Qilqalda olan ordugaha, Yeşuanın yanına getdilər, ona və İsraillilərə dedilər: «Biz uzaq bir ölkədən gəlmişik, indi bizimlə əhd kəsin».  7 İsraillilər Xivlilərə dedilər: «Bəlkə siz bizim aramızda yaşayırsınız? Biz sizinlə necə əhd kəsək?»  8Onlar Yeşuaya dedilər: «Biz sənin qullarınıq». Yeşua isə onlara dedi: «Siz kimsiniz və haradan gəlirsiniz?»  9Ona dedilər: «Sənin Allahın Rəbbin şöhrətli adına görə biz qulların çox uzaq ölkədən gəlmişik. Çünki Rəbbin xəbərini, Misirdə etdiyi bütün şeyləri,  10 İordan çayının o tərəfində olan Emorluların iki padşahı – Xeşbon padşahı Sixonun və Aştarotdakı Başan padşahı Oqun başına gətirdiyi hər şeyi eşitmişik.  11Ona görə ağsaqqallarımız və ölkəmizin bütün əhalisi bizə belə dedilər: “Yol üçün əlinizə ərzaq götürüb onları qarşılamağa gedin və deyin: ‹Biz sizin qullarınızıq, indi bizimlə əhd kəsin›”.  12Yanınıza gəlmək üçün çıxdığımız gün bu çörəyimizi ərzaq kimi evlərimizdən isti-isti götürmüşdük, indi isə quruyub və kiflənib.  13Doldurduğumuz bu şərab tuluqları təzə idi, indi isə yırtılıb. Yol çox uzun olduğu üçün paltarlarımız və çarıqlarımız da köhnəlib».  14İsraillilər onların ərzaqlarını götürdülər və onlara inandılar, ancaq Rəbdən məsləhət almadılar.  15Yeşua onlarla sülh bağlayıb onları sağ buraxacağına söz verdi və icma rəhbərləri də bunun üçün and içdilər.  16Onlarla əhd bağladıqdan üç gün sonra eşitdilər ki, bu adamlar İsraillilərlə qonşuluqda – öz aralarında yaşayanlardır.  17İsraillilər çıxıb üçüncü gün onların şəhərlərinə gəldilər. Onların şəhərləri Giveon, Kefira, Beerot və Qiryat-Yearim idi.  18İsraillilər onları qırmadılar, çünki icma rəhbərləri onlar üçün İsrailin Allahı Rəbbə and içmişdilər. Bütün icma rəhbərlərin əleyhinə danışdı.  19Rəhbərlərin hamısı icmaya dedi: «Biz onlar üçün İsrailin Allahı Rəbbə and içdik ki, onlara toxunmayaq.  20Ona görə də belə edək: onları sağ buraxaq, yoxsa içdiyimiz anda görə üzərimizə qəzəb gələr».  21Rəhbərlər xalqa dedi: «Qoy onlar sağ qalsın, amma bütün icma üçün odun kəsən və su daşıyan olsunlar». Beləcə hər şey rəhbərlər deyən kimi oldu.  22Yeşua onları çağırıb belə dedi: «Aramızda yaşadığınız halda “biz sizdən çox uzağıq” deyərək bizi nə üçün aldatdınız?  23İndi lənətlənmisiniz və siz həmişəlik Allahımın evi üçün odun kəsən və su daşıyan kölələr olmalısınız».  24Onlar Yeşuaya cavab verib dedilər: «Sənin Allahın Rəbbin bütün ölkəni sizə vermək, ölkənin bütün əhalisini qarşınızda həlak etmək üçün qulu Musaya necə əmr verdiyi bu qullarına aşkar bildirilmişdi. Sizin ucbatınızdan canımız üçün çox qorxduq və ona görə belə etdik.  25Artıq sənin əlindəyik. Sənin gözündə nə xoşdursa və nə doğrudursa, onu et».  26Yeşua onlarla belə rəftar etdi: onları İsrail övladlarının əlindən qurtarıb qoymadı ki, öldürülsünlər.  27O gün Yeşua icma üçün və Rəbbin seçəcəyi yerdəki öz qurbangahı üçün onları odun kəsən və su daşıyan işinə təyin etdi və bu günə qədər də belədir.


Yeşua 10
Giveon ətrafında döyüş
1Yerusəlim padşahı Adoni-Sedeq Yeşuanın Ay şəhərini alıb tamamilə məhv etməsini, Yerixo ilə padşahının, Ay şəhəri ilə padşahının başına gətirdiyini və Giveon əhalisinin İsraillilərlə sülh bağlayıb onların arasında olduqlarını eşitdi.  2O vaxt onun özü və xalqı çox qorxdu, çünki Giveon şəhəri padşah şəhərlərindən biri kimi böyük bir şəhər idi. Giveon Ay şəhərindən də böyük idi və oranın adamları igid idi.  3Bunun üçün Yerusəlim padşahı Adoni-Sedeq Xevron padşahı Hohama, Yarmut padşahı Pirama, Lakiş padşahı Yafiaya, Eqlon padşahı Devirə xəbər göndərib dedi:  4«Yanıma gəlib Giveonluları qırmaqda mənə kömək edin, çünki onlar Yeşua və İsrail övladları ilə sülh bağlayıb».  5Beş Emor padşahı olan Yerusəlim padşahı, Xevron padşahı, Yarmut padşahı, Lakiş padşahı, Eqlon padşahı bütün orduları birləşdirərək gəlib Giveon qarşısında ordugah quraraq ona qarşı vuruşdular.  6Giveon adamları Qilqaldakı ordugaha, Yeşuaya xəbər göndərib dedilər: «Əlini qullarının üstündən çəkmə, tez yanımıza gəl, bizi qurtar və bizə kömək et. Çünki dağlıqda yaşayan bütün Emor padşahları bizə qarşı birləşib».  7Yeşua, onunla birgə bütün döyüşçülər və bütün igid adamlar Qilqaldan çıxdılar.  8Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki onları sənə təslim etdim, onlardan heç kim sənin qarşında dura bilməyəcək».  9Yeşua bütün gecə Qilqaldan yuxarı çıxıb qəflətən onların üstünə gəldi.  10Rəbb onları İsraillilərin qarşısında çaşbaş saldı, İsraillilər onları Giveonda böyük tələfata uğratdı və onları Bet-Xoron yoxuşunda təqib edərək Azeqaya və Maqqedaya qədər qırdılar.  11Emorlular İsraillilərin qarşısından qaçdıqları zaman Bet-Xoron enişində ikən Azeqaya qədər Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı və onlar öldülər. Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi.  12Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: «Dayan, ey günəş, Giveon üzərində,

Ey ay, Ayyalon dərəsində».

13 İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı.  14Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu.  15Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
Emor padşahlarının öldürülməsi
16Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi.  17«Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər.  18Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun.  19Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib».  20Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı.  21Bütün xalq Maqqedadakı ordugaha, Yeşuanın yanına salamat qayıtdı və bundan sonra İsrail övladlarına qarşı heç kim bir söz deyə bilmədi.  22O vaxt Yeşua dedi: «Mağaranın ağzını açın, bu beş padşahı mağaradan mənim yanıma gətirin».  23Elə də etdilər, mağaradan bu beş padşahı – Yerusəlim padşahını, Xevron padşahını, Yarmut padşahını, Lakiş padşahını və Eqlon padşahını onun yanına gətirdilər.  24Bu padşahları Yeşuanın yanına gətirən zaman o bütün İsrail adamlarını çağırdı. Onunla gələn döyüşçülərin başçılarına dedi: «Yaxınlaşın, ayaqlarınızı bu padşahların boynuna qoyun». Onlar yaxınlaşdılar, ayaqlarını onların boynuna qoydular.  25Yeşua onlara dedi: «Qorxmayın və ruhdan düşməyin, qüvvətli və ürəkli olun, çünki Rəbb vuruşacağınız bütün düşmənlərinizin başına bunları gətirəcək».  26Ondan sonra Yeşua onları vurub öldürdü. Onları beş ağacdan asdı və axşama kimi ağacdan asılı qaldılar.  27Gün batanda Yeşua əmr etdi ki, onları ağacdan endirsinlər və onları gizləndikləri mağaraya atdılar. Mağaranın ağzına da böyük daşlar qoydular və bu daşlar bu günə qədər də oradadır.  28Yeşua o gün Maqqedanı aldı, onları və onun tərəfində olan bütün adamları tamamilə məhv etdi, bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini Maqqeda padşahının da başına gətirdi.
Yeşuanın cənub şəhərləri fəth etməsi
29Yeşua və onunla birgə bütün İsraillilər Maqqedadan Livnaya keçdilər və Livnaya qarşı vuruşdular.  30Rəbb həm şəhəri, həm də onun padşahını İsraillilərə təslim etdi. Yeşua padşahı və orada olan bütün adamları qılıncdan keçirib bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini oranın padşahının da başına gətirdi.  31Yeşua və onunla birgə bütün İsraillilər Livnadan Lakişə keçib onların qarşısında dayanaraq Lakişlilərlə vuruşdular.  32Rəbb Lakişi İsraillilərə təslim etdi və oranı ikinci gün aldılar. Livnada etdikləri kimi Lakişi və oradakı bütün adamları qılıncdan keçirtdilər.  33O zaman Gezer padşahı Horam Lakişə kömək etmək üçün gəldi. Yeşua bir nəfəri də sağ buraxmadan onu və onun xalqını da qırdı.  34Yeşua və onunla birgə bütün İsraillilər Lakişdən Eqlona keçdilər, onun qarşısına çıxıb Eqlonlularla vuruşdular.  35Elə həmin gün oranı aldılar və qılıncdan keçirdilər. Lakişdə etdikləri kimi Eqlondakı bütün adamları o gün tamamilə məhv etdilər.  36Yeşua və onunla birgə bütün İsraillilər Eqlondan Xevrona keçdilər və oradakılarla vuruşdular.  37Oranı da alıb padşahını, bütün kəndləri və bütün əhalisini qılıncdan keçirdilər. Eqlonda etdikləri kimi Xevronda da heç kimi sağ qoymadılar, oranı və oradakı bütün adamları tamamilə məhv etdilər.  38Yeşua və onunla birgə bütün İsraillilər Devirə qayıtdılar və oradakılarla vuruşdular.  39Deviri, onun padşahını və bütün kəndlərini alaraq əhalisini qılıncdan keçirdilər. Orada olan bütün adamları tamamilə məhv etdilər, heç kimi sağ qoymadılar. Yeşua Xevronun, Livnanın və onun padşahının başına gətirdiyini Devirin və onun padşahının da başına gətirdi.  40Yeşua bütün ölkəni – dağlıq yerləri, Negevi, yamaclı-düzənlikli bölgəni tutdu və bütün o yerlərin padşahlarını qırdı. İsrailin Allahı Rəbbin əmr etdiyi kimi heç kəsi sağ qoymadı, hər nəfəs alan adamı tamamilə məhv etdi.  41Yeşua Qadeş-Barneadan Qəzzəyə və Giveona qədər bütün Qoşen diyarında yaşayanları qırdı.  42Yeşua bir dəfəyə bütün padşahları və onların ölkələrini aldı, çünki İsrailin Allahı Rəbb İsrail üçün vuruşdu.  43Yeşua və onunla birgə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.


Yeşua 11
Yeşuanın şimal şəhərlərini fəth etməsi
1Xasor padşahı Yavin bunu eşidəndə Madon padşahı Yovava, Şimron padşahına, Akşaf padşahına,  2şimalda – dağlıq yerlərdəki, Kinneretin cənubunda olan Aravadakı, yamaclı-düzənlikli bölgədəki və qərbdə yerləşən Nafot-Dordakı padşahlara,  3şərqdə və qərbdə yaşayan Kənanlılara və Emorlulara, Xetlilərə, Perizlilərə, dağlıqda yaşayan Yevuslulara, Xermon dağının aşağısındakı Mispa diyarında yaşayan Xivlilərə xəbər göndərdi.  4Bunlar özləri ilə birgə bütün orduları dəniz sahilindəki qum kimi böyük xalq olaraq çoxlu at və döyüş arabaları ilə gəldilər.  5Bütün bu padşahlar birləşdilər və İsraillilərlə vuruşmaq üçün gəlib Merom suları yanında birgə ordugah qurdular.  6Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki sabah bu vaxt hamısını İsraillilərin qarşısında öldürüb təslim edəcəyəm, onların atlarının ayaq vətərini kəsəcəksən, döyüş arabalarına od vurub yandıracaqsan».  7Yeşua və onunla birgə bütün döyüşçülər Merom suları yanında qəflətən düşmənlərin üstünə çıxdılar və onlara hücum etdilər.  8Rəbb onları İsraillilərə təslim edib qırdırdı. İsraillilər böyük Sidona və Misrefot-Mayimə qədər, şərq tərəfdəki Mispa vadisinə qədər düşmənləri qovub heç kim sağ qalmayana qədər hamısını qırdılar.  9Yeşua Rəbbin ona dediyi kimi onlarla rəftar etdi; atlarının ayaq vətərini kəsdi və döyüş arabalarına od vurub yandırdı.  10O vaxt Yeşua geri qayıdıb Xasoru aldı və onun padşahını qılıncla öldürdü. Xasor əvvəlcə bütün bu ölkələrin başı idi.  11Orada olan bütün adamları qılıncdan keçirib tamamilə məhv etdilər, nəfəs çəkən bir nəfər də qalmadı. Sonra Xasora od vurdu.  12Rəbbin qulu Musanın əmr etdiyi kimi Yeşua bu padşahların bütün şəhərlərini və bütün padşahları tutub hamısını qılıncdan keçirərək tamamilə məhv etdi.  13Ancaq Yeşuanın yandırdığı Xasordan başqa təpəciklər üstündə olan şəhərlərdən heç birini İsraillilər yandırmadılar.  14İsrail övladları bu şəhərlərin bütün əmlakını və heyvanlarını qarət etdilər. Hamısını həlak edənədək qılıncdan keçirib məhv etdilər, nəfəsi çəkən bir adam belə, qalmadı.  15Rəbbin qulu Musaya əmr etdiyini Musa da Yeşuaya əmr etdi və Yeşua da belə etdi. Rəbb Musaya nə əmr etmişdisə, hamısını yerinə yetirdi.  16Yeşua Seirə çıxan Xalaq dağından, Xermon dağı altında, Livan vadisindəki Baal-Qada qədər bütün bu diyarı – dağları,  17bütün Negevi, bütün Qoşen diyarını, yamaclı-düzənlikli bölgəni, Aravanı və İsrailin dağlıq və yamaclı-düzənlikli bölgəsini aldı. Onların bütün padşahlarını tutdu və vurub öldürdü.  18Yeşua uzun müddət bu padşahlarla vuruşdu.  19Giveonun əhalisi olan Xivlilərdən başqa İsrail övladları ilə sülh bağlayan başqa bir şəhər yox idi. Bütün yerlər döyüşlə alınmışdı.  20 Çünki Rəbbin Musaya əmr etdiyi kimi İsraillilər onları rəhm etmədən tamamilə məhv etdilər. Beləliklə, İsraillilərə qarşı döyüşə çıxmağa onların ürəyini sərtləşdirən Rəbbin Özü idi.  21O vaxt Yeşua gedib dağlıq Xevronda, Devirdə, Anavda, bütün Yəhudanın dağlıq bölgəsində və bütün İsrailin dağlıq bölgəsində olan Anaqlıları qırıb məhv etdi. Yeşua onları şəhərləri ilə birgə tamamilə yerlə yeksan etdi.  22İsrail övladlarının torpağında Anaqlılar qalmadı, onlar ancaq Qəzzədə, Qatda və Aşdodda qaldı.  23Rəbbin Musaya dediyi kimi Yeşua bütün ölkəni aldı. Yeşua oranı İsraillilərə, hər qəbiləyə irs olaraq öz payını verdi. Ölkə müharibədən əmin-amanlığa çıxdı.


Yeşua 12
İordan çayının şərq tərəfində Musanın qalib gəldiyi padşahlar
1İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər.  2Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı,  3şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi.  4Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi.  5O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi.  6 Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi.
İordan çayının qərb tərəfində Yeşuanın məğlub etdiyi padşahlar
7Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır:  8Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi.  9Yerixo padşahı; Bet-Elin yanındakı Ay şəhərinin padşahı;  10Yerusəlim padşahı; Xevron padşahı;  11Yarmut padşahı; Lakiş padşahı;  12Eqlon padşahı; Gezer padşahı;  13Devir padşahı; Geder padşahı;  14Xorma padşahı; Arad padşahı;  15Livna padşahı; Adullam padşahı;  16Maqqeda padşahı; Bet-El padşahı;  17Tappuah padşahı; Xefer padşahı;  18Afeq padşahı; Laşşaron padşahı;  19Madon padşahı; Xasor padşahı;  20Şimron-Meron padşahı; Akşaf padşahı;  21Taanak padşahı; Megiddo padşahı;  22Qedeş padşahı; Karmeldəki Yoqneam padşahı;  23Nafot-Dordakı Dor padşahı; Qilqaldakı Qoyim padşahı;  24Tirsa padşahı. Bütün padşahlar cəmi 31 nəfər idi.


Yeşua 13
İsraillilərin almalı olduqları torpaqlar
1Yeşua qocalıb yaşa dolmuşdu. Rəbb ona dedi: «Sən qocalıb yaşa dolmusan, ancaq mülk olaraq almaq üçün olduqca çox yer qalıb.  2Qalan yerlər bunlardır: Filiştlilərin bütün əyalətləri, Geşurluların bütün torpaqları;  3Misir qarşısında olan Şixor çayından şimala tərəf Kənanlıların torpağı sayılan Eqron sərhədinə qədər torpaqlar; Filiştlilərin beş ağasına məxsus Qəzzəlilərin, Aşdodluların, Aşqelonluların, Qatlıların torpaqları və Eqronluların ağalarına məxsus torpaqlar; Avvalıların torpağı;  4cənubda bütün Kənan torpağı, Sidonlulara məxsus Mearadan Afeqə – Emorluların sərhədlərinə qədər olan torpaqlar;  5Gevallıların torpağı, Xermon dağı ətəyində olan Baal-Qaddan Xamat keçidinə qədər gün doğana tərəf bütün Livan;  6 Livandan Misrefot-Mayimə qədər bütün dağlıq əhalisi və bütün Sidonluları da İsrail övladlarının qarşısından Mən qovacağam. Ancaq sənə əmr etdiyim kimi bu torpaqları İsraillilərə irs olaraq böl.  7İndi bu yerləri doqquz qəbilə ilə Menaşşe qəbiləsinin yarısına irs olaraq böl».
İordan çayının şərq tərəfindəki torpaqların bölünməsi
8 Menaşşe qəbiləsinin yarısı ilə birgə Ruvenlilər və Qadlılar Musanın İordan çayının şərq tərəfində onlara verdiyi irs torpaqları, Rəbbin qulu Musanın onlara verdiyi bu torpaqları almışdılar:  9Arnon vadisi kənarında olan Aroerdən vadinin ortasında olan şəhərlə Divona qədər bütün Medva yaylası;  10Ammonluların sərhədinə qədər Xeşbonda hökmranlıq edən Emorluların padşahı Sixonun bütün şəhərləri;  11Gilead, Geşurlular və Maakatlıların torpaqları, bütün Xermon dağı, Salkaya qədər bütün Başan;  12Aştarot və Edreidə hökmranlıq edən, sağ qalan Rafalılardan biri olan Oqun Başandakı bütün torpaqları; Musa bütün bu torpaqlarda yaşayanları döyüşlə qovmuşdu.  13Ancaq İsraillilər Geşurluları və Maakatlıları qovmadılar. Geşurlularla Maakatlılar bu günə qədər İsraillilər arasında yaşayır.  14 Amma Levi qəbiləsinə irs olaraq torpaq verilmədi, çünki Rəbbin Musaya dediyi kimi onların irsi İsrailin Allahı Rəbb üçün gətirilən yandırma təqdimləridir.
Ruven qəbiləsinin İordan çayının şərq tərəfindən torpaq alması
15Musa Ruven övladlarının qəbiləsinə nəsillərinə görə pay verdi.  16Onların sərhədi belə idi: Arnon vadisi kənarındakı Aroerdən, bu vadinin ortasındakı şəhər və Medva yanında olan bütün yayla;  17Xeşbon və yaylada yerləşən şəhərlərin hamısı – Divon, Bamot-Baal, Bet-Baal-Meon,  18Yahsa, Qedemot, Mefaat,  19Qiryatayim, Sivma, dərə dağında olan Seret-Şahar,  20Bet-Peor, Pisqa yamacları, Bet-Yeşimot,  21bu yaylanın bütün şəhərləri, Xeşbonda hökmranlıq edən Emorlular padşahı Sixonun bütün ölkəsi idi. Musa Sixonu və Midyan başçıları olan və onun ölkəsində yaşayan ağaları – Evini, Reqemi, Suru, Xuru, Revanı öldürdü.  22İsrail övladları öldürdükləri adamlarla birgə Beor oğlu falçı Bilamı da qılıncdan keçirtdilər.  23Ruven övladlarının sərhədi İordan çayı ilə sahil torpaqları idi. Ruven övladlarının nəsillərinə görə irsi olan şəhərlər və onların kəndləri bunlar idi.
Qad qəbiləsinin İordan çayının şərq tərəfindən torpaq alması
24Musa Qad qəbiləsinə, Qad övladlarına nəsillərinə görə torpaq verdi.  25Onların sərhədi isə belə idi: Yazer, Gileadın bütün şəhərləri və Rabba qarşısında olan Aroerə qədər Ammon övladları ölkəsinin yarısı;  26Xeşbondan Ramat-Mispa və Betonimə qədər; Maxanayimdən Devir sərhədinə qədər;  27dərədə Bet-Haram, Bet-Nimra, Sukkot, Safon, Xeşbon padşahı Sixonun ölkəsinin qalan hissəsi, İordan çayı ilə onun sahil torpaqları, İordan çayının şərq tərəfindən Kinneret gölünün cənub sahilinə qədər.  28Qad övladlarının nəsillərinə görə torpaq irsi olan şəhərlər və onların kəndləri bunlar idi.
Menaşşe qəbiləsinin yarısının İordan çayının şərq tərəfində torpaq alması
29Musa Menaşşe qəbiləsinin yarısına torpaq verdi ki, bu da Menaşşe övladları qəbiləsinin yarısı üçün, nəsillərinə görə idi.  30Onların torpağı Maxanayimdən, bütün Başan diyarı, Başan padşahı Oqun bütün ölkəsi və Başanda olan Yairin bütün qəsəbələri də daxil olmaqla altmış şəhər idi.  31Gileadın yarısı Başan padşahı Oqun ölkəsindəki Aştarot və Edrei şəhərlərini də əhatə edirdi. Bunlar Menaşşe oğlu Makir övladlarına nəsillərinə görə Makir övladlarının yarısına verilmək üçün idi.  32Yerixo şəhərinin qarşısında, İordan çayının şərq tərəfindəki Moav düzənliklərində Musanın böldüyü irs olan torpaqlar bunlar idi.  33 Ancaq Musa Levi qəbiləsinə irs olaraq torpaq vermədi. Rəbbin onlara dediyi kimi İsrailin Allahı Rəbb Özü onların irsidir.


Yeşua 14
Kənan torpağının bölünməsi
1İsrail övladları Kənan torpağından irs olaraq aldıqları torpaqlar bunlardır; bu torpaqları kahin Eleazar, Nun oğlu Yeşua və İsrail övladları qəbilələrinin nəsil başçıları,  2 Rəbbin Musa vasitəsilə buyurduğu kimi doqquz qəbilə və bir qəbilənin yarısı üçün irs olaraq püşk ilə böldülər.  3 Çünki Musa iki qəbilə ilə yarım qəbilənin irs olan torpağını İordanın şərq tərəfində onlara vermişdi, lakin onların arasında Levililərə irs olaraq torpaq verməmişdi.  4Çünki Yusif övladları Menaşşe və Efrayim qəbiləsindən ibarət iki qəbilə oldu. Bundan sonra Levililərə yaşamaqdan ötrü şəhərlərdən, sürüləri və naxırları üçün otlaqlardan başqa heç bir torpaq hissəsi verilmədi.  5İsrail övladları Rəbbin Musaya buyurduğu kimi etdilər və torpağı bölüşdürdülər.
Kalevin Xevronu alması
6 Belə bir zamanda Yəhuda övladları Qilqala – Yeşuanın yanına gəldilər. Qenizli Yefunne oğlu Kalev Yeşuaya dedi: «Qadeş-Barneada Rəbbin səninlə mənim haqqımda Allah adamı Musaya dediyi sözü sən özün bilirsən.  7 Rəbbin qulu Musa ölkəni gözdən keçirtmək üçün Qadeş-Barneadan məni göndərəndə qırx yaşında idim. Mən ona səmimi qəlbdən müjdə gətirdim.  8Lakin mənimlə birlikdə gedən soydaşlarım xalqın ürəyini üzdülər. Amma mən səmimi qəlblə Allahım Rəbbin ardınca getdim.  9 O gün Musa and içib dedi: “Sən qədəm basdığın torpaq mütləq sənə və sənin övladlarına əbədi irs olaraq veriləcək, çünki sən Allahım Rəbbin ardınca səmimi qəlblə getdin”.  10İndi artıq İsraillilər səhrada gedərkən Rəbbin Musaya bu sözü dediyi vaxtdan qırx beş il keçir. Rəbb dediyi kimi mənə ömür verdi, bax mən bu gün səksən beş yaşındayam.  11Musanın məni göndərdiyi vaxta olduğum kimi bu gün də qüvvətliyəm. O zaman qüvvətim necə idisə, indi də girib-çıxmaq və döyüşmək üçün elə qüvvətim var.  12Buna görə də Rəbbin o zaman dediyi bu dağlıq yeri sən indi mənə ver. Bu dağlıq yerdə Anaqlıların, böyük və qala divarlı şəhərlərin olduğunu o gün sən də eşitdin. Bəlkə Rəbb mənimlə olar və mən də Rəbbin dediyi kimi onları qovaram».  13Yeşua ona xeyir-dua verdi. Xevronu Yefunne oğlu Kalevə irs olaraq verdi.  14Bunun üçün Xevron bu günə qədər Qenizli Yefunne oğlu Kalevin irs torpağıdır. Çünki o, səmimi qəlblə İsrailin Allahı Rəbbin ardınca getmişdi.  15Xevronun adı əvvəlcə Qiryat-Arba idi. Anaqlılar arasında Arba ən böyük adam olmuşdu. Ölkə müharibədən dincliyə çıxdı.


Yeşua 15
Yəhuda qəbiləsinin torpaqları
1Nəsillərinə görə Yəhuda övladları qəbiləsinin irs torpağı Edom sərhədinə, cənuba doğru və oranın ən cənubunda yerləşən Zin səhrasına qədər idi.  2Onların cənub sərhədi Duz dənizi qurtaran yerdən – cənubda yerləşən körfəzdən başlayırdı.  3Aqrabbim keçidinin cənubundan keçib Zinə çatırdı və oradan Qadeş-Barneanın cənubundan qalxaraq Xesrona çatırdı. Buradan Addara qalxıb Qarqaya dönürdü.  4 Sonra isə Asmonadan keçib Misir vadisinə çıxırdı və bu sərhədin sonu dənizdə qurtarırdı. Rəbb demişdi ki, cənub sərhədiniz bura olacaq.  5Şərq sərhədi İordan çayının mənsəbindən Duz dənizi boyunca idi. Şimal tərəfdən isə bu sərhəd İordan çayının mənsəbində yerləşən su körfəzindən başlayırdı.  6Sonra bu sərhəd Bet-Xoqlaya qalxaraq Bet-Aravanın şimalından keçirdi və Ruven oğlu Bohanın qayasına çatırdı.  7Sonra isə Akor dərəsindən Devirə çıxıb oranın cənubundakı Adummim yoxuşu qarşısında olan Qilqala doğru, şimala yönəlirdi. Buradan isə En-Şemeş sularına keçirdi və onun sonu En-Rogeldə qurtarırdı.  8Sonra sərhəd Ben-Hinnom dərəsindən cənuba doğru Yevusluların şəhərinin, yəni Yerusəlimin arxasından keçib buradan Refaim vadisinin şimal qütbündə olan Hinnom dərəsinin qərbindəki dağın təpəsinə qalxırdı.  9Bu dağın təpəsindən isə Neftoah sularının mənbəyinə doğru uzanıb Efron dağındakı şəhərlərə çıxır və oradan Baalaya, yəni Qiryat-Yearimə tərəf uzanırdı.  10Baaladan qərbə doğru, Seir dağına qədər dönəndən sonra Yearim dağının, yəni Kesalonun şimal tərəfindən keçib Bet-Şemeşə enərək Timnaya çatırdı.  11Sonra isə Eqronun yanından şimala doğru çıxaraq Şikkerona uzanıb Baala dağına keçərək Yavneelə qalxırdı. Burada sərhədin sonu dənizdə qurtarırdı.  12Böyük dənizin sahili qərb sərhədi idi. Nəsillərinə görə Yəhuda övladlarına verilən torpağın sərhədi belə idi.
Kalevlə Otnielin Xevron və Deviri alması
13Rəbbin əmrinə görə Yeşua Yəhudalıların torpağında olan Qiryat-Arbanı, yəni Xevronu irs olaraq Yefunne oğlu Kalevə verdi. Arba Anaqın atası idi.  14 Kalev Anaq oğullarından Anaqın üç oğlu Şeşayı, Aximanı və Talmayı oradan qovdu.  15Bundan sonra Devir əhalisinə qarşı çıxdı. Devirin əvvəlki adı Qiryat-Sefer idi.  16Kalev dedi: «Kim Qiryat-Seferliləri qırıb oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm».  17Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi.  18Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?»  19Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
Yəhuda qəbiləsinin şəhərləri
20Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur:  21Yəhuda övladları qəbiləsinin Edom sərhədinə doğru ən cənubda yerləşən şəhərləri bunlardır: Qavseel, Eder, Yaqur,  22Qina, Dimona, Adada,  23Qedeş, Xasor, İtnan,  24Zif, Telem, Bealot,  25Xasor-Xadatta, Qeriyot-Xesron, yəni Xasor  26Amam, Şema, Molada,  27Xasar-Qadda, Xeşmon, Bet-Pelet,  28Xasar-Şual, Beer-Şeva, Bizyotya,  29Baala, İyim, Esem,  30Eltolad, Kesil, Xorma,  31Ziqlaq, Madmanna, Sansanna,  32Levaot, Şilxim, Ayin və Rimmon. Bu şəhərlərin hamısı kəndləri ilə birlikdə iyirmi doqquz şəhər idi.  33Yamaclı-düzənlikli bölgədə yerləşən şəhərlər isə bunlardır: Eştaol, Sora, Aşna,  34Zanoah, En-Qannim, Tappuah, Enam,  35Yarmut, Adullam, Soko, Azeqa,  36Şaarayim, Aditayim, Gedera və Gederotayim. Bunlar da kəndləri ilə birlikdə on dörd şəhər idi.  37Senan, Xadaşa, Miqdal-Qad,  38Dilan, Mispe, Yoqteel,  39Lakiş, Bosqat, Eqlon,  40Kabbon, Laxmas, Kitliş,  41Gederot, Bet-Daqon, Naama və Maqqeda. Bunlar da kəndləri ilə birlikdə on altı şəhər idi.  42Livna, Eter, Aşan,  43İftah, Aşna, Nesiv,  44Qeila, Akziv və Mareşa. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi.  45Qəsəbələri və kəndləri ilə birlikdə Eqron,  46Eqrondan dənizə qədər kəndləri ilə birlikdə bütün Aşdod ətrafında yerləşənlər,  47Aşdod və onun qəsəbələri ilə kəndləri, Misir vadisinə və Böyük dənizin sahilinə qədər olan Qəzzə və onun qəsəbələri ilə kəndləri.  48Dağlıq bölgəsində yerləşən şəhərlər isə bunlardır: Şamir, Yattir, Soko,  49Danna, Qiryat-Sanna, yəni Devir,  50Anav, Eştemo, Anim,  51Qoşen, Xolon və Gilo. Bunlar da kəndləri ilə birlikdə on bir şəhər idi.  52Arav, Ruma, Eşan,  53Yanim, Bet-Tappuah, Afeqa,  54Xumta, Qiryat-Arba, yəni Xevron, Sior. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi.  55Maon, Karmel, Zif, Yutta,  56İzreel, Yoqdeam, Zanoah,  57Qayin, Givea, Timna. Bunlar da kəndləri ilə birlikdə on şəhər idi.  58Xalxul, Bet-Sur, Qedor,  59Maarat, Bet-Anot, Elteqon. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi.  60Qiryat-Baal, yəni Qiryat-Yearim, Rabba. Bunlar da kəndləri ilə birlikdə iki şəhər idi.  61Çöllükdə yerləşən şəhərlər isə bunlardır: Bet-Arava, Middin, Sekaka,  62Nivşan, Duz şəhəri, En-Gedi. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi.  63 Yəhuda övladları Yerusəlimdə yaşayan Yevusluları qova bilmədilər və Yevuslular bu günə qədər Yəhuda övladları ilə birlikdə Yerusəlimdə yaşayır.


Yeşua 16
Menaşşe və Efrayim qəbilələrinə düşən torpağın cənub sərhədi
1Yusif övladlarına püşk ilə düşən torpaqların sərhədi şərqdən Yerixo sularından – qarşısındakı İordan çayından başlayıb çöllüyə, Yerixodan Bet-Elin dağlıq bölgəsinə qalxırdı.  2Bet-Eldən isə Luza çıxıb Arklılar torpağına, Atarota keçirdi.  3Sonra qərbə doğru Aşağı Bet-Xoron torpağına qədər, Yafletlilər torpağına, bundan sonra isə Gezerə qədər enirdi. Bu sərhədin sonu dənizdə qurtarırdı.  4Yusifin övladları Menaşşe və Efrayim torpaqlarını irs olaraq aldılar.
Efrayim qəbiləsinin torpaqları
5Efrayim övladlarının nəsillərinə görə irs torpağının sərhədi belə idi. Şərqə doğru Atrot-Addardan Yuxarı Bet-Xorona qədər gedib dənizdə bitirdi.  6Şimal tərəfdən isə Mikmetatdan şərqə tərəf uzanıb, Taanat-Şilo şəhərinin şərqindən dönərək Yanoahın şərqinə çıxırdı.  7Yanoahdan isə Atarota və Naaraya enərək oradan Yerixoya çatır və sonu İordan çayında qurtarırdı.  8Bu sərhəd Tappuahdan qərbə tərəf Qana vadisinə gedərək sonu dənizdə bitirdi. Nəsillərinə görə Efrayim övladları qəbiləsinin irs torpağı bunlardır.  9Bundan əlavə, Menaşşe övladlarına düşən torpaqlarda da Efrayim övladları üçün ayrılan şəhər və kəndlər var idi.  10 Amma Efrayim övladları Gezerdə yaşayan Kənanlıları qovmadılar. Onlar bu günə qədər Efrayim övladları arasında yaşayır, Efrayim övladları üçün mükəlləfiyyətçi quldurlar.


Yeşua 17
Menaşşe qəbiləsinin torpaqları
1Menaşşe qəbiləsinin püşkünə bu torpaqlar düşdü: Menaşşe Yusifin ilk oğlu idi. Gileadın atası Makir isə Menaşşenin ilk oğlu idi. Makir döyüşçü olduğu üçün Gilead və Başan torpağı onun oldu.  2Menaşşenin o biri oğulları – Aviezerin, Xeleqin, Asrielin, Şekemin, Xeferin və Şemidanın oğulları üçün də nəsillərinə görə püşk düşdü. Bunlar nəsillərinə görə Yusif oğlu Menaşşenin kişi nəsli idi.  3Lakin Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın oğlanları yox idi, ancaq qızları var idi. Qızlarının adları belə idi: Maxla, Noa, Xoqla, Milka, Tirsa.  4 Onlar kahin Eleazarın, Nun oğlu Yeşuanın və rəhbərlərin qarşısına gəlib dedilər: «Rəbb Musaya buyurmuşdu ki, soydaşlarımızın yanında bizə irs torpaq versin». Onda Yeşua Rəbbin əmrinə görə atalarının kişi qohumları arasında onlara irs olaraq torpaq verdi.  5Menaşşeyə İordan çayının o tayında olan Gilead və Başan torpağından başqa on hissə torpaq da düşdü,  6çünki Menaşşe qızları da onun oğulları arasından irs olaraq torpaq aldılar. Gilead diyarı Menaşşenin qalan oğullarına məxsus idi.  7Menaşşenin sərhədi Aşerdən Şekemin şərqində olan Mikmetata uzanaraq cənuba tərəf En-Tappuah əhalisinin yerlərinə gəlib çatırdı.  8Tappuah torpağı Menaşşenin idi, amma Menaşşe sərhədində olan Tappuah şəhəri isə Efrayim oğullarına məxsus idi.  9Sərhəd Qana vadisinə enirdi. Bu vadinin cənubunda olan şəhərlər Menaşşenin şəhərləri arasında olsa da, Efrayimin idi. Menaşşenin sərhədi vadinin şimal tərəfində idi, sonu isə dənizdə qurtarırdı.  10Sərhədin cənubu Efrayimin, şimalı isə Menaşşenin idi. Dəniz də Menaşşenin sərhədi idi. Sərhəd şimaldan Aşerə, şərqdən İssakara gedib çatırdı.  11İssakar və Aşer torpaqlarının daxilində olan bu şəhərlər Menaşşenin idi: Bet-Şeanla qəsəbələri, İvleamla qəsəbələri, Dorla qəsəbələrinin əhalisi, En-Dorla qəsəbələrinin əhalisi, Taanakla qəsəbələrinin əhalisi, Megiddo ilə qəsəbələrinin əhalisi. Bunlar birlikdə üç bölgədən ibarət idi.  12 Menaşşe övladları bu şəhərlərdə yaşayanları qova bilmədilər, buna görə Kənanlılar da bu torpaqda qaldılar.  13İsraillilər qüvvətlənəndə Kənanlıları özlərinə mükəlləfiyyətçi etdilər, amma tamamilə qovmadılar.
Efrayim ilə Menaşşe qəbilələrinin çox torpaq istəməsi
14Yusif övladları Yeşuaya belə dedilər: «İrs torpaq almaq üçün niyə bizə tək püşklə bir pay verdin? Biz böyük xalqıq və indiyə qədər Rəbb bizə bərəkət verib».  15Yeşua onlara dedi: «Əgər siz böyük xalqsınızsa və Efrayimin dağlıq bölgəsi sizə darlıq edirsə, meşəliyə çıxın, orada Perizlilər və Rafalılar torpağında özünüzə yer edin».  16Yusif övladları dedilər: «Dağlıq bölgəsi bizə bəs deyil. Ancaq dərədə olan torpaqda – Bet-Şean və onun qəsəbələrində, İzreel vadisində yaşayan bütün Kənanlıların dəmir döyüş arabaları var».  17Onda Yeşua Yusif nəslinə – Efrayimlilərə və Menaşşelilərə belə dedi: «Siz böyük xalqsınız, qüvvətiniz də böyükdür, ona görə sizə bir püşk kifayət deyil.  18Dağlıq bölgə də sizin olacaq, o yer meşəlikdir, amma siz oranı təmizləyəcəksiniz və bütünlüklə sizin olacaq. Kənanlılar qüvvətli olsa da, onların dəmir döyüş arabaları olsa da, siz onları qova biləcəksiniz».


Yeşua 18
Qalan torpaqların bölünməsi
1Bütün İsrail övladlarının icması Şiloya yığışıb orada Hüzur çadırını qurdu. Bu torpaq onların hökmranlığı altında idi.  2İsrail övladlarının yeddi qəbiləsi arasında isə irs olan torpaqlar hələ paylanmamışdı.  3Yeşua İsrail övladlarına dedi: «Atalarınızın Allahı Rəbbin sizə verdiyi torpağa mülk sahibi kimi girməyə nə vaxta qədər tərəddüd edəcəksiniz?  4Hər qəbilədən özünüzə üç adam seçin. Onları göndərəcəyəm ki, çıxıb ölkəni dolaşsınlar və alacaqları irs torpaqlara görə oranı təsvir edib mənim yanıma gəlsinlər.  5Onlar oranı yeddi hissəyə bölsünlər. Yəhuda cənubda olan öz torpağında qalsın, Yusifin nəsli də şimalda olan torpağında qalsın.  6Siz ölkəni yeddi hissə kimi təsvir edin və təsviri buraya mənə gətirin. Burada Allahımız Rəbbin hüzurunda sizin üçün püşk atacağam.  7Amma aranızda Levililərin payı yoxdur, çünki onların irsi Rəbbin kahinliyidir. Qad, Ruven qəbilələri və Menaşşe qəbiləsinin yarısı İordan çayının şərq tərəfində Rəbbin qulu Musanın onlara verdiyi irs olan torpaqlarını aldılar».  8Adamlar qalxıb gedəndə Yeşua onlara ölkəni təsvir edərək yazmağı əmr edib dedi: «Gedin, ölkəni gəzib oranı yazılı təsvir edərək yanıma qayıdın. Mən də burada, Şiloda, Rəbbin hüzurunda sizin üçün püşk atacağam».  9Adamlar gedib ölkəni dolaşdılar. Şəhərlərinə görə oranı yeddi hissəyə ayıraraq təsvirini kitaba yazıb Şilodakı ordugaha, Yeşuanın yanına qayıtdılar.  10Yeşua Şiloda Rəbbin hüzurunda onlar üçün püşk atdı və orada İsrail övladlarının paylarına görə torpağı payladı.
Binyamin qəbiləsinin torpaqları
11İlk püşk nəsillərinə görə Binyamin övladları qəbiləsinə düşdü. Onlara düşən hissə Yəhuda övladları ilə Yusif övladlarının torpağı arasında idi.  12Şimal tərəfdən onların sərhədi İordan çayından başlayırdı. Sərhəd Yerixonun şimal tərəfindəki yamacına yüksəlirdi, sonra qərbə doğru dağlığa qalxırdı, sonu isə Bet-Aven çölündə qurtarırdı.  13Oradan cənuba doğru sərhəd Luza, yəni Bet-Elə və Luzun yamacına çatırdı. Sonra sərhəd Aşağı Bet-Xoronun cənubunda olan dağlıqdan Atrot-Addara enirdi.  14Sərhəd oradan uzanaraq qərb tərəfdən cənuba doğru, Bet-Xoronun qarşısında olan dağdan da cənuba doğru dönürdü. Onun sonu Yəhuda övladlarının şəhəri olan Qiryat-Baalda, yəni Qiryat-Yearimdə qurtarırdı; qərb sərhədi bu idi.  15Cənub sərhədi Qiryat-Yearimin ən son hissəsindən qərbə doğru Neftoah sularının mənbəyinə çatırdı.  16Ondan sonra sərhəd Refaim vadisinin şimalında Ben-Hinnom dərəsinin qarşısındakı dağın ən son hissəsinə enirdi; buradan da cənuba doğru Hinnom dərəsinə, Yevusun cənub yamacına enib En-Rogelə çatırdı,  17sonra sərhəd şimala doğru uzanaraq En-Şemeşə çıxırdı, Adummim yoxuşu qarşısında olan Gelilota çatırdı; oradan da Ruven oğlu Bohanın qayasına enirdi,  18sonra şimala doğru Aravanın qarşı tərəfinə keçib Aravaya enirdi.  19Sərhəd şimala doğru Bet-Xoqla yoxuşuna keçir, sərhədin sonu Duz dənizinin şimal körfəzində, İordan çayının cənubunda qurtarırdı. Bu, cənub sərhədi idi.  20Onun şərq tərəfdən sərhədi İordan çayı idi. Nəsillərinə görə Binyamin oğullarının irs torpaqlarının ərazisi bunlar idi.  21Nəsillərinə görə Binyamin övladları qəbiləsinin şəhərləri bunlar idi: Yerixo, Bet-Xoqla, Emeq-Qesis,  22Bet-Arava, Semarayim, Bet-El,  23Avvim, Para, Ofra,  24Kefar-Ammonay, Ofni, Geva, yəni kəndləri ilə birlikdə on iki şəhər;  25Giveon, Rama, Beerot,  26Mispe, Kefira, Mosa,  27Reqem, İrpeel, Tarala,  28Sela, Elef, Yevus, yəni Yerusəlim, Givea, Qiryat, yəni kəndləri ilə birlikdə on dörd şəhər. Nəsillərinə görə Binyamin övladlarının irs torpaqları bunlardır.


Yeşua 19
Şimeon qəbiləsinin torpaqları
1İkinci püşk nəsillərinə görə Şimeona – Şimeon övladlarının qəbiləsinə düşdü. Onların irs torpağı Yəhuda övladlarının irs torpağı arasında idi.  2 Onların irs torpaqları bunlar idi: Beer-Şeva, Şeva, Molada,  3Xasar-Şual, Bala, Esem,  4Eltolad, Betul, Xorma,  5Ziqlaq, Bet-Markavot, Xasar-Susa,  6Bet-Levaot, Şaruxen, yəni kəndləri ilə birlikdə on üç şəhər;  7Ayin, Rimmon, Eter, Aşan, yəni kəndləri ilə birlikdə dörd şəhər;  8Baalat-Beerə, yəni cənubda Ramaya qədər bu şəhərlərin ətrafındakı bütün kəndlər onların irs olan torpağı idi. Bunlar nəsillərinə görə Şimeon övladları qəbiləsinin irs olan torpaqlarıdır.  9Şimeon övladlarının irs olan torpağı Yəhuda övladlarının payından oldu, çünki Yəhuda övladlarının payı onlar üçün çox idi. Buna görə də Şimeon övladları onların torpaqları arasında irs torpaqlarını aldılar.
Zevulun qəbiləsinin torpaqları
10Üçüncü püşk nəsillərinə görə Zevulun övladlarına düşdü. Onların irs olan torpağının sərhədi Saridə qədərdir.  11Sonra sərhədi Maralaya qədər – qərbə doğru yüksəlib Dabbeşetdən keçərək Yoqneam qarşısında olan vadiyə çatırdı.  12Sariddən şərqə – gün doğana tərəf Kislot-Tavor sərhədinə dönüb Davrata qalxaraq Yafiaya yüksəlirdi.  13Oradan şərqə doğru Qat-Xeferə, Et-Qasinə keçirdi və Neaya dönən Rimmona qalxırdı.  14Şimala tərəf sərhəd Xannatona dönüb sonu İftah-El dərəsində idi.  15Qattat, Nahalal, Şimron, İdala, Bet-Lexem, yəni kəndləri ilə birlikdə on iki şəhər idi.  16Nəsillərinə görə Zevulun övladlarının irsi olan torpaq kəndləri ilə birlikdə bu şəhərlər idi.
İssakar qəbiləsinin torpaqları
17Dördüncü püşk nəsillərinə görə İssakara – İssakar övladlarına düşdü.  18Onların torpağı İzreel, Kesulot, Şunem,  19Xafarayim, Şion, Anaxarat,  20Rabbit, Qişyon, Eves,  21Remet, En-Qannim, En-Xadda, Bet-Passes idi.  22Sərhəd Tavora, Şaxsivmaya, Bet-Şemeşə çatırdı. Sərhədlərinin sonu İordan çayında idi. Bunlar kəndləri ilə birlikdə on altı şəhər idi.  23Nəsillərinə görə İssakar övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi.
Aşer qəbiləsinin torpaqları
24Beşinci püşk nəsillərinə görə Aşer övladları qəbiləsinə düşdü.  25Onların torpağı Xelqat, Xali, Beten, Akşaf,  26Alamelek, Amad və Mişal idi. Sərhəd qərbə tərəf Karmelə, Şixor-Livnata çatırdı,  27Gündoğana tərəf Bet-Daqona dönürdü. Sonra şimala tərəf Zevuluna, İftah-El dərəsinə, oradan Bet-Emeqə, Neielə çatırdı, sonra şimala doğru Kavula,  28Evrona, Rexova, Xammona, Qanaya, böyük Sidona qədər çatırdı.  29Onda sərhəd Ramaya, qalalı Sur şəhərinə dönürdü. Sərhəd Xosaya dönürdü, sonu Akziv,  30Uma, Afeq, Rexov torpağında dənizdə qurtarırdı. Bunlar kəndləri ilə birlikdə iyirmi iki şəhər idi.  31Nəsillərinə görə Aşer övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi.
Naftali qəbiləsinin torpaqları
32Altıncı püşk Naftali övladları üçün nəsillərinə görə Naftali övladlarına düşdü.  33Onların sərhədi Xelefdən Saanannimdəki palıd ağacından başlayaraq Adami-Negev və Yavneeli keçib Laqquma çatır, sonu isə İordan çayında bitirdi.  34Sərhəd qərbə doğru Aznot-Tavora dönüb oradan Xuqoqa qalxırdı. Cənubda Zevuluna, qərbdə Aşerə, gündoğana tərəf İordan çayına çatırdı.  35Qalalı şəhərlər bunlar idi: Siddim, Ser, Xammat, Raqqat, Kinneret,  36Adama, Rama, Xasor,  37Qedeş, Edrei, En-Xasor,  38İreon, Miqdal-El, Xorem, Bet-Anat, Bet-Şemeş. Bunlar kəndləri ilə birlikdə on doqquz şəhər idi.  39Nəsillərinə görə Naftali övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi.
Dan qəbiləsinin torpaqları
40Yeddinci püşk nəsillərinə görə Dan övladları qəbiləsinə düşdü.  41İrs torpaqları bunlar idi: Sora, Eştaol, İr-Şemeş,  42Şaalabbin, Ayyalon, İtla,  43Elon, Timna, Eqron,  44Elteqe, Gibbeton, Baalat,  45Yehud, Bene-Beraq, Qat-Rimmon,  46Me-Yarqon, Yafo qarşısında olan sərhədi ilə Raqqon.  47 Amma Dan övladlarının torpağı onların əlindən çıxdı. Ona görə də Dan övladları Leşem üzərinə döyüşə getdilər. Oranı alıb əhalisini qılıncdan keçirtdilər və oraya sahib olub məskən saldılar. Ataları Danın şərəfinə görə Leşemə Dan adı verdilər.  48Nəsillərinə görə Dan övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi.
Torpağın bölüşdürülməsinin başa çatması
49Ölkəni torpaq paylarına görə irs olaraq bölüşdürüb qurtarandan sonra İsrail övladları Nun oğlu Yeşuaya aralarında irs olaraq torpaq verdilər.  50Rəbbin əmrinə görə istədiyi şəhəri – Efrayimin dağlıq bölgəsində Timnat-Serahı ona verdilər. O da bu şəhəri tikib orada yaşadı.  51Şilodakı Hüzur çadırının girişində, Rəbbin hüzurunda kahin Eleazarın, Nun oğlu Yeşuanın, İsrail qəbilələrinin nəsil başçılarının püşk ilə bölüşdürdükləri irs torpaqlar bunlar idi. Beləliklə, onlar ölkənin bölüşdürülməsini başa çatdırdılar.


Yeşua 20
Altı sığınacaq şəhər
1Rəbb Yeşuaya dedi:  2«İsrail övladlarına söylə: “Özünüz üçün Musa vasitəsilə dediyim sığınacaq şəhərləri seçin ki,  3bilmədən, səhvən bir adamı öldürən qatil oraya qaçsın. Ora sizin üçün qan qisasını alan adamdan sığınacaq yeri olsun.  4Qoy qatil bu şəhərlərdən birinə qaçsın, şəhər qapısının girəcəyində dursun. Orada o şəhərin ağsaqqallarına öz əməlini söyləsin. Onlar da onu şəhərə, yanlarına aparsınlar və yer versinlər ki, onlarla yaşasın.  5Əgər qan qisası alan onu təqib edərsə, o zaman qatili ona təslim etməsinlər, çünki qonşusunu bilmədən öldürmüşdür, əvvəldən onunla ədavəti yox idi.  6Bu adam icma qarşısında hökm alana qədər və o dövrdə olan baş kahinin ölümünə qədər qoy bu şəhərdə yaşasın. Bundan sonra qatil qaçdığı şəhərə, öz şəhərinə, öz evinə qayıda bilər”».  7Sığınacaq şəhər üçün Qalileyada, Naftalinin dağlıq bölgəsində Qedeşi, Efrayimin dağlıq bölgəsində Şekemi və Yəhudanın dağlıq bölgəsində Qiryat-Arbanı, yəni Xevronu ayırdılar.  8İordan çayının şərqində, Yerixonun şərqində isə Ruven qəbiləsinin torpağından yaylada yerləşən səhradakı Beseri, Qad qəbiləsinin torpağından olan Gileaddakı Ramotu, Menaşşe qəbiləsindən olan Başanda Qolanı ayırdılar.  9Bilmədən qətl edən hər bir kəs oraya qaçsın və icma qarşısında dayananadək qan qisasını alanın əli ilə öldürülməsin deyə bütün İsraillilərlə aralarında yaşayan yadellilər üçün təyin olunan şəhərlər bunlar idi.

Yeşua 21
Levililərə verilən şəhərlər
1O zaman Levililərin nəsil başçıları kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladları qəbilələrinin nəsil başçılarına yaxınlaşdılar.  2Kənan torpağında yerləşən Şiloda onlara belə dedilər: «Rəbb Musa vasitəsilə bizə yaşamaq üçün şəhərlər, heyvanlarımız üçün otlaqlar verməyi əmr edib».  3İsrail övladları Rəbbin əmrinə görə öz irs torpaqlarından bu şəhərləri və oranın otlaqlarını Levililərə verdilər.  4Püşk Qohatdan olan nəsillərə düşdü. Levililərdən olan kahin Harun övladlarına Yəhuda, Şimeon və Binyamin qəbilələrindən püşk ilə on üç şəhər verildi.  5Digər Qohat övladlarına isə Efrayim qəbiləsinin nəsillərindən, Dan qəbiləsindən və Menaşşe qəbiləsinin yarısından püşk ilə on şəhər verildi.  6Gerşon övladlarına İssakar qəbiləsi nəsillərindən, Aşer, Naftali qəbilələrindən, Başanda Menaşşe qəbiləsinin yarısından püşk ilə on üç şəhər verildi.  7Nəsillərinə görə Merari övladlarına Ruven, Qad, Zevulun qəbilələrindən on iki şəhər verildi.  8İsrail övladları Musa vasitəsilə Rəbbin əmr etdiyinə görə bu şəhərləri və onların otlaqlarını püşk ilə Levililərə verdilər.  9Onlara Yəhuda və Şimeon övladlarının qəbilələrindən adları göstərilən bu şəhərləri verdilər.  10Bunlar Levililərdən olan Qohat övladlarından Harun övladları üçün idi, çünki ilk püşk onların idi.  11Yəhudanın dağlıq bölgəsindəki Anaqlıların atası Arbanın adı ilə adlanan Qiryat-Arba şəhərini, yəni Xevronu və ətrafında olan otlaqları onlara verdilər.  12Amma şəhərin tarlaları ilə kəndlərini mülk olaraq Yefunne oğlu Kalevə verdilər.  13Kahin Harun övladlarına qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Xevronla otlaqlarını, Livna ilə otlaqlarını,  14Yattirlə otlaqlarını, Eştemoa ilə otlaqlarını,  15Xolonla otlaqlarını, Devirlə otlaqlarını,  16Ayin, Yutta, Bet-Şemeş şəhərləri ilə otlaqlarını. Bu, iki qəbilədən cəmi doqquz şəhər idi.  17Binyamin qəbiləsindən isə bu şəhərləri verdilər: Giveonla otlaqlarını, Geva ilə otlaqlarını,  18Anatotla otlaqlarını, Almonla otlaqlarını. Bu, dörd şəhər idi.  19Harun övladlarının, kahinlərin bütün şəhərləri otlaqları ilə birgə on üç şəhər idi.  20Levililərdən olan digər Qohat övladlarına nəsillərinə görə püşklə düşən Efrayim qəbiləsinə aid şəhərləri verdilər.  21Onlara Efrayimin dağlıq bölgəsində qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Şekemlə otlaqlarını, Gezerlə otlaqlarını,  22Qivsayimlə otlaqlarını, Bet-Xoronla otlaqlarını verdilər. Bunlar cəmi dörd şəhər idi.  23Dan qəbiləsindən bu şəhərləri verdilər: Elteqe ilə otlaqlarını, Gibbetonla otlaqlarını,  24Ayyalonla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar da dörd şəhər idi.  25Menaşşe qəbiləsinin yarısından isə bu şəhərləri verdilər: Taanakla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar isə iki şəhər idi.  26Digər Qohat övladlarına nəsillərinə görə verilən bütün şəhərlər otlaqları ilə birlikdə on şəhər idi.  27Levililərin nəsillərindən Gerşon övladlarına Menaşşe qəbiləsinin yarısından qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Başandakı Qolanla otlaqlarını, Beeştera ilə otlaqlarını verdilər. Bunlar iki şəhər idi.  28İssakar qəbiləsindən Qişyonla otlaqlarını, Davratla otlaqlarını,  29Yarmutla otlaqlarını, En-Qannimlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.  30Aşer qəbiləsindən Mişalla otlaqlarını, Avdonla otlaqlarını,  31Xelqatla otlaqlarını, Rexovla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.  32Naftali qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Qalileyadakı Qedeşlə otlaqlarını, Xammot-Dorla otlaqlarını və Qartanla otlaqlarını verdilər. Bunlar üç şəhər idi.  33Nəsillərinə görə Gerşonluların bütün şəhərləri otlaqları ilə birlikdə on üç şəhər idi  34Levililərdən olan Merari övladlarının nəsillərinə bu şəhərləri verdilər: Zevulun qəbiləsindən Yoqneamla otlaqlarını, Qarta ilə otlaqlarını,  35Dimna ilə otlaqlarını, Nahalalla otlaqlarını. Bunlar dörd şəhər idi.  36Onlara Ruven qəbiləsindən Beserlə otlaqlarını, Yahsa ilə otlaqlarını,  37Qedemotla otlaqlarını, Mefaatla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi;  38Qad qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Gileaddakı Ramotla otlaqlarını, Maxanayimlə otlaqlarını,  39Xeşbonla otlaqlarını, Yazerlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.  40Bunların hamısı Merari övladlarının, yəni Levililərdən qalan nəsillərin şəhərləri idi. Onların püşkü on iki şəhərə düşmüşdü.  41İsrail övladlarının irsi arasında Levililərin bütün şəhərləri otlaqları ilə birlikdə qırx səkkiz şəhər idi.  42Bu şəhərlərin hər birinin ətrafında otlaqları var idi. Şəhərlərin hamısı belə idi.
Vəd olunmuş torpağın İsrailə verilməsi barədə Rəbbin sözünün yerinə yetirilməsi
43Rəbb atalarına etdiyi anda görə vəd etdiyi bütün torpağı İsraillilərə verdi. Onlar bu torpağa sahib oldular və orada məskən saldılar.  44Rəbb atalarına etdiyi anda görə hər şeydə onlara hər tərəfdən dinclik verdi və bütün düşmənlərindən heç biri onların qarşısında dura bilmədi. Rəbb bütün düşmənlərini onlara təslim etdi.  45Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.

Yeşua 22
Şərq qəbilələrinin qayıtması
1O zaman Yeşua Ruvenliləri, Qadlıları, Menaşşe qəbiləsinin yarısını çağırıb dedi:  2 «Siz Rəbbin qulu Musanın əmr etdiyi hər şeyə əməl etdiniz və mənim sizə əmr etdiyim hər şeydə sözümə qulaq asdınız.  3Bu günə qədər keçən uzun müddət ərzində soydaşlarınızı tərk etmədiniz və Allahınız Rəbbin sizə buyurduğu işlərə əməl etdiniz.  4Ona görə də Allahınız Rəbb soydaşlarınıza vəd etdiyi kimi əmin-amanlıq verdi. İndi Rəbbin qulu Musanın İordan çayının o tərəfində sizə mülk olaraq verdiyi torpağa, öz çadırlarınıza qayıdın.  5Ancaq Rəbbin qulu Musanın sizə buyurduğu əmrə və qanuna əməl etməyə səylə çalışın. Allahınız Rəbbi sevin, tamamilə Allahın göstərdiyi yolla gedin və əmrlərinə əməl edin, Ona bağlanın, bütün qəlbinizlə, bütün varlığınızla yalnız Ona qulluq edin».  6Yeşua onlara xeyir-dua verib yola saldı və onlar çadırlarına qayıtdılar.  7Musa Başanda Menaşşe qəbiləsinin yarısına irs torpağı vermişdi. Yeşua isə İordan çayının qərb tərəfində bu qəbilənin o biri yarısına soydaşları arasında irs torpağı verdi. Yeşua onları çadırlarına göndərən zaman xeyir-dua verdi.  8Onlara belə dedi: «İndi öz çadırlarınıza çoxlu var-dövlətlə qayıdırsınız. Özünüzə xeyli heyvan, qızıl-gümüş, tunc, dəmir və çoxlu paltar götürmüsünüz. Düşmənlərinizdən qarət etdiyiniz bu malı soydaşlarınıza paylayın».  9Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı Kənan torpağındakı Şilodan, İsrail övladlarının yanından qayıtdılar. Onlar Rəbbin əmrinə görə Musa vasitəsilə sahib olduqları Gilead torpağına – mülk olaraq onlara verilən torpağa yola düşdülər.
İordan çayının o tayında qoyulmuş qurbangah barədə mübahisə
10Onlar Kənan torpağında olan İordan çayının yanındakı Gelilota çatdılar. Orada – İordan çayının yanında Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı bir qurbangah – möhtəşəm görünüşlü qurbangah qurdular.  11İsrail övladları bunu eşitdilər: «Budur, Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı Kənan torpağının sərhədində – İordan çayının yanındakı Gelilotda, İsrail övladlarına aid olan tərəfdə bir qurbangah qurub».  12İsrail övladları bunu eşidəndə bütün İsrail övladlarının icmasını onlara qarşı döyüşə çıxmaq üçün Şiloya çağırdılar.  13İsrail övladları Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına kahin Eleazar oğlu Pinxası,  14onunla birlikdə İsrail qəbilələrinin hər biri üçün nəsil rəhbəri olmaqla on rəhbər göndərdilər. Onların hər biri İsrail tayfaları arasında nəsil başçıları idi.  15Onlar Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına gələrək belə dedi:  16 «Rəbbin icması hamılıqla belə deyir: “Nədir İsrailin Allahına belə xəyanət etdiniz? Niyə Rəbbin yolundan döndünüz və bu gün özünüzə başqa qurbangah quraraq Ona qarşı üsyan etdiniz?  17 Rəbbin icması üzərinə bəla gətirən və bu günə qədər də təmizlənmədiyimiz Peor günahı məgər bizə azlıq edir ki,  18bu gün də Rəbbin yolundan dönürsünüz? Əgər siz bu gün Rəbbə qarşı üsyan etsəniz, O da sabah bütün İsrail icmasına qəzəblənəcək.  19Əgər sahib olduğunuz torpaq murdardırsa, Rəbbin məskəninin yerləşdiyi – Rəbbin mülkü olan torpağa keçin. Qoy torpaq payınız bizim aramızda olsun. Allahımız Rəbbin qurbangahından başqa özünüzə qurbangah qurmaqla Rəbbə və bizə qarşı üsyan etməyin.  20 Zerah oğlu Akan məhv edilmək üçün həsr olunan şeylərdən götürməklə xəyanət etmədimi? Ona görə bütün İsrail icması üzərinə qəzəb gəlmədimi? Bu günahdan ötrü o adam tək özü məhv olmadı”».  21Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı İsrail tayfalarının başçılarına cavab verdilər:  22«Qadir Allah Rəbb! Qadir Allah Rəbb! O bilir, qoy İsrail də bilsin. Əgər Rəbbin əleyhinə çıxıb üsyan edəriksə, qoy bu gün O bizə qənim olsun!  23Əgər Rəbbin yolundan dönmək üçün üzərində yandırma qurbanları, taxıl təqdimləri, ünsiyyət qurbanları təqdim etməkdən ötrü özümüzə başqa bir qurbangah qurmuşuqsa, qoy Rəbb Özü bunun cavabını bizdən istəsin.  24Amma bunu qorxaraq bu məqsədlə etdik ki, sabah sizin övladlarınız övladlarımıza deməsinlər: “İsrailin Allahı Rəbdən sizə nə?  25Ey Ruven övladları, ey Qad övladları! Rəbb sizinlə bizim aramızda İordan çayını sərhəd qoydu. Rəbdə sizin payınız yoxdur”. Bununla da sizin övladlarınız bizim övladlarımızı Rəbb qorxusundan döndərə bilər.  26Ona görə belə dedik: “Özümüzə bir qurbangah qurmaq üçün işə başlayaq”. Bu qurbangah yandırma qurbanı və başqa qurbanlar üçün deyil,  27bizimlə sizin aranızda və sonrakı nəsillərimiz arasında şahid olmaq üçündür. Ta ki biz də yandırma qurbanlarımız, başqa qurbanlarımız və ünsiyyət qurbanlarımızla Rəbbin hüzurunda Ona xidmət edək. Sabah sizin övladlarınız da bizim övladlarımıza “Rəbdə sizin payınız yoxdur” deməsinlər.  28Biz dedik: “Sabah bizə yaxud nəsillərimizə belə desələr, biz də belə cavab verərik ki, atalarımızın qurduğu Rəbbin qurbangahının surətinə baxın. Bu yandırma qurbanlar və başqa qurbanlar üçün deyil, yalnız sizinlə bizim aramızda şahid olmaq üçündür”.  29Rəbbə qarşı üsyan etmək, bu gün Rəbbin yolundan dönmək, yandırma qurbanı, taxıl təqdimləri, başqa qurbanlar üçün Allahımız Rəbbin məskəni qarşısında olan Öz qurbangahından başqa qurbangah qurmaq qoy bizdən uzaq olsun».  30Kahin Pinxas, onunla birgə olan icma rəhbərləri, yəni İsrail tayfalarının başçıları Ruven övladlarının, Qad övladlarının və Menaşşe övladlarının söylədiklərini eşidəndə bu sözləri bəyəndilər.  31Kahin Eleazar oğlu Pinxas və rəhbərlər Ruven övladlarına, Qad övladlarına və Menaşşe övladlarına dedilər: «Bu gün bildik ki, Rəbb aramızdadır, çünki Ona qarşı bu xəyanəti etmədiniz və İsrailliləri Rəbbin əlindən qurtardınız».  32Kahin Eleazar oğlu Pinxas və rəhbərlər Ruven övladları və Qad övladlarının yanından, Gilead torpağından Kənan torpağına İsrail övladlarının yanına qayıdıb onlara xəbər gətirdilər.  33Bu işi İsrail övladları da bəyəndilər. Onlar Allaha şükür etdilər və Ruven övladlarına, Qad övladlarına qarşı müharibə etmək və onların yaşadıqları ölkəni viran etmək fikrindən döndülər.  34Ruven övladları və Qad övladları qurbangahın adını «Şahid» qoydular. Çünki onlar dedi: «Bu qurbangah Rəbbin Allah olduğuna aramızda şahiddir».


Yeşua 23
Yeşuanın vəsiyyəti
1Rəbb İsraillilərə hər tərəfdən düşmənlərindən əmin-amanlıq verəndən sonra uzun müddət keçdi. Artıq Yeşua qocalıb yaşa dolmuşdu.  2O bütün İsraili, ağsaqqalları, başçıları, hakimləri və məmurları çağırdı və onlara dedi: «Mən qocalmışam, yaşım çoxdur.  3Allahınız Rəbbin sizin uğrunuzda bütün bu millətlərə nə etdiyini gördünüz, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşdü.  4Budur, İordan çayından qərb tərəfə Böyük dənizə qədər qırdığım bütün millətlərin torpaqları ilə birlikdə qalan bu millətlərin də torpaqlarını qəbilələriniz üçün irs olaraq payladım.  5Allahınız Rəbb Özü onları qarşınızdan silib atacaq və onları gözünüzün qarşısından qovacaq. Allahınız Rəbbin sizə söz verdiyi kimi onların torpağına sahib olacaqsınız.  6Musanın Qanun kitabında yazılan hər şeyi saxlayıb yerinə yetirmək üçün çox diqqətli olun ki, ondan nə sağa, nə də sola dönəsiniz.  7Sizinlə qalan bu millətlərə qarışmayın, allahlarının adını çəkməyin, onlara and içməyin, onlara qulluq etməyin, onlara səcdə qılmayın.  8Yalnız bu günə qədər etdiyiniz kimi Rəbbə etibar edin.  9Çünki Rəbb qarşınızdan böyük və qüvvətli millətləri qovdu, ona görə də bu günə qədər sizin qarşınızda heç kim dura bilmədi.  10 Sizdən bir adam min adamı qova bildi, çünki Allahınız Rəbb sizə dediyi kimi sizin üçün Özü döyüşdü.  11Öz canınız xatirinə Allahınız Rəbbi sevməyə cəhd edin.  12Əgər geri dönsəniz, sizin aranızda yaşayan bu millətlərdən qalanlara bağlansanız, onlarla qohum olsanız, onlarla qaynayıb-qarışsanız,  13yaxşı bilin ki, Allahınız Rəbb bu millətləri gözünüz qarşısından bir daha qovmayacaq. Allahınız Rəbbin verdiyi bu nemətli torpaq üzərindən yox olana qədər onlar sizin üçün kəmənd, tələ, böyürlərinizə qamçı və gözlərinizə tikan olacaq.  14Budur, bu gün mən də hamı kimi dünyadan köçəcəyəm. Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı.  15Allahınız Rəbbin sizə vəd etdiyi bütün nemətli şeylər necə yerinə yetdisə, verdiyi bu yaxşı torpaq üzərindən sizi həlak edənə qədər bütün pis şeyləri də Rəbb beləcə sizin başınıza gətirəcək.  16Əgər Allahınız Rəbbin sizə buyurduğu əhdi pozsanız, gedib başqa allahlara qulluq etsəniz, onlara səcdə qılsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərindən tezliklə yox olacaqsınız».


Yeşua 24
Yeşuanın və İsrail xalqının Şekemdə əhd bağlaması
1Yeşua İsrailin bütün qəbilələrini Şekemə topladı və İsrailin ağsaqqallarını, başçılarını, hakimlərini və məmurlarını çağırdı. Onlar Allahın hüzurunda durdular.  2 Yeşua bütün xalqa dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İbrahimin, Naxorun atası Terah və atalarınız keçmişdə Fərat çayının o biri tayında yaşayırdılar. Onlar başqa allahlara qulluq edirdilər.  3 Atanız İbrahimi Fərat çayının o biri tayından gətirib bütün Kənan torpağında gəzdirdim, nəslini çoxaldaraq ona İshaqı verdim.  4 İshaqa Yaqubu və Esavı verdim. Esavın mülk sahibi olması üçün Seir dağını ona verdim. Yaqubla övladları isə Misirə getdilər.  5 Musa ilə Harunu göndərib Misiri bəlalara düçar etdim və sonra sizi oradan çıxartdım.  6 Atalarınızı Misirdən çıxartdım, siz Qırmızı dənizə tərəf gəldiniz. Misirlilər Qırmızı dənizə qədər döyüş arabaları və süvarilərlə atalarınızı təqib etdilər.  7Onlar Rəbbə fəryad edəndə O, Misirlilərlə sizin aranızda qaranlıq yaratdı, onların üstünə dənizi gətirdi, onlar suların altında qaldılar. Misirdə etdiyim şeyləri gözünüzlə gördünüz və uzun müddət səhrada yaşadınız.  8 Sizi İordan çayının şərq tərəfində yaşayan Emorlular torpağına gətirdim, onlar sizinlə vuruşanda onları sizə təslim etdim, torpaqlarını isə mülk olaraq aldınız və hamısını qarşınızdan yox etdim.  9 Moav padşahı Sippor oğlu Balaq qalxıb İsraillilərlə vuruşdu və xəbər göndərib Beor oğlu Bilamı sizə lənət etmək üçün çağırdı.  10Lakin Bilamı eşitmək istəmədim. O da ancaq xeyir-dua verdi. Beləcə sizi onun əlindən azad etdim.  11 İordan çayından keçib Yerixoya gəldiniz. Yerixo adamları, Emorlular, Perizlilər, Kənanlılar, Xetlilər, Qirqaşlılar, Xivlilər, Yevuslular sizə qarşı vuruşdular, lakin onları sizə təslim etdim.  12Sizin önünüzcə eşşəkarısı çıxarıb onunla Emorluların iki padşahını qarşınızdan qovdum. Bu iş sizin qılıncınızla və ox-kamanınızla olmadı.  13 Üzərində işləmədiyiniz bir torpağı, tikmədiyiniz şəhərləri sizə verdim ki, orada yaşayasınız. Salmadığınız bağlardan və zeytunluqlardan yeyirsiniz”.  14Ona görə də Rəbdən qorxun, səmimiyyətlə və sədaqətlə Ona qulluq edin. Fərat çayının o biri tərəfində və Misirdə atalarınızın qulluq etdiyi allahları atın, yalnız Rəbbə qulluq edin.  15Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək».  16Xalq cavab verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun!  17Çünki bizi və atalarımızı Misir torpağından – köləlik diyarından çıxaran, gözümüzün qarşısında bu böyük əlamətləri göstərən və getdiyimiz bu yolda, arasından keçdiyimiz bütün xalqlar arasında bizi qoruyan yalnız Allahımız Rəbdir.  18Rəbb bütün xalqları, bu torpaqda yaşayan Emorluları qarşımızdan qovdu. Biz də Rəbbə qulluq edəcəyik, çünki Allahımız Odur».  19Yeşua xalqa dedi: «Rəbbə qulluq edə bilməzsiniz, çünki O, müqəddəs Allahdır. O, qısqanc Allahdır, qanunsuzluğunuzu və günahlarınızı bağışlamayacaq.  20Əgər Rəbbi tərk edib yad allahlara qulluq etsəniz, sizə yaxşılıq edən Rəbb əleyhinizə dönüb pislik edəcək və sizi məhv edəcək».  21Xalq Yeşuaya dedi: «Xeyr, ancaq Rəbbə qulluq edəcəyik».  22Yeşua xalqa dedi: «Qulluq etmək üçün Rəbbi seçdiyinizə siz özünüz şahidsiniz». Onlar «biz şahidik» dedilər.  23Yeşua dedi: «Elə isə indi aranızda olan yad allahları atın, ürəyinizi İsrailin Allahı Rəbbə meyl etdirin».  24Xalq Yeşuaya dedi: «Allahımız Rəbbə qulluq edəcəyik və yalnız Onun sözünə qulaq asacağıq».  25Yeşua o gün xalqla əhd bağladı. Onlar üçün Şekemdə qanun və hökm qoydu.  26Yeşua bu sözləri Allahın Qanun kitabına yazdı. Sonra böyük bir daş götürüb Rəbbin Müqəddəs məkanının yanında olan palıd ağacı altında yerləşdirdi.  27Yeşua bütün xalqa dedi: «Budur, bu daş bizə qarşı şahid olacaq, çünki Rəbbin bizə dediyi bütün sözləri o eşitdi. Qoy bu daş Allahınızı inkar etməmək üçün sizə qarşı şahid olsun».  28Bundan sonra bütün xalqı irs aldığı torpaqlara göndərdi.
Yeşuanın ölümü
29Bu hadisələrdən sonra Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi.  30 Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsindəki Timnat-Serahda irs olan torpağının sahəsində dəfn etdilər.  31Yeşuanın bütün ömrü boyu və ondan sonra sağ qalan, Rəbbin İsrail üçün etdiyi bütün işləri bilən ağsaqqalların ömrü boyu İsrail xalqı Rəbbə qulluq etdi.
Yusifin sümüklərinin Şekemdə basdırılması

32 İsraillilər Misirdən çıxarkən Yusifin sümüklərini özləri ilə götürmüşdülər. Bunları Yaqubun Şekemdəki tarlasında basdırdılar. Yaqub bu tarlanı Şekemin atası Xamorun övladlarından yüz parça gümüşə satın almışdı və bu torpaq Yusif övladlarının irsi oldu.  33Bundan sonra Harun oğlu Eleazar öldü. Onu Efrayimin dağlıq bölgəsində oğlu Pinxasa verilən təpədə dəfn et

Комментариев нет:

Отправить комментарий